Məhkəmə qərarları › İş №2-1(118)-5698/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5698/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5698/2025 07.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ X5-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 07 avqust 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı “Müharibə veteranı” adı və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu ərazisində yerləşən N saylı Hərbi Hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı erməni silahlı birləşmələrinə qarşı hərbi əməliyyatlarda iştirak etmişdir, lakin bu günə kimi "Müharibə Veteranı" adı və müvafiq vəsiqə ala bilməmişdir. "Müharibə Veteranı" adı və vəsiqəsi almaq üçün 05 yanvar və 10 mart 2025-ci il tarixlərdə ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin bu günə kimi müraciətlərinə heç bir cavab verilməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

3. Cavabdeh iddiaya yazılı etirazında qeyd etmişdir ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), order və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması əsaslarla ehiyata buaxılması nəzərdə tutulur. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir.Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 2-M-18xx-xx/2024 nömrəli arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli N nömrəli əmrilə (əmr hərbi hissə komandiri tərəfindən imzalanmayıb) 2-ci taborun şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 178 nömrəli əmrilə İddiaçı yenidən təşkil edilmiş Kimyəvi müdafiə taqımında “kimyaçı” vəzifəsinə təyin edilərək əmək haqqı xx.xx.1993-cü il tarixdən hesablanmışdır. Həmçinin N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə əlavə məlumatlar aşkar edilməmiş, yəni onun qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat yoxdur. Beləliklə, iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması Arxiv arayışı və nizami hissə üzrə əmrlərlə təsdiq edilmir. Qeyd edilənləri nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir.

4. Məhkəmənın iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.

6. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq, şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

7. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İİ. İddianın növü və mümkünlüyü

8. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir.

9. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar.

10. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia tələbi üzrə həmin iddiaya cavab veribverməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, iddiaçı həmin dövrdə Müdafiə Nazirliyinin şəxsi heyətinə mənsub olduğu üçün bu qəbildən olan iddialar qanunvericiliklə Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir.

11. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olub-olmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, inzibati orqan isə iddiaçının ərizəsinin icrasından sonuncu dəfə 17 may 2022-ci ildə imtina etmişdir.

12. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırki iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir.

13. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırki iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

III. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq:

14. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 178 №-li əmrində (əsas: səh.-16, §1, sıra-15; qeyd: əmrdə atasının adı “Eynulla” yazılmışdır; əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) sıravi X4 yenidən təşkil edilmiş Kimyəvi müdafiə tağımında “kimyaçı” vəzifəsinə təyin edilərək əmək haqqısı xx.xx.1993-cü il tarixdən hesablanmışdır. Qeyd edilir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.1993-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə əlavə məlumat aşkar edilməmişdir.

15. 046661 nömrəli vəsiqədən görünür ki, xx.xx.2001-ci il tarixdə İddiaçı Nuri oğluna “Müharibə Veteranı” adı və vəsiqəsi verilmişdir.

16. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 178 №-li əmrində (əsas: §-1, səh-16, sıra-15, əmrdə atasının adı “Eynulla” yazılmışdır) sıravi X4 yenidən təşkil edilmiş Kimyəvi müdafiə tağımında “kimyaçı” vəzifəsinə təyin edilərək əmək haqqısı xx.xx.1993-cü il tarixdən hesablanmışdır. Qeyd edir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.1993-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə əlavə məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd edilmişdir.

17. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 77 №-li əmrilə (əsas: §-1, səh-81, sıra- 36, əmrdə atasının adı “Eynulla” yazılmışdır) Cavabdeh Biləcəri Mərkəzi toplanış məntəqəsindən gəlmiş, hərbi hissənin şəxsi heyətiniun siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuş və 2-ci tabora təyin olunmuş çağırışçıların siyahısında X3 adı yazılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 178 №-li əmrində (əsas: §- 1, səh-16, sıra-15, əmrdə atasının adı “Eynulla” yazılmışdır) sıravi X4 yenidən təşkil edilmiş Kimyəvi müdafiə tağımında “kimyaçı” vəzifəsinə təyin edilərək əmək haqqısı xx.xx.1993-cü il tarixdən hesablanmışdır. Qeyd edirik ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.1993-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə əlavə məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd edilmişdir.

III.Tətbiq edilən hüquq

18. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. 1-ci hissəsinin “Qeyd”inə əsasən, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir; Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

20. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

21. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 37.2-ci maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.

İV. Məhkəmənin mövqeyi

22. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

23. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etsə də, imtina edilmişdir.

24. Yuxarıda qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən həmin bəndin qeyd hissəsi nəzərə alınmaqla aşağıdakı iki hal müəyyən edilməlidir:

25. Şəxsin (1) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (2) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır.

26. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır.

27. Birinci hala münasibətdə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı faktı təsdiq olunmur, belə ki, onun N saylı hərbi hissələrin tərkibində döyüş əməliyyatlarda iştirak etməsinə dair və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənədi yoxdur.

28. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışında qeyd olunur ki, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 178 №-li əmrində (əsas: səh.-16, §1, sıra-15; qeyd: əmrdə atasının adı “Eynulla” yazılmışdır; əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) sıravi X4 yenidən təşkil edilmiş Kimyəvi müdafiə tağımında “kimyaçı” vəzifəsinə təyin edilərək əmək haqqısı xx.xx.1993-cü il tarixdən hesablanmışdır. Qeyd edilir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.1993-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə əlavə məlumat aşkar edilməmişdir.

29. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, hətta döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə belə müharibə veteranı adı qanunvericiliyə əsasən, səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının hərbi xidmət keçməsi (qanuni əsaslarla tərxis olunması) mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından iddia sübüta yetirilmiş sayıla bilməz.

30. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərə malik deyildir.

31. İkinci hala münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması nəticəsində iddiaçının məhkumluğunun olmadığı müəyyən edilir, lakin məhkəmə qeyd edir ki, hər iki hal eyni zamanda mövcud olduğu təqdirdə iddiaçının müvafiq hüququ təmin oluna bilər.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

34. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

35. İPM-in 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

36. İPM-in 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

NƏTİCƏVİ HİSSƏ

38. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X5-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar