Məhkəmə qərarları › İş №2-1(118)-563/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-563/2024

20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-563/2024 20.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Xırdalan qəsəbə XDS İK-nın 84/3 saylı, 29 noyabr 1990-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmiş 0.0571 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan qəsəbə XDS İK-nın 84/3 saylı, 29 noyabr 1990-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmiş 0.0571 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Xırdalan Südçülük sovxozunun rəhbərliyi və ictimai təşkilatları tərəfindən 0,10 ha torpaq sahəsi ayrılmışdır. Ayrılmış həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə Xırdalan qəsəbə XDS İK-nın 84/3 saylı, 29 noyabr 1990-cı il tarixli qərarı ilə icazə verilmişdir. Həmin torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsində və sahibliyində olmuşdur. İddiaçı nümayəndəsi vasitəsilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə Abşeron rayonu, Masazır kəndində yerləşən faktiki 0.0671 ha (sənəd üzrə 0,10 ha) torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlı 17 mart 2021-ci il tarixli ərizə ilə müraciət etmiş, lakin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********5 saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. İmtina bildirişində qeyd edilən birinci əsasla bağlı bildirilir ki, hüquq müəyyənedici sənəd olaraq Xırdalan Qəsəbə XDS İK-nın qərarı əlavə edilmişdir. Texniki sənəd olaraq isə Abşeron Rayonu Xırdalan bələdiyyəsi və Abşeron Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiqlənmiş Abşeron rayonu Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarış təqdim edilmişdir. İmtina bildirişində qeyd edilmiş ikinci əsasla bağlı bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 439 saylı, 13 yanvar 2015-ci il tarixli Fərmanının 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış mülkiyyət hüququnu təsdiq edən sənəd kimi tanınmışdır (439 saylı fərmanla həmin əmr mülkiyyət hüququnu təsdiq edən sənəd kimi təsdiq edilmişdir). Göründüyü kimi qeyd edilən torpaq sahəsi qanuni əsaslarla sovxoz rəhbərinin əmri ilə iddiaçıya ayrılmış, Xırdalan qəsəbə XDS İK-nin qərarına əsasən də həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" MTK zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 20 fevral 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun verdi və əlavə olaraq iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Xırdalan qəsəbə XDS İK-nın 84/3 saylı, 29 noyabr 1990-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmiş 0.0571 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi təqdim etdiyi yazılı etirazı müdafiə edərək iddianın təmin edilməməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, sözügedən 0.10 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlər (ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının) təqdim olunmuş sənədlər toplusuna əlavə edilməmiş, müraciətə əlavə edilmiş Abşeron rayonu Xırdalan qəsəbə XDS İK-nin 29 noyabr 1990-cı il tarixli, 84/3 saylı qərarı həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə məqsədilə verilmiş, sözügedən torpaq sahəsinin 100 kv.m hissəsi **********14-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Bundan əlavə iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinin tələblərinə riayət edilmədiyi müəyyən olunmuşdur. Məcəllənin 38-ci maddəsinə müvafiq olaraq, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Belə ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 17 mart 2021-ci il tarixli müraciətinə imtina xx.xx.2021-ci il tarixində verilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İşdə olan cavabdehin **********35 nömrəli xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. • İşə əlavə edilmiş Xırdalan Qəsəbə XDS İK-nın 29 noyabr 1990-cı il tarixi qərarından çıxarışa əsasən Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsi və ictimai təşkilatları tərəfindən müvafiq əmrlərlə torpaq sahəsi ayrılmış digər vətəndaşlarla yanaşı iddiaçının da adı qeyd olunmuş, həyətyanı torpaq sahəsinin naturada bölgüsü RİK-in memarlıq şöbəsi ilə razılaşdırıldıqdan sonra sovxozun 284 nömrəli xx.xx.1990-cı il tarixli məktubuna əsasən fərdi ev tikilməsi məqsədə müvafiq hesab olunmuşdur. • Abşeron Rayon Dövlət Arxivinin çıxarışına əsasən iddiaçıya Masazır kəndində torpaq sahəsi ayrılması və həmin torpaq sahəsində Azərbaycan SSR-də kənd yeri üçün tövsiyə olunmuş layihə üzrə fərdi ev tikməsi məqsədə müvafiq hesab edilmişdir. • İddiaçının notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən 0,10 ha torpaq sahəsindən 0,0671 ha torpaq sahəsinə çıxarış verilməsinə razılıq verilmişdir. • Abşeron rayon Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarış Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi və Masazır bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. • Cavabdeh tərəfindən etiraza əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Abşeron rayon Masazır kəndində yerləşən və iddiaçının torpaq sahəsi ilə üst-üstə düşən (100 kv.metr hissədə) 0,0123 ha torpaq sahəsi "xxxx" MTK-nın xüsusi mülkiyyətindədir. • Məhkəmənin sorğusu nəticəsində əldə edilmiş mütəxəssis rəyinə əsasən bələdiyyə tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışda qeyd olunmuş döngə nöqtələrinin koordinatları daxilində yerləşən torpaq sahəsi elektron baza məlumatlarına əsasən yaşayış məntəqələri təyinatlı torpaqlara aid edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.

Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir: 1.1-ci bənd: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bənd: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bənd: Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bənd: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, Xırdalan qəsəbə XDS İK-nın 84/3 saylı, 29 noyabr 1990-cı il tarixli qərarı ilə ona fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yer Abşeron rayonu olduğu üçün həmin orqanın səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və cavabdehin **********35 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. Məhkəmə bununla bağlı eyni zamanda qeyd edir ki, cavabdeh orqan etirazının 4-cü bəndində hazırkı iddiaya mübahisələndirmə iddiasının müddaəlarını aid etmişdir. Halbuki hazırkı iddia öhdəliyin icrası ilə bağlı iddia növlərinə aid edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Abşeron rayonu Masazır kəndi olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5. Tətbiq edilən hüquq

Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

“İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).

Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.-ci maddə1: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. 139.3-cü maddə: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.8-ci maddə: Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin norma Mülki Məcəllənin 139-1.1.8-ci maddəsində də qeyd olunmuşdur).

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmin siyahı: 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış

“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarı inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

6. Məhkəmənin mövqeyi

Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin qərarı ilə iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsində fərdi ev tikintisi məqsədəmüvafiq hesab edilmişdir. İddiaçı həmin torpaq sahəsinin faktiki olaraq azalma hissəsinə uyğun 0,0671 ha hissəsinin qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini cavabdeh orqandan tələb etmiş, lakin cavabdeh təşkilat tərəfindən aşağıdakı səbəblərdən imtina edilmişdir: 1) Sözügedən 0.10 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin (ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının) təqdim olunmuş sənədlər toplusuna əlavə edilməməsi; 2) Müraciətə əlavə edilmiş Abşeron rayonu Xırdalan qəsəbə XDS İK-nın 29 noyabr 1990-cı il tarixli, 84/3 saylı qərarının həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə məqsədilə verilməsi; 3) Sözügedən torpaq sahəsinin 100 kv.m hissəsinin **********14-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşməsi; 4) İddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 17 mart 2021-ci il tarixli müraciətinə imtinanın xx.xx.2021-ci il tarixində verilməsi

Məhkəmə cavabdehin imtinasında qeyd etdiyi halları araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün irəli sürülən yanaşmalar əsassız olduğundan iddia tələbi təmin edilməlidir. İlkin imtinaya münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Abşeron rayon Dövlət Arxivinin F-1019 nömrəli, xx.xx.2018-ci il tarixli məktubu ilə göndərilmiş arxiv çıxarışı ilə müəyyən olunur ki, Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsi və ictimai təşkilatları tərəfindən müvafiq əmrlərlə torpaq sahəsi ayrılmış digər vətəndaşlarla yanaşı iddiaçının da adı qeyd olunmuş, həyətyanı torpaq sahəsinin naturada bölgüsü RİK-in memarlıq şöbəsi ilə razılaşdırıldıqdan sonra sovxozun 284 nömrəli xx.xx.1990-cı il tarixli məktubuna əsasən fərdi ev tikilməsi məqsədəmüvafiq hesab edilmişdir. Bundan əlavə, Masazır bələdiyyəsinin yerquruluşu planından (miqyas 1:10000) çıxarış Masazır bələdiyyəsi və Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən imzalanaraq təsdiq edilmişdir (koordinatlar əlavə edilməklə). Ayrıc aktına, baş plana münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu və 3.0.31ci bəndlərində vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Göründüyü kimi yerquruluşu, habelə torpaq sahələrində mərzçəkmə işlərinin aparılması cavabdehin qanunvericiliklərdən irəli gələn öhdəliyidir. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Eləcə də ayrıc aktının forma və məzmunu barədə hər hansı bir imperativ xarakter daşıyan hüquq norması mövcud deyil. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçıya müvafiq qərarlarla torpaq sahəsi ayrılan zaman ilkin baş planın və ayrıc aktının təqdim edilməməsində iddiaçının təqsiri yoxdur. Baş plana gəldikdə isə iddiaçıya torpaq sahəsinin yerləşdiyi ərazinin müvafiq qaydada təsdiq olunmuş yerquluşu planı təqdim edilmiş, lakin qeyd olunan sənəd cavabdeh təşkilatı qane etməmişdir. Torpaq sahəsinə dair yerquruluşu planında torpaq sahəsinin yerləşdiyi yer və koordinatları qeyd edilmişdir. Belə olan halda isə müvafiq torpaq sahəsinə dair ayrıc aktının və ilkin baş planın arxiv idarəsinə təhvil verilməməsi və aşkar edilməməsi halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Bu isə bir daha olaraq cavabdeh təşkilatın ilkin imtinasının əsassız olmasına dəlalət edir. İkinci imtinaya münasibətdə məhkəmə qeyd edir ki, Abşeron rayonu Xırdalan qəsəbə XDS İK-nın 29 noyabr 1990-cı il tarixli, 84/3 saylı qərarı həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə məqsədilə verilsə də, arxiv çıxarışından da göründüyü kimi torpaq sahəsi ayrılmış vətəndaşların siyahısında iddiaçının da adı qeyd edilmişdir. Belə ki, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış daşınmaz əmlak obyektləri üzərində hüquqların qeydə alınması üçün əsas hesab edilir. Üçüncü imtinada qeyd olunan sözügedən torpaq sahəsinin 100 kv.m hissəsinin **********14-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunan daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışa əsasən mübahisəli torpaq sahəsi "xxxx" MTK-ya məxsus torpaq sahəsi ilə üstə-üstə düşür. Məhkəmə tərəfindən həmin hüquqi şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. "xxxx" MTK tərəfindən notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən mübahisəli torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə heç bir etiraz edilməmişdir. Bundan əlavə iddiaçı dəqiqləşmə ərizəsi təqdim edərək Xırdalan qəsəbə XDS İK-nın 84/3 saylı, 29 noyabr 1990-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmiş 0.0571 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və plan-ölçü sənədinin verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, üçüncü şəxsin hüquqlarının pozulması hazırkı halda müəyyən edilmədiyindən bu hissədə də etiraz əsassızdır. Sonuncu imtinaya münasibətdə məhkəmə öz mövqeyini “iddianın mümkünlük hissəsində” bildirmişdir. Belə ki, hazırkı iddia tələbi öhdəliyin icrası (bu iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər) növündə iddialara aid edildiyindən və bu iddia növündə iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən məhkəmə hesab edir ki, həmin hissədə də etiraz əsassız və qanunsuzdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı). Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması ilə bağlı cavabdehin irəli sürdüyü etirazlar əsassız olduğundan iddia təmin edilməli, Xırdalan qəsəbə XDS İK-nın 84/3 saylı, 29 noyabr 1990-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmiş 0.0571 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Xırdalan qəsəbə XDS İK-nın 84/3 saylı, 29 noyabr 1990-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmiş 0.0571 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar