Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-557/2021 01.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məsləhətçi Quliyeva Aytəkin Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 (işləməyən, Xaçmaz rayonu, Qaraçay Cek kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Xaçmaz Rayonu Qaraçaycek Bələdiyyəsinə qarşı cavabdehin xx xxxxxx 2006-cı il tarixli 14 saylı qərarı ilə iddiaçıya 0,12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair qərarının ləğv edilməsinə dair Bələdiyyənin xx xxxxxx 2019-cu il tarixli, 13 nömrəli prorokol qərarını ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Xaçmaz Rayonu Qaraçaycek bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx xxxxxx 2006-cı il tarixli 14 saylı qərarı ilə iddiaçıya 0,12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair qərarının ləğv edilməsinə dair Bələdiyyənin xx xxxxxx 2019-cu il tarixli, 13 nömrəli prorokol qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdi və əsaslandıraraq izah etdi ki, Cavabdeh xx.xx.2006-cı il tarixli protokolu ilə yaşadıqları kəndin ərazisindən 0,12 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Qeyd olunan müvafiq qərara əsasən 0,12 ha torpaq sahəsinə hüququ qeydiyyata alınmış və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bununla belə Qaraçaycek bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 13 nömrəli protokoluna əsasən faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin ayrılması barədə bələdiyyənin xx.xx.2006-cı il tarixli 14 saylı qərarı ləğv edilmişdir. Əsas kimi torpaq sahəsi ayrılarkən rayon icra hakimiyyəti orqanının Memarlıq şöbəsinin rəyinin alınmaması göstərilmişdir. Həmin protokol qanunsuz olduğuna görə ləğv edilməlidir.Bununla bağlı iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh Xaçmaz Rayonu Qaraçaycek bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 iddianı qəbul edərək Xaçmaz rayon Qaracaycek bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli protokolunun ləğv edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdehin nümayəndəsi bu barədə ərizəni məhkəməyə təqdim etdi. İş materiallarında olan : -DTXK Xaçmaz rayon Şöbəsinin xx.xx.2006-cı il tarixli 2579 saylı rəyindən görünür ki, İddiaçı bələdiyyə mülkiyyətindən fərdi yaşayış evinin tikilmısi məqsədi ilə 0.12 ha torpaq sahəsinin satılması qanunamüvafiqdir. - **********23 reyestr nömrəli reyestrdən çıxarışdan görünür ki, Xaçmaz rayonu Qaraçaycek kəndi ərazisində 0.12 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - DƏDRX-nin 5 saylı Ərazi idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı bələdiyyənin xx.xx.2006-cı il tarixli qərarı əsasında satılmış 0,12 ha ölçüdə torpaq sahəsinə dair tərtib edilmişdir. - Xaçmaz rayonu Qaracaycek kənd bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli 13 nömrəli iclas protokolundan görünür ki, bələdiyyənin xx xxxxxx 2006-cı il tarixli 14 saylı Qaraçaycek kənd sakini İddiaçı 0.12.ha həyətyanı torpaq sahəsinin satılmasına dair qərarı ləğv edilmişdir. Qərarın ləğvi üçün əsas kimi Xaçmaz Regional Ədliyyə İdarəsinin müraciəti əsasında aparılmışaraşdırma nəticəsində memarlıq xidmətinin rəyinin alınmaması, xx.xx.2006-cı il tarixdə bələdiyyənin iclasının keçirilmədiyi göstərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Beləki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 3-cü bəndində göstərilir ki, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə bələdiyyə mülkiyyətini bələdiyyələr idarə edirlər və bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi qaydasını və şərtlərini bələdiyyə müstəqil surətdə müəyyənləşdirir. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 13-1-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alqı-satqı qaydasında verilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxxxx 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§ 71). Qerasimova Rusiyaya qarşı iş üzrə xx xxxxxxxx 2004-cü il tarixli yekun qərardadında isə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya orqanlarının formalaşmış presedent hüququna əsasən yerli özünüidarə orqanları şübhəsiz dövlət orqanlarıdır, bu mənada ki, onlar ümumi (publik) hüquq ilə idarə olunur, Konstitusiya və qanunlarla onlara həvalə olunmuş dövlət funksiyalarını həyata keçirir. Avropa Məhkəməsi qeyd etmişdir ki, beynəlxalq hüquqa əsasən “dövlət orqanı” anlayışı yalnız mərkəzi icra hakimiyyəti orqanları ilə məhdudlaşmır. Dövlət hakimiyyətinin bəzi vəzifələrinin yerli orqanlara verildiyi (desentralizasiya) hallarda bu anlayış dövlət funksiyaları həyata keçirən istənilən milli hakimiyyət orqanına şamil olunur. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, ««Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanunun 48ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi, qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz». Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin XİV və XV fəsillərində torpaq sahələrinin geri alınmasının və torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının məhdudlaşdırılması və xitamının ümumi qaydalarını, hallarını və əsaslarını tənzimləyən xüsusi normaları təsbit edilmişdir. Lakin bələdiyyə həmin normaları nəzərə almadan torpaq sahəsinin iddiaçıya ayrılmasına dair qərarını ləğv etmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, bələdiyyənin vətəndaşı xəbərdar etmədən birtərəfli qaydada öz qərarı ilə torpaq sahəsinin iddiaçıya verilməsinə dair qərarını ləğv etməsi qanunsuz olmuşdur. Bununla bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və mübahisələndirilən inzibati akt ləğv edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xaçmaz rayonu Qaraçaycek bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 14 saylı qərarı ilə iddiaçıya 0,12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair qərarının ləğv edilməsinə dair həmin bələdiyyənin xx xxxxxx 2019-cu il tarixli 13 nömrəli prorokol qərarı ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-557/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-557/2021
01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver