Məhkəmə qərarları › İş №2-1(118)-556/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-556/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-556/2023 23.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X9 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilin özəlləşdirilməsinə dair verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı Sumqayıt şəhəri, 2-ci mikrorayon, 41/14 saylı evin 11 saylı mənzilinə dair Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qanunsuz aparılmış ********** saylı qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddia tələbini dəqiqləşdirərək, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 41/14 ünvanında yerləşən 11 saylı mənzilin özəlləşdirilməsinə dair verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2818/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, X9 onun bacısıdır. Onlar ailəlikcə - atası Bağırov Ağa Əyyub oğlu, anası X11 və bacısı X9 1988-ci ildə Ermənistan Respublikası, Gorus rayonu, Ağbulaq kəndində yerləşən ata evlərini Sumqayıt şəhəri, 2-ci mikrorayon, 41/14 saylı 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 2 otaqlı 11-ci mənzilə dəyişmişdir və onlar bu mənzildə məskunlaşıb yaşamışdırlar. Mübahisəli mənzil atasının adına olmaqla dövlət mənzil fonduna aid olmuşdur. xx.xx.1989-cu il tarixdə atası vəfat etmişdir. xx.xx.2000-ci il tarixdə Şəmkir rayon sakini X12 ilə el adəti ilə toy edib ailə qurmuşdur və xx.xx.2001-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə münasibətlərini rəsmiləşdirmişdir. Xanım onların yaşadıqları mənzilə gəlin gəlmişdir. Birgə nikahdan xx.xx.2001-ci il təvəllüdlü X19 oğlu və xx.xx.2004-cü il təvəllüdlü Bağırlı Leyla Nəbi qızı adlı iki uşaqları anadan olmuşdur. Uşaqları anadan olandan sonra bacısı Z.Bağırova onların şəxsi əşyalarını, qab-qacağlarını mənzildən çölə tökmüş və onları evə buraxmamışdır. Həmin vaxtdan etibarən müxtəlif ünvanlarda kirayədə yaşamağa məcbur olmuşlar. Dəfələrlə mənzilə qayıdıb yaşamaq istəmişlər, lakin Z.Bağırova hər dəfə polis çağırıb onları mənzildən qovmuşdur. Bundan sonra, onların kirayədə yaşamaqlarından istifadə edərək Z.Bağırova iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qət edilməsinə nail olmuş və mənzili öz adına özəlləşdirmişdir. Faktla bağlı iddiaçı məhkəməyə müraciət etmiş və Sumqayıt şəhər məhkəməsinin 2(060)-920/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, 41/14 saylı evin 11 saylı mənzilinə dair Z.Bağırovanın adına verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi, ailə üzvləri ilə birlikdə mübahisəli mənzilə köçürülməsi və Sumqayıt şəhər məhkəməsinin 2(060)-920/2018 saylı, xx.xx.2018-ci il tarixli əlavə qətnaməsi ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, 41/14 saylı evin 11 saylı mənzilinə dair özəlləşmənin ləğv edilməsi qət edilmişdir. Bundan sonra, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2650/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin 2(060)- 920/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin onun həyat yoldaşı X4 mübahisəli mənzilə köçürülməsi hissəsində ləğv edilməsi, qalan hissədə isə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1827/2019 saylı,xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2650/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin özəlləşdirmənin ləğv edilməsinə dair hissədə ləğv edilməsi və işə həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Mənzilin özəlləşdirilməsi mülki hüququn deyil, publik hüququn nizamasalma predmetinə aid olduğuna görə həmin özəlləşdirmənin qanunsuzluğunu və onun nəticəsində verilmiş Çıxarışı yalnız inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək səbəbindən, həmin iş üzrə icraat Sumqayıt Apellyasiya Məhkəməsində baxılmamış saxlanılmışdır. Hazırda, məhkəmə qətnaməsi ilə onun mübahisəli mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi qət edilsə də, Z.Bağırova yenə də onu və ailə üzvlərini mübahisəli mənzilə buraxmamışdır. Ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayırlar. Nə onun, nə də həyat yoldaşının mülkiyyətində və yaxud icarəsində yaşayış sahəsi yoxdur. Odur ki, qeyd olunanları nəzərə alaraq Sumqayıt şəhəri, 2-ci mikrorayon, 41/14 saylı, evin 11 saylı mənzilinə dair özəlləşmənin və Z.Bağırovamn adına verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi barədə cavabdeh təşkilata müraciət etmişdir və **********01 saylı, xx.xx.2022-cİ İl tarixli məktubla ona imtina edilmişdir. Ona görə də cavabdehə qarşı yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X9 iddiaya etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iddiaya etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş X5 yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 2ci mikrorayon, ev 41/14 ünvanda yerləşən 11 saylı mənzilə dair X2 adına verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, qeyd olunan çıxarışın ləğv edilməsi ilə bağlı müvafiq məhkəmə qərarı idarəyə daxil olmamışdır. Həmçinin ərizəyə əlavə edilən AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-1827/19 saylı qərarında 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə hər-hansı öhdəlik qoyulmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

- Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-450/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2397/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddası təmin edilmiş, qeyd olunan qətnamədən cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-450/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X3 cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddası təmin edilməmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2-(105)-2650/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 28 fevral 2018-ci il tarixli, 2(060)-920/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X6 qarşı mənzilə dair özəlləşmənin ləğvi və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, Sumqayıt şəhəri, 2-ci mikrorayon, 41/14 saylı evin 11 saylı mənzilinə dair X3 adına verilmiş 21 may 2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, iddiaçı Bağırova Nəbi Ağa oğlunun ailə üzvləri arvadı X12 və uşaqları Yusif və Leyla ilə birlikdə mübahisəli mənzilə köçürülməsi qət edilmiş, qeyd olunan qətnamədən cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 28 fevral 2018-ci il tarixli, 2(060)-920/2018 saylı qətnaməsi X4 mübahisəli mənzilə köçürülməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1827/2019 saylı, xx.xx.2019-cu il tarixi qərarı ilə cavabdeh X3 Sumqayıt Apellyasiya Məhkəməsinin 2-(105)-2650/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından verdiyi kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-(105)- 2650/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi özəlləşdirilmənin ləğv edilməsi hissəsində ləğv edilmişdir. - xx.xx.1988-ci il tarixli, 271157 saylı orderin surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 41/14-də yerləşən 11 saylı mənzil Bağırov Ağa Əyyub oğlunun və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X19 oğlu və xx.xx.2004-cü il təvəllüdlü Bağırlı Leyla Nəbi qızı ünvan 3 ünvanında qeydiyyatdadırlar. - RX seriyalı, ******* saylı, xx.xx.2015-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanı xüsusi mülkiyyət hüququ ilə X3 adına qeydiyyata qeydə alınmışdır. - Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil-X1 6 saylı Mənzil-Kommunal sahəsi tərəfindən tərtib edilmiş 931 saylı, xx.xx.2022-ci il tarixli ətraflı arayışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin QŞVB-nın bildirişinə əsasən mənzildən qeydiyyatdan çıxarılmış, xx.xx.22015-ci il tarixdə mənzil X3 adına özəlləşdirilmiş, Sumqayıt şəhər Polis İdarəsinin QŞVB-nın 3207№li xx.xx.2017-ci il tarixli bildirişi ilə İddiaçı (iş № 2(105)450/2017, xx.xx.2017-ci il tarixli) Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən qeydiyyata dümüşdür. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 24 iyun 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düüzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm hə əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.1988-ci il tarixli, 2H157 saylı order ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 41/14-də yerləşən 11 saylı mənzil Bağırov Ağa Əyyub oğlunun və onun ailə üzvləri həyat yoldaşı X7, oğlu Bağırova Nəbi Ağa oğlunun və qızı X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil-X1 6 saylı Mənzil-Kommunal sahəsi tərəfindən tərtib edilmiş 931 saylı, xx.xx.2022-ci il tarixli ətraflı arayışdan görünür ki, İddiaçı qeyd olunan mübahisəli mənzildə xx.xx.1989-cu il tarixdən qeydiyyatdadır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2397/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçının yaşayış sahəsindən istifadə hüququnun itirilməsi qərara alınmış, Sumqayıt şəhər Polis İdarəsinin QŞVB-nin xx.xx.2015-ci il tarixli bildirişinə əsasən mənzildən qeydiyyatdan çıxarılmış, mübahisəli mənzil xx.xx.2015-ci il tarixdə RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə X3 adına dövlət qeydiyyatına alınmışdır. Daha iddiaçı Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2397/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsini mübahisələndirmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-450/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2397/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, Sumqayıt şəhər Polis İdarəsinin QŞVB-nın 3207№li xx.xx.2017-ci il tarixli bildirişi ilə İddiaçı mübahisəli mənzilə təkrarən qeydiyyata dümüşdür. Məhkəmə sorğusu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən əldə edilmiş sənədlərdən görünür ki, cavabdeh orqan tərəfindən mübahisəli mənzilin X3 adına dövlət qeydiyyatına alınmasının əsasları xx.xx.1989-cu il tarixli, 2H157 saylı order, qeyd olunan ünvanda xx.xx.1989-cu il tarixdən qeydiyyatda olan X8 7E-4417 reyestr nömrəli razılıq ərizəsi və Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil-X1 6 saylı Mənzil-Kommunal sahəsi tərəfindən tərtib edilmiş 816 saylı, xx.xx.2015-ci il tarixli arayış olmuşdur. İddiaçı qeyd olunan mənzilin X3 adına özəlləşdirilməsinin ləğv edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən çıxarışın ləğvi ilə bağlı imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin qanunun 2-ci maddəsinə əsasən, bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Həmin qanunun 3-cü maddəsinə əsasən, mənzil fondunun özəlləşdirilməsinin prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin qanunun 5-ci maddəsinə əsasən, Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsihaqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunun yuxarıda göstərilmiş 5-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır. Qanunvericiliyə görə özəlləşdirmədə iştirak hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Başqa sözlə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxs və onun yetkinlik yaşına çatmış ailə üzvləri bu hüququn subyektidirlər. Kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvləri bu hüquqdan istifadə edə bilmələri üçün əlavə olaraq özəlləşdirilmə üçün müraciət edilən anda həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşamalıdırlar. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda həm kirayəçinin, həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Sözügedən razılıq mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə, yaxud da onların paylı və ya birgə mülkiyyətinə verilməsinə dair özəlləşmədə iştirak edən şəxslərin iradələrini göstərir. Qanunun 5-ci maddəsinin strukturunda “özəlləşdirilməsi üçün müraciət edilən anda” ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır. Qanunun 5-ci maddəsinin tələbinə əsasən özəlləşmə üçün müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcud olmaması özəlləşmənin aparılmasını istisna edir. Çünki yuxarıda da qeyd olunduğu kimi vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. İş materiallarına əlavə edilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilir ki, iddiaçının mübahisəli “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” barədə qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmiş və iddiaçının mübahisəli mənzilə qeydiyyatı təmin edilmişdir. Hazırki halda iddiaçı mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olması dövlət daxili konkret qanunvericilik aktından, yəni “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanundan irəli gəlir. Həmin Qanunla müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı mənzilə münasibətdə mülkiyyət hüququ əldə edəcəyi üçün cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməsi nəticəsində iddiaçının mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsində özəlləşmənin buna hüququ olan bütün şəxslərin razılıqlarının mövcudluğunda həyata keçiriləcəyi aydın təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən həmin Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Sözügedən Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv olunmalı olduğunu sübut etsə də, cavabdeh iddiaçının tələbi ilə bağlı öz imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 41/14 ünvanında yerləşən 11 saylı mənzilin özəlləşdirilməsinə dair verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 41/14 ünvanında yerləşən 11 saylı mənzilin özəlləşdirilməsinə dair X3 adına verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar