Məhkəmə qərarları › İş №2-1(118)-559/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-559/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-559/2024 21.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon, Novxanı bələdiyyəsinin 15 aprel 2005-ci il tarixli, 06 saylı qərarı ilə bələdiyyə torpaqlarının Baş planına əsasən fərdi ev tikintisi üçün iddiaçının mülkiyyətinə verilmiş və tərtib edilmiş sonuncu yerquruluşu planından çıxarışa əsasən Novxanı kəndi ərazisində yerləşən sahəsi 0,10 ha olan həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı adına müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon, Novxanı bələdiyyəsinin 15 aprel 2005-ci il tarixli, 06 saylı qərarı ilə bələdiyyə torpaqlarının Baş planına əsasən fərdi ev tikintisi üçün iddiaçının mülkiyyətinə verilmiş Novxanı kəndi ərazisində yerləşən sahəsi 0,10 ha olan həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı adına müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Abşeron rayon, Novxanı bələdiyyəsinin 15 aprel 2005-ci il tarixli, 06 saylı qərarı ilə bələdiyyə torpaqlarının Baş planına əsasən fərdi ev tikintisi üçün iddiaçının mülkiyyətinə verilmiş və tərtib edilmiş sonuncu yerquruluşu planından çıxarışa əsasən Novxanı kəndi ərazisində yerləşən sahəsi 0,10 ha olan həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı adına müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Novxanı Bələdiyyəsinin 15 aprel 2005-ci il tarixli, 06 saylı iclasının qərarı ilə bələdiyyə torpaqlarının Baş planına əsasən Novxanı kəndi ərazisində 0,10 ha torpaq sahəsi fərdi ev tikintisi üçün iddiaçının mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin alqı-satqı məbləği olaraq 840 000 (səkkiz yüz qırx min) manat pul vəsaiti tərəfindən 2005-ci ilin 14 aprel tarixində Novxanı Bələdiyyəsinin hesabına köçürülmüşdür. Eyni zamanda bələdiyyə qərarı qəbul edilməmişdən əvvəl Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən rəy verilərək torpaq sahəsinin alqı-satqı qaydasında onun mülkiyyətinə ayrılmasının mümkün olduğu bildirilmişdir. Həmin torpaq sahəsi ilə əlaqədar Novxanı Bələdiyyəsi ilə iddiaçının arasında torpağın alqısatqısına dair akt da bağlanılmışdır. Ancaq o həmin dövrdə hesab etmişdir ki, bununla da torpağın sənədləşməsi başa çatmış və torpaq sahəsi artıq mülkiyyətindədir. Bu səbəbdən o bələdiyyə qərarı əsasında verilmiş torpaq sahəsinin mülkiyyət çıxarışının alınması üçün aidiyyəti dövlət orqanına müraciət etməmişdir. Sonradan torpağın sənədləşmə işlərinin tam başa çatdırılmadığını öyrənərək torpağa dair mülkiyyət çıxarışını almaq üçün ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən onun torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Belə ki,cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin ərizəmə verdiyi 26 fevral 2020-ci il tarixli, **********13 saylı cavab məktubunda torpaq üzərində hüququnun qeydiyyatının aparılmasından imtina edilməsi torpaq sahəsinin 15 aprel 2005-ci il tarixdə ayrılmasına baxmayaraq alqı-satqı aktının 28 aprel 2016-cı il tarixdə verildiyi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən təsdiqlənmədiyi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyinin 18 aprel 2005-ci ildə verildiyi, rayon icra hakimiyyəti memarlıq xidmətinin rəyinin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin rəyinin əslinin və ya müvafiq qaydada təsdiq edilmiş arxiv nüsxəsinin ərizəyə əlavə edilməməsi, eləcə də yerquruluşu planından çıxarışda göstərilən döngə nöqtələrinin koordinatlarına əsasən iddiaçının mülkiyyətinə ayrılmış torpaq sahəsinin guya X3 ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi ilə əsaslandırılmağa çalışılmışdır. İddiaçı hesab edir ki, cavabdehin torpaq üzərində hüququnun dövlət qeydiyyatından imtinası üçün gətirdiyi dəlillər tamamilə əsassızdır və qanunaziddir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılmasına dair inzibati akt qüvvədə olduğu təqdirdə, cavabdehin hüququn qeydiyyatından imtinası qanuni və əsaslı sayıla bilməz 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İşlə bağlı təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaya uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və planölçü sənədinin verilməsi ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 18 fevral 2020ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: 1.Novxanı bələdiyyəsi tərəfindən İddiaçı 0.10 ha torpaq sahəsinin 15 aprel 2005-ci il tarixində ayrılmasına baxmayaraq, alqı-satqı aktının 28 aprel 2016-cı il tarixində verildiyi və ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsi tərəfindən təsdiqlənmədiyi ;

2. Ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin rəyinin 18 aprel 2005-ci il tarixində verilmədiyi; 3.Müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsi və ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəylərinin əsli və ya müvafiq qaydada təsdiq edilmiş arxiv nüsxəsinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi;

4. Müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Noxxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışında göstərilən döngə nöqtələrinin koordinatlarına əsasən, sözügedən torpaq sahəsinin X3 ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyü;

5. İddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinin tələblərinə riayət edilmədiyi müəyyən olunmuşdur. Məcəllənin 38-ci maddəsinə müvafiq olaraq, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Belə ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 18 fevral 2020-ci il tarixli müraciətinə imtina xx.xx.2020-ci il tarixində verildiyi müəyyən edilmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpaqın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyqun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir, Əsasnamənin 19-cu bəndinə əsasən, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyqun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000,1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqların dövlət qeydiyyatı ( bundan sonra-hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin qanunun 8-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı, və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu maddəsinə görə, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haggında iddialarda iddiaçının müvafig ərizə ilə əvvəlcə inzibati organa müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: Abşeron rayonu X2 20 saylı, 16 dekabr 2004-cü il tarixli sərəncamından çıxarış; 16 dekabr 20004-cü il tarixli təhvil aktı; torpaq sahəsinin koordinatlarına dair Abşeron rayonu Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarış; Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 28 aprel 2005-cü il tarixli məktubu; 14 aprel 2005-ci il tarixli ödəniş qəbzi; “Torpağın alqı-satqısına dair” 12 saylı, 28 aprel 2016-cı il tarixli müqavilə; cavabdeh orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş müayinə aktı və mütəxəssis rəyləri və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq, DƏDRX-in 4 saylı Abşeron İdarəsinin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRXin 4 saylı Abşeron Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 07 iyul 2023-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayonu Novxanı bələdiyyəsinin 15 aprel 2005-ci il tarixli, 06 saylı qərarı ilə İddiaçı Abşeron rayonu Novxanı bələdiyyəsinin alqı-satqı predmeti olan Abşeron rayonu, Novxanı bələdiyyəsi ərazisindəki torpaq sahəsindən fərdi yaşayış evi tikmək məqsədilə 0.10 ha torpaq sahəsinin satılması qərara alınmış və həmin vaxtdan qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyində olmuşdur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 28 aprel 2005-cü il tarixli məktubu ilə iddiaçıya torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan və yuxarıda sadalanan torpaq sahəsinin satılması barədə qərar, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin müvafiq məktubu, torpaqların alqı-satqısına dair akt ilə də təsdiq edilir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 26 fevral 2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsasları kimi :

1. Novxanı bələdiyyəsi tərəfindən İddiaçı 0.10 ha torpaq sahəsinin 15 aprel 2005-ci il tarixində ayrılmasına baxmayaraq, alqı-satqı aktının 28 aprel 2016-cı il tarixində verildiyi və ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsi tərəfindən təsdiqlənmədiyi;

2. Ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin rəyinin 18 aprel 2005-ci il tarixdə verildiyi;

3. Müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsi və ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəylərinin əsli və ya müvafiq qaydada təsdiq edilmiş arxiv nüsxəsinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Mübahisəli torpaq sahəsi iddiaçıya Abşeron rayonu Novxanı bələdiyyəsinin 15 aprel 2005-ci il tarixli, 06 saylı qərarı və torpaqların alqı-satqısına dair akta əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 18 aprel 2005-ci il tarixli rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni 15 aprel 2005-ci ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Torpaq sahəsinə alqı-satqı aktının sonradan tərtib olunması həmin torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasından imtinanın əsasını təşkil edə bilməz. Çünki sözügedən torpaq sahəsi ayrılmamışdan öncə bununla bağlı müvafiq orqanın rəyi alınmışdır. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır. Abşeron rayon Novxanı bələdiyyəsinin 15 aprel 2005-ci il tarixli, 06 saylı qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. Torpaq sahəsinin iddiaçıya satılmasına qərarın və alqı-satqı aktının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Alqı-satqı aktının qeyd olunan qərardan sonra qəbul edilməsi isə iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Cavabdeh orqan müraciətin təmin edilməsindən imtinanın əsaslarından biri kimi alqısatqı aktının ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsi tərəfindən təsdiq edilməməsini göstərmişdir. Məhkəmə qeyd olunan dəlilə münasibətdə bildirir ki, tərtib edilmiş alqı-satqı aktı Abşeron rayon Novxanı bələdiyyəsinin nümayəndəsinin və iddiaçının iştirakı ilə tərtib edilmiş və imzalanmış və möhürlənmişdir. İş materiallarında olan 14 aprel 2005-ci il tarixli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən 840 000 manat (səkkiz yüz qırx min) pul vəsaiti torpaq sahəsinin alqı-satqısı üçün Abşeron rayon Novxanı bələdiyyəsinin hesabına köçürülmüşdür. Bununla da iddiaçı ilə bələdiyyə arasında sözügedən torpaq sahəsinin alqı-satqısı baş tutmuşdur. Qeyd edilən prosesinin yekunda rəsmiləşdirilməsini təsdiq edən alqı-satqı aktının gec tərtib edilməsi və ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə təsdiq edilməməsi iddiaçının məsuliyyətinə səbəb ola və onun əleyhinə şərh oluna bilməz, həmçinin vətəndaşın mülkiyyət hüquqlarınının məhdudlaşdırılmasına əsas ola bilməz. Cavabdeh orqanın müraciətin təmin edilməsindən imtinasının digər bir əsası kimi? müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışında göstərilən döngə nöqtələrinin koordinatlarına əsasən, sözügedən torpaq sahəsinin X3 ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsindən ibarətdir. Məhkəmə sözügedən halın araşdırılması üçün mütəxəssis rəyinin və müayinə aktının tərtib edilməsi üçün müvafiq sorğular vermişdir. Təqdim edilmiş müayinə aktında torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki ölçüsünün 0.10 ha olduğu və yaşayış üçün nəzərdə tutulan torpaq sahələrinə aid olduğu qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində iddiaçı tərəfindən tanıdılan torpaq sahəsi ilə Abşeron rayon Novxanı bələdiyyəsinin yerquruluşu planında çıxarışlarda qeyd edilən torpaq sahələrinin üst-üstə düşmədiyi; bələdiyyə tərəfindən İddiaçı ayrılmış bələdiyyənin yerquruluşu planında çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə Abşeron rayon Novxanı bələdiyyəsinin X1 adına ayrılmış bələdiyyənin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə üst-üstə düşdüyü göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili bildirmişdir ki, bələdiyyə tərəfindən verilən 2-ci yerquruluşu planındaki torpaq əslində naturada iddiaçı tərəfindən istifadə olunur və bələdiyyə tərəfindən torpaq sahəsinə baxış keçirilərək yeni yerquruluşu planından çıxarış tərtib edilmişdir. Yeni tərtib edilən yerquruluşu planından çıxarış həm iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinə uyğundur, həm də Əliyev Kamilin torpaq sahəsi ilə üst-üstə düşmür. Qeyd edilənlərə əsasən, iddiaçı bələdiyyə tərəfindən tərtib edilən yeni yerquruluşu planında qeyd edilən koordinatlar daxilində torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq çıxarış verilməsini məhkəmədən xahiş etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayon, Novxanı bələdiyyəsinin 15 aprel 2005-ci il tarixli, 06 saylı qərarı ilə bələdiyyə torpaqlarının Baş planına əsasən fərdi ev tikintisi üçün iddiaçının mülkiyyətinə verilmiş və tərtib edilmiş sonuncu yerquruluşu planından çıxarışa əsasən Novxanı kəndi ərazisində yerləşən sahəsi 0,10 ha olan həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı adına müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Abşeron rayon, Novxanı bələdiyyəsinin 15 aprel 2005-ci il tarixli, 06 saylı qərarı ilə bələdiyyə torpaqlarının Baş planına əsasən fərdi ev tikintisi üçün iddiaçının mülkiyyətinə verilmiş və tərtib edilmiş sonuncu yerquruluşu planından çıxarışa əsasən Novxanı kəndi ərazisində yerləşən sahəsi 0,10 ha olan həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı adına müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar