Məhkəmə qərarları › İş №2-1(118)-556/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-556/2024

27.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-556/2024 27.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi ilə, İddiaçı Mehti qızının cavabdeh Abşeron rayon Aşağı Güzdək bələdiyyəsinə qarşı cavabdeh Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsinin 12 dekabr 2022-ci il tarixli, 41/03 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Mehti qızı cavabdeh Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsinin 12 dekabr 2022- ci il tarixli, 41/03 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsinin 41 saylı protokolunun 03 saylı qərarına əsasən, iddiaçı fiziki şəxs olaraq mülkiyyətində əmlak və torpaq sahəsinə görə vergi borcunun ödənilməməsi məsələsi müzakirə olunaraq qərar çıxarılmışdır. Həmin qərara əsasən iddiaçıya 21 noyabr 2022-ci il tarixdə vergi ödəyicisi fiziki şəxs olaraq, ən son tədiyyə bildirişi ünvanına göndərilmiş, lakin iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi 0,10 ha, əmlak sahəsi 260 kv m sahəsinə görə 2017-ci il tarixdən başlayaraq, ötən dövrlər üzrə 444,00 (dörd yüz qırx dörd) manat, 140,60 (yüz qırx manat altımış qəpik) faiz, ümumilikdə isə 584,60 (beş yüz səksən dörd manat altımış qəpik) borcunu ödəməmişdir. Qəbul olunmuş qərarın 1-ci bəndinə görə, vergi ödəyicisi olaraq, fiziki şəxs kimi iddiaçının borc öhdəlikləri icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilməsi, həmin qərarın 2-ci bəndinə görə hesablanmış borc məbləği iddiaçıdan tutulub Aşağı Güzdək bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlər görülməsi, qərarın 3-cü bəndinə görə qəbul edilmiş qərar barədə borclu olaraq iddiaçıya məlumat verilməsi və həmin qərarın 4 -cü bəndinə görə isə, “İcra Qərarı”nın surəti məlumat üçün Aşağı Güzdək bələdiyyəsinə göndərilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinin 2-ci bəndinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Əfsuslar olsun ki, Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsi 12 dekabr 2022-ci il tarixdə qəbul etdiyi qərarı iddiaçıya nə rəsmi, nə də qeyri rəsmi olaraq ünvanına göndərməmişdir. Bununla yanaşı, sözügedən qərarın 4-cü bəndində nəzərdə tutulmuş icra qərarından (əgər mövcuddursa) belə iddiaçının məlumatı olmamışdır. 06 aprel 2023-cü il tarixdə Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən istifadəsində olan tikilinin bir neçə metrliyindən keçən hissəsində su-boru xəttinin yararsız olma səbəbindən tikilinin zirzəmisi və həyətyanı sahəsi su gölməçəsinə döndüyündən Aşağı Güzdək bələdiyyəsinə tədbir alması ilə bağlı müraciət üçün getmişlər. Orada bəlli olub ki, Aşağı Güzdək bələdiyyəsi iddiaçı barəsində qanunsuz olaraq hüquqlarını kobud şəkildə pozmaqla 12 dekabr 2022-ci il tarixli qərar çıxarılmışdır. İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsi iddiaçıya xx.xx.2004-cü il tarixli 32 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsi ayırmışdır. Həmin torpaq sahəsinin iddiaçıya satılması üçün 2004-cü il 23 sentyabr tarixdə 32 saylı qərar qəbul edilmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 158 saylı qərarı əsasında Abşeron rayonunda normativ qiymətə görə Aşağı Güzdək bələdiyyəsinin BUSB Abşeron filialının bankdakı hesabına 840,000 (səkkiz yüz qırx min) manat pul köçürmüşdür. Torpaq sahəsi 19 avqust 2008-ci il tarixdə Dövlət Torpaq və Xərİtəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində kadastr kitabında 8866 nömrə ilə qeydiyyata alınmışdır. 28 aprel 2010-cu il tarixdə Abşeron rayon İcra Hakimiyyəti başçısının 401 saylı, ümumi sahəsi 124,72 kv m fərdi yaşayış evinin tikintisinə sərəncam vermişdir. Sərəncama əsasən, fərdi yaşayış evini inşa etdirmiş, lakin maddi sıxıntılar səbəbindən onun daxili və xarici təmiri başa çatmamış, kanalzasiya xəttini subasmalara görə çəkdirmək mümkün olmamışdır. Ev yaşayş üçün hazır olmadığından onu daşınmaz əmlakın dövlət reyestri qeydiyyatından keçirib çıxarış almamışdır. Odur ki, fərdi yaşayış evi iddiaçının şəxsi mülkiyyətində deyil. Buna görə də iddiaçıdan əmlak vergisi tutula biməz və bunu tələb etmək qanuna ziddir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirakını təmin etməmişlər. İddiaçı məhkəməyə ünvanladığı ərizəsində işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsinin 03 sentyabr 2004-cü il tarixli, 32 saylı qərarından çıxarışdan görünür ki, İddiaçı Mehti qızına 0,10 ha torpaq sahəsi ayrılmışdır. - DT və XK tərəfindən verilmiş torpaq sahəsinin planı və ölüsü sənədindən görünür ki, İddiaçı Mehti qızına məxsus 1000 kv metr torpaq sahəsinə dair tərtib edilmişdir. - 03 sentyabr 2004-cü il tarixli aktdan görünür ki, Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsinin 03 sentyabr 2004-cü il tarixli, 32 saylı qərarı ilə İddiaçı Mehti qızına ayrılmış torpaq sahəsi ona təhvil verilmişdir. -Torpaqların alqı-satqısına dair müqavilədən görünür ki, Aşağı Güzdək bələdiyyəsi 0,10 ha torpaq sahəsini İddiaçı Mehti qızına satmışdır. - Abşeron Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 2010-cu il tarixli, 461 nömrəli sərəncamından görünür ki, Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsinin 03 sentyabr 2004cü il tarixli, 32 saylı qərarı ilə İddiaçı Mehti qızına ayrılmış 1000 kv.metr torpaq sahəsində ümumi sahəsi 124,72 kv.metr olan ikimərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. -Abşeron rayon Aşağı Güzdək bələdiyyəsinin 12 dekabr 2022-ci il tarixli, 41/03 saylı qərarından görünür ki, vergi ödəyicisi olan fiziki şəxs İddiaçı Mehti qızının Aşağı Güzdək qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi, 260 kv.metr əmlak sahəsinə görə 2017-ci ildən başlayaraq ötən dövrlər üzrə 444,00 manat, 140,60 manat faiz, cəmi 584,60 manat vergi borcunun olması müəyyən edilmiş və borcun ödənilməsi üçün qərarın icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi qərara alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı Mehti qızının adına idarənin arxivində qüeydiyyata alınmış daşınmaz əmlak barədə məlumat aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh Abşeron rayon Aşağı Güzdək bələdiyyəsi mübahisələndirilən qərarla borcun iddiaçının mülkiyyətində yerləşən 0,10 ha torpaq sahəsi, 260 kv m əmlak sahəsinə görə hesablanması; göstərilən əmlaka görə 2017-ci ildən başlayaraq ötən dövrlər üzrə 444,00 manat, 140,60 manat faiz, cəmi 584,60 manat borcun hesablanması qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilən sübutlarla iddiaçının adna daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əmlakın olması öz təsdiqini tapmadı. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində daşınmaz əmlakın olmasını təsdiq edən hər hansı sübut təqdim edilmədi. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasınm Qanununun 18-ci maddəsinə müvafıq olaraq Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisi ödəyirlər. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə formasında hesablanır. Həmçinin Vergi Məcəlləsinin 8.1-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq və əmlak vergisi yerli vergilərə (bələdiyyə vergilərinə) aid edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin : -197.1, 197.1.1-ci maddələrinə əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilibedilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri vergitutma obyektləri sayılır . -205-ci maddəsinə əsasən fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. -208.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : -178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. -178.2-ci maddəsinə görə yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən inzibati icraat aparılmamış, işin halları ilə bağlı iddiaçıdan hər hansı sübut, material tələb edilməmiş, həmçinin belə bir qərarın mövcudluğundan iddiaçı sonradan məlumatlı olmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarın iddiaçıya rəsmi təqdim edilməsi barədə sənəd olmadığından iddia müddəti ötürülməmiş hesab edilməlidir. Belə ki, iddiaçı mübahisələndirilən qərar barədə özü bələdiyyəyə başqa məsələ ilə bağlı yaxınlaşdığı vaxt xəbər tutduğunu izah edir. Cavabdeh tərəfindən iddiaçının lazımi qaydada məlumatlandırılması, qərarın elan edilməsi və ya göndərilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilən Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədəçatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilən Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsinin İddiaçı Mehti qızının barəsində qəbul etdiyi 12 dekabr 2022-ci il tarixli 41/03 saylı qərar ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar