Məhkəmə qərarları › İş №2-1(118)-568/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-568/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-568/2023 12.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X2rşı “iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ərazisində 0.03 ha torpaq sahəsinin real bazar qiymətinin dəyərləndirməklə müvafiq kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdehlər Cavabdeh1nə və «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X2rşı “Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Fatmayı kəndi ərazisində 0.03 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə sərəncamın verilməsinin Cavabdeh1nə həvalə edilməsi, bu mümkün olmadıqda isə Abşeron rayonu, Fatmayi kəndi ərazisində 0.03 ha torpaq sahəsinin 2022-ci il tarixinə uyğun olaraq real bazar qiyməti dəyərləndirilməklə, müvafiq kompensasiyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, Cavabdeh1 cavabdehlər sırasından çıxarılaraq, “iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ərazisində 0.03 ha torpaq sahəsinin real bazar qiymətinin dəyərləndirməklə müvafiq kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Fatmayi kəndi ərazisində 0.03 ha torpaq sahəsi iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmişdir və onun xüsusi mülkiyyətimdədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AA seriyalı 001389 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Çıxarışı aldıqdan sonra mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün icazə verilməsi barədə Cavabdeh1nə müraciət edərək, müvafiq sərəncam verilməsini xahiş etmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixli H-240-151 saylı məktubu ilə bildirilmişdir ki, torpaq sahəsinə baxış keçirilən zaman mülkiyyətində olan torpaq sahəsinin ərazisində çəkilməkdə olan dairəvi yolun layihələndirilən hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Bununla əlaqədar, münasibət bildirilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məktub ünvanlanmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 05 avqust 2022-ci il tarixli ********* saylı məktubu ilə bildirilmişdir ki, "Bilgəh Sumqayıt avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində yolun Fatmayi kəndi ərazisindən keçən hissəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastri və X1 tərəfindən hazırlanmış kadastrı planına əsasən İddiaçı məxsus **********12 nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la qeydə alınmış 0.03 - ha torpaq sahəsinin yolun tikintisi altına düşməsi müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, "Bilgəh Sumqayıt avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində tikinti işləri müvəqqəti dayandırılmışdır. Odur ki, adı çəkilən layihə çərçivəsində tikintisi nəzərdə tutulmuş yeni avtomobil yolunun təhkim zolağında hər hansı tikinti işlərinin aparılması qeyri mümkün hesab edilir. Onun yaşamağa heç bir yaşayış sahəsi yoxdur. Mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi tikərək, ailəsi ilə birlikdə orada yaşamaq istəyir. Lakin Cavabdeh1 və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tikintiyə icazə verməməsi səbəbindən mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Bu isə onun hüquqlarını pozur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İş üzrə təyin edilmiş əvvəlki şifahi məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdlər. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir, eyni zamanda cavabdeh orqan tərəfindən iddiaya qarşı yazılı etiraz bildirilməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. - «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X4 05 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti işləri müvəqqəti dayandırılmışdır, adı çəkilən layihə çərçivəsində tikintisi nəzərdə tutulmuş yeni avtomobil yolunun təhkim zolağında hər hansı tikinti işlərinin aparılması qeyri-mümkün hesab edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X4 14 noyabr 2022-ci il tarixli, 07557 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Plan”nın müvafiq bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yeni tikilən yolun Fatmayı kəndi ərazisindən keçən hissəsində tikinti altına düşən torpaq sahələri dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçilərinə hesablanmış qiymətinin 20% miqdarında əlavə nəzərə alınmaqla 1 sotu 4800 manat qiymətləndirilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidmətinin 14 noyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisəli ünvanda yaxın ərazilərdə dövlət ehtiyacları üçün alınan torpaq sahələrinin mülkiyyətçilərinə mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında torpaq sahələrinin 1.0 kv.metrinə 30.0-48.0 manat hesabı ilə kompensasiya ödənilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 4 saylı Abşeron Ərazi İdarəsinin 19 dekabr 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron məlumat bazasına əsasən RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmış 0.03 ha torpaq sahəsi tam olaraq “Bilgəh Sumqayıt avtomobil yolu”nun tikintisi altına düşür, torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aiddir. - «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X4 iddiaçıya ünvanladığı 05 aprel 2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yaranmış texniki zərurət ilə əlaqədar yeni tikililərin yolunun ayrı-ayrı hissələrinin layihələndirilməsi yenidən aparılır. Odur ki, yeni tikililər yolun Abşeron rayonu, Fatmayı qəsəbəsindən keçən hissəsinin layihələndirilməsi başa çatdıqdan və müvafiq icra orqanı tərəfindən təsdiq edildikdən sonra yolun tikintisi altına düşən maneələrə (yaşayış, qeyri-yaşayış və torpaq sahəsi) görə kompensasiya məsələsinə baxılacaqdır.

4. İddianın növü və mümkünlüyü

İddianın növü İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. İddianın mümkünlüyünü istisna edən şərt yoxdur. İddia mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddiadır. İnzibati iş materialları ilə müəyyən edilir ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.03 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmuşdur. Qeyd olunan halı RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surəti də təsdiq edir. Cavabdeh tərəfindən Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti işlərinin aparılması zamanı qeyd edilən iddiaçıya məxsus torpaq sahəsi üzərində söküntü işləri aparılmış və nəticədə iddiaçının torpaq sahəsi yararsız hala düşmüşdür. İddiaçı ona dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X3 müraciətini təmin etməmişdir. İddiaçı hal-hazırda ona kompensasiya ödənişinin edilməsi iə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya dəymiş zərərin ödənilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Məcəllənin 203.3-cü maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, müsadirə. Həmin Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikasıü Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Mülki Məcəllənin 210-cu maddəsinə əsasən mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əməlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Məcəllənin 246.3-cü maddəyə əsasən torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Məcəllənin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. Məcəllənin 246.7-ci maddəsinə görə torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Məcəllənin 1100-cü maddəsində qeyd edilmişdir ki, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Qanunun 2.1-ci maddəsinə əsasən torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən, Mülki Məcəllədən, Mənzil Məcəlləsindən, bu Qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Qanunun 3.1-ci maddəsinə əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. Qanunun 3.2-ci maddəsinə görə torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Qanunun 4.2-ci maddəsinə görə Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Qanunun 5.1-ci maddəsinə görə istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; 5.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlar. 5.2-ci maddəyə əsasən dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Qanunun 7.2-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən edilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və mərhumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdirlər. Qanun 73-cü maddəsinə görə bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: 7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; 7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); 7.3.3. ikinci əldən icarəyə verən qismində icarəçi, üçüncü şəxslərə istifadəyə verən qismində istifadəçi və ya istifadəçi ilə şifahi və ya yazılı həqiqi sübutla təsdiq edilən razılaşma əsasında torpağı qısa müddətli istifadə edən şəxslər; 7.3.4. torpağa hüququnun yaranmasına səbəb olan, qanun tərəfindən tanınan uzun müddətli istifadə əsasında torpaqda yaşayan şəxslər; 7.3.5. yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər. Qanunun 23-cü maddəsinə əsasən Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.2. alınan torpağın və onunla yanaşı yerləşən torpağın, həmin torpaqlarda olan tikililərin və daşınar əmlakın bərpa qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiya ilə bağlı danışıqlarda köməklik göstərir; 23.1.4. alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; 23.1.6. zəruri hesab etdiyi hallarda bu Qanunun 75.8-ci maddəsinə uyğun olaraq təqdim edilmiş nəzarət orqanının təklifləri əsasında alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləğində dəyişikliklər edilməsi barədə qərar qəbul edir; 23.1.7. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın məbləği barədə qərarını alan orqana göndərir. Qeyd edilən Qanunun 54.1-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2-ci maddəsinə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Qanunun 55.1-ci maddəsinə görə bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Qanunun 55.2-ci maddəsinə əsasən Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. İnzibati işin tam və hərtərəfli araşdırılmasının təmin edilərək, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Fatmayı qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə hansı hissədə düşməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 4 saylı Abşeron Ərazsində mütəxəssis rəyinin verilməsi ilə bağlı məktub ünvanlanmışdır. Qeyd edilən İdarənin 19 dekabr 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron məlumat bazasına əsasən RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmış 0.03 ha torpaq sahəsi tam olaraq “Bilgəh Sumqayıt avtomobil yolu”nun tikintisi altına düşür; torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aiddir. Göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsinə tam şəkildə düşməsi mütəxəssis rəyi ilə tədiq olunur. Məhkəmə qeyd edilən torpaq sahəsinə görə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“Bilgəh-Sumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Vurulmuş ziyanın müəyyən edilməsinin əsas meyarlardan biri kimi inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə iddiaçıya dəymiş zərərə görə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı qeyd edir ki, məhkəmə icraatı zamanı cavabdeh orqanın özü tərəfindən məhkəməyə sorğu əsasında daxil olmuş 14 noyabr 2022-ci il tarixli, 07557 saylı məktubuda mübahisəli torpaq sahəsinin 1 sotu 4800 manat kimi qiymətləndirilmişdir. Hər şeydən əvvəl qeyd edilməlidir ki, iddiaçının daşınmaz əmlakının geri alınmasının qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədən aparılmasına baxmayaraq, ona ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Göründüyü kimi, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Məhkəmə qeyd edir ki, torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt deyil, siyahıya alınma tarixinə olduğu vaxt olan qiymət götürülməlidir. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı məhkəmə təcrübəsinə əsasən, torpağın siyahıya alınma tarixini müəyyən etməyin mümkün olmadığı halda, torpağın və üstündə olan daşınmaz əmlakın bazar qiyməti torpaq sahəsinin geri alındığı (daşınmaz əmlakın söküldüyü) zaman mövcud olan bazar qiyməti əsasında müəyyən olunmalıdır. Bu zaman, məhkəmələr əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar. İnzibati işin araşırılması zamanı məhkəmə tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə uyğun olaraq torpaq sahəsi ilə bağlı alqı-satqını həyata keçirən orqanlara müvafiq sorğular verilmişdir. Məhkəməyə sorğu əsasında Abşeron rayon 1 saylı Notariat ofisinin 2013- 2015-ci illərə dair alqı-satqı müqavilələri təqdim edilmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-ci maddəsinə əsasən torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Lakin hazırki mübahisədə torpağın siyahıya alınma tarixini müəyyən etmək mümkün olmamışdır. Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən məhkəməyə sorğu əsasında daxil olmuş 2013-2015-ci illərə dair alqı-satqı müqavilələrinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, müqavilələrə əsasən, Abşeron rayonu, Fatmayı qəsəbəsində 2013-cü ildə həyata keçirilən alqı-satqı zamanı 1 kv.m torpaq sahəsinin bazar qiyməti 15.00 manat, 11.4 manat və 10 manat, 2014-cü ildə həyata keçirilən alqı-satqı zamanı 1 kv.m torpaq sahəsinin bazar qiyməti 156.67 manat, 16.67 manat və 16.67 manat, 2015-ci ildə həyata keçirilən alqı-satqı zamanı 1 kv.m torpaq sahəsinin bazar qiyməti 50 manat, 20 manat və 18.67 manat olmuşdur. Yuxarıda istinad edilən alqı-satqı müqavilələrinə əsasən, 1 kv.m torpağın 3 ən yüksək qiymətinə 2013-cü ildə 15.00 manat, 11.4 manat və 10 manat aid edildiyindən onların 2013-cü il üçün orta göstəricisi ((15+11.4+10.00)/3=12.13) 12.13 manat; 2014-cü ildə 156.67 manat, 16.67 manat və 16.67 manat aid edildiyindən onların 2014-cü il üçün orta göstəricisi ((156.67+16.67+16.67)/3=62.78) 62.78 manat; 2015-ci ildə 50 manat, 20 manat və 18.67 manat aid edildiyindən onların 2015-ci il üçün orta göstəricisi ((50+20+18.67)/3=29.557) 29.557 manat edir. Qeyd edilən 2013-cü illər ərzində 1 kv.m torpağın 3 ən yüksək qiymətinə 12.13 manat, 67.78 manat və 29.557 manat aid edildiyindən, onların orta göstəricisi ((12.13+62.78+29.557)/3=34.8) 34.8 manat edir. Məhkəmə həmçinin aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, kompensasiyanın hesablanması zamanı iddiaçının 20% miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsi də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli, 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Göründüyü kimi, daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda mülkiyyətçiyə daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsi nəzərdə tutulmuşdur. 20% miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsi Qanundan irəli gələn imperativ öhdəlikdir, yəni dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Göründüyü kimi Avropa Məhkəməsi mülkiyyət hüququndan istifadə edilməsində məhdudiyyətlər yaranmasını Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin 1 kvadrat metrinin qiyməti (12.13+62.78+29.557)/3=34.8 manat, 34.8 manat + 34.8x0.20= 42 manat hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı cavabdeh orqanın özü tərəfindən məhkəməyə sorğu əsasında daxil olmuş 14 noyabr 2022-ci il tarixli, 07557 saylı məktubuda mübahisəli torpaq sahəsinin 1 sotu 4800 manat kimi qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən, alqı-satqı müqavilələri əsasında müəyyən etdiyi bazar qiymətinin (42 manat) cavabdehin özünün müəyyən etdiyi qiymətə (20 % əlavə ilə birlikdə 48 manat) münasibətdə aşağı məbləğ olduğunu nəzərə alaraq, ödənilməli olan kompensasiyanın məbləği cavabdeh tərəfindən tərtib edilmiş hesabatdakı qiymət əsas götürülməklə hesablanmalıdır. Yuxarda qeyd edilənlərə əsasən, iddiaçıya 0.03 ha torpaq sahəsinin zəbt edilməsinə görə 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq da nəzərə alınmaqla ümumilikdə (0.03 x 4800=) 14.400 manat kompensasiya ödənilməlidir. Dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin layihə çərçivəsində tikinti işləri başlanan zaman öz həllini tapacağına dair cavabdeh tərəfindən bildirilənləri əsassız sayan məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququna edilmiş müdaxilə nəticəsində vurulmuş zərərin əvəzinə görə ədalətli kompensasiya mümkün olan ən qısa müddətlərdə ona ödənilməlidir. Bununla bağlı dövlət orqanları tərəfindən həll edilməli olan məsələlərin yükü iddiaçının üzərinə qoyula bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.03 ha sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 14400.00 manat manat pul kompensasiyasının iddiaçıya ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.03 ha sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 14400.00 manat manat pul kompensasiyasının iddiaçıya ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar