Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-557/2020 22.07.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı “ona 64 yaşı tamam olan tarixdən, yəni 24.04.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı xx.xx.1955-ci ildə anadan olmuş, 1970-1974-cü illərdə Sumqayıt Kimya Texnologiya Texnikomunda təhsil almışdır. 19.08.1974-cü ildə "Üzvi-sintez” zavodunda işə qəbul edilmiş, hərbi xidmətə çağrıldığım üçün 05.11.1974-cü ildə işdən azad edilmiş, noyabr 1974-noyabr 1976-cı illərdə X3 hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra, yəni 08.02.1977-ci ildə yenidən “Sumqayıt Üzvi- sintez” zavoduna işə qəbul edilmiş, həmin müəssisədə 27.04.1980-ci ilə qədər işləmişdir. 01.10.1981-ci ildən 09.10.1982-ci ilə qədər Sumqayıt Kompressorlar zavodunda işləmiş, 10.10.1982-ci ildən 01.08.1989-cu ilə qədər köçürmə yolu ilə Sumqayıt şəhər Meyvə-Tərəvəz Ticarət Birliyində işləmişdir. 13.03.1992ci ildən 15.12.1999-cu ilə qədər “Uğur” Kiçik müəssisəsində işləmişdir. 05.12.2018-ci ildən hal-hazıra qədər “xxxx” Mənzil Tikinti Kooperativində işləyir. Ümumi iş stajım 26 ildir. 64 yaşı tamam olan tarixdən yəni, 24.04.2019-cu ildə yaşa görə pensiya təyin edilməsi ilə əlaqədar olaraq sənədlərini Sumqayıt “Asan xidmət” Mərkəzinə təqdim etmişdir. AR ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsi 10.01.2020-ci il tarixli məktubu ilə ona pensiya təyinatından imtina etmişdir. Səbəb kimi ərizəyə əmək kitabçasının əlavə edilmədiyini bildirmişdir. O cavabdehin imtinası ilə razılaşmır. Belə ki, onun yuxarıda adı qeyd olunan müəssisələrdə işlədiyini həmin müəssisələr tərəfindən verilmiş arayışlar təsdiq edir. Həmçinin Sumqayıt “Kimya- Texnologiya” Texnikomunda 1970-1974-cü illərdə təhsil almağını AR Dövlət Arxivinin Sumqayıt Filialının 25.06.2019-cu il tarixli, 236 saylı arayışı təsdiq edir. Onun noyabr 1974- noyabr 1976-cı illərdə hərbi xidmətdə olmağı faktını Sumqayıt Hərbi Komissarlığı tərəfindən verilmiş H3 № ******* saylı Hərbi bilet təsdiq edir. Qeyd olunan faktlara istinad edərək hesab edir ki, cavabdehin iddiası əsassızdır və ona 64 yaşım tamam olan tarixdən yəni, 24 aprel 2019-cu ildən yaşa görə pensiya təyin edilməlidir.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə prosesində eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh təşkilatın nümayəndəsi iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçının əmək fəaliyyətini əks etdirən əmək kitabçasında qeyd olunan təşkilatlardan onun orada işləməsi barədə məlumat almaq mümkün olmamışdır və buna görərdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi arxiv arayışlarına əsasən iddiaçının 25 il 09 ay əmək stajı var. Qeyd olunanlara əsasən məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və cavabdeh təşkilatın nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, ******* nömrəli Əmək Kitabçasının surəti, DSMF-nin Sumqayıt şəhər şöbəsinin 10.01.2020-ci il tarixli **********4 saylı imtina məktubu, Sumqayıt şəhər Dövlət Arxivinin 25.06.2019-cu tarixli, 236 nömrəli arayışı, Milli Arxivin Bakı filialı tərəfindən verilmiş 17.07.2019-cu tarixli, Ə-362 nömrəli arayışı, Əmək kitabçasının surəti, Sumqayıt Kompressorlar zavodu tərəfindən verilmiş 13.06.2019-cu il tarixli, 39 nömrəli arayış, H3 № ******* saylı Hərbi biletin surəti, Azərkimya İB tərəfindən verilmiş 19.06.2019-cu il tarixli, 68 nömrəli arxiv arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Cavabdehin 10.01.2020-ci il tarixli **********4 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb sosial sığorta stajının və əmək kitabçasının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir:Əmək kitabçası;əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı; Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt ;sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Həmin qərarın 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər - ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Bununla isə müəyyən edilir ki, iddiaçının təhsil aldığı müddətin onun “ümumu iş stajına” daxil edilməsi məsələsinə 01 yanvar 2006-cı il tarixli Qanunla deyil, həmin qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Sadalanan maddi hüquq normalarından da göründüyü kimi, iddiaçı 25.08.1970-cı il tarixdən 06 iyul 1974-cu illərdə təhsil aldığından həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarının tələbindən göründüyü kimi, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanların təhsil müddəti onların iş stajına daxil edilməlidir. İddiaçının təhsil müddətlərinin onun iş stajına daxil edilməsi təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquq olduğundan məhkəmə hesab edir ki, iddiaçının texnikumda təhsil aldığı illər onun sosial sığorta stajına daxildir. İş materiallarından görünür ki, İddiaçımüxtəlif illərdə 1970-1974-cü illərdə Sumqayıt Kimya Texnologiya Texnikomunda təhsil almışdır. 19.08.1974-cü ildə "Sumqayıt Üzvisintez” zavodunda işə qəbul edilmiş, 05.11.1974-cü ildə işdən azad edilmiş, 13.11.1974- 30.12.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra, yəni 08.02.1977-ci ildə yenidən “Sumqayıt Üzvi- sintez” zavoduna işə qəbul edilmiş, həmin müəssisədə 27.04.1980-ci ilə qədər işləmişdir. 01.10.1981-ci ildən 09.10.1982-ci ilə qədər Sumqayıt Kompressorlar zavodunda işləmiş, 10.10.1982-ci ildən 01.08.1989-cu ilə qədər köçürmə yolu ilə Sumqayıt şəhər Meyvə-Tərəvəz Ticarət Birliyində işləmişdir (arxiv arayışlarına əsasən). 13.03.1992-ci ildən 15.12.1999-cu ilə qədər “Uğur” Kiçik müəssisəsində və 05.12.2018-ci ildən hal-hazıra qədər “xxxx” Mənzil Tikinti Kooperativində Əmək kitabçasında qeyd olunan müəssisələrdə işləmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddədlər (əmək kitabçasına və arxiv arayışlarına əsasən), təhsil aldığı və hərbi xidmət keçdiyi illər hesablanıb sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əmək kitabçasında qeyd olunan müəssisələrdə, arxiv arayışlarında qeyd olunan müddətlər, təhsil aldığı və hərbi xidmət keçdiyi illərə əsasən ümumilikdə İddiaçı əmək stajı 25 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2019-cu ilin iyul ayınadək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 64 ildir. İddiaçının xx.xx.1955-ci ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən hüququnun yarandığı 64 yaşında, yəni 24.04.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə olduğu tədqirdə hesab olunur ki, İddiaçı yaşa və sosial sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının təhsil müddətlərinin və arxiv arayışlarında qeyd olunan illəri onun sosial sığorta stajına daxil etməkdən imtina edilməklə iddiaçının hüquqları pozulmuşdur. Nəzərə alınmalıdır ki, DSMF-nin Sumqayıt şəhər şöbəsinin Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı 22.05.2020-ci il tarixli , **********4 saylı məktubundan da görünür ki, vətəndaş İddiaçı təqdim etdiyi arayışlar, hərbi biletin surəti və əyani təhsil dövrünü nəzərə almaqla iş stajı 25 il 09 gün təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilərək İddiaçı təqdim etdiyi arayışlarda qeyd olunan müddətləri, Əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrləri, hərbi xidmət dövrü və əyani təhsil aldığı dövrləri sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən, yəni 24.04.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı təqdim etdiyi arayışlarda qeyd olunan müddətləri, Əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrləri, hərbi xidmət dövrü və əyani təhsil aldığı dövrləri sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən, yəni 24.04.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-557/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-557/2020
22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver