Məhkəmə qərarları › İş №2-1(118)-561/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-561/2025

02.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-561/2025 02.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq, reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində yerləşən JN 2049 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 1.26 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq, reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Quba rayonu 2-ci Nügədi kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X6 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ünvanlanmış 17 mart 2023-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, JN- 2049 nömrəli seriyalı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərdən 1.26 ha torpaq sahəsinin faktiki istifadəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində naturada faktiki istifadə olunan torpaq sahəsinə uyğun deyil, tam fərqlidir. Bundan əlavə həmin torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemində digər şəxsin mülkiyyətində olan torpaq sahəsi kimi göstərilmişdir. Bu səbəbdən də torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Sözügedən torpaq sahəsi Quba rayonu Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 14 nömrəli qərarı iiə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün ayrılmışdır. Bu barədə mülkiyyətə verilmiş, torpaq sahəsinin planı da tərtib olunmuşdur. Əgər faktiki istifadəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində naturada faktiki istifadə olunan torpaq sahəsinə uyğun deyildisə necə olur ki, bu torpağa plan tərtib olunub. Bundan əlavə həmin torpaq sahəsindən də hal-hazırda istifadə edir, necə ola bilər ki, başqa şəxsin adında olsun və həmin şəxs indiyə qədər torpağını tələb etməsin. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Həmin Qanunun 13.5-ci bəndinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki. etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki. inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. "İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüwədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə "üstünlüyünü" təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli §49 Qərarlar). Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: JN 2049, KOD 30320018 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 №li qərarı ilə X3 və onun ailə üzvlərinə 1.26 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2024-cü il tarixli məktubu ilə Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 saylı iclas protokolunun və ona əlavə edilmiş sənədlərin arxiv surətləri məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs Kadastr və Yerquruluşu Layihə-X7 Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 nömrəli Qərarında qeyd olunan 29.10,1997-ci il tarixli, 46 saylı İİ Nügədi sovxoz Aqrar İslahat Komissiyasının Qərarı arxivdə aşkar edilməmişdir. Mərkəzin arxivində saxlanılan Quba rayonu, İİ Nügədi kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından İddiaçı və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən, eləcə də Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 nömrəli Qərarından çıxarışların təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 5 saylı Xaçmaz Ərazi İdarəsinin 08 may 2025-ci il tarixli 3-21-3-34/2- 6176/2025 saylı məktubu ilə X1 və ailə üzvlərinin adına olan JN-1655 saylı,Kod 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”-nın arxiv surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-34/2- 18718/2024 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin müayinəsi zamanı qonşu mülkiyyətçilər ilə heç bir mübahisə halı qeydə alınmamışdır. Həmin torpaq sahəsi faktiki olaraq əkin kimi istifadə olunur. Kameral araşdırma nəticəsi olaraq bildirirlər ki, torpaq sahəsinin müayinəsi zamanı iddiaçı tərəfindən təqdim olunmuş JN-2049 KOD 30320018 saylı Dövlət Aktına əsasən torpaq sahəsi 1.26 ha göstərilsə də baza məlumatlarında olan DWJ xəritələri üzərində həmin nömrəli Dövlət Aktına əsasən torpaq sahəsi 1.88 ha olaraq öz əksini tapmışdır və həmin torpaq sahəsi DBF siyahısında da iddiaçı və ailə üzvlərinin adına qeyd olunmuşdur, torpaq sahəsinin ölçüsü isə 1.88 ha olaraq göstərilmişdir. İddiaçının iddia etdiyi və faktiki istifadəsində olan torpaq sahəsi ilə baza məlumatlarında olan xəritə materiallarında göstərilmiş iddiaçılara məxsus torpaq sahəsi uyğunluq təşkil etmir. Belə ki, iddia olunan torpaq sahəsi ilə baza məlumatlarında olan xəritə materiallarında göstərilmiş iddiaçılara məxsus torpaq sahəsi ayrı-ayrı massivlərdə yerləşir. İddiaçının iddia etdiyi və faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan xəritə materialları üzərində JN-1655 nömrəli Dövlət Aktına əsasən X2 və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə tam olaraq üst-üstə düşür. Əlavə olaraq mübahisəli torpaq sahəsi yerləşən massivdə mülkiyyətçilərin faktiki istifadə etdiyi torpaq sahələri ilə xəritə materialları arasında uyğunsuzluq mövcuddur. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq, reyestrindən çıxarışın və texniki pasportun verilməsini istəyir. Cavabdeh isə imtinasında qeyd etmişdir ki, JN-2049 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nda göstərilən 1.26 ha torpaq sahəsinin faktiki istifadəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində naturada faktiki istifadə olunan torpaq sahəsinə uyğun deyil, tam fərqlidir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində naturada faktiki istilada olunan torpaq sahəsinə uyğun deyil, tam fərqlidir. Həmin torpaq sahəsinin naturada faktiki istifadəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində digər şəxsə məxsus torpaq sahəsinin cizgiləri işlənilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi ilə baza məlumatlarında olan xəritə materiallarında göstərilmiş iddiaçılara məxsus torpaq sahəsi ayrı-ayrı massivlərdə yerləşir. İddiaçının iddia etdiyi və faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan xəritə materialları üzərində JN-1655 nömrəli Dövlət Aktına əsasən X2 və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə tam olaraq üst-üstə düşür. Əlavə olaraq mübahisəli torpaq sahəsi yerləşən massivdə mülkiyyətçilərin faktiki istifadə etdiyi torpaq sahələri ilə xəritə materialları arasında uyğunsuzluq mövcuddur. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Belə ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə Dövlət Aktının cizgiləri daxilində yerləşən torpaq sahəsi ayrı massivlərdə yerləşməklə, faktiki istifadədə olan torpaq sahəsinə X2 və ailə üzvlərinin adına olan JN 1655 KOD 30320018 saylı Dövlət Aktı işlənmişdir. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar