Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-560/2025 14.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndələri Nümayəndə və X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 85 nömrəli attestatın surətindən görünür ki, İddiaçı 1 sentyabr 1979-cu il tarixdə Texniki Peşə Məktəbinə daxil olmuş və 19 may 1980-ci il tarixdə tam kursu bitirmişdir.
2. İddiaçı məxsus 24 noyabr 1982-ci il tarixli, ИТ-l seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti.
3. İddiaçı məxsus НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti.
4. "xxxx" ASC-nin 23 avqust 2023-cü il tarixli, Az7301/203 nömrəli “Araşdırıcı arayış”ından görünür ki, İddiaçı 5 oktyabr 1982-ci il tarixdə Azərbaycan Boruyayma zavodunun Boruyayma sexinə mufta sahəsində soyuq boru kəsicisi peşəsinə işə qəbul edilmişdir. 16 yanvar 1985-ci il tarixdə həmin sexdə boru yükləmə sahəsində metal çeşidləyən və təhvil verən vəzifəsinə keçirilmişdir. 1 oktyabr 1986-cı il tarixdə həmin sahədə boruların qəbulu və təhvil verilməsi üzrə briqadir vəzifəsinə keçirilmiş və 24 dekabr 2020-ci il tarixdə onunla bağlanılmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. İşlədiyi müddətdə 1 iyun 1998-ci il tarixdən 24 dekabr 2020-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. "xxxx" Dövlət Şirkətinin sərəncamına əsasən 1 iyun 1993cü il tarixdə Azərbaycan Boruyayma zavodunun bazasında "xxxx" İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 998 saylı 1 iyul 1998-ci il tarixli sərəncamı ilə 15 iyul 1998-ci il tarixdə "xxxx" İstehsalat Birliyinin bazasında "xxxx" ASC yaradılmışdır. (Əsas: Vətəndaşın əmək kitabçası. T-2 kartı və əmək haqqı barədə şəxsi hesab vərəqələri.) Qeyd edilmiş peşələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şənlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 3-cü Metallurgiya istehsalı bölməsinin 4-cü Boru istehsalı (boruyayma. boru qaynaqetmə. elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, litinq, balon) və sinkləmə sexləri bəndinin (a) fəhlələr yarımbəndinin “boru və pəstahların kəsiciləri” - (2040400a-17968), “metalın və hazır məhsulun düzəldilməsi və çeşidlənməsi ilə məşğul olan fəhlələr və briqadirlər”- (2040400a- 1753b), “boru və balonların qəbulu, təhvil verilməsi ilə məşğul olan briqadirlər” - (2040400a-11223) peşələri ilə eynilik təşkil edir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-Ə-243297/2023 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” İddiaçı göndərilmiş məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən 24 noyabr 1982-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının 6-7-ci səhifələrində 4 avqust 1997-ci il – 25 dekabr 2005-ci il tarixləri arasındakı dövr ərzində Mənzil Təmir Tikinti İdarəsində rəngsaz vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, adıçəkilən müəssisədəki iş stajına dair məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi həyata keçirilmişdir. Dəqiqləşdirmə zamanı həmin dövr üzrə sözügedən müəssisədə saxlanılan sənədlərdə adına rast gəlinmədiyi müəyyən olunmuşdur. Bu fakt “Azərmənzilsənaye” Tikinti Birliyinin 27 sentyabr 2023-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Buna görə də yuxarıda qeyd olunan dövr ərzində işləyibişləməməsini dəqiqləşdirmək mümkün deyil. Göstərilən səbəbdən də həmin dövrü əmək stajına daxil etmək mümkün olmadığından, ümumi iş stajını 25 ildən az (17 il 9 ay 10 gün (23 may 1980-ci il - 7 iyun 1982-ci il və 5 oktyabr 1982-ci il - 31 may 1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.320 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16.425,05 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
6. “Azmənzilsənayetikintitəmir Birliyini” Mənzil Təmir Tikinti İdarəsinin 21 noyabr 2023cü il tarixli, 37 nömrəli arayışından görünür ki, İddiaçı 4 avqust 1997-ci il tarixdən 25 dekabr 2005-ci il tarixə kimi Mənzil Təmir Tikinti İdarəsində İV dərəcəli rəngsaz işində işləmişdir. Heç bir məcburi məzuniyyətdə olmamış, əmək haqqı qazanmış, ödənişləri vaxtlı vaxtında ödənilmişdir.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 10 iyun 2024-cü il tarixli, 3-17-1/3-1-45089/24 nömrəli məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun ümumi iş stajı 25 ildən az (17 il 9 ay 10 gün (23 may 1980-ci il – 7 iyun 1982-ci il və 5 oktyabr 1982-ci il - 31 may 1998-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 15 il 7 ay 26 gün (5 oktyabr 1982-ci il - 31 may 1998-ci il tarixləri arasındakı dövr) təşkil edir. Qoşma şəklində aşağıdakı sənədlər göndərilmişdir: - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 85 nömrəli attestatın surəti (§1). - İddiaçı məxsus НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti. - İddiaçı məxsus 24 noyabr 1982-ci il tarixli, ИТ-l seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş “İddiaçı Azmənzilsənaye tikinti birliyində 4 avqust 1997 - 2 dekabr 2005-ci illər ərzində işləməsinə dair” 27 sentyabr 2023-cü il tarixli Akt. - "xxxx" ASC-nin 23 avqust 2023-cü il tarixli, Az7301/203 nömrəli “Araşdırıcı arayış”ı (§4). - 18 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-Ə-243297/2023 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” İddiaçı göndərilmiş məktub (§5).
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
8. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 25 noyabr 2019-cu il tarixdən güzətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbinin dəlilləri işin hallarına istinad edilməklə (§1-6), onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin imtinası ilə razılaşmır. Bildirilmişdir ki, cavabdeh icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət verə biləcəyi orqan haqqında məlumat öz əksini tapmamışdır.
10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 60, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2, 21.1, 31.1, 32.1, 37.7-ci maddələrinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3, 3.1, 3.2-ci bəndlərinə, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 12.1, 33.1, 33.2, 36.1, 58.7, 68.2, 73.1-ci maddələrinə istinad olunmuşdur.
11. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşının tamam olduğu 25 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (24 avqust 2023-cü il) əvvəlki üç il üçün, yəni 24 avqust 2020-ci il tarixdən hesablanaraq pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinin xahiş etmişdir. Ərizə məhkəmənin 3 dekabr 2024-cü il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.
12. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
13. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
14. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
15. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 24 noyabr 1982-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının 6-7-ci səhifələrində 4 avqust 1997-ci il – 25 dekabr 2005-ci il tarixləri arasındakı dövr ərzində Mənzil Təmir Tikinti İdarəsində rəngsaz vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, adıçəkilən müəssisədəki onun iş stajına dair məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi həyata keçirilmişdir. Dəqiqləşdirmə zamanı həmin dövr üzrə sözügedən müəssisədə saxlanılan sənədlərdə iddiaçının adına rast gəlinmədiyi müəyyən olunmuşdur. Bu fakt “Azərmənzilsənəye” Tikinti Birliyinin 27 sentyabr 2023-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Buna görə də yuxarıda qeyd olunan dövr ərzində iddiaçının işləyibişləməməsi dəqiqləşdirmək mümkün deyil. Göstərilən səbəbdən də həmin dövrü əmək stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (17 il 9 ay 10 gün (23 may 1980-ci il – 7 iyun 1982-ci il və 5 oktyabr 1982-ci il – 31 may 1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.320 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16.425,05 manat təşkil edir. Əlavə olaraq qeyd edilir ki, "xxxx" ASC-nin iddiaçıya dair AZ 7301/203 nömrəli, 23 avqust 2023-cü il tarixli arayışında iddiaçının 1 iyun 1998-ci il tarixdən 24 dekabr 2020-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Bu səbəbdən yuxarıda qeyd olunan illərin əmək stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
16. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 1.0.8, 7, 9.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasına, prosessual hüquqi əsası kimi İPM-in 47-ci maddəsinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
17. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndələri etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
19. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
20. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
21. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
22. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
23. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)
25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; (xx.xx.2017-dək, yəni mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
26. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: (-) v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; (-) ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; (-)
Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. (-) Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; (-)
28. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur (21 may 2022-dək qüvvədə olan):
3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; (-) “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
29. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
30. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
31. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.
32. Cavabdeh orqanın etirazının birinci dəlilində qeyd olunmuşdur ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 24 noyabr 1982-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının 6-7-ci səhifələrində 4 avqust 1997-ci il – 25 dekabr 2005-ci il tarixləri arasındakı dövr ərzində Mənzil Təmir Tikinti İdarəsində rəngsaz vəzifəsində işlədiyi qeyd olunsa da, adıçəkilən müəssisədəki onun iş stajına dair məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi həyata keçirilmiş və dəqiqləşdirmə zamanı həmin dövr üzrə sözügedən müəssisədə saxlanılan sənədlərdə iddiaçının adına rast gəlinmədiyi müəyyən olunmuşdur. Bu fakt “Azərmənzilsənəye” Tikinti Birliyinin 27 sentyabr 2023-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Buna görə də qeyd olunan dövr ərzində iddiaçının işləyib-işləməməsi dəqiqləşdirmək mümkün deyil. Həmin dövrü əmək stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (17 il 9 ay 10 gün (23 may 1980-ci il – 7 iyun 1982-ci il və 5 oktyabr 1982-ci il – 31 may 1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.
33. İş materialına əlavə edilmiş “Azərmənzilsənaye” Tikinti Birliyinin 27 sentyabr 2023-cü il tarixli birgə aktında qeyd olunmuşdur ki, dəqiqləşdirmə zamanı həmin dövr üzrə sözügedən müəssisədə saxlanılan sənədlərdə adına rast gəlinmədiyi müəyyən olunmuşdur.
34. Qeyd olunan aktı 1 saylı TTQİ-nin rəisi Baloğlan Məhərrəmov və cavabdeh orqanın monitorinq şöbəsinin böyük mütəxəssisi Eyvaz Əhmədov tərəfindən imzaları ilə təsdiq olunmuşdur.
35. Lakin məhkəmə iclasında iddiaçı tərəf birgə aktın sübut kimi qəbul edilməsini mübahisələndirmiş, Baloğlan Məhərromovun onun rəisi olmadığını, işlədiyi müəssisənin rəhbərinin Şahid olduğunu bildirmişdir.
36. Məhkəmə tərəfindən yaranmış ziddiyyətə aydınlıq gətirilməsi məqsədi ilə həm aktı imzalamış Baloğlan Məhərrəmov, həm də Şahid prosesdə şahid kimi dindirilmişdirlər.
37. Məhkəmə prosesində ifadə vermiş şahid X1 bildirmişdir ki, o, 1 saylı TTQİ-nin rəisi olmuşdur. Şahid birliyin tərkibində başqa idarənin rəisidir. İddiaçı onun rəisi olduğu idarədə işləməmişdir. Lakin yoxlama onların idarəsində aparılmış, bu zaman iddiaçının həmin idarədə işləmədiyini bildirmişdir. Qeyd olunan idarənin bütün sənədləri dağıdılmışdır. Məcburi köçkünlər gəldikləri üçün idarənin sənədlərini toplamaq mümkün olmadığından, sənədləri arxiv də qəbul etməmişdir. Azmənzil Sənayə Təmir Tikintsi İdarəsi onun rəisi olduğu birlikdir. İddiaçının işlədiyi müəssisə başqa müəssisədir. 1 saylı TTQİ ESKA zavodunun tərkibində işləmişdir. Həmçinin əlavə etmişdir ki, müəssisədəki bütün işçilər ESKA zavodunda işləmişdirlər.
38. Məhkəmə prosesində şahid kimi ifadə vermiş Şahid ifadəsində bildirmişdir ki, o, Sumqayıt Şəhər İcarə Müəssisəsi Mənzil Tikinti Təmir İdarəsinin rəisi vəzifəsində işləyir. DSMF-nin nümayəndəsi onun işlədiyi müəssisədə yoxlama aparmamışdır. 1 saylı TTQİ isə başqa idarədir. İddiaçı həmin idarədə işləməmişdir. İddiaçı onun rəisi olduğu idarədə işləmişdir. Baş idarələr eynidir, amma müəssisələr fərqlidir. Onun fəaliyyət göstərdiyi müəssiələr Metallurqlar küçəsi, 1 üvanında yerləşir. TTQİ-dən isə heç bir asılılığı mövcud deyildir. Onlar tərəfindən rəsmi qaydada arayış təqdim olunmuşdur. İddiaçının əsas iş yeri BTZ olmuşdur. İdarə ikinci iş yeri olmuşdur. Həmçinin bildirmişdir ki, iddiaçı məcburi məzuniyyətdə təxminən 5-6 ay olmuşdur.
39. Şahidlərin bildirdiyi halların həqiqiliyini təkzib edən heç bir sübut cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir.
40. Göründüyü kimi cavabdeh orqanın 4 avqust 1997-ci il – 25 dekabr 2005-ci il tarixləri arasındakı dövrlərə mümasibətdə istinad etdiyi dəlil - “Azərmənzilsənəye” Tikinti Birliyinin 27 sentyabr 2023-cü il tarixli birgə aktı hazırki iş üzrə sübut kimi qəbul edilə bilməz.
41. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.
42. İş materialına iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları təqdim edilmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, cavabdeh orqan etirazında ümumiyyətlə deyil, kifayət qədər güzəştli iş stajının olmadığını bildirmişdir. İddiaçının “Azərmənzilsənəye” Tikinti Birliyindəki işlədiyi dövlərin güzəştli iş stajına daxil edilməli olmamasına dair heç bir hal bildirilməmişdir. Yalnız əmək kitabçasında olan dövrlərlə bağlı dəqiqləşdirmə zamanı həmin dövr üzrə müəssisədə saxlanılan sənədlərdə adına rast gəlinmədiyini əsas gətirdiyi üçün nəzərə almamışdır ki, məhkəmə prosesi gedişində orqanın özü tərəfindən yanlışlığa yol verildiyi müəyyən edilmişdir.
43. Etirazın ikinci dəlili iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.320 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16.425,05 manat təşkil edir. Məhkəmə cavabdeh orqanın etirazının dəlilini əsassız hesab edir.
44. Çünki, məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş məktubda göstərilmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən az (17 il 9 ay 10 gün (23 may 1980-ci il – 7 iyun 1982-ci il və 5 oktyabr 1982-ci il - 31 may 1998-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 15 il 7 ay 26 gün (5 oktyabr 1982-ci il - 31 may 1998-ci il tarixləri arasındakı dövr) təşkil edir.
45. Beləliklə, iddiaçının 15 il 7 ay 26 gün güzəştli iş stajının olmasını cavabdeh orqan qəbul edir.
46. Cavabdehə görə iddiaçının 17 il 9 ay 10 gün ümumi iş stajı vardır. Bunun üzərinə 4 avqust 1997-ci il – 25 dekabr 2005-ci il tarixləri arasındakı dövrləri əlavə edəndə iddiaçının ümumi iş stajının da tələb olunan dövrdən də artıq olduğu müəyyən olunur.
47. Qanunvericiliyə əsasən, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının azı 25 il sığorta stajının mövcud olması; b) İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
48. Yuxarıda qeyd olunalar əsasında müəyyən olunur ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi və xüsusi iş stajı tamamlanır.
49. Etirazın üçüncü dəlili "xxxx" ASC-nin iddiaçıya dair arayışında iddiaçının 1 iyun 1998-ci il tarixdən 24 dekabr 2020-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğu qeyd olunması ilə əlaqədar olaraq, həmin illərin əmək stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmaması ilə bağlıdır.
50. İstinad oluna arayışda iddiaçının 5 oktyabr 1982-ci il tarixdə Azərbaycan Boruyayma zavodunun Boruyayma sexinə mufta sahəsində soyuq boru kəsicisi peşəsinə işə qəbul edildiyi, 16 yanvar 1985-ci il tarixdə həmin sexdə boru yükləmə sahəsində metal çeşidləyən və təhvil verən vəzifəsinə keçirilmişdir. 1 oktyabr 1986-cı il tarixdə həmin sahədə boruların qəbulu və təhvil verilməsi üzrə briqadir vəzifəsinə keçirilmiş və 24 dekabr 2020-ci il tarixdə onunla bağlanılmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. İşlədiyi müddətdə 1 iyun 1998-ci il tarixdən 24 dekabr 2020-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur.
51. Arayışda olan məlumatlarla müəyyən olunur ki, iddiaçının işlədiyi sahələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şənlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 3-cü Metallurgiya istehsalı bölməsinin 4-cü Boru istehsalı (boruyayma. boru qaynaqetmə. elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, litinq, balon) və sinkləmə sexləri bəndinin (a) fəhlələr yarımbəndinin “boru və pəstahların kəsiciləri” - (2040400a- 17968), “metalın və hazır məhsulun düzəldilməsi və çeşidlənməsi ilə məşğul olan fəhlələr və briqadirlər”- (2040400a- 1753b), “boru və balonların qəbulu, təhvil verilməsi ilə məşğul olan briqadirlər” - (2040400a-11223) peşələri ilə eynilik təşkil edir və 5 oktyabr 1982-ci ildən 1 iyun 1998-ci ilə kimi müəssisədə çalışmış, 24 dekabr 2020-ci il tarixədək isə ödənişsiz məzuniyyədə olmuşdur.
52. İşin yuxarıda müəyyən edilmiş hallarından aydın şəkildə görünür ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, iddiaçıya 57 yaşının tamam olduğu, yəni 25 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli və pensiyanın müraciət edilən tarixdən (24 avqust 2023-cü il) əvvəlki üç il üçün, yəni 24 avqust 2020-ci il tarixdən hesablanaraq pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
53. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 25 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (24 avqust 2023-cü il) əvvəlki üç il üçün, yəni 24 avqust 2020-ci il tarixdən hesablanaraq pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova