Məhkəmə qərarları › İş №2-1(118)-5659/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5659/2024

10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5659/2024 10.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı Əzimova (Qənbərova) Könül Məzahir qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Qobu bələdiyyəsinin 22 noyabr 2006-cı il tarixli, 13 nömrəli qərarı ilə Əzimova (Qənbərova) Könül Məzahir qızına satılmış 0.08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əzimova (Qənbərova) Könül Məzahir qızı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, İddiaçı xx xxxx 1971-ci il tarixdə anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır. Abşeron rayonu, Qobu bələdiyyəsinin 22 noyabr 2006-cı il tarixli, 13 nömrəli qərarı ilə Abşeron rayonu Qobu qəsəbəsinin bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında fərdi mənzil tikintisi məqsədi ilə 0.08 ha torpaq sahəsinin Qənbərova (Əzimova) Könül Məzahir qızına satılması qərara alınmışdır. Sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən ərizəmin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, ilk öncə qeyd edir ki, sözügedən torpaq sahəsi uzun illərdir ki, mübahisəsiz iddiaçının faktiki mülkiyyətində və istifadəsindədir. Bununla bağlı hər hansı mübahisə mövcud deyildir. Cavabdehin imtinasında qeyd etdiyi hallar ilə razı deyil. İş üzrə əhəmiyyət kəsb edən sənədlərin hamısının qaydasında olmasına baxmayaraq müraciətinin icrasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini bilavasitə tənzimləyən "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, bələdiyələrin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafıq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafıq qaydada qəbul edilibedilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. ‘"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır.“Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Göründüyü kimi cavabdeh tərəfindən mübahisə predmeti olan torpaq sahəsini iddiaçının adına rəsmiləşdirmək üçün yuxarıda göstərilmiş bütün normativ hüquqi aktların tələblərinə cavab verməsinə baxmayaraq Qənbərova (Əzimova) Könül Məzahir qızının tələbinin təmin edilməsindən imtinası qanunsuz hesab edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.” İnzibati İcraat haqqında Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxdır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdırQeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hüquqi yardım edilməsi üçün məhkəmə iclasına dəvət edilsə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında özünü İddiaçı torpaq sahəsini almış X3 nümayəndəsi qismində təqdim edən X6 torpaq sahəsini sonuncudan etibarnamə ilə aldığını bildirmişdir. X4 İddiaçı təmsil etmək səlahiyyəti olmadığından məhkəmə tərəfindən proses iştirakçısı qismində qəbul edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. İddiaçı, Abşeron rayonu Qobu bələdiyyəsinin 22 noyabr 2006-cı il tarixli, 13 nömrəli qərarı ilə Əzimova (Qənbərova) Könül Məzahir qızına satılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. İş materiallarından görünür ki, cavabdeh orqana müraciət X6 tərəfindən edilmiş, cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir: “11 iyul 2023-cü il tarixli, 7E-16120 reyestr nömrəli etibarnamə üzrə səlahiyyətlərinizin məhdud olduğu müəyyən edilmişdir. Belə ki, sözügedən etibarnamədə İddiaçı ayrılmış 0 08 ha torpaq sahəsinin yalnız 0.05 ha hissəsi üzərində sərəncam vermək hüququnuz olduğu göstərilmişdir. Bundan başqa sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmadan sizə Bakı şəhəri 43 saylı notariat ofisinin 11 iyul 2023 cü il tarixli, 3M-2731 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirildiyi müəyyən edilmişdir.” İmtinadan da görünür ki, iddiaçı tərəfindən hazırki tələblə cavabdeh orqana müraciət edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, məhkəmədə qaldıracağı eyni iddia tələbi ilə bağlı ilkin olaraq səlahiyyətli cavabdeh inzibati orqana müraciət etməlidir. Cavabdeh inzibati orqan imtina və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar