Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5662/2025 17.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2024-cü il tarixli **********943900 nömrəli nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödəmiş olduğu 4660 manat əlavə dəyər vergisinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2024-cü il tarixli **********943900 nömrəli nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödəmiş olduğu 4660 manat əlavə dəyər vergisinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü ildə Sumqayıt şəhəri, 10-cu mikrorayon, Kristal Abşeron ünvanında yerləşən, 8 saylı binanın, 14-cü mənzilini almış, yaşayış sahəsinin dəyərini "xxxx" ASC-yə xx.xx.2023-cü ildə tam şəkildə ödəmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1693 saylı Fərmanına əsasən nağdsız qaydada alınmış yaşayış və ya qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisi 90 gündən gec olmayaraq alıcıya ödənilməlidir. O, mənzilin dəyərini nağdsız qaydada xx.xx.2023-cü ildə tam şəkildə alıcının hesabına ödəmiş, lakin fərmanın 5.1-ci bəndinin tələblərinə əməl etməmiş, xx.xx.2024-cü ildə elektron kabinet vasitəsilə vergi orqanına müraciət etmişdir. Ona 4660 manat ƏDV geri qaytarılmalıdır.Cavabdeh xx.xx.2024-cü ildə '‘Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasından imtina edilməsi haqqında” **********042700 saylı Qərar qəbul etmiş, ƏDV-nin qaytarılması ilə bağlı müraciəti təmin edilməmişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Bildirir ki, həyat yoldaşı Dəniz Gəmiçiliyi İdarəsində gəmi kapitanı kimi fəaliyyət göstərir. Uzun müddət ezamiyyətdə olur, o, hüquqi savadsızlıq səbəbindən vaxtında müraciət etməmişdir. xx.xx.2024-cü il tarixli **********943900 nömrəli nağdsız qaydada alınmış yaşayış və qeyri yaşayış sahələrinə görə ödəmiş olduğu 4660 manat əlavə dəyər vergisinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, tələb üzrə iddia müddəti tətbiq edilərək, iddianın mümkün sayılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. Belə ki, mübahisələndirilən qərar qəbul edildikdən sonra iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş müddət ərzində mübahisələndirilməmişdir. Belə ki, mübahisələndirilən qərar xx.xx.2024-cü ildə qəbul edilmiş, iddiaçı isə məhkəmədə həmin qərarı xx.xx.2025-ci ildə iddia qaldıraraq mübahisələndirmişdir. Belə olduğu tədqirdə hazırkı iş üzrə mübahisə predmeti olan qərardan şikayət verilməsi müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi İddiaçı mübahisə etdiyi qərardan məlumatlı olmuşdur və şikayət etmə müddəti ötürüldüyündən sonra iddia tələbi ilə qeyd olunan qərarın ləğv edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2024-cü il tarixli **********943900 nömrəli nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödəmiş olduğu 4660 manat əlavə dəyər vergisinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X4
Məhkəmə qərarları › İş №2-1(118)-5662/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5662/2025
17.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver