Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-557/2022 16.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “15.08.1981-ci ildən 30.08.1994-cü ilə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləməsinin əmək stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “15.08.1981-ci ildən 30.08.1994-cü ilə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləməsinin əmək stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı il tarixdə Zəngilan rayonu, Şəfibəyli kəndində anadan olmuşdur. O, 1977-ci il tarixdə V.İ.Lenin adına X4 Ordenli Azərbaycan Dövlət Pedoqoji İnstitutuna daxil olmuş və 1981-ci il tarixdə fizika ixtisası üzrə tam kursu bitirmişdir. O, 15.08.1981-ci il tarixdən 30.08.1994-cü il tarixə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləmişdir. Təqaüdə çıxmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də oradan ona imtina məktubu verilmişdir və həmin məktubu aşağıdakı məzmunda əsaslandırmışlar. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı bildirmişdir ki, əmək kitabçasının surətindən məlum olur ki, 15.08.1981-ci il tarixdən 30.08.1994-cü il tarixə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurətinin yaranması bildirilmişdir. Bunlara görə də ona əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Bildirir ki, heç yerdə işləmir, pensiya yaşına çatan insandır və o, hazırda ancaq pensiya ilə tələbatlarını ödəyə bilər. Lakin onun yetərincə yəni 40 il stajı var. O, 15.08.1981-ci il tarixdən 30.08.1994-cü il tarixə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləmişdir. Arxiv sənədləri Cahangirbəyli kənd inzibati ərazi dairəsinə təhvil verilmədiyindən həmin illərin sığorta stajına qəbul edilməməsi onu təqaüd hüququndan mərhum edir. Ona əmək kitabçası verən orqan dövlət orqanıdır, həmin əmək kitabçasını o yazmamış, nə də saxta möhürü yoxdur. Əgər lazım gəlsə bu barədə ekspertiza da edilə bilər. Həmin işlədiyi illər onun əmək kitabçasında möhürlənərək təsdiq olunmuşdur. Həmin arxiv sənədlərinin harasa verilib-verilməməsi isə onun günahı deyildir. Burdan da görünür ki, onun təqaüdə çıxması üçün yetərli əmək stajı vardır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində 15.08.1981-ci il tarixdən 30.08.1994-cü il tarixə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı 31.08.2021-ci il tarixdən etibarən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının imtina məktubunun məzmunundan aydın olur ki, təqdim edilmiş əmək kitabçasının surətində qeyd edilmiş 15.08.1981-ci il tarixdən 30.08.1994-cü il tarixə qədər olan dövrün qarşılıqlı yoxlanılması mümkün olmadığından, həmin dövr sosial sığorta stajına daxil edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2- ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi, qanunvericilik 01.01.2006-cı il tarixə qədər olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək, əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirir. Yəni əmək kitabçasında qeydə alınmış 01.01.2006-cı il tarixə qədər olan dövr müvafiq qaydada yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. - ЖВ 035115 saylı diplomdan görünür ki, İddiaçı 1977-ci ildən 1981-ci ilədək V.İ.Lenin adına X4 Ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır. - ГЗ 045154 saylı hərbi biletdən görünür ki, 20 oktyabr 1988-ci ildə hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 24 saylı 02 noyabr 2021-c il tarixli arayışında qeyd olunmuşdur ki, Zəngilan rayonu 1993-cü il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır və qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin, o cümlədən Şəfibəyli kənd orta məktəbinin sənədləri arxivə daxil olmadığı üçün sorğunu cavablandıra bilmirlər. - ИТ-İ №2445809 saylı, 21.11.2000-ci il tarixli əmək kitabçasında İddiaçı 15 avqust 1981-ci ildən Şəfibəyli kənd orta məktəbinə fizika müəllimi təyin edildiyi, 30 avqust 1994cü ildən Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində təşkil edilmiş Zəngilan rayonunun 9 saylı orta məktəbinə hərbi rəhbər təyin edildiyi, 31 avqust 2021-ci ildə işdən azad edildiyi qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının iddiaçıya ünvanladığı 29.09.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının 15 avqust 1981-ci ildən 30 avqust 1994-cü ilədək Zəngilan rayonu Şəfibəyli kənd orta məktəbində əmək fəaliyyəti ilə bağlı dövrlər nəzərə alınıb əmək pensiyasının yenidən hesablanmasında dair müraciəti təmin edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona pensiya təyin edilərkən 15 avqust 1981-ci ildən 30 avqust 1994-cü ilədək Zəngilan rayonu Şəfibəyli kənd orta məktəbində işlədiyi dövrlər nəzərə alınmamışdır. İddiaçı həmin dövlər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 29 sentyabr 2021-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin qeyd olunan dövləri iddiaçının sosial sığorta stajı kimi nəzərə alınmasından imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçının 15 avqust 1981-ci ildə Zəngilan rayonu Şəfibəyli kənd orta məktəbində işlədiyi qeyd edilsə də, onun həmin vəzifədən nə vaxt azad edildiyi və ya azad edilmədiyi təsdiq edən hər hansı sənəd, eyni zamanda həmin faktı təsdiq edən məhkəmə qətnaməsi məhkəməyə təqdim olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Zəngilan rayon İcra Hakimiyyətinin 02 noyabr 2021-ci il tarixli arayışından göründüyü kimi Zəngilan rayon Dövlət Arxivinin 29 oktyabr 1993-cü ilədək olan sənədləri işğal bölgəsində qalmışdır. Beləlikllə iddiaçının 15 avqust 1981-ci ildən sonra hansı müddətdə sözügedən orta məktəbdə işlədiyini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanuni olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə qeyd olunmuşdur ki, Növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 1.1. şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; 1.2. ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanuni olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “15.08.1981-ci ildən 30.08.1994-cü ilə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləməsinin əmək stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “15.08.1981-ci ildən 30.08.1994-cü ilə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləməsinin əmək stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-557/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-557/2022
16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver