Məhkəmə qərarları › İş №2-1(118)-562/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-562/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-562/2024 16.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Şamaxı rayonu Avaxıl bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə ona satılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Şamaxı rayonu Avaxıl bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı qərarı ilə ona satılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X6 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Avaxıl bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə iddiaçıya 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. xx.xx.2007-ci il tarixdə alqı-satqı aktı tərtib edilmişdir. Həmin torpaq sahəsinə çıxarış almaq üçün Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh iddiaçının müraciətindən əsassız olaraq imtina etmişdir. Həmin torpaq sahəsinin alqı-satqısı ilə bağlı qəbzi də iş materiallarına əlavə etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şamaxı rayon şöbəsinin arayışından da görünür ki, mübahisəli torpaq sahəsi Şamaxı rayonu Avaxıl bələdiyyəsinin mülkiyyətində olunmuşdur. Həmçinin iş materiallarına əlavə olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şamaxı rayon şöbəsinin rəyindən də görünür ki, həmin torpaq sahəsinin iddiaçıya satılmasında heç bir maneə olmamışdır. O cümlədən, həmin torpaq sahəsinə xx.xx.2010-cu il tarixdə plan və ölçü sənədini də əldə etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə tərəflərin və iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılan zaman Şamaxı rayonu Avaxıl bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 02 saylı qərarı ilə satılmış 0,12 ha torpaq sahəsinin sənəd üzrə koordinatları elektron baza xəritəsində başqa mülkiyyətçiyə məxsus 10,0 ha torpaq sahəsinin üzərinə düşdüyü müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsi Şamaxı rayonunun Avaxıl bələdiyyəsinin qərarı ilə bələdiyyə fondunda ölan örüş torpaqlarından ayrılmışdır və ləğv edilmiş DTXK tərəfindən qeyd olunan torpaq sahəsinə JN-389 nömrəli dövlət aktı tərtib olunmuşdur. Torpaq sahəsi alqı-satqı predmeti olmadığına görə və mübahisəli ərazidə yerləşdiyinə görə İddiaçı ərizəsinin icrası mümkün olmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X6 iddianı qəbul etməyərək bildirdi ki, həmin ərazdiə torpaq sahəsi yoxdur, başqa ərazidə ona məxsus torpaq sahəsi var. Mübahisəli torpaq sahəsinə dair dövlət aktı verilib, lakin ləğv olunduğu deyilib, surəti ona təhvil verilməyib. Həmin torpaq sahəsinə dair iddiası yoxdur. İş materiallarında olan: -Şamaxı rayonu Avaxıl bələdiyyəsinin 14 fevral 2007-ci il tarixli, 02 saylı qərarından çıxarışdan görünür ki, Avaxıl bələdiyyəsinin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı/şərti yararsız/torpaq sahəsindən 0,12 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. -DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən təsdiq edilmiş rəydən görünür ki, 0,12 ha torpaq sahəsi kəndin perspektiv inkişafına k/t az yararlı və ya yararsız (şərti yararsız) olmaqla alqı-satqı predmetidir və İddiaçı satılması məqsədəmüvafiqdir. -14 fevral 2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, 0,12 ha torpaq sahəsi İddiaçı satılmışdır. -Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinə dair tərtib edilmişdir. -xx.xx.2007-ci il tarixli qəbzdən görünür ki, İddiaçı bələdiyyənin hesabına 115 manat pul köçürmüşdür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən iddiaçı X3 nümayəndəsi naturada mövcud olan torpaq sahəsini göstərmiş və koordinatları müəyyən edilmişdir. İddiaçı X3 nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsinin koordinatları X5 Şamaxı rayonu Avaxıl bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı qərarı ilə verilmiş 0,12 ha torpaq sahəsinin A № 288241 nömrəli plan və ölçü sənədində qeyd olunan koordinatlara uyğundur. X5 Şamaxı rayonu Avaxıl bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı qərarı ilə verilmiş 0,12 ha torpaq sahəsinin A № 288241 nömrəli plan və ölçü sənədində qeyd olunan koordinatlar DWJ məlumatlarında (torpaq islahatının nəticələrini əks etdirən xəritə materiallarında) X4 aid JN-389 nömrəli Dövlət aktındakı torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli cavab məktublarından görünür ki, İddiaçı məxsus 0,12 ha torpaq sahəsinin sənəd üzrə koordinatları elektron baza xəritəsində JN-389 nömrəli dövlət aktı ilə üst-üstə düşür. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunmuş materiallarda qeyd olunan JN-389 nömrəli dövlət aktı Şamaxı rayon Avaxıl bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 nöməli qərarına əsasən X2 adına tərtib olunmuşdur. X2 adına tərtib edilmiş JN 0389 KOD 30707018 saylı dövlət aktı ləğv olunmuş DTXK-nin Şamaxı şöbəsi tərfindən idarənin arxivinə təhvil verilməmişdir. Dövlət aktının verilməsinə əsas olmuş sənədlər idarənin arxivində saxlanılmır. Məhkəmənin sorğusuna əsasən X7 filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktublarından görünür ki, Şamaxı rayon Avaxıl bələdiyyəsinin 20 dekabr 2004-cü il tarixli 12 saylı qərarı Şamaxı rayon Avaxıl bələdiyyəsinin 2004-cü il qərarlarında aşkar olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə, Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şamaxı rayonu Avaxıl bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı 0,12 torpaq sahəsi İddiaçı ayrılmışdır. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etdikdə cavabdeh inzibati orqan tərəfindən ona imtina cavabı verilərək Şamaxı rayonunun Avaxıl bələdiyyəsinin qərarı ilə bələdiyyə fondunda ölan örüş torpaqlarından ayrılmışdır və ləğv edilmiş DTXK tərəfindən qeyd olunan torpaq sahəsinə JN-389 nömrəli dövlət aktı tərtib olunduğu bildirilmişdir. İş üzrə mütəxəssis rəyi alınmış və X5 Şamaxı rayonu Avaxıl bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı qərarı ilə verilmiş 0,12 ha torpaq sahəsinin A № 288241 nömrəli plan və ölçü sənədində qeyd olunan koordinatlar DWJ məlumatlarında (torpaq İslahatının nəticələrini əks etdirən xəritə materiallarında) X4 aid JN-389 nömrəli Dövlət aktındakı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh inzibati orqan bildirmişdir ki, İddiaçı məxsus 0,12 ha torpaq sahəsinin sənəd üzrə koordinatları elektron baza xəritəsində JN-389 nömrəli dövlət aktı ilə üst-üstə düşür. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunmuş materiallarda qeyd olunan JN-389 nömrəli dövlət aktı Şamaxı rayon Avaxıl Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 nöməli qərarına əsasən X2 adına tərtib olunmuşdur. X2 adına tərtib edilmiş JN 0389 KOD 30707018 saylı dövlət aktı ləğv olunmuş DTXK-nin Şamaxı şöbəsi tərfindən idarənin arxivinə təhvil verilməmişdir. X7 filialının məktubuna əsasən dövlət aktının verilməinə əsas olmuş Şamaxı rayon Avaxıl bələdiyyəsinin 20 dekabr 2004-cü il tarixli, 12 saylı qərarı Şamaxı rayon Avaxıl bələdiyyəsinin 2004-cü il qərarlarında aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, hazırda texniki və hüquqi cəhətdən yüklü olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması mümkün olmadığından iddiaçı cavabdehin istinad etdiyi hüquqmüəyyənediciu sənədləri (bələdiyyə qərarı, dövlət aktı) mübahisələndirməli və ya etibarsz hesab edilməsi barədə iddia qaldırmalıdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, daşınmaz əmlaka çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Şamaxı rayonu Avaxıl bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə ona satılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar