Məhkəmə qərarları › İş №2-1(118)-5548/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5548/2025

24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5548/2025 24.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1rşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1rşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Şamaxı rayon Çuxuryurd bələdiyyəsindən xx.xx.2002-ci il tarixdə alqı-satqı yolu ilə aldığı 10000 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5nin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5nin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5n 14 saylı Şamaxı Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 23 saylı qərarı ilə ev tikmək üçün 10000 kv.m torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin plan-ölçü sənədi hazırlanaraq xx.xx.2014-cü il tarixdə, 419 nömrə ilə X4 kitabında qeydə alınaraq verilmişdir. Kadastr planında həmin torpağın tikinti məqsədi ilə verilməsi göstərilmişdir. 2025-ci ildə həmin torpaq sahəsinə çıxarış almaq istəyi ilə İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDX və Reyestri Publik hüquqi şəxs, 14 saylı Şamaxı Ərazi İdarəsinə ərizə ı ilə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə ərizəmə cavab olaraq bildirmişlər ki, ərizənizə 14 saylı Ərazi İdarəsində baxılmışdır. Ərizənizin icrasını təmin etmək məqsədilə aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ərizənizə əlavə etdiyiniz torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən torpaq sahəsi başqa mülkiyyətçilərə məxsus torpaq sahələri ilə üst-üstə düşür. Həmçinin eyni zamanda nəzərinizə çatdırırıq ki, hüquq müəyyənedici sənəd üzrə mövcud olan torpaq sahəsi ilə torpaq sahəsinin müayinəsi zamanı göstərilən ərazi fərqlidir. İddiaçı xx.xx.2002-ci il tarixdə Şamaxı rayon Çuxuryurd Bələdiyyəsi ilə alqı-satqı müqaviləsi bağlanmış, nağd pulu köçürərək 1 ha - 10000 kv.m torpaq sahəsini almışdır. Torpaq Komitəsinin A № 524284 saylı plan ölçü sənədi xx.xx.2014-cü il tarixdə 419 nömrə ilə uçota alınıb ona verilmişdir. Həmin yerin koordinatları da dəqiq göstərilmiş və yer naturada təqdim olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iştirak etmiş, iddianı müdafia etmişdir. Cavabdeh etirazında qeyd edir ki, qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılan zaman məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə və faktiki koordinatları arasında fərq var. Belə ki, torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən torpaq sahəsi başqa mülkiyyətçilərə məxsus torpaq sahələri ilə üst-üstə düşür. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: X3 kitabında qeydə alınmış A № 524284 saylı plan-ölçü sənədinin surəti, torpaq sahəsinin alqı-satqı aktı, 25 oktyabr 2002-ci il tarixli Seriya BYB 205 saylı ödəniş qəbzi iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Şamaxı rayon Məlhəm bələdiyyəsinin xx.xx.2025-ci il tarixil məktubunda qeyd edilmişdir ki, keçmiş Çuxuryurd bələdiyyəsinin 25.10. 2002-ci il tarixli 23 saylı qərarı ilə vətəndaş İddiaçı torpaq sahəsinin ayrılması barədə yuxarıda qeyd olunan iclas protokolunda öz əksini tapmamış və eləcə də bələdiyyənin mövcud arxivində ilkin torpaqayırma sənədləri aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq X2 filialının 21 noyabr 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, bələdiyyə qərarı arxivə təhvil verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X5 14 saylı Şamaxı Ərazi İdarəsinin 4 dekabr 2025 -ci il tarixli 3-21-3-41/2-3781/2025 saylı məktubunda qeyd edilmişdir ki, iddiaçının naturada faktiki istifadəsində torpaq sahəsi mövcud deyildir. iddiaçının torpaq sahəsinə dair müayinə (baxış) aktı iddiaçıya aid olan **********0770 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatlara əsasən araşdırılaraq tərtib edilmişdir. Müayinə (baxış) aktının surəti və plan ölçü sənədində qeyd edilən koordinatlara əsasən yerləşmə mövqeyini əks etdirən ortofoto görüntüsü cavab məktubuna əlavə olunur. 14 saylı Şamaxı Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən iddiaçıya aid olan **********0770 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. - Mövcud elektron kadastr məlumat bazasında əsasən iddiaçıya aid olan **********0770 nömrəli plan- ölçü sənədi öz əksini tapır. - 14 saylı Şamaxı Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən iddiaçının **********0770 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən 1.0 ha torpaq sahəsi vətəndaşların xüsusi mülkiyyətinə verilmiş əkin (pay) torpaqları ilə üst-üstə düşür. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı Şamaxı rayon Çuxuryurd bələdiyyəsindən xx.xx.2002-ci il tarixdə alqı-satqı yolu ilə aldığı 10000 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılan zaman məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə və faktiki koordinatları arasında fərq var. Belə ki, torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən torpaq sahəsi başqa mülkiyyətçilərə məxsus torpaq sahələri ilə üst-üstə düşür. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Şamaxı rayon Məlhəm bələdiyyəsinin xx.xx.2025-ci il tarixil məktubunda qeyd edilmişdir ki, keçmiş Çuxuryurd bələdiyyəsinin 25.10. 2002-ci il tarixli 23 saylı qərarı ilə vətəndaş İddiaçı torpaq sahəsinin ayrılması barədə yuxarıda qeyd olunan iclas protokolunda öz əksini tapmamış və eləcə də bələdiyyənin mövcud arxivində ilkin torpaqayırma sənədləri aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq X2 filialının 21 noyabr 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, bələdiyyə qərarı arxivə təhvil verilməmişdir. İddiaçı tərəfindən Çuxuryurd bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 23 saylı qərarının əsli və ya surəti məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Çuxuryurd bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 23 saylı iclas protokolu Şamaxı rayon Məlhəm bələdiyyəsində mövcuddur, lakin həmin protokolda iddiaçının adı yoxdur. Bundan əlavə məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X5 14 saylı Şamaxı Ərazi İdarəsinin 4 dekabr 2025 -ci il tarixli 3-21- 3-41/2-3781/2025 saylı məktubunda qeyd edilmişdir ki, iddiaçının naturada faktiki istifadəsində torpaq sahəsi mövcud deyildir. Elektron baza məlumatlarına əsasən iddiaçıya aid olan **********0770 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. 14 saylı Şamaxı Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən iddiaçının **********0770 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən 1.0 ha torpaq sahəsi vətəndaşların xüsusi mülkiyyətinə verilmiş əkin (pay) torpaqları ilə üst-üstə düşür. Beləliklə, iddiaçı torpaqların alqı-satqı aktını və kassa mədaxil orderinin qəbzini təqdim etsə də, məhkəmə araşdırması ilə mötəbər hüquqmüəyyənedici sənədə malik olması müəyyən edilmir. Qeyd edilənlər cavabdeh inzibati orqanın hərəkətləri və imtinasının əsaslı olduğunu göstərir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar