Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-57/2021 08.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, İddiaçının vəkili X5, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “alğı–satqı müqaviləsinə əsasən iddiaçının əldə etdiyi Abşeron rayonu Novxanı kəndindəki 0.24 hektar torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçıya həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı bildirmişdir ki, o 11 aprel 2000-ci il tarixdə Abşeron rayonunun Novxanı kənd sakini X13 ilə Abşeron rayonunun 1 saylı Dövlət Notariat Kontorunda aramızda (iş üzrə cavabdehlər: X3, X11, X12 və X8 iştirakı və razılığı ilə) bağlanmış “Torpaq alqı-satqı Müqaviləsi”nə əsasən 0,24 ha torpaq sahəsinin aralarında razılaşdırılmış qiymətini ödəməklə almışdır. Həmin vaxt X13 mülkiyyətində olan 0.66 ha torpaq sahəsindən ona 0,24 ha hissəsini satmışdır. Sözügedən 0,24 ha torpaq sahəsi yerləşdiyi sahə ona göstərildikdən sonra o mülki qanunvericiliyin tələblərinə əsasən həmin torpaq sahəsinə sahiblik və istifadə hüququnun olmasını nəzərə alaraq torpaq sahəsinin ətrafında hasarlama işi aparmış və orada yaşamaq üçün də ev inşa etdirmiş və bu günə qədər də həmin evdə yaşayır və torpaq sahəsindən də istifadə edir. İstifadəsində olan sözügedən torpaq sahəsinə dair heç bir mübahisə olmamışdır. X13 isə 10 mart 2004-cü il tarixdə vəfat etmişdir. O vəfat etdikdən sonra Abşeron rayon 1 saylı dövlət notariat kontorunda onun vərəsələrinə 16 yanvar 2006-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. Daha sonra o dəfələrlə üçüncü şəxslərə müraciət edərək X6 alqı-satqı yolu ilə əldə etdiyi 0,24 ha torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsində dövlət qeydiyyatına aldırmaq üçün torpağa mülkiyyət hüququna dair Dövlət aktınının təqdim edilməsini xahiş etsə də onlar bundan imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646-cı maddəsinə əsasən “Daşınmaz əşyaların alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 648-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər birinin mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra etməsi, habelə qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzinin digər tərəfə ödəməsi tərəflərin vəzifəsidir. İş üzrə üçüncü şəxslər mülkiyyətlərində olan torpaq sahəsinə dair Dövlət aktını təqdim etməkdən imtina etdiklərinə görə o iş üzrə cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etməli olmuşdur. Bundan sonra ona məlum olmuş ki, ona satılmış torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında 60 metr fərq mövcuddur. Beləliklə, o 11 aprel 2000-cı il tarixdə Abşeron rayonunun Novxanı kənd sakini X13 ilə Abşeron rayonunun 1 saylı Dövlət Notariat Kontorunda aralarında 0.24 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış “Torpaq alqı-satqı Müqaviləsi”ni və və digər sənədləri iş üzrə cavabdeh DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim etsə də onlar müxtəlif bəhanələrlə onun alqı-satqı yolu ilə əldə etdiyi 20 ilə yaxın istifadəsində olmuş və barəsində heç bir mübahisə olmayan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişlər. İş üzrə cavabdeh DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə müraciətindən uzun müddət keçdiyi üçün o, 07 oktyabr 2019- cu il tarixli ərizə ilə onlara yenidən müraciət etmişdir. Cavabdeh DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin 11 oktyabr 2019-cu il tarixli cavab məktubunda ona yenidən sənədlərin əsli ilə qəbulda olmağı təklif olunmuşdur. Baxmayaraq ki, o ərizəni təqdim edərkən tərəfindən hüquqmüəyyənedici sənədlərin əslləri təqdim edilmişdir. Hətta onu da qeyd etdi ki, hələ onun 2018-ci ilin dekabr və 2019-cu ilin iyun ayında etdiyi müraciətləri araşdırılarkən tərəfimdən hüquqmüəyyənedici sənədlər cavabdehə təqdim edilmiş və həmin sənədlər əsasında araşdırma aparıldıqdan sonra ona 04 dekabr 2018-ci il tarixli, **********99 saylı və 18 iyun 2019-cu il tarixli, **********47 saylı cavab məktubları göndərilmiş və həmin cavab məktublarında ərizəsinin təmin edilməsinin mümkün olmaması qeyd edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, müraciət üzrə əlavə edilmiş alqı-satqı müqaviləsinin yerilməsinə əsas olmuş ləğv edilmiş DT və XK -nın Abşeron rayon şöbəsi tərəfindən 0.66 ha torpaq sahəsinə tərtib edilmiş JN-1317 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə özgəninkiləşdirilmiş 0.24 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən qeydə alınmadan, özgəninkiləşdirilən tərəfə digər əqdlər (qanun üzrə vərəsəlik hüququna haqqında şəhadətnamə, torpaq sahəsinə dair alqı-satqı müqaviləsi) əsasında müxtəlif vaxtlarda torpağa mülkiyyət hüququna dair dövlət aktların verildiyi müəyyən edilmişdir. Belə ki, 16 yanvar 2006-cı il tarixli 2V-06 nömrəli qanun üzrə vərəsəlik hüququna haqqında şəhadətnamə əsasən əvvəl 0.5268 ha torpaq sahəsinə 31 yanvar 2006-cı il tarixli torpağa mülkiyyət hüququna dair JN-1316 nömrəli dövlət aktı, daha sonra 06 fevral 2006-cı il tarixli 4Ə/1-140 nömrəli alqı-satqı müqaviləsi əsasında 0.4263 ha torpaq sahəsinə 13 mart 2006- cı il tarixli torpağa mülkiyyət hüququna dair JN-3025 nömrəli dövlət aktı tərtib edilərək X4 və başqalarına verilmişdir. Bundan sonra, JN-3025 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə X4 və başqalarına məxsus olan 0.4268 ha torpaq sahəsinin 0.15 ha hissəsi digər vətəndaşa özgəninkiləşdirilimiş və yerdə qalan 0.2568 ha torpaq sahəsi üzərində X2 və başqalarının mülkiyyət hüquqları 14 mart 2007-ci il tarixdə **********53 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmçinin, baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, torpaq sahəsininin natura quruluşunun və yerinin dəyişdirildiyi aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 11.1 ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir və həmin Məcəllənin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alımb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15- ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Həmin Qanunun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, habelə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd edilənlərə əsasən cavabdeh təşkilat iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə 3-cü şəxs X7 iddia tələbinə etiraz edərək bildirmişdir ki,mərhum ərindən ona övladalrı ilə birlikdə 0.24 ha torpaq torpaq sahəsi miras qalmışdır. İddiaçının iddia ərizəsində göstərilən tələbinə onun heç bir aidiyyatı yoxdur. Qeyd olunanları qərar qəbul edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış digər üçüncü şəxslər və cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırki, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın **********47 saylı, 18.06.2019-cu il tarixli imtina məktubu, **********79 saylı, 09 dekabr 2019-cu il nömrəli etirazı, alğı-satqı müqavilələrinin təsdiqlənmiş surəti, X10 tərəfindən verilmiş 05.05.2021-ci il tarixli, 124 saylı ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Cavabdeh inzibati orqan mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edərkən istinad etmişdir ki, iddiaçı tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasını tələb etdiyi müvafiq torpaq sahəsinin digər şəxslərin adına olan torpaqlar sahələri ilə üst-üstə düşdüyündən, həmçinin həmin torpaq sahəsinin müəyyən hissələri digər şəxslərin mülkiyyətində olan torpaq sahələrində yerləşdiyindən ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq müəyyən olundu ki, Ərazinin ümumi xəritəsinə əsasən, mübahisəli torpaq sahəsinin alqı-satqı olunduğu mərhum X9 məxsus JN-1317 kod-30800118 saylı Dövlət Aktının plan hissəsi köhnə Pulkovo-42 koordinat sistemində tərtib olunduğundan mübahisəli ərazi üzrə sənəddə göstərilən torpaq sahəsinin hüdudları naturada müvafiq olaraq mövcud olan torpaq sahəsinin faktiki hüdudları ilə uyğun gəlmir. Ərazinin ümumi elektron xəritəsi yeni Beynəlxalq WGS-84 koordinat sistemində tərtib olunduğundan köhnə Pulkovo-42 koordinat sistemində olan daşınmaz əmlak məlumatlarının yeni sistemə inteqrasiyası nəticəsində koordinat sürüşməsi xətası yaranmışdır ki, bu səbəbdən sözügedən mübahisəli 0.24 ha torpaq sahəsinin hər hansı fiziki və ya hüquqi şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə məlumat vermək mümkün olmamışdır. Həmçinin iş materiallarına əsasən İddiaçı mülkiyyət hüquqları ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən qeydə alınmadan, özgəninkiləşdirilən tərəfə digər əqdlər (qanun üzrə vərəsəlik hüququna haqqında şəhadətnamə, torpaq sahəsinə dair alqısatqı müqaviləsi) əsasında müxtəlif vaxtlarda torpağa mülkiyyət hüququna dair dövlət aktların verildiyi müəyyən edilmişdir. Belə ki, 16 yanvar 2006-cı il tarixli 2V-06 nömrəli qanun üzrə vərəsəlik hüququna haqqında şəhadətnamə əsasən əvvəl 0.5268 ha torpaq sahəsinə 31 yanvar 2006-cı il tarixli torpağa mülkiyyət hüququna dair JN-1316 nömrəli dövlət aktı, daha sonra 06 fevral 2006-cı il tarixli 4Ə/1-140 nömrəli alqı-satqı müqaviləsi əsasında 0.4263 ha torpaq sahəsinə 13 mart 2006- cı il tarixli torpağa mülkiyyət hüququna dair JN-3025 nömrəli dövlət aktı tərtib edilərək X4 və başqalarına verilmişdir. Bundan sonra, JN-3025 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə X4 və başqalarına məxsus olan 0.4268 ha torpaq sahəsinin 0.15 ha hissəsi digər vətəndaşa özgəninkiləşdirilimiş və yerdə qalan 0.2568 ha torpaq sahəsi üzərində X2 və başqalarının mülkiyyət hüquqları 14 mart 2007-ci il tarixdə **********53 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Ona görə də iddiaçının tələbinin təmin edilməsi qanunvericiliyin müəyyən etdiyi həddlərdə təmin etmək mümkün deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alğı– satqı müqaviləsinə əsasən iddiaçının əldə etdiyi Abşeron rayonu Novxanı kəndindəki 0.24 hektar torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçıya həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alğı–satqı müqaviləsinə əsasən iddiaçının əldə etdiyi Abşeron rayonu Novxanı kəndindəki 0.24 hektar torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçıya həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-57/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-57/2021
08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver