Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-572/2025 07.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X9 Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən verilmiş **********96 saylı, 23 oktyabr 2023-cü il tarixli imtina qərarı ləğv olunmaqla Şamaxı şəhəri, Kolxoz bazarında yerləşən ümumi sahəsi 29 m2 olan qeyri-yaşayış binası üçün onun adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi. Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsindən verilmiş Qeydiyyat Vəsiqəsindən görünür ki, Şamaxı şəhərində Kolxoz Bazarı küçəsində ümumi sahəsi 29 kv.rn olan mağaza binası onunb mülkiyyətinə verilmişdir. Bu qərar 15 aprel 2009-cu il tarixdə 01 nömrəli reyestr kitabında 9-cu səhifədə 22 reyestr nömrəsi ilə qeydə alınmışdır. Həmin mağaza binasının texniki pasportunun surətindən görünür ki, ümumi sahə 29 kv.m, ticarət sahəsi isə 7.5 kv.m olmaqla sözügedən tikili onun adından, bu vəsiqənin əsilini və yaxud notarial təsdiqi surətini məhkəməyə təqdini edəcdir.Beləliklə, o Şamaxı şəhəri, köhnə Kolxoz bazarı ərazisində yerləşən qeyri-yaşayış binasının üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh **********96 saylı, 23 oktyabr 2023-cü il tarixli imtina məktubu ilə ərizənin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Ağış oğlunun etibarnamə üzrə nümayəndəsi X6 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək, Şamaxı şəhərinin köhnə kolxoz bazarının ərazisində yerləşən qeyri-yaşayış binasının üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir.Müraciətdə qeyd olunan İddiaçı Ağış oğluna məxsus digər qeyri-yaşayış binasının sənədlərini və Ərazi İdarəsinin arxivində saxlanılan arxiv qovluğunda olan hüquqmüəyyənedici sənədləri araşdırılan zaman məlum olmuşdur ki, ləğv edilmiş Şamaxı Rayon X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin üzərində qeyd olunan məlumatlarda pozuntular mövcuddur. Bundan əlavə, Şamaxı Rayon X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş köhnə 01 nömrəli reyestr kitabında sözügedən qeyri-yaşayış binası başqa şəxsin X1 adına qeyd olunmuşdur (kitabda sənədlər əsaslar qrafasında Şamaxı RİH-nin xx.xx.1997-ci il tarixli 56 saylı sərəncamı qeyd edilmişdir), lakin Ərazi İdarəsinin arxivində X1 adına arxiv qovluğu aşkar edilmədi. İddiaçı Ağış oğluna məxsus qeyri-yaşayış binası da vaxtilə kolxoz bazarının ərazisində yerləşib, hal-hazırda yerində mövcud deyil. İddiaçı Ağış oğluna məxsus qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlərinin məlumatları dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığı və üçün onun ərizəsinin icrasından imtina olunmuşdur.Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan və digər üçüncü şəxslər nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, iddiaçı tərəfindən iddia edilən obyekt bazarın hansı hissəsində yerləşməsi ilə bağlı sübut yoxdur.Müvəkkilinə məxsus qüvvədə olan çıxarış vardır. Ona görə də iddiaçının tələbi əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin **********96 saylı, 23 oktyabr 2023-cü il tarixli imtina məktubu, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi. Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsindən verilmiş Qeydiyyat Vəsiqəsinin surəti, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-xx/xx-2002 nömrəli qətnaməsinin surəti, Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 1mk-2570/2002 nömrəli qətnaməsinin surəti, cavabdehin etiraz ərizəsi, DƏDKR-in 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi, **********24-12301 reyestr nömrəli çıxarışın surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan daşınmaz əmlaka istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 14 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 14 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 14 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 14 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 14 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********96 saylı, 23 oktyabr 2023-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın Şamaxı rayon ərazisində olması və cavabdehin rəsmi ünvanının Şamaxı rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, ədalətli məhkəmə araşdırması aparılması məqsədilə mübahisəli daşınmaz əmlakın müayinə edilməsi üçün məhkəmə tərəfindən mütəxəssis rəyi alınmışdır. DƏDKRin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X4 və Mülkiyyət Hüquqların Dövlət Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına rəsmiləşdirilmiş Qeydiyyat vəsiqəsində qeyd olunan 29 kv.m mağaza binası hal-hazırda iddiaçının istifadəsində deyildir. İddiaçı adına rəsmiləşdirilmiş Qeydiyyat vəsiqəsində koordinatlar olmadığından Qeydiyyat vəsiqəsində qeyd olunan 29 kv.m qeyri-yaşayış binasının naturada iddia olunan qeyri-yaşayış binası olub-olmamasını müəyyənləşdirmək mümkün olmadı. İddiaçı tərəfindən naturada göstərilən qeyri-yaşayış binasının sahəsi ilə Baş X4 və Mülkiyyət Hüquqların Dövlət Qeydiyyatı idarəsi tərəfindən rəsmiləşdirilmiş Qeydiyyat vəsiqəsində qeyd edilən sahə uyğunsuzluq təşkil edir. Belə ki, naturada göstərilən qeyri-yaşayış binasının sahəsi 31.50 kv.m-dir, lakin Qeydiyyat vəsiqəsində qeyd edilən sahə 29 kv.m-dir. Bundan əlavə iddiaçının naturada göstərdiyi qeyri- yaşayış binasının yan ölçüləri ilə iş materiallarına əlavə olunmuş iddiaçıya aid texniki pasportda qeyd edilmiş qeyri-yaşayış binasının (çayxananın) yan ölçüləri arasında fərq vardır. Texniki pasportda qeyri-yaşayış binasının yan ölçüləri 8m x 5.60m qeyd olunub, lakin naturada göstərilən qeyri-yaşayış binasının yan ölçüləri 7m x 4.50 m-dir. 14 saylı Şamaxı Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən İddiaçı naturada göstərdiyi qeyri-yaşayış binasının faktiki koordinatları ilə İnventar nömrəsi 8768, reyestr nömrəsi **********24-12301 olan əmlak kompleksinin koordinatları üst-üstə düşür. İddiaçı tərəfindən naturada göstərilən qeyri-yaşayış binasının koordinatları inventar nömrəsi 8768, reyestr nömrəsi **********24-12301 olan əmlak kompleksinin texniki pasportunda “l” hərfi ilə işarələnmiş tikili ilə üst-üstə düşür və hansı hissədə üst-üstə düşməsi rəyə əlavə olunmuş sxemdə öz əksini tapmışdır”. Göründüyü kimi iddiaçının iddia etdiyi qeyri- sahəsinin faktiki yerləşdiyi yerdə digər şəxslərin mülkiyyət hüquqları tanınmışdır. Beləliklə, mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsi digər şəxslərin mülkiyyətindədir.İddiaçıya iddia etdiyi daşınmaz əmlak hal-hazırda hüquqi cəhətdən yüklü olduğundan, iddiaçının tələbinin təmin edilməsi qanunvericiliyin müəyyən etdiyi hədlərdə təmin etmək mümkün deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən verilmiş **********96 saylı, 23 oktyabr 2023-cü il tarixli imtina qərarı ləğv olunmaqla Şamaxı şəhəri, Kolxoz bazarında yerləşən ümumi sahəsi 29 m2 olan qeyri-yaşayış binası üçün onun adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №2-1(118)-572/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-572/2025
07.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver