Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5518/2024 15.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X11 Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təbii qazla təmin edilməsi məqsədilə məişət qaz istifadəçisi kimi iddiaçı ilə qaz alqı-satqısı barədə müqavilə bağlanması, ona məxsus olan evə yeni qaz sayğacının quraşdırılması, onun adına abonent hesabı açılması və istifadə edəcəyi qaz sərfiyyatına görə ödənişləri həyata keçirmək üçün onun adına abonent kartı tərtib edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində hərbi xidmət edir, Azərbaycanın Ərzai Bütövlüyü uğrunda İİ Qarabağ Müharibəsində gedən döyüşlərdə qəhrəmancasına iştirak etmiş, İİ Qarabağ Müharibəsi veteranıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2720 N-li Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalla təltif edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi “veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya tərəfindən ona 10 iyun 2023-cü il tarixli “müharibə veteranı” vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli 22 iyun 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “güzəştli ipoteka kreditinin verilməsi qaydasına” uyğun olaraq hərbçi kimi xx.xx.2023-cü il tarixdə ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında ona məxsusdur.Aldığı həmin evə 2023-cü ilin may ayının ortalarında əşyalarını köçürmüş, özü Qarabağda hərbi xidmətdə olduğuna görə aldığı evdə anası yaşayır, o da məzuniyyətə çıxanda gəlib anası ilə bilirikdə yaşayır. Mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təbii qazla təmin edilməsi məqsədilə məişət qaz istifadəçisi kimi onunla qaz alqısatqısı barədə müqavilə bağlanması, ona məxsus olan evə yeni qaz sayğacının quraşdırılması, onun adına abonent hesabı açılması və istifadə edəcəyim qaz sərfiyyatına görə ödənişləri həyata keçirmək üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Ona görə də o, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh təşkilat iddia tələbinə etiraz edərək bildirmişdir ki, ünvan 2 ünvanında yaşayan İddiaçı məxsus evin qaz sayğacına əməkdaşlar tərəfindən baxış keçirilmiş və məlum olmuşdur ki, həmin ünvada (ZENNER G-4 markalı **********312 nömrəli ) qaz sayğacı işləkdir və hal-hazırda təbii qazdan istifadə olunur. Qaz sayğacı İddiaçı həyat yoldaşı X3 adına qeydiyyatdadır. Bundan əlavə bildirir ki, abonent hər il qaz sərfiyatına görə ödəniş edir, abonentin ödəniş etmək ücün smart kartla da təmin edilmişdir.Hətta 26 iyun 2023-cü il tarixdə göstərilən ünvanda qaz sayğacına qanunsuz müdaxilə olunduğu üçün köhnə sayğac çıxarılaraq Dövlət yoxlamasına göndərilmiş və Laboratoriyanın rəyinə əsasən Pərvanə Yusifovaya 17280 m3, yəni 2073.60 manat itirilmiş qaza görə məbləğ hesablanmışdır. Abonent sayğaca müdaxilə etməklə, qazdan qeyri-qanuni istifadə etmiş və nəticədə qaz itkisinə yol verilmişdir, Dövlət əmlakı talanmışdır. Bu faktla bağlı iddiaçıya bildirilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırkı vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Qeyd olunanalara əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin elektron imtina məktubun surəti, etiraz ərizəsi, “Azəriqaz” İB tərəfindən verilmiş abonentin saldosu, İpoteka müqaviləsinin surəti, fərdi yaşayış evinə dair **********65-10301 reyestr nömrəli çıxarışın surəti, Vətən müharibəsi iştirakçısı medalı vəsiqəsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə qeyd etməyi zəruri bilir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqanlar hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təstiq edilmiş “İnzibati orqanların təsnifatı” 5-ci bölməsinə əsasən Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də inzibati orqanlar hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 oktyabr 2012-ci il tarixli Plenum qərarına əsasən təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən, təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab edilmədiyinə görə bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında təbbi qaz alqı-satqısı ilə bağlı hər hansı bir müqavilə olmadığı tədqirdə, yəni tərəflər arasında yaranmış münasibətlərin kökündə mülki hüquq münasibətlər olmadığı üçün hazırkı, iddia tələbinə inzibati icraat qaydasında baxılması mümkün hesab edilməlidir. Çünki hazırkı iddia tələbi üzrə “Azəriqaz” İB dövlət inhisarçılığını həyata keçirən qurumdur və onun hərəkətsizliyindən verilən iddialara İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən baxlmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş, “Suqovuşanın azad olunmasına görə” medalla təltif edilmiş və xüsusi xidmətləri olmuş şəxsdir. Cavabdeh təşkilatın gətirdiyi arqumenti məhkəmə araşdıraraq əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsi əsasında X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Göründüyü kimi X5 iddiaçının arvadı deyil. Cavabvdehin etirazında səhv məlumat verilib. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş fərdi yaşayış evinə dair **********65- 10301 reyestr nömrəli çıxarışa əsasən mənzil tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh təşkilatın etiraz ərizəsinə əlavə etdiyi məktubdan görünür ki, fərdi yaşayış evinin sayğacı əvvəlki mülkiyyətçi X4 adınadır və həmin sayğacın problemli işlədiyindən müayinə edilməsi üçün cavabdeh tərəfindən laboratoriyaya aparılmışdır. X1 adına ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Akt tərtib edilmişdir.İddiaçı mübahisəli qaz sayğacının ona aidiyyətinin olmamasını əsas gətirərək, ona yeni sayağac verilərək, müvafiq abonent kodunun verilməsini cavabdehdən xahiş etmiş, lakin cavabdeh təşkilat itirilmiş təbii qazın həcminin dəyərini ödənildikdən sonra sayğacla təmin olunması məsələsinə baxılması bildirilmişdir. Bu səbəbdən də mövcud mübahisə yaranmışdır. Göründüyü kimi, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yeni mülkiyyətçisi kimi həmin mübahisəli sayğacın qüsurlu işlədilməsində təqsiri yoxdur və həmin sayğacın problemli olması səbəbindən dəyişdirilməsi niyyətindədir. Fərdi yaşayış evinin sayğacından irəli gələn problemlərin əvvəlki mülkiyyətçi X4 mülkiyətində olduğu zaman olmasını nəzərə alan məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. İddiaçının hərəkətləri nəticəsində cavabdeh təşkilata ziyanın vurulması öz təsdiqini tapmamışdır. Cavabdeh mənzilin əvvəlki sahibindən borcu tələb edə bilər. Lakin yeni mülkiyyətçi ilə müqavilənin bağlanmasından imtina etməsinin hüquqi əsası yoxdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən formal tələblərə əsaslanan imtinası əsassız hesab edilərək, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalan”nın (Qaydalar) 4.9-cu bəndinə əsasən zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydalara 2 nömrəli əlavə ilə təsdiqlənmiş zədələnmiş qaz “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi”nin (Müqavilə) 2.2.4-cü yarımbəndinə uyğun olaraq aşkar olunmuş nöqsanlar müvafiq qaydada rəsmiləşdirilərək baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilir və yalnız təqsiri səbəbindən qaz sayğacı yararsız vəziyətə düşərsə onun təmiri, dəyişdirilməsi istehlakçıdan tələb edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təbii qazla təmin edilməsi məqsədilə məişət qaz istifadəçisi kimi iddiaçı ilə qaz alqı-satqısı barədə müqavilə bağlanması,ona məxsus olan evə yeni qaz sayğacının quraşdırılması, onun adına abonent hesabı açılması və istifadə edəcəyi qaz sərfiyyatına görə ödənişləri həyata keçirmək üçün onun adına abonent kartı tərtib edilib verilməsi öhdəliyi “Azəriqaz” İstehsalat Birliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №2-1(118)-5518/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5518/2024
15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver