Məhkəmə qərarları › İş №2-1(118)-554/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-554/2020

12.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-554/2020 12.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona Azərbaycan Respublikasının Müharibə Veteranı adı və vəsiqəsi verilməsivəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması”barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş, iddiaçı narazı qalaraq, məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cu ildən 1994-cu ilə qədər N saylı hərbi hissədə, 1994-cu ildə N saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Respublikası Veteranları Haqqında xx.xx.1994-cu il tarixli Qanuna əsasən iddiaçıya Müharibə Veteranı vəsiqəsi verilməlidir. Lakin, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən müxtəlif bəhanələrlə imtina edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli 1S/15043 saylı məktubu ilə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin MİUMK-nın 27.09.06-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair iş üzrə Konstitusiya məhkəməsinin qəbul etdiyi qərarda Konstitusuya Məhkəməsi hesab etmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Göründüyü kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçıya veteran adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iştirak etmiş, iddianı müdafiyə etmiş, izahatında bildirmişdir ki, 1993-cu ildən 1994-cu ilə qədər N saylı hərbi hissədə, 1994-cu ildə N saylı hərbi hissədə xidmət etmişdir. Daha sonra batalyon dağılmışdır, bu səbəbdən iddiaçı geri qayıtmışdır. O, hərbi hissəni özbaşına tərk etməmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, cavabdeh hesab edir ki, iddia ərizəsi əsassızdır və aşağıdakı səbəblərə görə təmin edilə bilməz. İddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubunu mübahisələndirmişdir. Arxiv arayışına əsasən iddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün ona “Müharibə veteranı” adının verilməsindən imtina olunmuşdur. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissədə xidmət etməsi kifayət etmir, xidmətdə olduğu dövr ərzində özbaşına tərk etmə hadisəsinin olmaması da şərtdir. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 Nq- İİ qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Həmin qeydə əsasən, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.1997-ci il tarixli, 383-İ QR Qərarın 9-cu bəndinə əsasən: "... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsasızdır və təmin edilməməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Veteranlar haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. İddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçı bu halların təkzibi, qanuni əsaslarla təxris olunması ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar