Məhkəmə qərarları › İş №2-1(118)-564/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-564/2023

05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-564/2023 05.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “F-425 saylı, 17 avqust 2020-ci il tarixli arxiv arayışına əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsinə və onun üzərində yerləşən sentyabr 1989-cu il tarixli fərdi yaşayış evinin texniki pasportunda göstərilən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mərhum atası İmani Xasməmməd oğlunun adına arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron ərazi idarəsinə qarşı iddia qaldıraraq “Abşeron rayonu Masazır kəndində yerləşən X4 oğluna məxsus fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “F-425 saylı, 17 avqust 2020-ci il tarixli arxiv arayışına əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsinə və onun üzərində yerləşən sentyabr 1989-cu il tarixli fərdi yaşayış evinin texniki pasportunda göstərilən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mərhum atam İmani Xasməmməd oğlunun adına arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Masazır kəndində yerləşən iddiaçının mərhum atası İmani Xasməmməd oğluna məxsus fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2021-ci tarixli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri əlavə etmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi aidiyyəti olmayan bəhanələr gətirməklə dövlət qeydiyyatının aparılmasından xx.xx.2021 -ci il tarixli bildirişlə imtina elmişdir. Həmçinin cavabdeh imtina məktubunda qeyd edilmişdir ki, “Abşeron rayonu Masazır kəndində yerləşən X4 oğluna məxsus fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizə baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş 98 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, torpaq sahəsinin konfiqurasiyasının dəyişdirildiyi, sözügedən fərdi yaşayış evinin yerquruluşu planından çıxarışa əsasən göstərilən torpaq sahəsindən kənarda yerləşdiyi aşkar edilmişdir. Həmçinin daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə keçirilən zaman sənədlər toplusuna əlavə edilmiş texniki pasportda göstərilən fərdi yaşayış evinin 1 saylı otağın söküldüyü müəyyən edilmişdir. Bundan başqa təqdim edilmiş sənədlərdə göstərilən mövcud fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin ölçülərində fərq olduğu aşkar edilmişdir. Belə ki, texniki pasportda 0.1722 ha torpaq sahəsi, arxiv arayışında isə 0.06 ha torpaq sahəsi göstərilsə də, baxış keçirilmiş ərazidə 0.10 ha torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilir.” Hazırda cavabdehin İmtinası ilə razı olmadığına görə mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində atasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən X4 oğluna məxsus fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı:

1. Müraciət üzrə əlavə edilmiş 98 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə (yerquruluşu planından çıxarış) yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu torpaq sahəsinin konfiqurasiyasının dəyişdirildiyi;

2. Fərdi yaşayış evinin yeruquruluşu planından çıxarışa əsasən göstərilən torpaq sahəsindən kənarda yerləşdiyi;

3. Sənədlər toplusuna əlavə edilmiş texniki pasportda göstərilən fərdi yaşayış evinin 1 saylı otağın söküldüyü (aşkarlanmadığı);

4. Təqdim edilmiş sənədlərdə göstərilən möcvud fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin ölçülərində fərq olduğu, yəni texniki pasportda 0.1722 ha torpaq sahəsi, arxiv arayışında isə 0.06 ha torpaq sahəsi göstərilsə də, baxış keçirilmiş ərazidə 0.10 ha torpaq sahəsinin olduğu aşkar edilmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üşüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. O zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı qaydaları”na Əlavədə torpaqların alqı-satqısına dair akt forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə torpaqların alqı-satqıdı qaydalarına əlavədən “Torpaqların alqı-satqısına air akt” çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunun qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyilsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasında imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qanunun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - “Fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportu”ndan görünür ki, iddiaçının mərhum atası İmani Xasməmməd oğlunun adına Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsində yerləşən yaşayış evinə dair 98 inventar nömrəli, sentyabr 1989-cu il tarixli texniki pasport tərtib edilmiş, texniki pasport Texniki İnventarlaşdırma Bürosunun möhürü ilə təsdiqlənmişdir. - Abşeron rayon Dövlət Arxivinin F-425 saylı, xx.xx.2020-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, 1996-2000-ci illərin məlumatlarına görə İmani Xasməmməd oğlunun adına ümumi torpaq sahəsinin 0.06 ha olması göstərilmişdir. - AZ-İ № 905632 saylı, xx.xx.2017-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, İmani Xasməmməd oğlu 29 oktyabr 2017-ci il tarixdə ölmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “ASAN Xidmət” mərkəzində xüsusi notariat kontoru tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 1295 saylı məktubdan görünür ki, İddiaçı xx.xx.2017-cı il tarixdə vəfat etmiş İmani Xasməmməd oğlunun vərəsəsidir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 29 iyul 2021-ci il tarixli bildirişdən görünür ki, mübahisə predmeti olan torpaq sahəsi və yaşayış sahəsi üzərində iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 29 iyul 2021-ci il tarixli, **********00 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün iddia olmala yanaşı, həm də əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının atası İmani Xasməmməd oğlunun adına Abşeron rayonu, Masazır kəndində yerləşən yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair 98 inventar nömrəli texniki pasport tərtib edilmiş, Texniki İnventarlaşdırma Bürosunun möhürü ilə təsdiqlənmişdir. İddiaçı həmin fərdi yaşayış evi və onun üzərində yerləşdiyi torpaq sahəsi ilə bağlı hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabehin 29 iyul 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasının əsası kimi:

1. Müraciət üzrə əlavə edilmiş 98 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə (yerquruluşu planından çıxarış) yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu torpaq sahəsinin konfiqurasiyasının dəyişdirildiyi;

2. Fərdi yaşayış evinin yeruquruluşu planından çıxarışa əsasən göstərilən torpaq sahəsindən kənarda yerləşdiyi;

3. Sənədlər toplusuna əlavə edilmiş texniki pasportda göstərilən fərdi yaşayış evinin 1 saylı otağın söküldüyü (aşkarlanmadığı) bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, “Fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportu” əsasında Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq ahəsi və onun üzərindəki yaşayış evi iddiaçının mərhum atasının mülkiyyətində və istifadəsində olmuşdur. X1 mülkiyyətində torpaq sahəsinin olmasını Abşeron rayon Dövlət Arxivinin F-425 saylı, xx.xx.2020-ci il tarixli arxiv arayışı da təsdiq edir. İmani Xasməmməd oğlunun ölümündən sonra, iddiaçı onun qanuni vərəsəsi kimi tanınmış və mübahisələndirilən torpaq sahəsi və yaşayış evi onun istifadəsində olmuşdur. İddiaçı qeyd edilən yaşayış evi və onun üzərində yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair cavabdeh orqana müraciət etmiş, lakin cavabeh tərəfindən onun müraciəti təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Fərmanının 2.4-cü maddəsinə əsasən, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin əsası hesab olunur. Siyahının 1.11-ci bəndində qeyd edilir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar müvafiq əmlaka hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. İş materiallarından göründüyü kimi, iddiaçının atasının adına tərtib edilən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport 1989-cu ildə tərtib edilmişdir. Odur ki, İmani Xasməmməd oğlunun qanuni vərəsəsi kimi onun oğlu olan hazırkı iş üzrə iddiaçının həmin torpaq sahəsinin və üzərində yerləşən yaşayış evinin mərhum atasına məxsus olması barədə arayış alması üçün qanuni əsaslar yaranmışdır. Məhkəmə icraatı zamanı cavabdehin yazılı etirazında qeyd etdiyi halların araşdırılması və mütəxəssis rəyinin təqdim edilməsi üçün cavabdeh inzibati orqana məktub ünvanlanmışdır. Məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində “sentyabr 1989cu il tarixli fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportunda göstərilən fərdi yaşayış evinin yerləşdiyi 0.1722 ha torpaq sahəsinin sənədi daxilində İddiaçı faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsinin koordinatları ilə üst-üstü düşdüyü; İddiaçı faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsinin konfiqurasiyasının sentyabr 1989-cu il tarixli fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportunda göstərilən fərdi yaşayış evinin yerləşdiyi 0.1722 ha torpaq sahəsinin konfiqurasiyası ilə uyğun gəldiyi; texniki pasportda göstərilən fərdi yaşayış evinin naturada möcvud olduğu, iddiaçının faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsinin koordinatları yuxarıda adı qeyd edilən texniki pasportda göstərilən 0.1722 ha torpaq sahəsinin ölçüsü daxilində yerləşdiyi” qeyd edilmişdir. Məkəməyə təqdim edilmiş mütəxəssis rəyi və iddiaya qarşı yazılı etiraz eyni inzibati orqan tərəfindən tərtib edilməsinə baxmayaraq, təqdim edilmiş məlumatlar tamamilə zidd məzmunda tərtib etmişdir. Yaranmış ziddiyyətin aydınlaşdırılması üçün mütəxəssis məhkəmə iclas zalına dəvət olunmuş və mütəxəssis məhkəməyə təqdim edilmiş rəyi birdaha təsdiq etmişdir. Əlavə olaraq da bildirmişdir ki, fərdi yaşayış evinin 1 saylı otağı tam deyil, yarı formada sökülmüş və hal-hazırda yarımtikili vəziyyətindədir. Beləliklə, məhkəmə cavabdeh inzibati orqanın qeyd olunan dəlillərinə münasibətdə bildirir ki, cavabdehin qeyd etdiyi hallar formal tələblərə əsaslanır və əsassızdır. Məhkəmə cavabdehin mübahisəli torpaq sahəsinin 0.06 ha göstərilsə də, faktiki vəziyyətdə 0.10 ha olması dəlilinə münasibətdə bildirir ki, cavabdehin bu dəlili də əsassızdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadədə olan torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi arasında ölçü fərqi vardır. Belə ki, faktiki istifadədə olan torpaq sahəsinin ölçüsü sənəd üzrə torpaq sahəsinin ölçüsündən azdır və iddiaçı onun faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması niyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçı sənəd üzrə göstərilmiş ölçüdən artıq torpaq sahəsindən istifadə etmiş olsaydı, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə, həmçinin artıq torpaq sahəsindən qanunsuz istifadə ilə nəticələnmiş olardı. Lakin hazırki halda iddiaçı nəinki artıq torpaq sahəsindən istifadə etmir, əksinə onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü sənəd üzrə qeyd edilmiş torpaq sahəsinin ölçüsündən azdır. Bu səbəbdən də məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilini də əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İstinad olunan normaların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə qeyd edir ki, iddiaçının atasının mübahisələndirilən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqları yarandığından, həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq arayış verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, F-425 saylı, 17 avqust 2020-ci il tarixli arxiv arayışına əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsinə və onun üzərində yerləşən sentyabr 1989-cu il tarixli fərdi yaşayış evinin texniki pasportunda göstərilən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq iddiaçının mərhum atası İmani Xasməmməd oğlunun adına arayışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. F-425 saylı, 17 avqust 2020-ci il tarixli arxiv arayışına əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsinə və onun üzərində yerləşən sentyabr 1989-cu il tarixli fərdi yaşayış evinin texniki pasportunda göstərilən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq iddiaçının mərhum atası İmani Xasməmməd oğlunun adına arayışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar