Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-56/2020 24.08.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndə və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı qarşı “Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha sahəsi olan yaşayış məntəqələri torpaqları kateqoriyalarına aid olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış əsasında onun xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsində yolların çəkilməsi və s. işlərin aparılması üçün mülkiyyətçiyə (ona) ayrılmış torpaq üçün 30000 (otuz min) manat kompensasiya məbləğinin, evin və hasarın bünövrəsinə, daş və çınqıla ödədiyi 5200 (doqquz min səkkiz yüz) manatın, 2014cü ilə indiki mal material qiymətinin və həmin dövrdən indiyə valyuta fərqində müqayisədə ona dəyən 41000 (qırx beş min) manat fərqinin, ümumilikdə 76200 manatın ona ödənilməsi tələbinə” dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı qeyd etdi ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha sahəsi olan yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış əsasında onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsini 2014-cü ilin yay aylarında yaşadığı mənzil plana düşərkən ona evin sökülməsi üçün verilən pulun hesabına ev tikmək üçün 2014-cü ildə almışdır. Həmin torpaq sahəsində yaşamaq üçün ev tikməyə başlamış və evin hasarını, bünövrəsini qazdırılmaqla betonlanmışdı, müəyyən işlər görülməklə o tikintini imkan olduqca davam etdirirmiş. Bir gün 2014-cü ilin sonlarında ona məxsus torpaq sahəsinə baxmağa gedəkən görmüş ki, onun tikdiyi bünövrə “Azəravtoyol” X5 tərəfindən ona məlumat verilmədən, ondan xəbərsiz dağıdılmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərəfindən bizə bildirmişdir ki, həmin topaq sahələri dövlət əhəmiyyətli yolların çəkilməsi üçün plana düşdüyündən mülkiyyətçilərə müvafiq kompensasiya ödənilməklə orada dövlət əhəmiyyətli yollar tikiləcəkdir. Bundan sonra rəhbərlik bizə müvafiq sənədləri toplamağı bildirdi və heç bir yerə müraciət etməməyimizi, məsələni özləri yoluna qoyacaqlarını bildirdilər. Sonradan onlar göstərilən sənədlərdən və cavabdeh tərəfindən verilən məlumatdan məbləğ barədə dəqiq məlumatları oldu ki, xüsusi mülkiyyətində olan torpaq sahəsində yolların çəkilməsinə görə ona torpağın hər sotuna 3000 (üç min) manat olmaqla cəmi 30000 (otuz min) manat pul ayrılmışdır, bundan əlavə söküntü ilə bağlı dəymiş ziyan da ödəniləcəkdir. Lakin, dəfələrlə müraciət etməyinə baxmayaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həmin məbləği onlara ödəməkdən yayınaraq pulu ödəyəcəklərini, lakin büdcədə pul olmadığı üçün hal-hazırda pulu onlara ödəyə bilmədiklərini bildirmişlər. Artıq onun tikdiyi tikintinin dağıdılmasından 4 il ötməsinə və yaşamağa yeri olmamasına, tikinti materiallarının qiymətinin dəfələrlə bahalaşmasına, bununla bağlı ev tikə bilmədiyinə, müxtəlif dövlət orqanlarına, eləcə də sözügedən təşkilata etdiyi müraciətlərə baxmayaraq süründürməçiliyə yol vermişlər, halhazırda həm torpaq sahəsi əlindən çıxıb, həm də özünə yaşayış şəraiti qurmağa heç bir maddi imkanı və yeri yoxdur. Məsələ ilə bağlı Respublikasımızın Prezidenti İlham Əliyev Cənablarına da müraciət etmiş, odur ki, məsələnin ədalətli araşdırılacağına ümid edir.O cavabdeh təşkilata məsələnin məhkəmədənkənar həll edilməsi üçün müraciət etsə də onlar ona ödənilməli olan pul məbləğinin işin dayandırılması ilə bağlı olaraq ödənilmədiyinə dair cavab məktubu göndərmişlər. O, Abşeron rayonu, Novxanı kəndində yerləşən sözügedən torpaq sahəsinin üzərindəki evin və hasarın bünövrəsinə, daş və çınqıla 5200 (doqquz min səkkiz yüz) manat pul ödəmiş, 2014-cü illə indiki mal-material qiymətinin arasında qiymət fərqinə həmin dövrdən indiyə valyuta fərqində müqayisədə o 41000 (qırx beş min) manat maddi zərərə uğramışdır.Odur ki, cavabdeh tərəfindən ona ümumilikdə 76200 manat məbləğində vurulmuş ziyan tam ödənilməlidir.Azərbaycan Respublikası Prezidenti xx xxxxxx 2017-ci il tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərmanına əsasən “Azəravtoyol” X3 balansında olan əmlak Agentlik Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dövlət qeydiyyatına alındığı gündən Agentliyin balansına verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək bildirmişdir ki, mübahisəli yerə yerli baxış keçirilmiş, “X6” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilən ekspert rəyinə görə iddiaçıya aid əmlakın bazar dəyəri 75000 (yetmiş beş min) manat hesablanmışdır. Həmin əmlak 2014-cü ildə plana düşmüş, qiymətləndirilmişdir. 6 il öncəki torpaqların bazar qiymətində bu gün kəskin artım olduğu üçün cavabdehdən 30000 manat deyil, 75000 (yetmiş beş min) manat kompensasiya məbləğinin tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən nümayəndə və vəkili eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin x xxxx 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planına əsasən Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində yolun tikintisi sahəsinə düşən fiziki və hüquqi şəxslərə məxsus torpaq sahələrinin, yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə torpaq sahəsi tikinti altına düşdüyü halda, həmin əmlak dövlət ehtiyacları üçün alınması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və X1 tərəfindən tikilinin kadastr planı təqdim edilir. Bunda sonra isə əmlakın müstəqil qiymətləndirici olan “xxxxxxxxxxx” MMC-nin rəyi əsasında dəyəri müəyyən edilir.Hazırda isə iddiaçıya məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış ilə qeydə alınmışdır. Layihə çərçivəsində iddiaçının iddia etdiyi torpaq sahəsinə müdaxilə edilmişdir.Hal hazırda iddiaçənən tələb etdiyi məbləğ həddindən artıq çoxdur. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyi ilə razı deyil. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya məxsusu RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiqlənmiş surəti Cavabdeh inzibati orqanın xx.xx.2018-ci il tarixli, 3/16-7711 nömrəli imtina məktubu, 3/09-4568 nömrəli, xx.xx.2019-cu il tarixli etirazı, “X6” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 2-1(118)-56/2020 nömrəli ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyini daşıyır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə ona RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış verilmişdir. İddiaçıya məxsus torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür. İddiaçı torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2018-ci il tarixli, 3/16-7711 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı dövlət ehtiyacları üçün geri alınan ona məxsus torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya ünvanladığı cavab məktubunda kompensasiyanın ödənilməməsinə, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti işləri müvəqqəti dayanmışdır. Sözügedən layihə üzrə tikinti işləri başlanan zaman kompensasiya ödənilməsi məsələsinə baxılması öz həllini tapacağını əsas gətirmişdir. Göstərilən tarixdən təqribən 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, kompensasiya iddiaçıya ödənilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi yubadılır ki, bu halda iddiaçının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən hüquqları pozulan şəxs kimi məhkəməyə müraciət etmək hüququ yaranmış, iddianın mümkünlük şərtlərinə əməl olunmuşdur. İş materiallarına əlavə olunmuş “X6” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 2-1(118)-56/2020 nömrəli Qiymətləndirmə hesabatından göründüyü kimi ddiaçının mülkliyyətində olan yolun tikinti altına düşən 0,10 ha torpaq sahəsinin bazar dəyəri 75.000 manat müəyyən edilmişdir. Hesabat kifayət qədər əsaslandırılmaqla torpaq sahəsinin dəyəri müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan normalara və məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallara əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşdüyündən həmin torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına görə kompensasiya iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 75000 (yetmiş beş min) manat məbləğində kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçıya, onun mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 75000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı, onun mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 75000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-56/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-56/2020
24.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver