Məhkəmə qərarları › İş №2-1(118)-5597/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5597/2025

16.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5597/2025 16.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X25nə (X9 və X5 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: arayışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh X25nə (X9 və X5 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh X25nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4 yerləşən sahəsi 3 otaqlı 27 saylı mənzilin xüsusi mülkiyyət hüququ əsasında iddiaçının atası Qarayev Xanlar Haqverdi oğlunun adına dövlət qeydiyyatına alınması və mənzil üzərində hüququn ona məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X25 ilə əvəz edilməsi xahiş etmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X25nin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X25nin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən cavabdeh əsl olan cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X25 ilə əvəz edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 yerləşən sahəsi 3 otaqlı 27 saylı mənzil Sumqayıt şəhəri XDS İK-nin xx.xx.1974-cü il tarixli 11 saylı protokolu ilə iddiaçının atası Qarayev Xanlar Haqverdi oğluna verilmişdir. İddiaçının atası xx.xx.2014-cü ildə vəfat etmişdir. Həmin mənzil iddiaçının atasından miras qalmışdır. İddiaçı mirası faktiki qəbul etmiş, lakin qardaşı ilə münasibəti pis olduğundan məcbur qalıb mənzili tərk etmiş və yetkinlik yaşına çatmamış qızı ilə sığınacağa yerləşdirilmişdir. İddiaçı qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün notariat kontoruna müraciət etmişdir. Həmçinin iddiaçı X25nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə mübahisəli mənzilin iddiaçının mərhum atasının adına dövlət qeydiyyatına alınması və mənzil üzərində hüququn iddiaçının atası Qarayev Xanlar Haqverdi oğluna məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi barədə müraciət etmişdir. Cavabdeh arayışın verilməsindən imtina etmişdir. İddiaçı cavabdehin imtinası ilə razı deyil və hesab edir ki, cavabdehin bildirişdə imtinanın əsası kimi göstərdiyi səbəb- inventarlaşdırma və ölçmə işlərinin yerinə yetirilməsi ilə əlaqədar idarənin mütəxəssisi tərəfindən sözügedən daşınmaz əmlaka texniki baxış keçirilən zaman mübahisəli halın olduğu müəyyən olunmuş və buna görə də yaşayış sahəsində texniki inventarlaşdırma işləri aparılmamışdır. Həmçinin mənzildə qeydiyyata olan 18 yaşı tamam olmuş şəxslərin razılıq ərizələrinin olmaması və Elman Qarayev barəsində sənədin ərizəyə əlavə olunmaması müəyyən olunmuşdur. İddiaçı hesab edir ki, mütəxəssislərin mənzilə buraxılmaması və mənzildə yaşayanların sənədləri təqdim etməməsi onun günahı deyil. Mənzil standart tikilidir və onda heç bir dəyişiklik edilməmişdir və mənzilə texniki baxış keçirilməsinə zərurət yoxdur. İddiaçı bildirir ki, dövlət tərəfindən təminat verilən vərəsəlik hüququ və mirasdan pay almaq hüququ vardır.

5. Məhkəmənin xx.xx.2025-ci il tarixli, № 2-1(118)-5597/2025 nömrəli qərardadına əsasən X9 və X5 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər.

6. Cavabdeh və üçüncü şəxslər tərəfindən iddia ərizəsinə etiraz təqdim olunmamışdır.

b) Tərəflərin iştirakı və izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinə etiraz edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

10. Digər üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən digər üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

11. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

12. 10/1061 nömrəli orderə əsasən ünvan 3 Qarayev Xanlar Haqverdi oğlu və ailə üzvlərinə verilmişdir.

13. 1 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, X4 və X5 nikah haqqında xx.xx.1966-cı il tarixli 34 nömrəli akt qeydi tərtib olunmuşdur.

14. xx.xx.2024-cü il tarixli, AZ-İİ 445567 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Qarayev Xanlar Haqverdi oğlu xx.xx.2014-cü il tarixdə vəfat etmişdir.

15. xx.xx.2021-ci il tarixli, AZ-İİ 227170 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X25n 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, sənədlərin araşdırılması zamanı sözügedən mənzildə qeydiyyatda olan 18 yaşı tamam olmuş şəxsləri razılq ərizələrinin və 10/1061 nömrəli orderdə 4-cü sırada qeyd olunan Elman Qarayev barədə hər hansı bir sənədin ərizəyə əlavə olunmadığı müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

17. xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Qarayev Xanlar Haqverdi oğlunun vərəsəsi X7 miras əmlakdan 1/3 hissədə pay almalıdır.

18. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışla müəyyən edilir ki, xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.1970-ci il təvəllüdlü X9, xx.xx.2012-cü il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.1982-ci il təvəllüdlü X5 ünvan 3 ünvanında qeydiyyatdadırlar.

19. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X25n 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba ünvan 4 yerləşən 27 saylı mənzilə dair tərtib edilmiş müayinə aktı əlavə olunmuşdur.

20. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanında X9 22.0.2005-ci il tarixindn hazıradək və Qayev Mehman Xanlar oğlu xx.xx.2003-cü il tarixdən hazıradək qeydiyyatdadırlar və həmin ünvana qeydiyyata alınmalartına əsas olmuş sənədlərin saxlama müddəti 5 il bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Əlavə oaraq bildirilir kçi, X13, X11, X6 və X8 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq valideynlərinin yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilən azyaşlılardır.

21. xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, texniki inventarlaşdırma aparılması üçün X7 ilə telefon əlaqəsi saxlanılmış və o bildirmişdir ki, evdə faktiki olaraq başqa adamlar yaşayır mənzilə firmək olmur, içəri daxil olmağa qoymurlar, Bu səbəbdən işin icrası təmin olunmadı.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

22. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

23. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

24. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

b) Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

26. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu: 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

29. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini elektron üsulla təqdim olunan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada hüquq sahibinin həmin çıxarışı əldə etməsini təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Mənzillərin özəlləşdirilməsi qaydalarının və vətəndaşların bu Qanunla müəyyən edilmiş hüquqlarının pozulması üstündə vəzifəli şəxslər Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

30. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Şəxsin öz mülkiyyətində olan özəlləşdirilmiş mənzillə bağlı qanunvericiliyə zidd olmayan hər hansı əqd bağlaması mütləq şəkildə ailə üzvlərinin razılığı ilə şərtləndirilmişdir. Bununla da qanunverici ailə üzvlərinin özəlləşdirilmiş mənzilə əvvəllər əldə olunmuş və mahiyyətcə məhdud əşya hüququ olan yaşamaq hüququnu təmin etmək məqsədilə mülkiyyətçinin mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Özəlləşdirilmiş mənzilin mülkiyyətçisi həmin mənzilin mülkiyyətçisi olmayan ailə üzvlərinin razılığını almadan mənzillə bağlı heç bir əqd bağlaya və onu vəsiyyət edə bilməz. Bu məhdudiyyətin məqsədi mülkiyyətçi olmayan və özəlləşdirmə zamanı müvafiq mənzildə faktiki yaşayan mülkiyyətçinin ailə üzvlərinin həmin mənzildə yaşamaq hüququnun müdafiəsinə yönəlmişdir. Həmin məqsədə nail olunması, şübhəsiz ki, bütün cəmiyyətin maraqlarına cavab verir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. c) Məhkəmənin mövqeyi

32. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.

33. Belə ki, 10/1061 nömrəli orderə əsasən ünvan 3 Qarayev Xanlar Haqverdi oğlu və ailə üzvlərinə verilmişdir. Qarayev Xanlar Haqverdi oğlu xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Qarayev Xanlar Haqverdi oğlunun vərəsəsi X7 miras əmlakdan 1/3 hissədə pay almaq hüququna malik olmuşdur. İddiaçı qeyd olunan mənzilin mərhum atasına məxsus olması barədə arayışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin icrasından imtina edilərək qeyd edilmişdir ki, sənədlərin araşdırılması zamanı sözügedən mənzildə qeydiyyatda olan 18 yaşı tamam olmuş şəxsləri razılq ərizələrinin və 10/1061 nömrəli orderdə 4-cü sırada qeyd olunan Elman Qarayev barədə hər hansı bir sənədin ərizəyə əlavə olunmadığı müəyyən olunmuşdur.

34. Məhkəmə cavabdeh inzibati orqanın imtinası ilə bağlı qeyd edir ki, mənzilin özəlləşdirilməsi barədə dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan (orderdə adı qeyd edilənlər) həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi əlavə edilməlidir.

35. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli Plenumunun Qərarında qeyd edilir ki, mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir.

36. Göründüyü kimi, qanunvericilikdə mənzili özəlləşdirmə barədə orderdə adı qeyd edilən şəxslərin razılıqları tələb olunur. Hazırkı halda məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, sözügedən mənzilin iddiaçının mərhum atasına məxsus olması barədə arayışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət edilən zaman orderdə adı qeyd edilən şəxslərin razılıq ərizələri nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim edilməmişdir.

37. Eyni zamanda iddiaçı tərəfindən 10/1061 nömrəli orderin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti də məhkəməyə təqdim edilməmişdir. Orderdə adı qeyd olunmuş və həmin mənzildə qeydiyyatda olan üçüncü şəxs X9 mənzilin mərhum atasına məxsus olması barədə arayışın verilməsi ilə bağlı iddia tələbinə etiraz etmiş və mənzilin orderinin əslinin qardaşı X5nda olduğunu bildirmişdir.

38. Məhkəmə hesab edir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və cavabdehin imtinası əsaslı olmuşdur.

39. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X25nə (X9 və X5 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “arayışın verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

40. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh X25nə (X9 və X5 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “arayışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar