Məhkəmə qərarları › İş №2-1(118)-5577/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5577/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5577/2024 29.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı nümayəndələri X9 və X6 iştirakı ilə İddiaçı cavabdehlər Şamaxı rayon Mərzəndiyə bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı "Şamaxı rayonu Mərzəndiyyə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı qərarı ilə 0.50 ha torpaq sahəsinə ilə kommersiya məqsədi ilə X3 haqqında sərəncamın ləğv edilməsinin Şamaxı rayonu Mərzəndiyyə bələdiyyəsinə həvalə edilməsi və Şamaxı rayonu Mərzəndiyyə bələdiyyəsinin xx.xx.2007-il tarixli 04 saylı qərarı əsasında müvafiq çıxarışların (reyestr nömrəsi **********06, qeydiyyat nömrəsi **********; reyestr nömrəsi **********08, qeydiyyat nömrəsi **********; reyestr nömrəsi **********07, qeydiyyat nömrəsi **********) ləğv edilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 9 avqust 2023-il tarixində daşınmaz əmlakın AN-İ № ******* alqı-satqı müqaviləsinə əsasən İddiaçı “RABİTABANK”-dan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 1687.5 kv/m olan əmlak kompleksini əldə etmişdir. xx.xx.2023-il tarixində **********53-12301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən tam mülkiyyət üzərində çıxarış verilmişdir. xx.xx.2024- il tarixində AR iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə № 7865- li müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 1i ünvanındaki əmlak kompleksinin yerləşdiyi 13516.1 kv.m torpaq sahəsi istifadəmizə qəbul edilmişdir. X5 44-günlük vətən müharibəsində iştirak edərək şəhid olmuşdur. Şirkət olaraq da məqsədləri doğma Şamaxı şəhərimizin iqtisadi həyatında fəal iştrak etmək, investisiya yatırmaq yolu ilə vətəndaşlar üçün yeni iş yerlərinin yaradılması olmuşdur. Bu işdə yerli icra hakimiyyəti və bələdiyyə orqanları dəstək olacaqlarını bildirmişdilər. xx.xx.2024-il tarixində əmlak kompleksinə zəruri giriş-çıxış yolunu təşkil edən torpağ sahəsinin abadlaşdırılması və əsaslı təmiri məqsədi ilə həmin ərazinin icarəyə götürülməsi və ya özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsinə müraciət etmişdirlər. Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsi 01.04.24-cü il tarixli cavab məktubunda həmin ərazinin Şamaxı rayonu Mərzəndiyyə bələdiyyəsinin xx.xx.2007-il tarixli 04 saylı qərarı ilə kommersiya məqsədi ilə X1 və sözü gedən 0.50 ha torpaq sahəsinə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış A № 051813 nömrəli torpaq sahəsinin planı və ölçüsü (kadastr) sənədinin mövcud olduğunu bildirərək müraciətin mümkünsüz olmasını göstərmişdir. Daha sonra onlar X16 filialına müraciət etmiş və məlumat almışdır ki, X4 bələdiyyəsinin xx.xx.2007-il tarixli alqı-satqı sənədi əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş sonuncu da həmin torpağın kommersiya təyinatlı olmasını dəyişmiş və sonda həmin əraziyə - torpaq sahəsinin mülkiyyət növü xüsusi, torpaq sahəsi üzərində hüququn növü mülkiyyət, torpaq sahəsinin kateqoriyası Yaşayış məntəqələrinin torpaqları Torpaq sahəsinin (ölçüsü, hektarla) 0.21 ha, daşınmaz əmlakın reyestr nömrəsi **********06, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024, torpaq sahəsinin mülkiyyət növü xüsusi, torpaq sahəsi üzərində hüququn növü mülkiyyət, torpaq sahəsinin kateqoriyası Kənd təsərrüfatlı təyinatlı torpaqları, Torpaq sahəsinin (ölçüsü, hektarla) 0.21 ha, daşınmaz əmlakın reyestr nömrəsi **********08, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024, - torpaq sahəsinin mülkiyyət növü xüsusi, torpaq sahəsi üzərində hüququn növü mülkiyyət, torpaq sahəsinin kateqoriyası Yaşayış məntəqələrinin torpaqları Torpaq sahəsinin (ölçüsü, hektarla) 0.04 ha, daşınmaz əmlakın reyestr nömrəsi **********07, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024 olan üç çıxarış vermişdir. Hal-hazırda həmin ərazilərdə tikinti işlərinə başlanılmışdır. Göründüyü kimi bir sıra inzibati orqanların əməkdaşlarının səhlənkarlığı və qanunsuz hərəkətləri nəticəsində iddiaçı tərəfindən külli miqdarda yatırım edilən investisiya artıq öz mənasını itirmiş olur. Belə ki, sözügedən ərazini mübahisələndirmək sadəcə bir qərəz kimi qiymətləndirilməli deyil, çünki həmin torpaq sahəsi özəlləşdirildikdə tikinti kompleksinə giriş-çıxış etmək və ümumiyyətlə, istifadə etmək mümkünsüz olur. Maraqlı məqmlardan biri də odur ki, həmin ərazinin yaxınlığında Azərsu ASC-ya məxsus mürəkkəb hidrotexniki qurğular da mövcuddur, daha sonra həmin ərazi Pirsaat məscidinin yaxınlıqındadır və istənilən nizamsız tikinti həmin ərazilərin arxitektur görkəminə bərpa edilməz ziyan vuracaqdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmdən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndələri X13 və X7 iştirak etmişdir. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi X7 izahatında bildirmişdir ki, əmlakı “Rabitəbank”dan almışdırlar. “Rabitəbank”dan alanda 3 yol həmin ərazidən keçirdi. Peyk görüntüləri də var. Həmçinin həmin ərazi “Azərsu”nun balansındadır. Daşınmaz Əmlaka müraciət edəndə bildirilmişdir ki, dövlət mülkiyyətindədir, satıla bilməz. Sonradan ərazini bağlamış, çıxış qoymamışdırlar. Ərazilərinə böyük maşınların girməsi zəruridir. Məhdudiyyət qoyulub. İşləyə bilmirlər. Mübahisəli torpaq sahəsini Babayev Elvin 5 nəfərə satıb. Həmin adamlar da orada tikinti işləri aparıb. Ərazini abadlaşdırmaq istəmişdirlər. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti razılıq vermiş, bildirmişdir ki, park salına bilər. Lakin tikinti işləri aparıla bilməz. Lakin obyektin qabağı satıldı, çıxarış verildi. İddiaçının nümayəndəsi məhkəmə suallarına cavabında bildirmişdir ki, qərardan 2023-cü ildə məlumatı olmuşdur. Babayev Elvinə satıldığını yox, onun kadastr sənədinin olduğunu bilmişdirlər. 2007-ci ildə Kadastr sənədi verilmişdir. Çıxarışı 2024-cü ildə almışdırlar. Heç bir sənədləri yox idi. Bircə Bələdiyyənin verdiyi kadastr sənədi var idi, həmin vaxtı məhdudiyyət yox idi deyə qərarı mübahisələndirməmişdirlər. Tikinti xüsusi, torpaq dövlət mülkiyyətindədir. Çıxarışın ləğvi ilə bağlı müraciətləri var. İddiaçının nümayəndəsi X13 iddianı müdafiə etdiyini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq iddianın növü ilə bağlı qeyd edir ki, hazırkı iddia mahiyyəti etibarı ilə mübahisələndirmə haqqında iddiadır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İnzibati icraat haqqında qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Yuxarıda istinad edilən normaya görə, prosessual müddətin axımının başlanması şəxsin hüquq və azadlıqlarının pozulmasının ona məlum olduğu anla, başqa sözlə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqələndirmişdir. İşin hallarından görünür ki, Şamaxı rayon Mərzəndiyyə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı Qərarı ilə kənd altı ərazidən sahibkarlıq məqsədi üçün 0.50 ha torpaq sahəsi X2 və həmin qərar qüvvədə olaraq qalır. İddiaçının nümayəndəsi bildirir ki, onun mübahisələndirilən qərardan 2023-cü ildə məlumatı olmuşdur. Lakin iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürməklə 09 avqust 2024-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. Həmçinin iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. Tələbin ikinci hissəsinə gəldikdə isə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 saylı qərarında qeyd edilmişdir ki, “Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan **********53-12301 reyestr nömrəli, qeydiyyat tarixi xx.xx.2023-cü il olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, qeyd edilən əmlak kompleksi iddiaçının xüsusi mülkiyyətində, torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla üzərində iddiaçının istifadə hüququ qeydiyyatı aparılmışdır. 02 may 2024-cü il tarixli 7865 nömrəli müqavilə ilə ünvan 1indəki əmlak kompleksinin yerləşdiyi 13516.1 kv.m torpaq sahəsi icarəçi-iddiaçı tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmiş, müqavilə ilə icarə müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində Şamaxı rayonu Mərzəndiyə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı qərarının mübahisələndirməsinin səbəbi kimi əmlak kompleksinə giriş-çıxış etməyin, ümumiyyətlə istifadə etməyin mümkünsüz olması, ərazinin yaxınlığında Azərsu ASC-yə məxsus mürəkkəb hidrotexniki qurğular olduğunu, daha sonra ərazinin Pirsaat məscidinin yaxınlığında olmasını və istənilən nizamsız tikintinin həmin ərazilərin arxitektor görkəminə bərpa edilməz ziyan vuracağını göstərmişdir. Lakin qeyd edilən halların əsası kimi heç bir dəlil və sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı əmlak kompleksinin yerləşdiyi torpaq sahəsindən icarə hüququ əsasında istifadə edir. Həmin torpaq sahəsi dövlət mülkiyyətindədir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış A №051813 saylı torpaq sahəsinin planı və ölçü sənədindən görünür ki, X12 məxsus torpaq sahəsindən keçən hər hansı yol nəzərdə tutulmamışdır, iddiaçıya məxsus əmlak kompleksinə aparan yol X12 məxsus torpaq sahəsinin yan sərhəddində yerləşməklə yolun qarşısını kəsmir. Beləliklə, iddiaçının hazırki iddia tələbini qaldırmaq üçün subyektiv hüquqa malik olması halı da məhkəmə tərəfindən müəyyən edilmir. İddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Həmçinin “tələbin əsaslandırılması” həm predmet baxımından, həm subyekt baxımından təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar