Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5625/2025 21.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi) GİRİŞ HİSSƏ X12-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 21 iyul 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1132 saylı Qeydiyyat vəsiqəsi və Texniki Pasport əsasında mərhum atası X5 məxsus olmuş Siyəzən şəhəri, Heydər Əliyev prospektində (əvvəlki Azadlıq küçəsi) yerləşən 180 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 462,6 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum atası X5 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X9 məxsus JN-1306 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən koordinatların həmin torpaq sahəsinin faktiki vəziyyətinə uyğunlaşdırılmaqla düzəliş edilməsi və Siyəzən şəhəri, H.Əliyev prospektində (əvvəlki Azadlıq küçəsi) yerləşən 180 nömrəli fərdi yaşayş evi və evin yerləşdiyi 462,6 kv.metr torpaq sahəsi üzərində mükiyyət hüququnun mərhum X5 məxsus olmasına dair arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Məhkəmənin 09 iyul 2025-ci il tarixli, 2-1(118)-5625/2025 nömrəli qərardadı ilə iş üzrə X6 üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Siyəzən şəhəri, Heydər Əliyev prospektində (əvvəlki Azadlıq küçəsi) yerləşən 180 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 462 6 kv.m torpaq sahəsi - 1132 saylı Qeydiyyat vəsiqəsi və Texniki Pasport əsasında mərhum atası X5 məxsus olmuşdur. İddiaçının atası vəfat etdikdən sonra İddiaçı onun qanun üzrə vərəsəsi olaraq müəyyən edilmişdir. Hazırda həmin evi iddiaçı miras əmlak olaraq faktiki qəbul edib, orada yaşayır. Atasından qalan miras əmlakı dövlət qeydiyyatına aldırmaq zərurəti yarandığından yuxarda qeyd edilən fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olmasına dair arayış verilməsi üçün cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqı şəxsinin 2 saylı Sumqayıt ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan xx.xx.2025-ci il tarixli məktubu ilə iddiaçının müraciətindən qeyri-qanuni olaraq imtina etmişdir. Belə ki, imtina əsası olaraq qeyd edilmişdir ki, 1. Qeydiyyat vəsiqəsində göstərilən fərdi yaşayış evi sökülmüş, yerınedə yeni fərdi yaşayış evi tikilimişdir; 2 Fərd; yaşayış evinin yerləşdiyi torpaq sahəsi X7 adına verilmiş JN-1306F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd edilən torpaq sahəsi ilə üst-üstə düşür. Əslində isə qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, qeydiyyat vəsiqəsindəkı fərdi yaşayış evi sökülməmişdir, sadəcə uzun müddətdir ki, istifadə edildiyindən müxtəlif vaxtlarda mərhum atası tərəfindən təmir edilmişdir. Digər əsasla bağlı isə adı qeyd edilən X11 qonşusudur, onun evi və torpağı evdən bir neçə ev aralıdadır, yəni qonşuluqdadır. Beləliklə, cavabdehin bu imtinası tam əsassız və qanunsuz olmaqla, mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən, məhkəməyə iddia tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Siyəzən rayonu, Siyəzən şəhəri, Heydər Əliyev prospekti, 180 ünvanında yerləşən, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında əldə edilən fərdi yaşayış evi üzərində vətəndaş İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi barədə xx.xx.2025-ci il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla bağlı olaraq bildirilir ki, idarənin mütəxəssisi tərəfindən daşınmaz əmlakın texniki inventarlaşdırılması zamanı Siyəzən rayon dövlət notariat ofisi tərəfindən təsdiq edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”də qeyd edilən, ümumi sahəsi 235,44 kv.m olan fərdi yaşayış evinin söküldüyü və yerində yeni fərdi yaşayış evinin inşa edilidiyi müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 18.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bundan əlavə, müraciətinin araşdırılması zamanı idarənin istifadəsində olan elektron kadastr məlumat bazasına əsasən yeni inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin X8 adına verilmiş JN-1306F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhədətnamə”də qeyd edilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur.
6. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-3-31/2-M-0019-8/2025 nömrəli imtina bildirişində bildirmişdir ki, Siyəzən rayonu, Siyəzən şəhəri, Heydər Əliyev prospekti, 180 ünvanında yerləşən, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında əldə etdiyiniz fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin koordinatlarının faktiki yerində ölçülməsi, elektron kadastr məlumat bazasına uyğun sənədlərin hazırlanması, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi barədə ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" pubiik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Bununla bağlı olaraq bildiririk ki, idarənin mütəxəssisi tərəfindən daşınmaz əmlakın texniki inventarlaşdırılması zamanı Siyəzən rayon dövlət notariat ofisi tərəfindən təsdiq edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”də qeyd edilən, ümumi sahəsi 235.44 kv.m olan fərdi yaşayış evinin söküldüyü və yerində yeni fərdi yaşayış evinin inşa edilidiyi müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikasının Qanununun 18.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bundan əlavə, nəzərinizə çatdırırıq ki, müraciətinizin araşdırılması zamanı idarənin istifadəsində olan elektron kadastr məlumat bazasına əsasən yeni inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin X8 adına verilmiş JN-1306F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhədətnamə”də qeyd edilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, ərizənizin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab olunmuşdur.
7. Üçüncü şəxs məhkəməyə ünvanladığı ərizəsində bildirmişdir ki, İddiaçı məhkəmədə olan iddiası üzrə torpaq sahəsinin reyestrdə iddiaçının adına qeydiyyata alınmasına etiraz etmir. Belə ki, ona məxsus JN 1306 F nömrəli sənəddə qeyd edilən torpaq sahəsi iddiaçının torpaq sahəsindən çox aralı məsafədədir. Onun torpağı iddiaçıdan azı 4-5 ev sonra, qonşuluqda yerləşir. Uzun illərdir ki, torpağında ev tikib yaşayır. İddiaçıin qeydiyyata aldırmaq istədiyi torpaq da uzun illərdir ki (əvvəldən) onun atasına məxsus olub, onun torpağı ilə üst-üstə düşməsinə dair fikir düzgün deyil. Nəzərə alınmasını xahiş etmişdir.
8. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir.
11. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq, şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
12. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
16. İddia tələbi koordinatların həmin torpaq sahəsinin faktiki vəziyyətinə uyğunlaşdırılmaqla düzəliş edilməsi və mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
17. İddia mümkündür.
İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
18. Siyəzən rayon X2 və Mülkiyyət hüquqlarıın Qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4ndə, 3 yaşayış otaqlı yaşayış evi Siyəzən rayon Notariat kontorunun 19 noyabr 2003-cü il tarixli, 4Ə-113 №-li alqı-satqı müqaviləsi əsasında X4 adına qeydə alınmışdır.
19. İyun 2002-ci il tarixli texnik pasportdan görünür ki, ünvan 4 ünvanında yerləşən 180 nömrəli fərdi yaşayış evinə dair tərtib edilmişdir.
20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş layihədən görünür ki, Siyəzən şəhəri, H.Əliyev küçəsindəki torpaq sahəsində yerləşən fərdi yaşayış evinin layihəsi təsdiq edilmişdir.
21. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı faktiki istifadəsində olan Siyəzən şəhəri, H.Əliyev prospektində yerləşən 462.6 kv.m torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi, X8 mülkiyyətində olan, JN 1306F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədi ilə qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşür. X8 faktiki istifadəsində olan torpaq sahəsi, sənəd üzrə torpaq sahəsindən 50 metr kənar məsafədə yerləşir.
22. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, torpaq sahəsinin qonşuluğunda yerləşən və üzərində mükiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış çıxarışların surəti məhkəməyə təqdim edilmişdir.
23. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, JN 1306F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surəti məkəməyə təqdim edilmişdir.
24. X8 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, yaşadığı (atasının adına olan) torpaq sahəsi İddiaçı torpaq sahəsi ilə üst-üstə düşmür. Belə ki, onun torpağı üç ev sonra yerləşir. Torpaq sahəsinə çıxarış verilməsinə etiraz etmir.
IV. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd.
27. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur). 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
30. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.
31. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
32. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0-cı bəndində göstərilmişdir: Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir.
34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; ...
IV. Məhkəmənin mövqeyi
35. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
36. Məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 4ndə, 3 yaşayış otaqlı yaşayış evi Siyəzən rayon Notariat kontorunun 19 noyabr 2003-cü il tarixli, 4Ə-113 №-li alqı-satqı müqaviləsi əsasında X4 adına qeydə alınaraq Siyəzən rayon X2 və Mülkiyyət hüquqlarıın Qeydiyyatı idarəsi tərəfindən qeydiyyat vəsiqəsi və texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş layihədən görünür ki, Siyəzən şəhəri, H.Əliyev küçəsindəki torpaq sahəsində yerləşən fərdi yaşayış evinin layihəsi təsdiq edilmişdir.
37. Məhkəmə cavabdeh təşkilatın fərdi yaşayış evinin söküldüyü və yerində yeni fərdi yaşayış evinin inşa edilməsi dəlilinə münasibətdə hesab edir ki, fərdi yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqument əsassız olduğundan iddia tələbi təmin edilməlidir.
38. Belə ki, iddiaçı fərdi yaşayış evini Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastri İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən, dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmin fərdi yaşayış sahəsinin sənədlərini yenisi ilə əvəz etmək üçün fərdi yaşayış evinin qeydiyyat vəsiqəsini və texniki pasportunun cavabdehə təqdim etməsinə baxmayaraq, cavabdeh əsassız olaraq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini dövlət qeydiyyatına almaqdan imtina etmişdir.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən, əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir.
40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1ci maddəsinə əsasən, məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
41. Hazırki iddia tələbi üzrə cavabdeh təşkilat torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin sökülməsini bildirməsinə baxmayaraq bununla bağlı məhkəməyə əsaslı dəlil təqdim etməmişdir. Halbuki, qanunvericiliyin tələbləri baxımından daşınmaz əmlakın məhv olması və ya sökülməsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməli idi. Hal-hazırda torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququ qeydi qüvvədədir və buna görə də, məhkəmə cavabdeh təşkilat tərəfindən bu səpkidə gətirilən arqumenti əsassız hesab edir.
42. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən, İddiaçı faktiki istifadəsində olan Siyəzən şəhəri, H.Əliyev prospektində yerləşən 462.6 kv.m torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi, X8 mülkiyyətində olan, JN 1306F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədi ilə qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşür. X8 faktiki istifadəsində olan torpaq sahəsi, sənəd üzrə torpaq sahəsindən 50 metr kənar məsafədə yerləşir.
43. Məhkəmə qeyd edir ki, X8 notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd olunur ki, yaşadığı (atasının adına olan) torpaq sahəsi İddiaçı torpaq sahəsi ilə üst-üstə düşmür. Belə ki, onun torpağı üç ev sonra yerləşir. Torpaq sahəsinə çıxarış verilməsinə etiraz etmir.
44. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız və formal olmuşdur.
45. Cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»).
46. Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar.
47. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər.
48. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir.
49. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006cı il 29 mart tarixli Qərarı, § 93).
51. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak” “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı).
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Abşeron rayon Masazır bələdiyyəsinin 16 iyul 2007-ci il tarixli 26 nömrəli qərarı iddiaçının torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir.
53. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
NƏTİCƏVİ HİSSƏ
54. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. X9 məxsus JN-1306 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən koordinatların həmin torpaq sahəsinin faktiki vəziyyətinə uyğunlaşdırılmaqla düzəliş edilsin və Siyəzən şəhəri, H.Əliyev prospektində (əvvəlki Azadlıq küçəsi) yerləşən 180 nömrəli fərdi yaşayş evi və evin yerləşdiyi 462,6 kv.metr torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X12-Abbaszadə