Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-552/2025 10.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “JN476 KOD30111018 saylı dövlət aktı üzrə iddiaçının ailə üzvlərinin mülkiyyətində olan həmin dövlət aktının “476W” planşetində yerləşən 9688.84 kv.metr və “476A” planşetində yerləşən 1114.46 kv.metr torpaq sahələrinə (cəmi 1.08 ha torpaq sahəsinə) daşınmaz əmlakın dövlət reyestrində X4 adına torpağa mülkiyyət hüququna dair JN2286 KOD 30111018 saylı dövlət aktı verilməklə aparılmış qeydiyyatın (qeydiyyatla əlaqədar hərəkətlərin) iddiaçının ailə üzvlərinin mülkiyyətində olan həmin 1.08 ha torpaq sahəsinə aid hissədə qanunsuz hesab edilməsi və X4 adına torpağa mülkiyyət hüququna dair JN2286 KOD 30111018 saylı dövlət aktının ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN.476 KOD 30111018 saylı Dövlət Aktı üzrə iddiaçının ailə üzvlərinin mülkiyyətində olan, həmin Dövlət Aktının “476W” planşetində yerləşən 9688,84 kv.metr və “476A” planşetində yerləşən 1114,46 kv.metr torpaq sahələrinə (cəmi 1,08 ha torpaq sahəsinə) daşınmaz əmlakın dövlət reyestrində X4 adına torpağa mülkiyyət hüququna dair FN:2286 KOD 30111018 saylı Dövlət Aktı verilməklə aparılmış qeydiyyatın (qeydiyyatla əlaqədar hərəkətlərin) iddiaçının ailə üzvlərinin mülkiyyətində olan həmin 1,08 ha torpaq sahəsinə aid hissədə qanunsuz hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1960/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli qərardadı ilə X7 və “X12” MMC məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. Daha sonra iddiaçının nümayəndəsi-vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “JN 476 KOD30111018 saylı dövlət aktı üzrə iddiaçının ailə üzvlərinin mülkiyyətində olan həmin dövlət aktının “476W” planşetində yerləşən 9688.84 kv.metr və “476A” planşetində yerləşən 1114.46 kv.metr torpaq sahələrinə (cəmi 1.08 ha torpaq sahəsinə) daşınmaz əmlakın dövlət reyestrində X4 adına torpağa mülkiyyət hüququna dair JN2286 KOD 30111018 saylı dövlət aktı verilməklə aparılmış qeydiyyatın (qeydiyyatla əlaqədar hərəkətlərin) iddiaçının ailə üzvlərinin mülkiyyətində olan həmin 1.08 ha torpaq sahəsinə aid hissədə qanunsuz hesab edilməsi və X4 adına torpağa mülkiyyət hüququna dair JN2286 KOD30111018 saylı dövlət aktının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli 17/3 saylı qərarına əsasən iddiaçıya və iddiaçının ailə üzvlərinə Qusar rayonunun Hil kəndi ərazisindən 6,38 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı pay torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:476 KOD 30111018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunmuşdur. Həmin 6,38 ha torpaq sahəsi 4(dörd) müxtəlif ərazilərdə yerləşir və hər ərazidəki torpaq sahəsi həmin Dövlət Aktının ayrıca planşetlərində əks olunmuşdur. İddiaçı JN:476 KOD 30111018 saylı Dövlət Aktlarına əsasən ona məxsus torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar almaq üçün cavabdeh DƏDKR publik hüquqi şəxsin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh DƏDKR publik hüquqi şəxsin 5 saylı Ərazi İdarəsi tərəfindən ona məlumat vermişdir ki, ailə üzvlərinin adlarına olan JN:476 KOD 30111018 saylı Dövlət Aktının “476W” planşetində yerləşən 9688,84 kv.metr və həmin Dövlət Aktının “476A” planşetində yerləşən 1114,46 kv.metr torpaq sahələrinə (cəmi 1,08 ha torpaq sahəsinə) Qusar Rayon Məhkəməsinin 12 aprel 2006-cı il tarixli, 2-149a/2006 saylı qətnaməsinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iş üzrə üçüncü şəxs X4 adına JN:2286 KOD 30111018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmişdir. JN:2286 KOD 30111018 saylı Dövlət Aktı cəmi 7,77 ha torpaq sahəsinə işlənmiş, JN:476 KOD 30111018 saylı Dövlət Aktına əsasən iddiaçının ailə üzvlərinə məxsus cəmi 1,08 ha torpaq sahəsi də üçüncü şəxs X4 adına işlənmiş JN:2286 KOD 30111018 saylı Dövlət Aktına daxil edilmişdir. Üçüncü şəxs X7 isə JN.2286 KOD 30111018 saylı Dövlət Aktına əsasən onun adına olan həmin torpaq sahəsini Quba rayon notariat kontorunun xx.xx.2016-cı il tarixli, 4Ə-2053 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən “X12” MMC-nin adına özgəninkiləşdirmiş, həmin torpaq sahəsinin 0,033 ha torpaq sahəsinə xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********23 reyestr nömrəli və 1,48 ha torpaq sahəsinə xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********24 reyestr nömrəli çıxarışlarla “X12” MMC- nin mülkiyyət hüququ tanınmışdır. Lakin iddiaçı həmin torpaq sahələrini üçüncü şəxs X1 və Qusar Rayon Məhkəməsinin 12 aprel 2006-cı il tarixli, 2-149a/2006 saylı qətnaməsindən də xəbəri yoxdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi-vəkili X13 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibət bildirilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər.
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə aiddir: cavabdeh orqanın 09 oktyabr 2023-cü il tarixli imtina məktubu; Qusar rayon Məhkəməsinin 2(029)-374/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu; JN 476, Kod 30111018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”; məhkəmə sorğusu əsasında əldə edilən digər sənədlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını tam, obyektiv və hərtəfəli tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı Adilov Anver JN 476 KOD 30111018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə ona və ailə üzvlərinə ayrılmış 6.38 ha torpaq sahəsinə dair çıxarış almaq üçün müraciət etdiyi zaman məlum olmuşdur ki, torpaq sahəsinin “476W” planşetində yerləşən 9688.84 kv.metr və “476A” planşetində yerləşən 1114.46 kv.metr cəmi 1.08 ha olmaqla torpaq sahəsinə dair başqa şəxsin “X12” MMC-nin adına çıxarış verilmişdir. Üçüncü şəxs “X12” MMC isə qeyd edilən torpaq sahəsini X3 alqı-satqı əsasında almışdır. Sonuncunun adına mübahisəli torpaq sahəsinə dair JN 2286 KOD 30111018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. İddiaçı, X6 məxsus JN 2286 KOD 30111018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın ləğv edilməsi ilə bağlı cavabdeh orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdehin 09 oktyabr 2023-cü il tarixli məktubu ilə JN 2286 KOD 30111018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın ləğv edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən dövlət aktının ləğvi ilə bağlı imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə iddiaçı Adilov Anver və onun ailə üzvlərinə JN 476 KOD 30111018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi məqsədilə müvafiq sorğular ünvanlamışdır. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən təqdim edilmiş 11 mart 2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Adilov Anver və onun ailə üzvlərinə torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli, 17/3 saylı qərarı ilə ayrılmışdır. Eyni zamanda Qusar rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş 29 iyul 2022-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən də aydın olur ki, iddiaçının təsərrüfatı 1997-2002-ci illərin AİK-nin sənədlərində Qusar rayonu Lenin adına sovxozun torpaq sahələrinin püşkatma yolu ilə bölünməsinin ardıcıllıq siyahısının olması aşkar edilmiş, həmin siyahıda isə Adilov Anverin (X11) adı 473 nömrəsi ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.1, 1.2 və 1.3-cü bəndlərinə əsasən yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri və şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxildir. Eyni zamanda məhkəmə üçüncü şəxs X6 məxsus JN 2286 KOD 30111018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi üçün müvafiq sorğular ünvanlamış, lakin məhkəmə sorğularına əsasən daxil olmuş Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli cavab məktublarında qeyd edilmişdir ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında sözügedən aktın verilməsinə əsas olan 2-149a/2006 saylı iş mövcud deyildir, həmin iş üzrə hər hansı bir sənədin verilməsi qeyri-mümkündür. Həmçinin "xxxx" MMC tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş 15 sentyabr 2025-ci il tarixli məktubda da sözügedən dövlət aktının tərtib edilməsinə əsas olan sənədlərin aşkar edilmədiyi qeyd edilmişdir. Göründüyü kimi üçüncü şəxs X6 7.77 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olmuş sənədlər aşkar edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, üçüncü şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması şübhə doğurur. Məhkəmə mübahisə predmeti olan torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi halının aydınlaşdırılması məqsədilə mütəxəssis rəyinin verilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğu ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixə əlavə edilmiş rəydə aşağıdakılar qeyd edilmişdir: “X9 və ailə üzvlərinə JN-476 KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında ayrılmış Qusar rayonu Hil kəndində yerləşən torpaq sahəsi, 476 planşet nömrəsi 4.99 ha, 476W planşet nömrəsi 0.97 ha, 476A planşet nömrəsi 0.11 ha və 476K planşet nömrəsi 0.31 ha olmaqla 4 (dörd) hissədə yerləşir, cəmi 6.38 ha olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir və kənd təsərrüfatına yararlı torpaq sahələridir. Bundan əlavə həmin torpaq sahələrdən 476 planşet nömrəsinə 4.51 ha olmaqla (azalmaya özlərinin razılığı əsasında) **********18 reyestr nömrəli və 476K planşet nömrəsinə 0.31 ha olmaqla **********15 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X9 və onun ailə üzvlərinə çıxarışlar verilmişdir, digər iki 476 W və 476A planşet nömrəli torpaq sahələrinə Qusar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-149a/2006 saylı qətnaməsinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X4 adına 7.77 ha torpaq sahəsinə verilmiş JN-2286 KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” işlənilmişdir və mübahisələndirilən torpaq sahələri (476W və 476A) həmin dövlət aktının 2286H və 2286K planşetlərdə işlənilmişdir, X4 adına olan həmin torpaq sahəsini Quba rayon notariat kontorunun xx.xx.2016-cı il tarixli, 4Ə-2053 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən “X12” MMC-nin adına özgəninkiləşdirilmiş, (0.33 ha torpaq sahəsi) xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********23 reyestr nömrəli (1.48 ha torpaq sahəsi) xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********24 reyestr nömrəli çıxarışlara “X12” MMC-nin mülkiyyət hüququ tanınmışdır və mübahisələndirilən həmin 476 W planşet nömrəli 0.97 ha və 476 A planşet nömrəli 0.11 ha torpaq sahələri hal-hazırda “X12” MMC-nin istifadəsində yerləşir.” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarındakı mövqeyindən çıxış edərək qeyd edir ki, şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən, bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən, dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən həmin Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Sözügedən Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Lakin hazırki işdə cavabdeh inzibati orqan üçüncü şəxsin adına qeydə alınmış JN- 2286 KOD 30111018 saylı dövlət aktının ləğvindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsi üzərində X5 adına JN-2286 KOD 30111018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın tərtib edilməsinə əsas olan Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-149a/2006 saylı qətnaməsi olmuşdur ki, həmin qətnamə mövcud deyildir. X2 adına tərtib edilmiş JN-2286 KOD 30111018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın əsasını təşkil edən məhkəmə qətnaməsinin mövcud olmadığı öz təsdiqini tapdığından və mübahisələndirilən dövlət aktı hər hansı hüquqi əsasa malik olmadığından, həmin dövlət aktının hər hansı hüquqi qüvvəsidə qalmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Qanunun 28.1-ci maddəsinə əsasən, inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilən halları sübutetmə yükü cavabdehin üzərindədir və cavabdeh tərəfindən məhkəməyə həmin halların mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv olunmalı olduğunu sübut etsə də, cavabdeh iddiaçının tələbi ilə bağlı öz imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN 476 KOD30111018 saylı dövlət aktı üzrə iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan həmin dövlət aktının “476W” planşetində yerləşən 9688.84 kv.metr və “476A” planşetində yerləşən 1114.46 kv.metr torpaq sahələrinə (cəmi 1.08 ha torpaq sahəsinə) daşınmaz əmlakın dövlət reyestrində X4 adına tərtib olunmuş “Torpağa mülkiyyət hüququna” dair JN2286 KOD 30111018 saylı dövlət aktı – iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 1.08 ha torpaq sahəsinə aid hissədə ləğv edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. JN 476 KOD30111018 saylı dövlət aktı üzrə iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan həmin dövlət aktının “476W” planşetində yerləşən 9688.84 kv.metr və “476A” planşetində yerləşən 1114.46 kv.metr torpaq sahələrinə (cəmi 1.08 ha torpaq sahəsinə) daşınmaz əmlakın dövlət reyestrində X4 adına tərtib olunmuş “Torpağa mülkiyyət hüququna” dair JN2286 KOD 30111018 saylı dövlət aktı – iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 1.08 ha torpaq sahəsinə aid hissədə ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva