Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-57/2024 23.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-cı il tarixli **********041300 nömrəli, xx.xx.2022-ci il tarixli **********329900 nömrəli və xx.xx.2022-ci il tarixli **********030400 nömrəli Qərarların ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022- cı il tarixli **********041300 nömrəli Qərara əsasən 2020-cu ilin yanvar ayına ƏDV üzrə 362792.52 manat, xx.xx.2022- ci il tarixli **********329900 nömrəli qərara əsasən 2021-ci ilin oktyabr ayına ƏDV üzrə 1212079.29 manat və xx.xx.2022-ci il tarixli **********030400 nömrəli qərara əsasən 2020ci ilə mənfəət vergisi üzrə 159855.09 manat əlavə vergi məbləği hesablanmışdır. Aşağıda qeyd olunanlara əsasən cavabdeh verg orqanı tərəfindən qəbul edilmiş “Verglərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022cı il tarixli **********041300 nömrəli, xx.xx.2022-ci il tarixli **********329900 nömrəli və xx.xx.2022-ci il tarixli **********030400 nömrəli qərarları qanunsuz və əsassız hesab edirlər: Qeyd edirlər ki, 2020-ci il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində il ərzində ümui gəlir 7282069.64 manat, ümumi gəlirdən çıxılan xərclər 7135987.94 manat (o cümlədən malın dəyəri 7069970.52 manat), vergiyə cəlb edilən mənfəət 146081.70 manat, mənfəət vergisi isə 29216.34 manat bəyan edilmişdir. Lakin vergi orqanı vergi bəyannaməsində malın dəyəri qismində qeyd edilmiş 7069970.52 manat xərci ilə razılaşmamış, həmin xərci bizə məlum olmayan səbəblərdən 6 270 701,05 manat olaraq qəbul etmişdir. Bundan başqa, cəmiyyət 2020-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb edilən dövriyyəni düzgün əks etdirmədiyindən, daha sonra xx.xx.2022-ci il tarixdə həmin dövr üzrə dəqiqləşdirilmiş bəyannamədə təqdim edərək vergiləri yenidən hesabılamışdır. Lakin cavabdeh vergi orqanı hər hansı əsas olmadan dəqiqləşmiş bəyannaməni qəbul etməmiş və cəmiyyətə bu səbəbdən əsassız əlavə vergi məbləği hesablamışdır. Belə ki, “dövriyyənin azalması” vergi ödəyicisinə əlavə vergi məbləğinin hesablanmasına əsas ola bilməz. İddiaçı mülahizəsində qeyd etmişdir ki, Vergi orqanı tərəfindən 2020-ci ilin yanvar ayına ƏDV üzrə hesablanmış 362,792.52 manat əlavə vergi məbləğinə münasibətdə: İddiaçı 2020-ci ilin yanvar ayına görə təqdim etdiyi ƏDV bəyannaməsində vergiyə cəlb edilən dövriyyəni əvvəlcə düzgün olmayaraq 3,166,852.0 manat bəyan etmişdir. Lakin daha sonra vergi orqanı tərəfindən həyata keçirilmiş kameral vergi yoxlaması nəticəsində yanvar ayında bəyan edilmiş dövriyyənin bir qisminin (2,015,514 manat hissəsinin) məhz 2019-cu ilin oktyabr ayının dövriyyəsi olduğu müəyyən edilmiş və bu səbəbdən də həmin dövriyyə 2019-cu ilin oktyabr ayına bərpa edilərək ƏDV üzrə 449,496.0 manat əlavə vergi məbləği hesablanmışdır. (Həmin qərar iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilsə də, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilmişdir). Bu səbəbdən də iddiaçı yol verdiyi səhvi düzəltmək məqsədilə 2020-ci ilin yanvar ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edərək vergiyə cəlb edilən dövriyyəni qeyd edilən ay üzrə təqdim edilmiş elektron qaimə-fakturalara və ödənişlərə müvafiq olaraq azaldaraq 1,151,338.0 manat bəyan etmişdir. Eyni zamanda, iş materiallarında mövcud olan xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən ilkin uçot sənədləri nəzərə alınmaqla 2020-ci ilin yanvar ayı üzrə təqdim edilmiş sonuncu dəqiqləşdirilmiş ƏDV bəyannaməsi üzrə hər hansı kənarlaşma aşkar edilməmişdir. Lakin vergi orqanı sadəcə dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb edilən dövriyyənin izahat və təsdiqedici sənədlər təqdim edilmədən azaldılmasını kənarlaşma kimi qiymətləndirərək, azaldılmış dövriyyəni bərpa etmişdir.Halbuki, Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər Göründüyü kimi, təqdim edilmiş bəyannamə ilə ilkin uçot sənədləri arasında uyğunsuzluq olduğundan, iddiaçı haqlı olaraq 22.01,2022-ci il tarixdə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etmiş və vergiyə cəlb edilən dövriyyəni ilkin uçot sənədlərinə (elektron qaimə fakturalara və ödənişlərə) uyğunlaşdıraraq əvvəlki bəyannamə ilə hesablanmış 362,792.52 manat vergi məbləğini azaltmışdır. Göstərilənlərə əsasən hesab edirlər ki, 2020-ci ilin yanvar ayına ƏDV üzrə hesablanmış 362,792.52 manat əlavə vergi məbləği qanunsuz olmuşdur. Vergi orqanı tərəfindən 2020-ci ilin Mənfəət vergisi üzrə hesablanmış 159,855.09 manat əlavə vergi məbləğinə münasibətdə: Vergi orqanı tərəfindən iddiaçıya 2020-ci ilin mənfəət vergisi üzrə əlavə vergi məbləği hesablanmış və belə əsaslandırılmışdır ki, əvvəlki (2019-cu) il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində hesabat ilinin sonuna mal qalığı 72,606.41 manat, 2020ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində dövr ərzində daxil olmuş malların məbləği 6,198,094.64 manat, il ərzində təqdim edilmiş malların məbləği 7,069,970.52 manat, hesabat dövrünün sonuna mal qalığı isə 0 manat göstərilmişdir ki, nəticədə 799,269.47 manat (72,606.41 + 6,198.094.64 - 7,069,970.52) kənarlaşma yaranmışdır. Bu səbəbdən də vergi orqanı cəmiyyət tərəfindən göstərilmiş 799,269.47 manat xərcləri tanımaqdan imtina edərək, iddiaçıya buna müvafiq olaraq 159,855.09 manat əlavə vergi məbləği hesablamışdır. Bununla bağlı bildirirlər ki, vergi orqanı hesablama apararkən 2020-ci ilin əvvəlinə olan mal qalığını əsassız olaraq 72,606.41 manat müəyyən etmişdir. Belə ki, iddiaçı tərəfindən 2020-ci il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində hesabat dövrünün əvvəlinə mal qalığı 871,875.88 manat bəyan edilsə də, vergi orqanı hər hansı sübut və əsas olmadan həmin göstəricini azaldaraq 72,606.41 manat müəyyən etmişdir. Halbuki, əvvəlki - 2019-cu il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin 1.3.2-ci sətrinin “Hesabat dövrünün sonuna” sütununda da ilin sonuna mal qalığı 871,875.88 manat əks etdirilmiş və həmin bəyannamə vergi orqanı tərəfindən kameral vergi yoxlaması nəticəsində təsdiq edilmişdir. Qeyd edir ki, iş materiallarında mövcud olan xx.xx.2022-ci il ekspert rəyi də bu faktı, yəni iddiaçının ilin əvvəlinə olan mal qalığının vergi orqanı tərəfindən düzgün müəyən edilmədiyini təsdiq edir. Beləliklə, vergi orqanı iddiaçının ilin əvvəlinə olan 871,875.88 manat mal qalığını səhvən 72,606.41 manat müəyyən etdiyindən, nəticədə iddiaçıya əsassız əlavə vergi məbləği hesablamışdır. Vergi orqanı tərəfindən 2021-ci ilin oktyabr ayına ƏDV üzrə hesablanmış 1,212,079.29 manat əlavə vergi məbləğinə münasibətdə: Cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 2021-ci ilin oktyabr ayına ƏDV üzrə 1,212,079.29 manat əlavə vergi məbləği hesablanmış və belə əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2021 -ci il tarixədək iddiaçı tərəfindən 14,367,594.61 manat (ƏDV-siz) mal idxal edildiyi halda, həmin dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində dövriyyə 7,599,172.88 manat bəyan edilmişdir ki, nəticədə 6,768,421.73 manat kənarlaşma yaranmışdır. Bununla bağlı bildirirlər ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı müəyyən edilmiş 14,367,594.61 manat (ƏDV-siz) idxal cəmiyyət tərəfindən 2019-2021-ci illər ərzində idxal edilmiş malların gömrük dəyəridir. Halbuki, cəmiyyətin həmin dövrlər üzrə idxal etdiyi malların invoys dəyəri 10,890,005.39 manat olmuşdur. Göründüyü kimi, vergi orqanı vergilərin hesablanması zamanı malların faktiki (invoys) dəyərini yox, məhz gömrük (statistik) dəyərini əsas götürmüşdür ki, bu da vergi qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnmişdir. Belə ki, gömrük dəyəri idxal zamanı gömrük rüsumunun və ƏDV-nin hesablanması məqsədilə gömrük orqanı tərəfindən müəyyən edilən göstəricidir. Bundan başqa, vergi orqanı 2019-2021-ci illər ərzində baş vermiş əməliyyatlara görə 20121 -ci ilin oktyabr ayına kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablamaqda haqsız olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə görə, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Vergi Məcəlləsinin 178-ci maddəsinə görə, ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Vergi Məcəlləsinin 173.2-ci maddəsinə görə, vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Vergi Məcəlləsinin 174.1-ci maddəsinə görə, Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Vergi Məcəlləsinin 83.1-ci maddəsinə görə, Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Vergi Məcəlləsinin 166.1-ci maddəsinə görə, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; Qeyd olunan normaların qarşılıqlı təhlili ilə müəyyən olunur ki, vergi ödəyicisi təqvim ayı ərzində həyata keçirdiyi əməliyyatları özündə əks etdirən ƏDV bəyannaməsini növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir və vergi orqanı da öz növbəsində bəyannaməmənin təqdim edildiyi gündən 30 iş günü müddətində kameral vergi yoxlaması həyata keçirir. Lakin göründüyü kimi, vergi ödəyicisinin 2021-ci ilin oktyabr ayında hər hansı satış əməliyyatı və daxil olan ödənişi olmadığı halda, vergi orqanı 2019-2021-ci illərin əməliyyatlarına görə həmin aya əlavə vergi məbləği hesablamışdır ki, bu da Vergi Məcəlləsinin yuxarıda qeyd olunan müddəalarının kobud pozuntusudur. İnzibati Prosessual Məcəlləninn 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, analoji işlər üzrə məhkəmə qərarlarını təqdim edərək formalaşmış məhkəmə təcrübəsinin olduğunu bildirmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 2020-ci il yanvar ayı üzrə ƏDV bəyannaməsində 570033,36 manat ƏDV məbləği hesablanıimasına baxmayaraq xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilərək izahat və təsdiq edici sənədlər təqdim edilmədən vergi məbləği azaldılmışdır. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2022-ci il tarixdə **********972000 nömrəli və xx.xx.2022-ci il tarixdə **********220900 nömrəli nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Beləliklə, iddiaçı tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə 2020-ci ilin yanvar ayına 362792,52 manat əlavə dəyər vergisi hesablanılmışdır. Vergilərin hesablanması barədə xx.xx.2022-ci il tarixli **********041300 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 14367504,61 manat (ƏDV-siz) məbləğində mallar idxal edildiyi halda, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyan namələrində 7599172,88 manat (ƏDV-siz) dövriyyə göstərildiyi, idxal edilmiş mallar üzrə 14253761,72 manat (ƏDV-siz) dəyərində YGB-nin əvəzləşdirildiyi müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Kənarlaşma ilə əlaqədar iddiaçıya xx.xx.2021-ci il tarixdə **********067500 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin, iddiaçı tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə 2021-ci ilin oktyabr ayına analoji qaydada 1197826,03 manat əlavə dəyər vergisi hesablanılmışdır. Vergilərin hesablanması barədə xx.xx.2021-ci il tarixli **********126200 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilmiş 2021-ci ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsi təqdim edilərək izahat və təsdiq edici sənədlər təqdim edilmədən vergi məbləği azaldıldığından vergilərin hesablanması barədə xx.xx.2022-ci il tarixli **********329900 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, iddiaçı tərəfindən “mənfəət vergisinin bəyannaməsi"nin 1 nömrəli əlavəsinin cəmi aktivlər sətrindəki "hesabat dövrünün əvvəlinə olan 871875,88 manat məbləğ, əvvəlki müvafiq dövr üzrə təqdim olunmuş (2019-mənfəət vergisi bəyannaməsi) əlavənin eyni sətrinin "Hesabat dövrünün sonuna" olan 879540,54 manat məbləğ arasında 7664,66 manat məbləğində fərq müəyyən edilmişdir. Kənarlaşma ilə əlaqədar iddiaçıya 24.01,2022-ci il tarixdə **********972000 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin, iddiaçı tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə 2020-ci il üzrə 159855,09 manat mənfəət vergisi hesablanılmışdır. Vergilərin hesablanması barədə xx.xx.2022-ci il tarixli **********030400 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə etmiş, analoji işlər üzrə məhkəmə təcrübəsinin olduğunu etiraf etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddia mübahisələndirmə haqqında iddiadır, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən qismən əsaslıdır. Belə ki, İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022- cı il tarixli **********041300 nömrəli Qərara əsasən 2020-cu ilin yanvar ayına ƏDV üzrə 362792.52 manat, xx.xx.2022- ci il tarixli **********329900 nömrəli qərara əsasən 2021-ci ilin oktyabr ayına ƏDV üzrə 1212079.29 manat və xx.xx.2022-ci il tarixli **********030400 nömrəli qərara əsasən 2020-ci ilə mənfəət vergisi üzrə 159855.09 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-cı il tarixli **********041300 nömrəli, xx.xx.2022-ci il tarixli **********329900 nömrəli və xx.xx.2022-ci il tarixli **********030400 nömrəli Qərarların ləğv edilməsini istəyir. Məhkəmə araşdırması zamanı müəyyən edilki, hazırkı mübahisənin yaranmasının, iddiaçıya vergi borclarının hesablanmasının əsas hissəsini idxal olunan mallarla bağlı vergi öhdəlikləri hesablanan zaman malların invoys dəyərinin yox, gömrük dəyərinin əsas götürülməsi olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 139-cu maddəsinə əsasən: 39.1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. 139.3. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi mənəvi cəhətdən köhnəlmiş və ya dəbdən düşmüş qüsurlu malın, yaxud digər səbəblər üzündən istehsalına çəkilmiş xərclərdən (satınalma qiymətindən) yüksək qiymətə satıla bilməyən malın (məhsulun) dəyərini onların satıla biləcəyi qiyməti əsas götürməklə qiymətləndirə bilər. 139.4. Vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir. Məcəllənin 162-ci maddəsinə əsasən : 162.1. Vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. 162.2. Bu Məcəllənin 171.2-ci maddəsinə uyğun olaraq idxalın bir hissəsi kimi sayılan xidmət göstərildikdə, onun ƏDV nəzərə alınmadan dəyəri bu Məcəllənin 162.1-ci maddəsində göstərilən dəyərə əlavə edilir. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında gömrük rüsumu dərəcələrinin aşağıdakı növləri tətbiq edilir: 4.1.1. advalor - malların gömrük dəyərinə nisbətən faizlə hesablanan; Həmin Qanunun 3.5-ci maddəsinə əsasən 3.5. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. 12.4. Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Həmin Qanunun 13.1-ci maddəsində göstərilir ki, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur. Həmin Qanununun 13.3-cü maddəsinə görə mallar üçün ödənilmiş və ya ödənilməli olan qiymətdən ayrı müəyyənləşdirilmiş aşağıdakı xərclər gömrük dəyərinə daxil edilmir: 13.3.1. sənaye qurğuları, maşın və avadanlıq kimi mallar idxal edildikdən sonra həmin mallarla əlaqədar tikinti-inşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri; 13.3.2. malların gömrük ərazisində daşınması ilə əlaqədar yaranan əsaslandırılmış xərclər; 13.3.3. gömrük ərazisində ödənilməli olan rüsum və digər ödənişlər; Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən, idxal olunan malların mədaxil dəyəri həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72- ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə ilə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göründüyü kimi inzibati orqan tərəfindən iddiaçıya münasibətdə əlverişsiz inzibati aktın qəbul edilməsinə və mübahisənin yaranmasına əsas səbəb idxal olunmuş malların invoys dəyəri yox gömrük dəyərinin əsas götürülməsi olmuşdur. Formalaşmış məhkəmə təcrübəsi ilə müəyyən edilmişdir ki, vergi öhdəlikləri hesablanan zaman malların invoys dəyəri əsas götürülməlidir. Məhkəmə tərəfindən müvafiq ekspertiza keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmənin e-2-1(118)-1384/2022 saylı, 13 iyul 2022-ci il tarixli Qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Mühasibatlıq sənədlərinə və vergi bəyannamələrinə əsasən İddiaçı MMC-nin 2020-cı il üzrə dövlət büdcəsinə ödəməli olduğu mənfəət vergisi məbləği nə qədər təşkil edir və cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********030400 nömrəli qərara əsasən həmin il üzrə hesablanmış 159855.09 manat əlavə vergi məbləği öz təsdiqini tapırmı?
2. Mühasibatlıq sənədlərinə və vergi bəyannamələrinə əsasən İddiaçı MMC-nin 2020-cı ilin yanvar ayı üzrə dövlət büdcəsinə ödəməli olduğu Əlavə dəyər vergisi məbləği nə qədər təşkil edir və cavadeh tərəfindən xx.xx.2022-cı il tarixli **********041300 nömrəli Qərara əsasən həmin hesabat ayı üzrə hesablanmış 362792.52 manat əlavə vergi məbləği öz təsdiqini tapırmı?
3. Gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırmı?
4. Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi) nədən ibarətdir?
5. Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birində əks olunmuş məbləğ ayrılıqda nə qədərdir və bu sənədləri hansı vergi ödəyiciləri təqdim (tərtib) etmişdir?
6. Gəlirin əldə edilməsi ilə bağlı malların hərəkəti hesabatı mövcuddurmu, mövcuddursa hansi sənədlərdən ibarətdir?
7. 2020-ci ilin yanvar və 2021 oktyabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələri (vergiyyə cəlb olunan dövriyyə, əvəzləşdirilən ƏDV və bedcəyə çatası ƏDV) üzrə hesablanmış vergilər düzgündürmü?
8. 2020-ci il üzə mənfəət vergisi vergisi bəyannaməsi və əlavə 1 üzrə gəlir və xərclər əsasında hesablanmış vergilər düzgündürmü?
9. Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması vergi qanunvericiliyinin tələblərinə uyğundurmu?
10. Mühasibatlıq sənədlərinə və vergi bəyannamələrinə əsasən iddiaçının fevral 2019-oktyabr 2021 hesabat dövrləri üzrə dövlət büdcəsinə ödəməli olduğu ƏDV məbləği nə qədər təşkil edir və cavabdeh vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********329900 nömrəli qərara əsasən 2021-ci ilin oktyabr ayına ƏDV üzrə hesablanmış 1212079.29 manat əlavə vergi məbləği öz təsdiqini tapırmı?
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli, 9/5710 saylı məktubu ilə iş üzrə ekspert rəyi məhkəməyə təqdim edilmiş, rəydə tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, birinci və səkkizinci suallar üzrə. Cəmiyyət tərəfindən 2020-ci il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsi üzrə 2.020,00 manat Mənfəət vergisi məbləğinin vergi ödəyicisi tərəfindən az bəyan edildiyi müəyyən edilmişdir və vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********030400 nömrəli qərara əsasən 2020-ci ilə hesablanmış 159.855,09 manat mənfəət vergisi məbləği 157.835,09 manat hissədə öz təsdiqini tapmamışdır. İkinci və yeddinci suallar üzrə. Müəssisə tərəfindən 2020-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə hər hansı kənarlaşma aşkar edilmədi və həmin hesabat dövrü üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********041300 nömrəli qərar əsasında hesablanmış 362.792,52 manat əlavə vergi məbləği öz təsdiqini tapmadı. Onuncu sual üzrə. İddiaçı MMC tərəfindən 2019-2021-ci illər üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə ümumilikdə 592.349,85 manat ƏDV məbləğinin az bəyan edildiyi müəyyən edildi və vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********329900 nömrəli qərara əsasən 2021-ci ilin oktyabr ayı üzrə hesablanmış 1.212.079,29 manat əlavə vergi məbləği 619.729,45 manat hissədə öz təsdiqini tapmadı. Üçüncü, altıncı, doqquzuncu suallar üzrə. Gəlir və xərclərə dair sənədlər iş materiallarına əlavə edilmişdir, ekspertriza tədqiqatı həmin sənədlər əsasında aparılmışdır. Ekspert rəyindən göründüyü kimi vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********030400 nömrəli qərara əsasən 2020-ci ilə hesablanmış 159.855,09 manat mənfəət vergisi məbləği 157.835,09 manat hissədə, xx.xx.2022-ci il tarixli **********041300 nömrəli qərar əsasında hesablanmış 362.792,52 manat əlavə vergi məbləği bütövlükdə, xx.xx.2022-ci il tarixli **********329900 nömrəli qərara əsasən 2021-ci ilin oktyabr ayı üzrə hesablanmış 1.212.079,29 manat əlavə vergi məbləği isə 619.729,45 manat hissədə öz təsdiqini tapmamışdır. Göründüyü kimi ekspert rəyi ilədə iddiaçıya hesablanmış vergilərin əksər hissəsinin əsassız olduğu öz təsdiqini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisələndirilən qərarlar ekspert rəyi ilə öz təsdiqini tapan əsassız vergi məbləğinin hesablandığı hissələrdə ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022cı il tarixli **********041300 nömrəli Qərar ləğv edilməli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********030400 nömrəli Qərar 2020-ci ilə hesablanmış 159.855,09 manat mənfəət vergisi məbləğinin 157.835,09 manat hissəsində, xx.xx.2022-ci il tarixli **********329900 nömrəli Qərar isə 2021-ci ilin oktyabr ayı üzrə hesablanmış 1.212.079,29 manat əlavə vergi məbləğinin 619.729,45 manat hissəsində ləğv edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin.
Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-cı il tarixli **********041300 nömrəli Qərar ləğv edilsin. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********030400 nömrəli Qərar 2020-ci ilə hesablanmış 159.855,09 manat mənfəət vergisi məbləğinin 157.835,09 manat hissəsində ləğv edilsin. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********329900 nömrəli Qərar isə 2021-ci ilin oktyabr ayı üzrə hesablanmış 1.212.079,29 manat əlavə vergi məbləğinin 619.729,45 manat hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev