Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5541/2023 12.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər İcra İdarəsinə və Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinə qarşı “pensiyasından 25 faiz tutulması öhdəliyinin cavabdehlər Sumqayıt şəhər Məhkəmə İcraçıları İdarəsinin və ABB-nin Sumqayıt filialının hər birinin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra İdarəsinin 13 mail 2013cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən iddiaçıdan 10,000 ABŞ dolları tutularaq vətəndaş X2 verilməlidir. İcraata başlamaq haqqında həmin qərar ona 2020-ci ildə verilmişdir və icraata 2020-ci ildə başlanılmışdır. Bundan başqa iddiaçı AR Beynəlxalq Bankının Sumqayıt filialından 2023-cü ildə götürdüyü kreditə görə 2500 manat ödəməlidir. İddiaçı əmək pensiyaçısıdır və pensiyanın məbləği 330 manatdır. Başqa yerdə işləmir, ailəsi böyükdür, başqa işləyəni yoxdur, ailəni aldığı pensiya ilə dolandırır. Hazırda cavabdehlərin hər biri pensiyanın 50 faizini məndən tuturlar, (165 AZN Məhkəmə icraçıları şöbəsi, 165 AZN ABB-nın Sumqayıt filialı) pensiyasından bir manat da olsa ona qalmır. Bu hal onun ağır maddi durumunu həddən artıq ağırlaşdırır. Yaranmış vəziyyətlə əlaqədar cavabdehlərə dəfələrlə müraciət edərək hər birinə 25 faiz olmaqla əlli faiz tutulmasını, qalan 50 faizin onda saxlanılmasını xahiş etmişdir. Lakin cavabdehlər onun xahişini nəzərə almamış İcra haqqında AR qanununun 65-ci maddəsinin tələblərini pozaraq pensiyanı tam məbləğdə davam edirlər. Cavabdehlər məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddia tələbindən göründüyü kimi iddiaçı Cavabdeh1 məhkəmə qərarının icrası ilə bağlı hərəkətlərindən narazıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, İnzibati məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tələbini cavabdeh qismində eyni zamanda Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinə qarşı yönəltmişdir. İddiaçının cavabdeh qismində qoyduğu Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı tərəflər arasındakı mübahisə də Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlı deyil. Göründüyü kimi hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməsini mümkün edən əsaslar mövcud deyil. Bu halda iddiaçı öz hüquqlarını mülki məhkəmə icratı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələri ilə qoruya bilər. Bu halda müvafiq ümumi məhkəmədə iddia inzibati orqandan tələb formasında deyil, mülki məhkəmə icratı qaydasında nəzərdə tutulmuş iddia tələbləri formasında qaldırılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə publik hüquq münasibəti kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, məhkəmə qərarının icrası ilə bağlı məhkəmə qərarının icrasına nəzarət edən müvafiq məhkəməyə müraciət edə bilər. Bundan əlavə iddiaçıya izah edilsin ki, Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edərək, müvafiq ümumi məhkəməyə müraciət etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-5541/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5541/2023
12.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver