Məhkəmə qərarları › İş №2-1(118)-564/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-564/2022

11.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-564/2022 11.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “10 noyabr 2021-ci il tarixli **********17 saylı imtinanın qanunsuz hesab edilməsi, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə 0,10 ha torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “10 noyabr 2021-ci il tarixli **********17 saylı imtinanın qanunsuz hesab edilməsi, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə 0,10 ha torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2007-ci ildə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə Uzunmeşə (indiki Alpan) Bələdiyyəsinə aid olan ərazinin hüdudları daxilində yerləşən 0,10 ha torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. Həmin torpaq sahəsinin ona satılması barədə alqı-satqı aktı 23 avqust 2007-ci ildə təsdiq edilmiş və 29 avqust 2007-ci ildə 820 № ilə Quba rayon torpaq şöbəsində qeydiyyata alınmışdır. Aldığı vaxtdan həmin torpağ sahəsi onun mülkiyyətindədir. Həm də həmin torpaq sahəsinə görə hər il vergi ödəməklə birgə, hal-hazırda vergi borcu yoxdur. Həmin torpaq sahəsində ev tikmək məqsədilə Daşınmaz Əmlakın Reyestr Xidmətindən torpağa dair çıxarış almaq üçün müraciət etmişdir. Lakin Daşınmaz Əmlakın Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən həmin torpağa dair mülkiyyət hüququnu müəyyən edən sənədlərin əsli olmadığı üçün torpağa dair çıxarışı verməkdən imtina edərək məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Torpağın alqı-satqısına dair aktın və sənədlərin əsilləri itdiyindən tapmaq qeyri mümkündür. Torpaq haqqında sənədlərin əsillərini bərpa etmək məqsədi ilə X2 rayon şöbəsinə və Alpan kənd bələdiyyəsinə müraciət etmişdir. Alpan kənd bələdiyyəsindən aldığı cavabdan görünür ki, 2010-cu ilədək olan sənədlər bələdiyyədə qalmamışdır. Dövlət arxivi də 2010-cu ilədək olan sənədlərin Alpan kənd bələdiyyəsindən arxivə daxil olmadığını bildirmişdir. Onda torpağın alqı-satqısına dair aktın surəti, Uzunmeşə kənd bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 10 saylı iclas protokolundan çıxarışın surəti, torpağın onun istifadəsində olması və vergi borcunun olmaması barədə arayışın əsli, torpağın alınmasına verilmiş 200 manat pulun qəbzinin surəti, torpağ sahəsinin xəritəsinin surəti, Quba Rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin rəyinin əsli, Alpan kənd bələdiyyəsinin Uzunmeşə kənd xəritəsindən çıxarışın əsli mövcuddur. Bütün yuxarıda qeyd olunan sənədlərin mövcudluğuna baxmayaraq Dövlət Daşınmaz Əmlakının Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi 23 avqust 2007-ci il tarixdə bağlanmış aktın və mülkiyyət hüququnu təsdiq edilən sənədlərin etibarlı sayılmasını təsdiq edən məhkəmə qətnaməsini tələb edirlər. Bu səbəbdən də aldığı 0,10 ha torpağ sahəsində fərdi ev tikib yaşaya bilmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, vətəndaş İddiaçı Quba rayonu, Alpan kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 25.10.2021-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətdə qeyd edilmişdir ki, torpaq sahəsinin satılması barədə 23 avqust 2007-ci ildə təsdiq edilmiş alqı-satqı aktının əsli mövcud deyildir. Ərizəyə 10.11.2021-ci il tarixli **********17 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, "Bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını aparır. Ərizənizə əlavə olunmuş torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əsillərini təqdim edə bilmədiyi üçün ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş qaydada hüquqların dövlət qeydiyyatına əsas olan hüquq müəyyənedici sənədlərin əsilləri təqdim olunacağı təqdirdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır.” Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Ərazi İdarəsi tərəfindən vətəndaşa verilmiş cavab məktubunda “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası qanunu ilə nəzərdə tutulan qaydada sənədlərin təqdim edilməsi və müraciət olunması göstərilir və həmin məktub hüquqların dövlət qeydiyyatının aparılmasından imtina olunması barədə deyildir. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, ərizəyə dair texniki hissə ilə bağlı heç bir münasibət bildirilməmişdir, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 10 noyabr 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X2 filialının 07 dekabr 2018-ci il tarixli, 2277 saylı məktubunda qeyd edilmişdir ki, filialda mühafizə olunan Quba rayonu Uzunmeşə bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 10 nömrəli iclas protokoluna aid ilkin sənədlər X2 filialına təhvil verilməmişdir. - İş materiallarına Quba rayonu, Uzunmeşə bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 10 saylı iclas protokolundan çıxarışın, Quba rayon İcra Hakimiyyəti başçısının 24 may 2021ci il tarixli 318 saylı rəyinin, Quba rayonu Alpan bələdiyyəsinin arayışının, torpaqların alqısatqısına dair arayışın surətləri əlavə edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı Quba rayonu, Uzunmeşə bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını məhkəmədən xahiş edir. Lakin Quba rayonu, Uzunmeşə bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 10 saylı iclas protokolundan çıxarışın, Quba rayon İcra Hakimiyyəti başçısının 24 may 2021-ci il tarixli 318 saylı rəyin, Quba rayonu Alpan bələdiyyəsinin arayışının, torpaqların alqı-satqısına dair arayışın surətlərini məhkəməyə təqdim etmiş, eyni zamanda məhkəmədə iddia qaldırmamışdan öncə cavabdeh inzibati orqana da qeyd edilən sənədləri təqdim etmişdir. Beləliklə nə inzibati icraat zamanı inzibati orqana, nə də inzibati məhkəmə icraatı zamanı məhkəməyə sözügedən sənədlərin əslləri təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Yuxarıda qeyd olunanlardan göründüyü kimi hüquqların dövlət qeydiyyatı üçün kifayət qədər əsaslar olmadığı üçün, inzibati orqan tərəfindən qeydiyyat aparılmamışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “10 noyabr 2021-ci il tarixli **********17 saylı imtinanın qanunsuz hesab edilməsi, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə 0,10 ha torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “10 noyabr 2021-ci il tarixli **********17 saylı imtinanın qanunsuz hesab edilməsi, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə 0,10 ha torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar