Məhkəmə qərarları › İş №2-1(118)-5719/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5719/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5719/2023 06.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Yusubov Elvin Əlizadə oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona ünvanlı dövlət sosial yardımın təyin edilməsi və pensiya məbləği hüququnun yarandığı noyabr 2022-ci ildən etibarən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli SMS məlumatına əsasən ona ünvanlı sosial yardımın təyin olunmasından imtina olunmuşdur. Aşağıdakılara əsasən cavabdehin imtinasını qanunsuz əsassız və ədalətsiz hesab edir. Belə ki, cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, guya o su abonent kodu barədə məlumatı gizlətdiyindən ona imtina olunur. Halbuki, iddiaçı heç nə gizlətməmiş və yaşadığı evin suyu yoxdur o, suyu qonşuda xahişlə alır və onun abonent kodu ümumiyyətlə yoxdur. Qeyd edir ki, ona daha əvvəllər bütün zəruri sənədlər təqdim etmiş, ÜSY təyin olunmuş və iddiaçı 2022-ilin oktyabr ayınadək almış, lakin müddət bitdikdən sonra noyabrda təkrar müraciət etmişdir. Buna baxmayaraq, cavabdeh ona dəfələrlə müxtəlif bəhanələrlə bir dəfə guya evdə kənar şəxs var o biri dəfə evdə adam yoxdur kimi bəhanələrə gətirilməklə imtinalar olunmuşdur. Halbuki, bu tamamilə qanunsuz və əsasızıdır. Bildirir ki, onun üç azyaşlı övladına tək baxır və çox ağır vəziyyətdədir. Buna baxmayaraq, cavabdeh ona hərdəfə əsassız imtina verir. Qanunda cavabdehin imtinasında göstərdiyi əsaslar mövcud deyil və Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmamışdır və bu səbəbdən də imtina qanunsuz və əsassızdır. Hesab edir ki, onun hüququnun yarandığı noyabr 2022-ci il tarixindən etibarən hesablanaraq ödənilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, bütün zəruri sənədləri təkrar noyabr 2022-ci ildə müraciət etmiş və həmin tarixədən etibarn ÜSY-nin ödənilməsi barədə xahiş etmişdir. Cavabdehin imtinası əsassız olduğuna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli **********05602 nömrəli ərizə ilə müraciət etmişdir.Daxil olan müraciətin araşdırılması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.6-cı yarımbəndinə əsasən “ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduğu müəyyən edilmişdir. Göründüyü kimi Bununla bağlı qanunvericilikdə birbaşa göstəriş nəzərdə tutulmuşdur. Təmsilçi İddiaçınm VEMTASA daxil etdiyi məlumatlara nəzərən qeyd etdiyi kommunal xərclərin adam başına düşən məbləğinin cəmi ölkə üzrə yaşayış minimumunun 15 faizindən artıq olduğundan haqlı olaraq daxil olan müraciətə imtina cavabı verilmişdir. Eyni zamanda evdə yerləşən mətbəxin ümumi olması da, digər imtina səbəbi kimi qeyd olunmalıdır. Ona görə ki, ünvanda yaşayan şəxslərin birgə yaşayıb-yaşamaması və ya birgə təsərüffat aparıbaparmamasının müəyyən edilməsinin əsas meyarlarından bir də evdə yerləşən mətbəxin birgə istifadə olunub-olunmamasından asılıdır. Belə ki, eyni ünvanda yaşayan şəxslərin birgə təsərüffat aparıb-aparmamasının müəyyən edilməsi üçün zəruri olan hallara nəzər salaq: Mənzilin giriş, mətbəx və yaşam üçün vacib digər hissələrinin ayrı yerləşməsi; Mənzilində yerləşən sayğacların (qaz, su, işıq) ayrı yerləşməsi və kommunal xərclərin ayrı ödənilməsi. Göründüyü kimi sözügedən mənzildə sayğacın və mətbəxin ümumi olmasının hər biri ayrı-ayrılıqda imtina əsasıdır.Mübahisələndirilən imtinanın digər əsası isə ümumi istifadədə olan sayğacın aşkar edilməsi ilə bağlıdır. Belə ki, qeyd olunan ünvana ikinci dəfə gəlmiş əməkdaşlar (birinci yoxlamada ünvanda heç kim olmamışdır) yaşayış evinin iki mərtəbədən ibarət olmasım birinci mərtəbədə hər otaqda ayrı-ayrı şəxslərin kirayə yaşadığı və ünvanda bir mətbəxin olduğu eyni zamanda ümumi olaraq bir sayğacın olduğu aşkar edilmişdir. Belə olan halda kommunal xərclərin hansı meyar əsasında bölünərək ödənilməsi məlum olmadığından haqlı olaraq daxil olan müraciətin digər imtina əsası kimi ümumi istafədəli sayğacın aşkar edilməsi qeyd olunmuşdur. Bundan başqa təmsilçi ünvanda kirayə qaldığını qeyd etsə də, kirayə müqaviləsini təqdim etmədiyindən ailənin kirayədə qalmasının təsdiqini tapmaması halı da daxil olan müraciətə imtina cavabı verilməsinə əsas olmuşdur. İşin əlavə araşdırılması zamanı o da, müəyyən edilmişdir ki, mübahisələndirilən imtinadan əvvəl təmsilçinin xx.xx.2022-ci il tarixli müraciəti zamanı maddi-məişət şəraitinin müayinəsi zamanı ünvanda heç kim olmamış, təmsilçi ilə əlaqə saxlanıldıqda isə həmin ünvanda yaşamadığını ünvanı səhv qeyd etdiyini, yaşadığı ünvandan yenidən müraciət edəcəyini bildirmişdir. Lakin təmsilçinin mübahisələndirdiyi imtina zamanı yenidən eyni ünvanda olduğu və burada kirayə yaşadığını bildirdiyi müəyyən edilir. Halbuki əvvəlki müavinə zamanı qeyd olunan ünvanda olmayan təmsilçi orada yaşamadığını və yeni yaşayış ünvanından müraciət edəcəyini bildirmişdir. Bundan əlvə təmsilçinin xx.xx.2023-cü il tarixli **********22301 nömrəli müraciətində yenidən maddi-məişət şəraitinin müayinəsinə gəlmiş əməkdaşlar təmsilçinin ünvanda olmadığını aşkar etmiş və ünvanda yaşayan tələbələr təmsilçinin burada yaşamadığm bildirmişdirlər. Eyni zamanda mənzilin təmsilçi İddiaçı xanıma məxsus olduğunu qeyd etmişdirlər. Belə ki, mübahisələndirilən imtina zamanı təmsilçi sözügedən ünvanda kirayə əsaslarlar yaşadığını bildirmişdir. Bununla bərabər təmsilçinin xx.xx.2023-cü il tarixli **********3902 nömrəli müraciətində də maddi-məişət şəraitinin müayinəsi zamanı təmsilçi ünvanda olmamış, ərizə-bəyannamədə qeyd edilən telefon nömrəsi ilə əlaqə saxlanılmağa cəhd edilsə də, lakin edilən zəngə cavab verən olmamışdır. Göründüyü kimi təmsilçi tərəfindən mübahisələndirilməsə də, lakin mübahisələndirilən xx.xx.2022-ci il tarixli imtinadan əvvəl və sonra verilən imtinalar da sözügedən iddia tələbinin əsassız olmasını, cavabdehin imtinasının tam olaraq qanunauyğun və əsaslı olmasını göstərir.Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki hallan nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçı ilkin sübutetmə yükü Qanunvericiliklə üzərinə düşən tərəf kimi ona və aztəminatlı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, hu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret hada istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə - Cavabdehin etirazı, iddiaçıya verilmiş imtinaların surəti, iddiaçıya aid şəxsi işin təsdiqlənmiş surəti və digər sənədlər. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ ailə-məişət şəraitinin qənaətbəxş olmaması vaxtından yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Fond hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Fondun xidmət göstərdiyi ərazinin sakinidir və ünvanlı sosial yardımın vətəndaşlara verilməsi Fondun səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Fond hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş və müvafiq imtina cavablarını almışdır. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbi əsasız olduğuna görə təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən: -10.1 Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. -10.2.Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. -10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. -10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. -10.6. Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmış “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaları ünvanlı dövlət sosial yardımının (bundan sonra - sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Həmin Qaydaların 3-cü maddəsinə görə Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır, (m. 3.1)VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir, (m. 3.2) Həmçinin VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir, (m. 3.3).Həmin Qaydaların 4.2-ci maddəsinə görə sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir (m 4.3): Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; əmək müqaviləsi barədə məlumatlar; sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3- cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna Təmsilçinin müraciəti əsasında yenidən baxılır. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 477 saylı Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X1 və X2 (VEMTAS) yaradılmışdır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.Sözügedən Qanunun 7.1 -ci maddəsinə əsasən, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Sözügedən Qanunun 7.3-cü maddəsinə əsasən, ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1.2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri əmək qabiliyyətli olan ailə üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi səbəblərindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. İşin araşdırlan hallarından müəyyən olundu ki, iddiaçı cavabdeh tərəfindən ailəyə təyin edilmiş sosial yardımın ödənişini dayandırılmasının düzgün olmadığı qənaətinə gələrək, həmin yardımın dayandırıldığı vaxtdan bərpa edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmış və ailə tərəfindən məlumatların düzgün təqdim edilməməsini nəzərə alaraq iddiaçıya təyin edilmiş ünvanlı sosial yardımı dayandırmışdır. Bu səbəbdən də cavabdehin hərəkətləri qanunidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona ünvanlı dövlət sosial yardımın təyin edilməsi və pensiya məbləği hüququnun yarandığı noyabr 2022-ci ildən etibarən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar