Məhkəmə qərarları › İş №2-1(118)-565/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-565/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-565/2023 09.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Masazır kənd nümayəndəliyi Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun xx.xx.1995-ci il tarixli 84 nömrəli məktubu əsasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 nömrəli sərəncamına əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində iddiaçının adına plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Masazır kənd nümayəndəliyi Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun xx.xx.1995-ci il tarixli 84 nömrəli məktubu əsasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 nömrəli sərəncamına əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində iddiaçının adına plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xırdalan südçülük-tərəvəzçilik savxozunda işləyən fəhlə və qulluqçulara verilən həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikilməsi haqqında Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 nömrəli sərəncamına əsasən Masazır kənd nümayəndəliyi Xırdalan südçülük-tərəvəzçilik savxozunun direktorunun xx.xx.1995-ci il tarixli 84 nömrəli məktubuna əsaslanaraq Məmmədova (Cəfərova) Rəhilə Cəfərqulu qızına 0.10 ha torpaq sahəsi fərdi ev tikmək üçün ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin xx.xx.2014-cü il tarixli 1685 nömrəli rəyinə əsasən həmin torpaq sahəsinin qanuna müvafiqliyi və DTXKnin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmədiyi öz təsdiqini tapmışdır. Həmin torpaq sahəsinin yer quruluşu və planı Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən də öz təsdiqini tapmışdır. O, həmin torpaq sahəsini artıq 26 ildirki təyinatı üzrə fasiləsiz və etirazssız istifadə edir. Tərəfindən həmin torpaq sahəsi uzun müddət istifadə edildiyindən “torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanına əsasən torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyesterində adına qeydiyyatdan keçməsi üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********36 nömrəli məktubla cavab verilərək həmin torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıca aktı təqdim edilməməsini, sözügedən torpaq sahəsinin paylayıcı qaz xətti və yüksək gərginlikli elektrik xəttinin (6 və 220 KVT) mühafizə zolağında yerləşdiyinin aşkar edildiyini, bundan əlavə həmin torpaq sahəsi üzrəndə hüquqların daşınmaz əmlakın Dövlət reyesterirndə qeydiyyata alınması ilə bağlı digər şəxs tərəfindən müraciətin daxil olduğunu, eyni zamanda daşınmaz əmlaka dair mübahisə olduğunu əsas gətirərək imtina cavabı verilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina formal əsaslarla göstərildiyindən imtina qanunsuz və əsassız hesab edilməklə iddia ərizəsi təmin edilməli və həmin torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyesterindən onun adına qeydiyyatdan keçirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, həmin torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıca aktı təqdim edilməməsi ilə bağlı gəldiyi nəticəyə münasibət olaraq qeyd edir ki, həmin torpaq sahəsi sərəncamla ona verilərkən torpaq sahəsinin baş planı ona verilməsə də, həmin torpaq sahəsinə dair Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən yer qurluşu və planına dair ona lahiyə verilmişdir. Cavabdehin imtina məktubunun ikinci əsası olan sözügedən torpaq sahəsinin paylayıcı qaz xətti və yüksək gərginlikli elektrik xəttinin (6 və 220 KVT) mühafizə zolağında yerləşdiyinin aşkar edildiyi ilə bağlı göstərilənlərə münasibət olaraq qeyd edir ki, göstərilən elektrik xətti həmin torpaq sahəsində təxminən 50 metr məsafədən keçir və qüvvədə olan qanunvericiliyə əsasən elektrik xəttinin torpaq sahəsindən qeyd olunan məsafədən keçməsi torpaq sahəsinin vətəndaşın mülkiyyətinə verilməməsinə heç bir əsas ola bilməz. Bundan əlavə həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınması ilə bağlı digər şəxs tərəfindən müraciətin daxil olduğunu, eyni zamanda daşınmaz əmlaka dair mübahisə olduğunu əsas gətirməsi olmuşdur. Bu hissəyədə münasibət olaraq qeyd edir ki, həmin torpaq sahəsi ilə bağlı Azər adlı şəxs dəfələrlə onlara müraciət edərək torpağın ona aid olmasını iddia etmiş və bununla bağlı tərəfindən Abşeron RPİ-nə müraciət olunmuş və Abşeron RPİ-nin təhqiqat şöbəsinin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarına əsasən toplanmış materiallar rədd edilmişdir. Qeyd eldiyi kimi həmin torpaq sahəsi artıq 26 ildir ki, onun faktiki istifadəsindədir. Həmin torpaq sahəsini fasiləsiz və etirazsız istifadə edir və bu əsaslarla eyni zamanda torpaq sahəsinin ona məxsus olmasını təsdiq edəcək hüquqmüəyyəncdici sənədlərə əsasən onun adına dövlət qeydiyyatından keçirilməlidir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının nümayəndəsi X1 16 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: 1.Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 06 avqust 1996-cı ii tarixli, 28 nömrəli qərarına dair ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilmədiyi; 2.Torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu; 3.Torpaq sahəsinin paylayıcı qaz xəttinin mühafizə zolağında yerləşdiyi; 4.Torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin (6 və 220 KVT) mühafizə zolağında yerləşdiyi; 5.Sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı digər şəxs ("xxxx" MMC) tərəfindən müraciət daxil olduğu, eyni zamanda daşınmaz əmlaka dair mübahisə olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəlləsinin 67cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən əsasən 6 kvt elektrik xəttlərinin mühafizə zonası hava elektrik ötürücü xəttləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 10 metr məsafədə, 220 kvt elektrik xəttlərinin mühafizə zonası hava elektrik ötürücü xəttləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 25 metr məsafədə müəyyənləşdirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanının 2.5ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri aiddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin 664 saylı Fərmanına əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozunun yenidən təşkili qaydasında (həmin Sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və-s. əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində” hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununauyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər olduğu halda həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Məcəllənin 13-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istsfadə edilir; kənd təsərrüfatı torpaqlarında kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Məcəllənin 13-cü maddəsinin 3-cü bəndinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi onların müvafiq icra hakimiyyəti orqanının (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 saylı Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada bir kateqoriyadan digər kateqoriyaya keçirildikdən sonra mümkündür. Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etməyə borcludurlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqan (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında-ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdın İmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 21 iyul 2022-ci il tarixli bildirişindən görünür ki, iddiaçının torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. - Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 06 avqust 1996-cı il tarixli, 28 saylı sərəncamından görünür ki, Masazır kənd nümayəndəliyi Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun 26 aprel 1995-ci il tarixli, 84 nömrəli məktubu əsasında X2 fərdi ev tikintisi üçün 0.1 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş 1685 saylı, xx.xx.2014-cü il tarixli rəydə qeyd olunmuşdur ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəsinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamına əsasən X2 0.10 ha olmaqla ayrılmış torpaq sahəsi qanunamüvafiqdir və DTXK-nin Abşeron rayon Şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. - X2 ayrılması nəzərdə tutulmuş 0,10 ha həyətyanı torpaq sahəsinə dair Abşeron rayonu Masazır Bələdiyyəsinin yerquruluşu planından çıxarış tərtib edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin məhkəmə sorğusuna ünvanlanmış 07 oktyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı (yararsız) təyinatlı olmaqla, məqsədi istifadə növü sahibkarlıq kimi qeyd olunmuşdur. Torpaq sahəsinin paylayıcı qaz xətti və yüksək gərginlikli elektrik xəttinin (6 və 22 KVT) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Eyni zamanda "xxxx" MMC tərəfindən cavabdeh inzibati orqana edilmiş müraciət və ona əlavə edilmiş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmə sorğusuna ünvanlanmış 28 sentyabr 2022-ci tarixli cavab məktubunda qeyd edilmişdir ki, Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlarda yerləşən torpaq sahələri Mərkəzin elektron kadastr məlumat bazasında olan məlumatlara əsasən dövlət torpaq fondunun ərazisinə (Masazır gölünün ərazisinə) düşür. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə sorğusuna ünvanlanmış 04 oktyabr 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən, İddiaçı məxsus 0.10 ha torpaq sahəsi yaxınlıqdan keçən "xxxx" ASC-yə məxsus 220 kV-luq “2-ci Zabrat” hava xəttinin mühafizə zonası xaricindədir. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə sorğusuna ünvanlanmış 04 oktyabr 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən, İddiaçı məxsus 0.10 ha torpaq sahəsi Səhmdar xəmiyyətin balansında olan 10 kV-luq “Gölətrafı” elektrik hava xəttindən 11 (on bir) metr aralıda yerləşir. - “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəmə sorğusuna ünvanlanmış 22 noyabr 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən, İddiaçı məxsus 0.10 ha torpaq sahəsinin ərazisindən (koordinatları X40.494477, Y49.760522) “Azəriqaz” İstehsalat Birliyinin Bakı X5 Departamentinə məxsus yeraltı və yerüstü qaz xətləri keçmir.

1. Torpaq sahəsinin ərazisindən "xxxx" MMC-yə məxsus qazdoldurma kompressor stansiyasına məxsus D-159 mm-lik yerüstü 4 atm yüksək təzyiqli qaz xətti keçir (Qaz xəttinin mühafizə zonası pozulmuşdur).

2. Torpaq sahəsinin yaxınlığından BRQİD-nə məxsus yeraltı orta təzyiqli PE-160 mm-lik qaz xətti keçir. (Məsafə 15 metr mühafizə zonası pozulmamışdır).

3. Torpaq sahəsi SOCAR-a məxsus pay-hasilat torpaqlarının ərazisinə düşmür. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin məhkəmə sorğusuna ünvanlanmış 04 fevral 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin yaxın qonşuluğunda yerləşən torpaq sahələri üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Müvafiq çıxarışlar məktuba əlavə edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1. subyektiv hüququnun olub-olmamasını; 2.cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını; 3. qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını; 4. inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə idda qaldırdığı torpaq sahəsini faktiki olaraq istifadə etdiyinə görə iddia qaldırmağa subyektiv hüququ vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq həmin orqanın hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması həmin orqana aiddir. Belə olduğu tədqirdə cavabdeh inzibati orqanın hazırkı iddia tələbinə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********36 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Mübahisənin məhkəmə aidiyyatına münasibətdə məhkəmə qeyd edir ki, hazırki mübahisə öhdəliyin icrası haqqında olduğundan bu mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 06 avqust 1996-cı il tarixli, 28 saylı sərəncamı ilə Masazır kənd nümayəndəliyi Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun 26 aprel 1995-ci il tarixli, 84 nömrəli məktubu əsasında X2 fərdi ev tikintisi üçün 0.1 ha torpaq sahəsi verilməsi qərar alınmışdır. İddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı Abşeron rayonu Masazır Bələdiyyəsinin yerquruluşu planından çıxarış da tərtib edilmişdir. Qeyd olunan hüquqmüəyyənedici sənədlərə əsaslanan iddiaçı ona ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə ərizə ilə cavadeh idarəyə müraciət etmişdir. Lakin cavabdehin 21 iyul 2022-ci il tarixli imtina məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, cavabdeh inzibati orqan imtinasının əsasları kimi: 1.Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş Abşeron rayon İcra Hakimiyyəti başçısını Masazır kəndi üzrə nümayəndəsinin 06 avqust 1996-cı il tarixli, 28 nömrəli qərarına dair ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilmədiyini; 2.Torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğunu; 3.Torpaq sahəsinin paylayıcı qaz xəttinin mühafizə zolağında yerləşdiyini; 4.Torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin (6 və 220 KVT) mühafizə zolağında yerləşdiyini; 5.Sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı digər şəxs ("xxxx" MMC) tərəfindən müraciət daxil olduğu, eyni zamanda daşınmaz əmlaka dair mübahisə olduğu aşkar edilməsini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın qeyd etdiyi dəlillərə əsasən sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası əsassız olmuşdur. İlk olaraq məhkəmə qeyd edir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 06 avqust 1996-cı il tarixli, 28 saylı sərəncamı ilə Masazır kənd nümayəndəliyi Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun 26 aprel 1995-ci il tarixli, 84 nömrəli məktubu əsasında X2 fərdi ev tikintisi üçün 0.1 ha torpaq sahəsi verilməsi qərar alınmışdır. Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş Abşeron rayon İcra Hakimiyyəti başçısını Masazır kəndi üzrə nümayəndəsinin 06 avqust 1996-cı il tarixli, 28 nömrəli qərarına dair ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilməməsi vətəndaşın əleyhinə şərh olunmamalıdır. Eynizamanda mübahisəli torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş 1685 saylı, xx.xx.2014-cü il tarixli rəydən aydın olur ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 06 avqust 1996-cı il tarixli, 28 saylı sərəncamı ilə X2 fərdi ev tikintisi üçün ayrılmış 0.10 ha torpaq sahəsi verilməsi qanuna müvafiqdir. Beləliklə, iddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxildir. Məhkəmə cavabdeh orqanın ikinci, yəni torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması dəlilinə münasibətdə bildirir ki, məhkəmə tərəfindən torpaq sahəsinin təyinatının və hüquqi rejiminin müəyyən edilməsi ilə bağlı cavabdeh orqana sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin məhkəmə sorğusuna ünvanlanmış 07 oktyabr 2022-ci il tarixli məktubunda mübahisəli torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı (yararsız) təyinatlı olması qeyd edilmişdir. Göründüyü kimi cavabdeh orqan öz məktubu ilə imtinasında göstərdiyi dəlili təkzib etmiş, torpaq sahəsinin kənd təsərrüfatına yararsız olduğunu bildirmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Qanunun 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri qeyri-kənd təsərrüfatı ehtiyacları üçün bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararsız torpaqlarını texniki, tikinti və digər müvafiq normativlərə uyğun olaraq müəyyən edilmiş ölçüdə və qaydada satın ala bilərlər. Torpaq sahəsinin hüquqi statusu Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4cü maddəsinin 3-cü bəndində müəyyən edilir. Həmin normaya görə, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Məcəllənin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vahid torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Məcəllənin 11-ci maddəsində torpaq sahəsinin məhdudiyyətli istifadəsi onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadəsi kimi müəyyən olunub. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən, torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının (NK) qərarı ilə yol verilir. Cavabdeh orqan imtinasının digər əsasları kimi torpaq sahəsinin paylayıcı qaz xəttinin mühafizə zolağında və yüksək gərginlikli elektrik xəttinin (6 və 220 KVT) mühafizə zolağında yerləşdiyini qeyd etmişdir. Qeyd olunan hallarla bağlı halların aydınlaşdırılması üçün məhkəmə tərəfindən müvafiq orqanlara sorğular verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə sorğusuna ünvanlanmış 04 oktyabr 2022-ci il tarixli cavab məktubunda Abşeron rayonu, Masazır kəndində yerləşən, İddiaçı məxsus 0.10 ha torpaq sahəsi yaxınlıqdan keçən "xxxx" ASC-yə məxsus 220 kV-luq “2-ci Zabrat” hava xəttinin mühafizə zonası xaricində olduğunu qeyd etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə sorğusuna ünvanlanmış 04 oktyabr 2022-ci il tarixli cavab məktubunda İddiaçı məxsus 0.10 ha torpaq sahəsi yaxınlıqdan keçən "xxxx" ASC-yə məxsus 220 kV-luq “2-ci Zabrat” hava xəttinin mühafizə zonası xaricində olduğu qeyd edilmişdir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəmə sorğusuna ünvanlanmış 22 noyabr 2022-ci il tarixli cavab məktubunda Abşeron rayonu, Masazır kəndində yerləşən, İddiaçı məxsus 0.10 ha torpaq sahəsinin ərazisindən (koordinatları X40.494477, Y49.760522) “Azəriqaz” İstehsalat Birliyinin Bakı X5 Departamentinə məxsus yeraltı və yerüstü qaz xətləri keçmədiyi, lakin Torpaq sahəsinin ərazisindən "xxxx" MMC-yə məxsus qazdoldurma kompressor stansiyasına məxsus D-159 mm-lik yerüstü 4 atm yüksək təzyiqli qaz xətti keçdiyi, qaz xəttinin mühafizə zonası pozulduğu qeyd edilmişdir. Həmçinin məhkəməyə sorğu əsasında cavabdeh orqan tərəfindən verilmiş mütəxəssis rəyində elektron məlumat bazasına əsasən Abşeron rayonu Masazır Bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən 0.12 ha torpaq sahəsiin su fondu torpaqları daxilində dəniz və göllər kateqoriyasına aid olması, iddiaçıya ayrılmış 0.12 ha torpaq sahəsinin Masazır gölünün ərazisinə düşməsi qeyd edilmişdir. Məhkəmə qeyd olunan dəlillərə münasibətdə bildirir ki, məhkəməyə sorğu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsindən daxil olmuş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışların surətlərindən və mütəxəssis rəyinə əlavə edilmiş ortofoto xəritəsindən çıxarışdan görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri mövcuddur. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Məhkəmə cavabadeh orqanın sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı digər şəxs ("xxxx" MMC) tərəfindən müraciət daxil olduğu, eyni zamanda daşınmaz əmlaka dair mübahisə olduğu aşkar edilməsi dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə sorğu əsasında cavabdeh orqan tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, təqdim olunmuş iş materialında elektron məlumat bazasına əsasən iddiaçıya ayrılmış Abşeron rayonu Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən 0.12 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları "xxxx" MMC-yə məxsus torpaq sagəsi ilə üst-üsə düşmür, torpaq sahəsinin koordinatlarının başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmədiyi qeyd edilmişdir. Əgər qeyd edilən hal mövcud olsa idi, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə, həmçinin artıq torpaq sahəsindən qanunsuz istifadə ilə nəticələnmiş olardı. Bu səbəbdən də məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilini də əsassız hesab edir. Beləliklə də, iddiaçıya torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə bağlı cavabdeh orqanın imtina məktubunda göstərdiyi dəlillər tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Masazır kənd nümayəndəliyi Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun xx.xx.1995-ci il tarixli 84 nömrəli məktubu əsasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 nömrəli sərəncamına əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində İddiaçı adına dövlət reyestrindən çıxarışın və plan və ölçünün tərtib edilərək verilməsi” vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. Masazır kənd nümayəndəliyi Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun xx.xx.1995-ci il tarixli 84 nömrəli məktubu əsasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 nömrəli sərəncamına əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh inzibati üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar