Məhkəmə qərarları › İş №2-1(118)-5607/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5607/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5607/2023 19.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası üzrə işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2-1(112)-7806/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə cavabdehin yerləşdiyi məhkəmənin ərazi yurisdiksiyasına bağlı oluduğundan inzibati iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinin tələblərinə əsasən baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir (yəni iddia növünün digər hallarda iddialar ilə bağlı iddia olması səbəbindən).Məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin işi aidiyyəti üzrə göndərməsi əsaslı olmamışdır. Belə ki, hazırkı mübahisə cavabdehin əmlakının satılması tələbidir. Cavabdehə məxsus olan satılması nəzərdə tutulan əmlak daşınmaz əmlak olduğundan məhkəmə hesab edir ki, müvafiq iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinin tələblərinə əsasən, yəni daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddia ərizəsinə əlavə edilmiş inzibati orqanın tərtib etdiyi protokoldan görünür ki, satılması nəzərdə tutulan əmlakın yerləşdiyi yerin ünvanı Yevlax şəhəri ərazisidir. Hazırkı mübahisə daşınmaz əmlakın satılması ilə bağlı olduğundan və daşınmaz əmlakın yerləşdiyi ünvan, yəni Yevlax şəhəri Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına bağlı oluduğundan inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3 maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin mövqeyinə görə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 9.1 və 9.2-ci maddələrinin tələblərinə əsasən, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda, o cümlədən bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iş aidiyyətin müəyyən olunması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunan xüsusatlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci, 9-cu və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiasının məhkəmə aidiyyətinin müəyyən olunması üçün 2-1(118)-5607/2023 nömrəli inzibati iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar