Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-568/2020 11.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, Tərəflərin iştrakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə qarşı “onun yenidən tibbi müayinədən keçilərək müddətli həqiqi hərbi xidmətə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx xxxxxxxx 1998-ci ildə Xaçmaz şəhərində anadan olmuş və 16 yaşı tamam olanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsi tərəfindən Hərbi qeydiyyata alınmışdır. xx xxxxx 2017-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi-həkim komissiyasının rəyinə əsasən "Alementar piylənmə, 4 cü dərəcə (boy 179/çəki 140 kq)" diaqnozu qoyulmuş və o dinc və müharibə dövründə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. Lakin bundan sonra o uzun müddət idmanla məşğul olmuş və çəkisi 92 kq düşdüyündən 2019-cu ilin sentyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinə müraciət edərək onu yenidən müddətli həqiqi hərbi xidmətə göndərmələrini xahiş etmişdir. Bundan sonra Xaçmaz Rayon Şöbəsinin göndərişinə əsasən o yenidən yoxlanılmaq üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında göndərilmiş, onu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda və Akademik C.M.Abdullayev adına X1 yoxlandıqdan sonra, tam sağlam olduğu barədə rəy verilmiş və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinə göndərildi. Lakin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsi xx xxxxxx 2019-cu il tarixli 1396 saylı məktubu ilə onu yenidən tibbi müayinədən keçirərək müddətli həqiqi hərbi xidmətə göndərilməyi barədə ərizəsini təmin etməyərək ərizəsi təmin etmədi. Bununla da hesab edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsi imtina məktubu verməklə onun hüquqları kobud şəkildə pozulmuşdur. Çünki, o halhazırda tam sağlamdır və müddətli həqiqi hərbi xidmətə tam yararlıdır. Bundan əlavə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin imtina məktubunda istinad etdiyi "Hərbi vəzifə və Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda və digər normativ-hüquqi aktlarda müəyyən edilmişdir ki, sağlam şəxslərin müddətli həqiqi-hərbi xidmətə göndərilməsi məcburidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı Xalıq X5 İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, yenidən tibbi müayinədən keçirilərək müddətli həqiqi hərbi xidmətə göndərilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasının nəzərdə tutur. Bu səbəbdən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verən şəxs olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, iddianın inzibati icraat çərçivəsində baxılmalı olub-olmaması və İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş digər şərtlər yoxlanılmalıdır. Müəyyən olunmuşdur ki, xx.xx.1998-cü il təvəllüdlü İddiaçı 2017-ci ilin aprel çağırışına hazırlıq məqsədilə, xx.xx.2017-ci il tarixdə 36 nömrəli göndərişlə M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndəriş verilmiş, müayinənin nəticəsinə əsasən, “Alimentar piylənmə İV (dörd) dərəcə” (boyu 176 sm, çəki 146 kq) diaqnozu qoyulmuşdur. Rayon çağırış komissiyasının qərarı ilə “dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Xidmətin Mərkəzi hərbi həkim komissiyasının xx.xx.2017-ci il tarixli 13a/4 nömrəli protokolu ilə, Xidmətin Xaçmaz rayon çağırış komissiyasının xx.xx.2017-ci il tarixli 5-32/161 nömrəli qərarı ləğv edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “a” bəndinin İ qrafasına əsasən, “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” hesab edilmişdir. Xidmətin Xaçmaz rayon şöbəsi tərəfindən vətəndaşa xx.xx.2017-ci il tarixdə SX ******* nömrəli hərbi bilet verilmişdir. İddiaçı müraciəti əsasında, xx.xx.2019-cu il tarixdə 850 nömrəli göndərişlə Akademik C.M.Abdullayev adına X2 müayinəyə göndərilmiş və “ürək-damar sistemində patologiya aşkarlanmadı” (xx.xx.2019-cu il N-7/9-4674) diaqnozu qoyulmuş, xx.xx.2019-cu il tarixdə 1373 nömrəli göndərişlə M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müayinəyə göndərilmiş və “Alimentar piylənmə İ (birinci) dərəcə” (xx.xx.2019-cu il N-8498) diaqnozu qoyulmuş və 15.11,2019-cu il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müayinə göndərilmiş və “Pəncələrin birinci dərəcəli yastı pəncəliyi Funksiyanın pozulması təyin olunmur” (xx.xx.2019-cu il tarixli N-8541) diaqnozu qoyulmuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun, 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Qanunvericiliyin tələbinə uyğun olaraq “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” sayılmış vətəndaşların təkrar tibbi müayinədən keçirilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun təkrar tibbi müayinədən keçirilməsindən imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: SHXÇDX-nin Xaçmaz rayon şöbəsininin xx.xx.2019-cu il tarixli, 1396 nömrəli imtina məktubu, SHXÇDX-nin etirazı, iddiaçıya SX ******* nömrəli hərbi biletin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İş materiallarında olan SX ******* nömrəli hərbi biletin surətinə əsasən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “a” bəndinin İ qrafasına əsasən, “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” hesab edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı iddiaçının gətirdiyi arqumenti əsaslı hesab etmir. Belə ki, iddiaçı qeyd edir ki, cavabdeh orqan onu yenidən tibbi komissiyadan keçirərək müddətli həqiqi hərbi xidmətə çağırmalıdır. Məhkəmə qeyd edir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Lakin, qanunvericiliyin tələbinə uyğun olaraq “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” sayılmış vətəndaşların təkrar tibbi müayinədən keçirilməsi nəzərdə tutulmamışdır. Ona görə də onun təkrar tibbi müayinədən keçirilməsi mümkün deyildir. Belə olduğu tədqirdə məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt—inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə qarşı “onun yenidən tibbi müayinədən keçilərək müddətli həqiqi hərbi xidmətə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası əsassızdır və təmin olunmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə qarşı “onun yenidən tibbi müayinədən keçilərək müddətli həqiqi hərbi xidmətə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-568/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-568/2020
11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver