Məhkəmə qərarları › İş №2-1(118)-5524/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5524/2024

06.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5524/2024 06.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X4 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanda yerləşən 36 mənzilə mülkiyyət hüququnun mərhumə Qocayeva Zöhrə Əmraslan qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib cavabdehin 18 iyul 2024-cü il tarixli, 3- 21-3-31/2-2605/2024 nömrəli qərarının ləğv edilməsi və ünvan 2 ünvanında yerləşən 36 nömrəli mənzilə çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası Qocayeva Zöhrə Əmraslan qızı xx.xx.2005-ci tarixində "xxxx" Mənzil-Tikinti Kooparativinə Sumqayıt şəhər 1-ci mkr, Nərimanov küç,ev 45B ünvanında yerləşən 36 nömrəli mənzili almaq üçün müraciət etmiş və onların arasında həmin tarixdə Müqavilə bağlanmışdır. Müqavilə əsasında anası Qocayeva Zöhrə mənzilin ödənişini etmişdir. X1 xx.xx.2010-cu il tarixində xəstəlikdən sonra rəhmətə getmişdir. O sağ olduğu dövr üçün davamlı olaraq ödənişi ödəmək üçün "xxxx" Mənzil-Tikinti Koorparativinə getmişdir. Anası tərəfindən MTK-ya olan borc tamamilə ödənilmişdir. Lakin, anası rəhmətə getdiyi üçün sonradan MTK-dan mənzil ilə bağlı sənədləri götürə bilməmişdir. 2021-ci ildə "xxxx" MTK binanın sakinlərinin sənədlərinin müəssisənin sənədlərinə uyğun olması və qaydasında olmasını təmin etmək üçün iclaslar təşkil etmişdir. Sənədlərində problemlər mövcud olan və üzvlüyə qəbulla bağlı protokolları olmayan bina sakinləri üçün protokollar tərtib edilmişdir.Bundan əlavə, ödənişləri tamamlandığı halda maliyyə arayışları verilməyən vətəndaşlar üçün həmin arayışlar tərtib edilmişdir və saxlanılmışdır. "xxxx" Mənzil-Tikinti Koorparativi Qocayeva Zöhrə Əmraslan qızının rəhmətə getməsi barədə ümumiyyətlə məlumatsız olmuşdur. "xxxx" Mənzil-Tikinti Koorparativi sadəcə ləğv prosesində olduğu üçün bütün işləri qaydasına salmaq məqsədi ilə sənədləri toplamışdır. O, anasının tək qanuni vərəsəsidir və bu “Asan Xidmət” tərəfindən təqdim edilmiş 10 may 2024-cü il tarixli sənəd ilə təsdiq edilməkdədir. İddiaçı "xxxx" Mənzil-Tikinti Koorparativinə müraciət edərək vərəsəliyin təqdim edilməsi ilə bağlı sənədləri götürmüş. Bundan sonra cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğuna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 36 saylı mənzil üzərində vətəndaş İddiaçı mülkiyyət hüququnun daşınmaz əmalkın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli ərizə ilə 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət edilmiş və həmin müraciət ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla bağlı olaraq bildirir ki, təqdim olunmuş sənədlərin araşdırılması zamanı "xxxx" Mənzil Tikinti Koorperativinin üzvlərinin ümumi iclasının xx.xx.2021-cü il tarixli 323 nömrəli protokolundan çıxarışda uyğunsuzluq olduğu aşkar edilmişdir.Belə ki, Qocayevə Zöhrə Əmraslan qızının xx.xx.2010-cu il tarixində vəfat etməsinə baxmayaraq, protokoldan çıxarışa əsasən "xxxx" Mənzil Tikinti Koorperativi tərəfindən üzvlüyə qəbul olunmuşdur.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara- Cavabdehin 18 iyul 2024-cü il tarixli, 3-21-3-31/2-2605/2024 nömrəli imtina məktubun surəti, etirazı, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 323 nömrəli, xx.xx.2021-ci il tarixli protokoldan çıxarış, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 360 nömrəli, 11 fevral 2021-ci il tarixli maliyyə arayışı, mənzilə aid eskiz layihə, "xxxx" MMMC tərəfindən verilmiş 29 nömrəli, xx.xx.2024-cü il tarixli arayış, 09 nömrəli, xx.xx.2024-cü il tarixli məktub, "xxxx" Mənzil Tikinti Kooperativində olan mənzillərə aid daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surəti, 1 saylı Sumqayıt regional “ASAN XİDMƏT” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 1432 nömrəli, xx.xx.2024-cü il tarixli məktubun surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan mənzilə istifadə hüququnun yaranması vaxtdan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinin tələbləri baxımından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 2 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 2 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 2 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 2 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 18 iyul 2024-cü il tarixli, 3-21- 3-31/2-2605/2024 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli torpaq sahəsinin Xaçmaz rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum anası Qocayeva Zöhrə Əmraslan qızı Sumqayıt şəhəri, 1-ci mikrorayon, Nəriman Nərimanov küçəsi, 45B saylı evin, 36 nömrəli mənzili alqı-satqı müqaviləsi əsasında MTK-dan almış, hal-hazırda sözügedən mənzil üzərində mərhumun mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə əlaqədar DƏDKR-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciət cavabdeh təşkilat tərəfindən xx.xx.2024-cü ildə qeydiyyata alınmışdır. Cavabdeh təşkilat tərəfindən iddiaçının müraciətinə mənfi cavabın verilməsinə əsas kimi, inşa edilmiş MTK-nın verdiyi arayışların mərhumun vəfat etməsindən sonra onun adına tərtib edilməsi göstərilmişdir. Buna görə də inzibati orqan müraciətdə göstərilən və çoxmənzilli yaşayış binasına yerləşən yaşayış sahəsinə dair mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş və Sumqayıt şəhəri, 1-ci mikrorayon, Nəriman Nərimanov küçəsi, 45B saylı evin, 36 nömrəli mənzilə dair mərhumun mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin DƏDKR-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh təşkilatın imtina məktubu və etiraz ərizəsində yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün gətirdiyi arqumentlər əsassızdır. Belə ki, iddiaçı tərəfindən qanunvericiliklə tələb olunan bütün hüquqmüəyyənedici sənədləri cavabdehə təqdim etməsinə baxmayaraq iddiaçının müraciəti müsbət həll olunmamışdır. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Hazırkı iddia tələbi üzrə iddiaçı sahibliyində olan və "xxxx" MTKya məxsus yaşayış sahəsinin eskiz layihəsində, digər hüquqmüəyyənedici sənədlərdə öz əksini tapmasına baxmayaraq, cavabdeh əsassız olaraq yaşayış sahəsini daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmasından imtina etmişdir. Nəzərə alınmalıdır ki, "xxxx" MTK-da yerləşən yaşayış sahəsinin dəyəri Qocayeva Zöhrə Əmraslan qızı tərəfindən tam şəkildə ödənilmiş və Qocayeva Zöhrə Əmraslan qızının MTK-nın payçısı olması haqqında ümumi yığıncaq 323 nömrəli protokolundan 11 fevral 2021-ci il tarixli qərarı qəbul edilmişdir. Cavabdehin gətirdiyi arqument məhkəmə tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, həm "xxxx" MTK-nın, həm də "xxxx" MMMC-nin fəaliyyət ərazisi eyni olub. Qeyd olunan binanın sakinlərinin bir çoxları mənzilləri üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırıblar. Həmçinin, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı ilə eyni ərazidə yerləşən yaşayış sahələri əldə etmiş iddiaçının qonşularının mülkiyyət hüququ tanınmışdır. Qeyd olunan daşınmaz əmlaklar qeydə alınarkən uyğunsuzluqların olmasını cavabdeh təşkilat tərəfindən nəzərə alınmadan qeydə alınması cavabdeh təşkilat tərəfindən “İnzibati İcraat” haqqında Qanunda nəzərdə tutulmuş Bərabərlik və Çoxun azı ehtiva etməsi prinsiplərinin pozulmasına dəlalət edir.Belə ki, “İnzibati İcraat” haqqında Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur. Göründüyü kimi cavabdeh təşkilat qanunla tələb edilən sənədlərin iddiaçı tərəfindən ona təqdim edilməsinə baxmayaraq əsassız yerə üzərinə düşən öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh təşkilatın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə ziddir. Belə ki, Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi iddiaçı tərəfindən qanunla tələb edilən sənədlərin cavabdeh təşkilata təqdim edilməsinə baxmayaraq cavabdeh təşkilat “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinin tələblərini hazırkı mübahisəyə tətbiq etməkdən boyun qaçırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanda yerləşən 36 mənzilə mülkiyyət hüququnun mərhumə Qocayeva Zöhrə Əmraslan qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar