Məhkəmə qərarları › İş №2-1(118)-569/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-569/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-569/2021 26.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndə və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər Bələdiyyəsinin 19 noyabr 2004-cü il tarixli 141 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün mərhum atası İ qrup əlil X4 mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 51-ci məhəlləsində İ.Qayıbov küçəsi boyunca yerləşən sahəsi 500 m2 olan həyətyanı torpaq sahəsi üzərində X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası İ qrup əlil X10 2004-cü ilin ortalarında Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin 51-ci məhəlləsi ərazisində uzun müddətdir istifadə etdiyi sahəsi 500 kvadrat metr olan həyətyanı torpaq sahəsinin fərdi ev tikintisi üçün mülkiyyətinə verilməsini xahiş etmişdir. Atasının müraciətinə bələdiyyədə etiraz edilməmiş və Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən torpaq sahəsinin sənədləşdirilməsi işlərinə başlamışdır. Torpaq sahəsinin ayrılması ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən torpağın mövqe planı tərtib edilmiş və torpağa yerində baxış keçirildikdən sonra torpaq sahəsinin alqı-satqı qaydasında atasının mülkiyyətinə ayrılmasının mümkün olduğu ona bildirilmişdir. Bundan sonra atası torpağın tələb olunan alqı-satqı haqqı olaraq 1 500 000 (bir milyon beş yüz min) manat məbləğində pul vəsaitini Sumqayıt şəhər Bələdiyyəsinin hesabına ödəmişdir. Bunun əsasında Sumqayıt şəhər Bələdiyyəsinin 19 noyabr 2004-cü il tarixli 141 nömrəli qərarı ilə Sumqayıt şəhərinin 51-ci məhəlləsində İ.Qayıbov küçəsi boyunca yerləşən sahəsi 500 kvadrat metr olan həyətyanı torpaq sahəsi fərdi ev tikintisi üçün mülkiyyətinə verilmişdir. Eyni zamanda həmin torpaq sahəsi ilə əlaqədar Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən inşaat Pasportu tərtib edilərək ona təqdim olunmuş, müvafiq təhkim aktı əsasında torpaq sahəsi yerində ona təhvil verilmişdir. Ancaq mərhum atası qanunları tam bilmədiyindən hesab etmişdir ki, bununla da torpağın sənədləşməsi başa çatmış və torpaq sahəsi artıq sənəd üzrə onun mülkiyyətidir. Bu səbəbdən atası bələdiyyə qərarı əsasında ona verilmiş torpaq sahəsinin mülkiyyət çıxarışının alınması üçün aidiyyəti üzrə müvafiq dövlət orqanına müraciət etməmişdir. Atası İ qrup əlil X10 2008-ci ilin sentyabr ayının 2-i tarixində vəfat etmişdir. Onun ölümündən sonra torpaq sahəsindən və üzərində inşa olunmuş fərdi yaşayış evindən bugünədək o istifadə edir. Atasının vəfatından sonra o torpğa dair bir sıra sənədlərin o cümlədən torpağın alqı-satqı haqqını ödədiyini təsdiq edən kassa mədaxil orderi qəbzinin əslini və torpağın alqı-satqı aktını tapa bilməsən də, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına etdiyi müraciət əsasında həmin sənədlərin surətləri ona təqdim olunmuşdur. Bu sənədləri əldə etdikdən sonra o müəyyən etmiş ki, mərhum atası torpağın sənədləşmə işlərini tam başa çatdıra bilməmişdir və bu səbəbdən mərhumun vərəsəsi kimi torpağa dair mülkiyyət çıxarışını almaq üçün ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, o adı çəkilən qərar əsasında torpaq sahəsini mülkiyyət hüququ əsasında dövlət qeydiyyatından keçirə bilmir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatının aprılmasından imtina etmişdir. Cavabdehin müraciətinə verdiyi 04 noyabr 2020-ci il tarixli, **********54 saylı cavab məktubunda imtinanın səbəbi kimi bələdiyyə qərarı qəbul edilərkən müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin alınmaması göstərilmişdir. Cavabdehin bu əsasla mərhum atasını torpaq üzərində hüququnun dövlət qeydiyyatının aparılmasından imtina etməsini tamamilə qanunazidd hesab edir. Belə ki, onun mərhum atası torpaq sahəsinin alqı-satqı haqqını bələdiyyəyə ödəmiş və həmin dövrdə onun tərəfindən tələb olunan bütün öhdəliklərini yerinə yetirmişdir. Ancaq o atasının vəfatından sonra ona verilmiş bələdiyyə sənədlərini itirdiyindən, bu sənədlərin surətlərinin verilməsi ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etmiş və etdiyi müraciətə cavab olaraq ona bildirilmişdir ki, 2010-cu ilədək olan bələdiyyə sənədlərinin bir qismi, o cümlədən kassa mədaxil orderi qəbzləri vaxtı keçmiş sənədlər kimi yandırılaraq məhv edilmiş, bir qismi isə Dövlət Arxivinin Sumqayıt şəhər filialına saxlanılması üçün təhvil verilmişdir. O ki, qaldı cavabdehin bələdiyyə qərarı verilərkən müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin guya alınmaması fikrinə, onun atası buna görə məsuliyyət daşıya bilməz, çünki həmin rəyin alımb-alınmaması məsələsi bələdiyyə tərəfindən həyata keçirilməli olan bir hərəkətdir. Hətta bələdiyyənin qanunvericiliyə zidd olaraq bu rəyləri almaması cavabdehin mərhum atasının hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası üçün əsas ola bilməz, belə ki, bələdiyyənin sözügedən qərarı halhazırda da qüvvədədir və heç kim, o cümlədən cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Sumqayıt şəhər Bələdiyyəsinin mərhum atasının adına qərar qəbul edərkən yol verdiyi hər hansı pozuntular qərar qüvvədə olduğu surətdə mərhum atasının üzərinə qoyula bilməz və onun torpaq sahəsi üzərində hüququnun tanınmasına əngəl yarada bilməz. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, mərhum atasının adına verilmiş qərara oxşar onlarla bələdiyyə qərarı əsasında fiziki şəxslərin mülkiyyət hüququ bu günədək cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, sadalananlardan cavabdehin bələdiyyə qərarının qanunvericiliyə uyğun şəkildə verilməməsi və bu səbəbdən bələdiyyə qərarı əsasında mərhum atasının mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində onun hüququnun dövlət qeydiyyatından imtina edilməsinin əsaslarının səhv olduğu anlaşılır. Bələdiyyə qərarının qüvvədə olduğu halda, cavabdehin onun müraciətinə əsassız şəkildə imtina cavabı verməsi nəticəsində mərhum X6 vərəsəsi kimi hüququ aşkar şəkildə pozulmuşdur. Belə olan halda hesab edir ki, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində atasının mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir şey deyildir. Bütün bu sadalananlara əsaslanaraq o cavabdeh tərəfindən pozulmuş hüququnun müdafiəsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndə və vəkili X7 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Qənbərov Nazim Nəcəf oğlu Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mərhum X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar 22 oktyabr 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Qənbərov Nazim Nəcəf oğluna bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı aşağıdakı çatışmazlıqlar aşkar edilmişdir: “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına zidd olaraq bələdiyyənin qərarının 19 noyabr 2004-cü il tarixli 141 nömrəli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən ləğv edilmiş DT və XK-nin və icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyləri alınmamış, alqı-satqı aktı tərtib edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən Sumqayıt şəhəri, 51 -ci məhəllə ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mərhum X6 hüquqlarının qeydiyyata alınmasından imtina edilmiş və bu barədə İddiaçı etibarnamə üzrə nümayəndəsi Qənbərov Nazim Nəcəf oğluna 04 noyabr 2020-ci il tarixli **********54 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi X3 etirazda yazılanlara uyğun izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt şəhər Bələdiyyəsinin 19 noyabr 2004-cü il tarixli 141 saylı qərarı, cavabdeh inzibati orqanın 04.11.2020-ci il tarixli, **********54 nömrəli imtina məktubu, 12.01.2021-ci il tarixli, **********25 nömrəli etirazı və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Belə ki, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPM maddə - 14.2). Cavabdeh inzibati orqan mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edərkən istinad etmişdir ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlərin olmaması səbəbindən daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınması mümkün deyildir. İşin araşdırılan hallarına baxdıqda iddiaçı tərəfindən hüquqmüəyyənedici heç bir lazimi sənəd təqdim edə bilməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mərhum atası X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar, cavabdehə müraciət etmiş, cavabdeh təşkilat isə lazimi hüquqmüəyyənedici sənədlərin olmaması səbəbindən iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. İşin araşdırılan hallarından məlum olur ki, Sumqayıt Bələdiyyəsinin 19 noyabr 2004-cü il tarixli qərarı olmasına baxmayaraq, müvafiq torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün bələdiyyə qərarından əlavə torpağın alqı-satqı aktı, keçmiş X8 Komitəsinin memarlıq xidmətinin və icra hakimiyyətinin müvafiq rəyləri mövcud deyildir. Hal- hazırda iddiaçı qeyd olunan bələdiyyə qərarı əsasında torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasını iddia edir və həmin hüquqların dövlət qeydiyyatına alınmasını cavabdeh təşkilatdan tələb edir. Cavabdeh təşkilat isə müvafiq hüquqmüəyyənedici sənədləri tələb etməklə torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmamasında haqlı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyesteri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhər Bələdiyyəsinin 19 noyabr 2004-cü il tarixli 141 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün mərhum atası İ qrup əlil X4 mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 51-ci məhəlləsində İ.Qayıbov küçəsi boyunca yerləşən sahəsi 500 m2 olan həyətyanı torpaq sahəsi üzərində X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar