Məhkəmə qərarları › İş №2-1(118)-5620/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5620/2025

10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5620/2025 10.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2na qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi və əvvəlki pensiya məbləğinin bərpa edilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Əhmədova Nərgiz Zahid qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Nümayəndəın iştirakları ilə, İddiaçı cavabdeh X2na qarşı “qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh X2na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya hüququ yaranan andan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və iddiaçının əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü ildə anadan olmuş, 29 avqust 2019-cu ildə dövlətin pensiya təyinatı üçün müəyyən etdiyi 65 yaşı tamam olmuşdur. İddiaçı ona bu hüququ yaranan andan pensiya teyin edilməli olduğunu bildirir. İddiaçı 11 dekabr 2021-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş, pensiya təyinatı üçün lazım olan 25 il sosial sığorta stajı sənədlərində problem olduğu üçün ona yaşa görə əmək pensiyası təyin edilməsinə imtina edilmişdir və o 2022-ci ildə məhkəməyə müraciət edib pensiya təyinatını tələb etmişdir. Məhkəmə gedişatında cavabdeh təşkilat iddiaçının sığorta stajının hesablanmasında səhvə yol verdiklərini etiraf edib ona müraciət etdiyi 11 dekabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edib pensiya kartını təqdim etmişdirlər. Lakin iddiaçının yaşa görə əmək pensiyası təyinatı 29 avqust 2019-cu il tarixdən yaranmışdır və 29 avqust 2019-cu il tarixdən 11 dekabr 2021-ci il tarixə kimi dövrün pensiyası ona ödənilməmişdir. İddiaçı bildirir ki, hüququ yaranan vaxtdan pensiyasının hesablanıb ödənilməməsi üçün cavabdeh təşkilat ona pensiya hüququnun xx.xx.2022-ci il tarixindən yarandığından pensiya hüququ həmin tarixdən hesablanır cavabını verərək pensiya fərqini ödəməkdən imtina etmişdir. Ona görə də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur.

4. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22, 31.2, iddia tələbinin prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73 və 75-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixində pensiya yaşına çatmasına baxmayaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq 25 il sığorta stajı xx.xx.2022-ci il tarixində tamam olması səbəbindən həmin tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi Azərbaycan Texniki Universitetinin xx.xx.2021- ci il tarixli 022-713 nömrəli arxiv arayışının surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil aldığı müddət, Fondun 1 saylı Quba-Xaçmaz regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən xx.xx.1970-ci il tarixindən xx.xx.1970-ci il tarixinədək, xx.xx.1971 -ci il tarixindən xx.xx.1972-ci il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, Fondun 1 saylı Quba-Xaçmaz regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək əmək fəaliyyəti dövrləri, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövrlər nəzərə alınmaqla mübahisələndirilməyən sığorta stajı 25 il təşkil edir. Fondun 1 saylı Quba-Xaçmaz regional filialının X6 Filialı ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli aktına əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək Quba rayonu H.Zərdabi adına sovxozda 1981-ci ilin yanvar, fevral, mart, aprel, sentyabr, oktyabr aylarının əməkhaqqı cədvəllərində iddiaçının soyadında (Qəribov Nurəddin qeyd edilmişdir) uyğunsuzluq qeyd olunduğundan həmin aylar sığorta stajına daxil edilməmişdir. Mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati icraat başlanmışdır. Həmin inzibati icraatın gedişində iddiaçının pensiya hüququna yenidən baxılması zamanı ona artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Həmçinin iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmış və iddiaçıya təyin edilmiş pensiya dayandırılmışdır. Xidməti yoxlama nəticəsində məlum olmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixli müraciətinə əsasən yaşa görə əmək pensiyası hüququ xx.xx.2022-ci il tarixində yarandığı halda (25 il sığorta stajının tamam olduğu tarix) ona xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Nəticədə adıçəkilən şəxsin əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək artıqödəmə aşkar edilmişdir. Əlavə olaraq cavabdeh bildirir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində İddiaçı əmək pensiyasından artıqödənilmiş vəsaitin tutulması barədə məlumat aşkar edilməmişdir.

b) Tərəflərin iştirakı və izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

9. Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət arxivinin xx.xx.2012-ci il tarixli, 219/1 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, xx.xx.1971-ci il tarixli, 170 nömrəli əmrə əsasən İddiaçı 14 nömrəli briqdaya fəhlə qəbul edilmişdir. xx.xx.1972-ci il tarixli, 237 nömrəli əmrə əsasən İddiaçı oxumağa getdiyi üçün işdən azad edilmişdir. xx.xx.1976-cı il tarixli, 62 nömrəli əmrə əsasən İddiaçı 6 nömrəli briqadaya fəhlə qəbul edilmişdir.

10. Azərbaycan Respublikası Təhsil nazirliyi Azərbaycan Texniki Universitetinin xx.xx.2024-cü il tarixli, 022-713 nömrəli arxiv arayışına əsasən İddiaçı xx.xx.1973-cü il tarixli əmrə əsasən Ç.İldırım adına X1 “Mexanika” fakültəsinin əyani şöbəsinə qəbul olmuşdur. 14-U nömrəli xx.xx.1976-cı il tarixli əmrə əsasən, İnstitun tələbələri sırasından xaric edilmişdir. 129-U nömrəli xx.xx.1977-ci il tarixli əmrə əsasən, xx.xx.1977-ci il tarixindən İnstitutun tələbələri sırasına bərpa olmuşdur. 99-U saylı xx.xx.1980-ci il tarixli əmrə əsasən, İddiaçı Ç.İldırım adına Azərbaycan Politexnik İnstitunun “Soyuducu və kompressor maşınları və qurğuları” ixtisası üzrə əyani olaraq kursu bitirerək, ona EBN 270112 saylı mühəndis-mexanik diplomu verilmişdir.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********6 nömrəli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2.1 və 3.2.2 bəndinə əsasən iddiaçının 2006-cı ilədək olan ümumi sığorta stajını müəyyən etmək mümkün olmamışdır. 2006-cı ilədək ümumi sığorta stajı əmək kitabçası, hərbi bilet və əyani təhsil alması barədə sənədin təqdim edildiyi halda müəyyən etmək olur. Təqdim edilən sənədlərə əsasən əmək pensiyası təyin etmək mümkün olmamışdır.

12. X2nın ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən pensiya məbləği yenidən hesablanaraq iddiaçıya xx.xx.2024-cü il tarixdən 311,36 manat məbləğində pensiya təyin edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

13. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.

14. İnzibati-Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

15. Hal-hazırda mübahisə predmeti olan pensiyanın yenidən hesablanması haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, iddiaçı tərəfindən həmin qərarın ləğv edilməsi ilə bağlı iddia ərizəsi isə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı qeyd olunan qərardan məhkəmə icraatı gedişində xəbərdar olmuşdur. Göründüyü kimi iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir.

b) Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3-cü maddəsinə əsasən bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9-cu maddəsinə əsasən maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10-cu maddəsinə əsasən maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11-ci maddəsinə əsasən maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13-cü maddəsinə əsasən qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

20. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

21. Belə ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı idida ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1970- xx.xx.1980-ci illərdə Xaçmaz rayon 1 saylı sovxozunda və xx.xx.1980xx.xx.1996-cı illərdə Quba rayonu Zərdabi adına sovxozda işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı gedişində cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli qərarla iddiaçı X3 yaşa görə əmək pensiyası təyin edilmiş və tərəflər arasında mübahisə öz həllini tapdığından Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-2947/2022 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir.

22. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilən zaman onun xx.xx.1980-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək Quba rayonu H.Zərdabi adına sovxozda işlədiyi müddət sosial sığorta stajına daxil edilmişdir. Bundan sonra cavabdeh tərəfindən ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək pensiya məbləği yenidən hesablanmış və xx.xx.2024-cü il tarixdən 311,36 manat məbləğində pensiya təyin edilmişdir.

23. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilmişdir ki, 1981-ci ilin yanvar, fevral, mart, aprel, sentyabr, oktyabr aylarının əməkhaqqı cədvəllərində iddiaçının soyadında (Qəribov Nurəddin qeyd edilmişdir) uyğunsuzluq qeyd olunduğundan həmin aylar sığorta stajına daxil edilməmişdir. Xidməti yoxlama nəticəsində məlum olmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixli müraciətinə əsasən yaşa görə əmək pensiyası hüququ xx.xx.2022-ci il tarixində yarandığı halda (25 il sığorta stajının tamam olduğu tarix) ona xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Nəticədə adıçəkilən şəxsin əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək artıqödəmə aşkar edilmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2024-cü il tarixli, 2-1(102)-3135/2024 nömrəli qərarında qeyd edilmişdir ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.

25. Məhkəmə qeyd edir ki, iddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Cavabdehin dəlillərinə görə əmək pensiyasının məbləği düzgün hesablanmamışdır. Qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir.

26. Hazırkı iş üzrə əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz.

27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X2 tərəfindən qəbul edilmiş ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında 14 mart 2024-cü il tarixli qərarı ləğv edilməli, İddiaçı əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyi X2nın üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

28. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. X2 tərəfindən qəbul edilmiş ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında 14 mart 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyi X2nın üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar