Məhkəmə qərarları › İş №2-1(118)-5733/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5733/2024

15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5733/2024 15.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası X10 publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: müsabiqə üzrə imtahan nəticəsinin qanunsuz hesab edilməsi, düzgün qiymətləndirilmənin aparılması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X5rşı “X10 tərəfindən keçirilmiş xx.xx.2024- cü il tarixli müsabiqə üzrə iddiaçının imtahan nəticəsinin qanunsuz hesab edilərək dəyişdirilməsi və imtahanda çəkdiyi rəsmin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllimlərinin verdiyi rəyə uyğun olaraq düzgün qiymətləndirilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı X10 tərəfindən keçirilmiş xx.xx.2024-cü il tarixli müsabiqə üzrə iddiaçının imtahan nəticəsinin qanunsuz hesab edilərək dəyişdirilməsi və imtahanda çəkdiyi rəsmin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllimlərinin verdiyi rəyə uyğun olaraq düzgün qiymətləndirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı 05 iyul 2024-cü il tarixdə X10 tərəfindən keçirilmiş dizayn imtahanında iştirak etmişdir və imtahan nəticəsi düzgün qiymətləndirilməmişdir. Qabiliyyət imtahanında çəkdiyi rəsmə verilən rəylərdə çəkdiyi rəsm qənaətbəxş (8 balla) qiymətləndirilmiş, lakin yekunda müsabiqədən keçmədiyi məlum olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının ‘'İncəsənət tarixi" kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru X2 mənim imtahanda çəkdiyim rəsmə verdiyi rəyində qeyd olunur: "İddiaçı DİM-in keçirdiyi qabiliyyət imtahanında çəkdiyi rəsmi təqdim edilmiş meyarlar əsasında nəzərdən keçirdiyi zaman onun tələblərə cavab verdiyini söyləmək olar. Belə ki, abituriyent gips başı formata uyğun olaraq kağız üzərində yerləşdirilməsini, rəsmin konstruktiv, işıq-kölgə həllini düzgün olaraq yerinə yetirmiş və işi tamamlamağa nail olmuşdur. Bütün bunlar əsasında hesab edir ki, abituriyentin imtahanda çəkdiyi rəsm qənaətbəxşdir və müsabiqədə iştirakı məqsədəuyğundur." Azərbaycan Dövlət Pedoqoji Universitetinin '‘Təsviri incəsənət və onun tədrisi texnologiyası" kafedrasının baş müəllimi X3 iddiaçının imtahanda çəkdiyi rəsmə verdiyi rəyində qeyd olunur:

1. Gips baş rəsminin formata uyğun kağız üzərində yerləşdirilməsi- 2 bal;

2. Gips baş rəsminin konstruktiv həlli- 2 bal;

3. Gips baş rəsminin işıq-kölgə həlli- 3 bal;

4. Gips baş rəsminin tamamlanması — 1 bal İddiaçı bu təqdim olunmuş rəsmini 8 (səkkiz) balla qiymətləndirirəm. Qiymətləndirmədə İddiaçı abituriyent olması, hazırlıq keçdiyi nəzərə alınmalıdır, o, heç bir ixtisas məktəbi və təhsil almamışdır. " Rəylərdən də göründüyü kimi, çəkdiyi rəsm 8 (səkkiz) balla qiymətləndirilmişdir. Bu isə onu göstərir ki, topladığı bal müsabiqədən uğurla keçmək üçün kiyafətdir. Lakin ona müsabiqədən keçmədiyi bildirilmişdir. Bununla bağlı X7 apellyasiya qaydasında ərizə ilə müraciət etmiş, lakin müraciəti nəticə verməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında imtahana texniki yanıqla getdiyini, rəsmində müəyyən səhvlərinin olduğunu, lakın ondan daha zəif çəkənlərin də olduğunu qeyd etmiş, imtahan prosesinin şəffaf keçdiyini, sadəcə qiymətləndirmənin nəticəsindən narazı olduğunu bildirmişdir. Cavabdeh etirazında qeyd edir ki, dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları’nın 1.6-cı bəndinə uyğun olaraq, ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada bu Qaydaların 3-cü hissəsində göstərilən iki mərhələdə keçirilən imtahanda (qəbul İmtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının X10 (bundan sonra - Mərkəz) tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (V ixtisas qrupunda cari ilin abituriyentləri buraxılış) imtahanında iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müsabiqə şərtlərinə uyğun olan abituriyentlər Mərkəzin rəsmi internet saytında seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçmiş abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edirlər. Müvafiq ixtisaslar üzrə müsabiqə və qabiliyyət imtahanlarının keçirilməsi şərtləri ali təhsil müəssisələrinin təklifləri əsasında Mərkəz tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir. Qabiliyyət imtahanının nəticəsi balla, habelə “məqbul” və ya “qeyriməqbul”la qiymətləndirilir. Adıçəkilən Qaydaların 4-cü hissəsinə əsasən ixtisas seçiminə imtahan nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılırlar və ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını ərizələrində yalnız qabiliyyət imtahanından Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun qiymət alan abituriyentlər göstərə bilərlər. Mərkəz tərəfindən 2024-cü il 20 iyul tarixindən etibarən Dizayn ixtisasının rəsm fənni üzrə qabiliyyət imtahanları keçirilmiş və bu barədə Mərkəzin internet saytında müvafiq elan yerləşdirilmişdir. İddiaçı 2024-cü il 5 iyul tarixində Dizayn ixtisasının (14-cü komissiya) rəsm fənni üzrə qabiliyyət imtahanı vermiş və 2024-cü il 6 iyul tarixində aparılan qiymətləndirmə zamanı onun işi qabiliyyət imtahanı komissiyasının üzvləri tərəfindən ölkənin müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssis hazırlığı aparan ali təhsil müəssisələri tərəfindən hazırlanmış və təsdiq olunmuş meyarlar əsasında 5 balla qiymətləndirilmişdir. İddiaçının nəticəsi Dizayn ixtisasının rəsm fənni üzrə qabiliyyət imtahanında məqbul nəticə əldə etmək üçün Mərkəz tərəfindən müəyyən edilmiş minimum keçid faizindən 60% (6 bal) aşağı olduğundan 14-cü komissiya üzrə imtahandan məqbul nəticə əldə etməmişdir. Yuxarıda sözügedən Qaydaların 6.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apellyasiya Komissiyası yaradılır. Qanunvericiliyin tələbini təmin etmək məqsədilə Təsviri sənət istiqamətinin Dekorativ tətbiqi sənət (15) və Dizayn (14) komissiyaları üzrə imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Mərkəz tərəfindən 10 iyul 2024-cü il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil edilmiş, komissiyaya müraciət etmək üçün 6 iyul saat 10:00-dan 8 iyul saat 17:00-dək “apelyasiya.dim.gov.az" saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçmək tələb olunmuşdur. İddiaçı 2024-cü il 5 iyul tarixində keçirilmiş Dizayn ixtisasının (14-cü komissiya) rəsm fənni üzrə qabiliyyət imtahanı nəticələri ilə əlaqədar 2024-cü il 7 iyul tarixində Mərkəz tərəfindən yaradılmış Apellyasiya komissiyasına müraciət etmişdir. İddiaçının müraciətinə apellyasiya qaydasında baxılmış və komissiyanın ekspertləri tərəfindən müvafiq izahat verilmişdir. 2024-cü il 22 iyul tarixli onlayn Apellyasiya iclasının qərarına əsasən iddiaçının imtahan nəticəsi qiymətləndirmə meyarlarına əsasən düzgün qiymətləndirildiyi üçün apellyasiya şikayəti təmin edilməmiş və imtahan nəticələri dəyişdirilmədən saxlanılmışdır (iddiaçının apellyasiya ərizəsi və 2024-cü il 22 iyul tarixli protokoldan çıxarış əlavə olunur). Eyni zamanda iddiaçı eyniməzmunlu ərizə ilə Mərkəzə müraciət etmiş və onun ərizəsinə Mərkəzin 2024-cü il 31 iyul tarixli 9-3/2-M-42-597/2024 nömrəli məktubu ilə müvafiq cavab verilmişdir (əlavə olunur). Qeyd edilənlərdən əlavə, işin tam və hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə 2024-cü il 5 iyul tarixində keçirilmiş qabiliyyət imtahanı üzrə iddiaçının imtahan nəticəsi müvafiq sahə üzrə ixtisaslaşmış eskpertlər tərəfindən “Təsviri sənəd/Memarlıq” adlı abituriyent jurnalının xüsusi buraxılışında öz əksini tapan meyarlar əsasında yenidən ekspertiza edilmiş və həmin ekspert rəyi məhkəməyə təqdim olunur (meyarlar, ekspert rəyi və iddiaçının nəticəsi əlavə olunur). Əlavə olaraq İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin mübahisələndirmə və məcburetmə haqqında iddia növlərinə dair maddələrinə istinad etmişdir. İnzibati Prosessual Məcəlləsinin 2.2.1- ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia dedikdə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialar, məcburetmə haqqında iddia dedikdə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibatı orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar nəzərdə tutulur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı spesifik əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməlidir; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalıdır; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalıdır; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Mərkəz tərəfindən 2024-cü il 5 iyul tarixində keçirilmiş qabiliyyət imtahanı ilə bağlı hər hansı inzibati akt qəbul edilməmişdir və imtahan nəticələrini əks etdirən protokol hazırlanmışdır (qabiliyyət imtahanının nəticəsinin protokolu əlavə olunur). Qeyd olunanlardan göründüyü kimi iddiaçının hazırki iddiası məcburetmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddialara baxan inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsində məhkəmənin iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməyəcəyi hallardan biri kimi inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtlərinin həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunması və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik aktlarından da göründüyü kimi, iddiaçının mübahisələndirdiyi Dizayn ixtisasının rəsm fənni üzrə qabiliyyət imtahanının keçirilməsi və nəticələrin yoxlanılması Mərkəzin səlahiyyətindədir. Bundan başqa, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 5 nömrəli Qərarına əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin 2024-cü il 19 avqust tarixindən, boş qalan plan yerləri üzrə ixtisas seçiminin 2024-cü il 2 sentyabr tarixindən etibarən, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatının isə 2024-cü il 16 sentyabr tarixindən başa çatdığını nəzərə alaraq, İddiaçı ərizəsində qeyd etdiyi iddiası öz əhəmiyyətini itirmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, izahatında bildirmişdir ki, test imtahanında 60 və daha çox bal toplayan şəxslər qabliyyət imtahanına buraxılır. Qabiliyyət imtahanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 39 nömrəli qərarı ilə tənzimlənir. Müsabiqə şərtlərinə əsasən məqbul və qeyri-məqbul qiymətləndirmə edilir. Məqbul 6 və daha yuxarı baldır. İddiaçının nəticəsi 5 balla qiymətlədirilmişdir. İddiaçı apellyasiya komissiyasına müraciət etmişdir, onlayn qaydada baxılmışdır. Bal dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ona görə də ixtisas seçiminə buraxılmamışdır. Qiymətləndirilmə aparılması DİM-in səlahiyyətindədir. Hər hansı məcburetmə ola bilməz. Başqa bir müəllimin əsaslandırmasız və heçbir meyara əsaslanmayan verdiyi rəy qəbuledilməzdir. Qiymətləndirmə meyarlara əsaslanır. İxtisas seçimi üzrə tələbə qeydiyyatı artıq tamamlanmışdır. Rəyləri iddiaçı özü alıb, heç bir əsaslandırması yoxdur. İddiaçı qeyri kafedraların verdiyi rəyə əsaslanır. Müsabiqə yekunlaşıb, ona görə mümkünlüyə münasibət bildirilməlidir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında mütəxəssis qismində iştirak edən X4 izahatında bildirmişdir ki, abituriyentə təqdim edilən rəylər təsviri incəsənət tarixi nəzəriyyəsi müəllimləridir. Akademik rəy verə bilməzlər. Peşələri deyil. Rəyləri qeyri legitimdir. DİM-də rəy 3 mütəxəssis tərəfindən verilib. Üçü də eyni qərara gəlib. Apellyasiyada da 2 mütəxəssis eyni qərara gəlib. Qiymətləndirmə meyarlar əsasında aparılır. Şəxsin öz meyarı ilə qiymətləndirmə aparıla bilməz. İddiaçının qiymətləndirilməsi tamamilə şəffaf və obyektivdir. Rəsmin kağız üzərində yerləşdirilməsi düzgün yerləşdirilmədiyindən 1 balla qiymətləndirilib. Konstruktiv qurulma 3 baldan 2 balla qiymətləndirilib. Səhvləri var. 1 balla da qiymətləndirilə bilərdi. 2 balla qiymətləndirilib. Kölgə həlli mümkün 3 baldan 1 balla qiymətələndirilib. Konturlamalardan istifadə olunub. Kölgə yerinin kölgəsi işıq yerinin kölgəsindən daha açıqdır. Tamamlama mümkün 2 baldan 1 balla qiymətləndirilib. Toplam 5 balla qiymətləndirilib. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında mütəxəssis qismində iştirak edən X8 izahatında bildirmişdir ki, imtahan prosesi üzrə sənədlər möhürlü qovluqlarda gətirilir. Sənədlərin nə arxasında, nə də üzərində abituriyent barəsində məlumat olmur. Sadəcə iş nömrəsi olur. Ekspertlərə təqdim edilir. Ekspert kim olduğunu bilmədən qiymətləndirmə aparır. Hərhansı abituriyentə qərəz ola bilməz. 3 ildir ki, abituriyent qiymətini doğruldur. Hamı bərabər tutulur. Qiymətləndirmədə sadəcə qiymətlər bərabər olarsa abituriyent subbakalavrdan üstün gəlir. Yalnız bu mərhələdə. İddiaçının təqdim etdiyi şəkillər memarlıq üzrədir. Memarlıq üzrə meyarlar dizayn üzrə meyarlardan daha yüngüldür. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında mütəxəssis qismində iştirak edən X6 izahatında bildirmişdir ki, dizayn ixtisasına qəbul test imtahanı və qabiliyyət imtahanı vasitəsilə aparılır. Müsabiqə buraxılış imtahanının nəticəsinə görə aparılır. Qabiliyyətli və qabiliyyət imtahanı tələb olunmayan dizayn ixtisasları var. Qabiliyyətli dizayn ixtisasında qabiliyyət əsas götürülür. Test balı əsas götürülmür. 10 ballıq şkal üzrə qiymətləndirilir.

Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X10nin 31 iyul 2024-cü il tarixli 9-3/2-M-42-597/2024 saylı məktubunda qeyd edilmişdir ki, 05 iyul 2024-cü il tarixdə keçirilmiş dizayn imtahanının nəticəsi ilə bağlı müraciətə apellyasiya qaydasında baxılmış, komissiyanın ekspertləri tərəfindən izahat verilmişdir. Apellyasiya Komissiyasının qərarına görə imtahan nəticəsi qiymətləndirmə meyarlarına əsasən düzgün qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasının baş müəllimi X3 DİM-in Dizayn ixtisası üzrə keçirdiyi qabiliyyət imtinahanında iştirak etmiş İddiaçı imtahanda çəkdiyi rəsmə verdiyi rəydə İddiaçı çəkdiyi rəsm 8 balla qiymətləndirilmişdir. İş mareriallarına əlavə edilmiş Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının incəsənət tarixi kafedrasının dosenti sənətşünaslıq üzrə fəlsəfə doktoru X1 verdiyi rəydə qeyd edilmişdir ki, abituriyent gips baş formata uyğun olaraq kağız üzərində yerləşdirilməsini, rəsmin konstruktiv, işıq kölgə həllini düzgün olaraq yerinə yetirmiş, işi tamamlamağa nail olmuşdur. Bütün bunlar əsasında hesab etmşdir ki, abituriyentin imtahanda çəkdiyi rəsm qənaətbəxşdir və müsabiqədə iştirakı məqsədəuyğundur. Məhkəmə prosesində təqdim edilmiş xx.xx.2024-cü il tarixli qabiliyyət imtahanının nəticəsi protokolundan görünür ki, İddiaçı imtahan nəticəsi 6 və daha yüksək balın müsbət qiymətləndirildiyi 10 ballıq şkalada “5” balla qiymətləndirilmişdir. Məhkəmə prosesində təqdim edilmiş onlayn apellasiyanın keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan çıxarışdan görünür ki, qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə prosesində təqdim edilmiş ekspertlər P.Cəfərov, S.Süleymanova, Z.Cabbarov tərəfindən tərtib edilmiş rəydə qeyd edilmişdir ki, 5 iyul 2024-cü il tarixində 286 saylı tam orta məktəbdə İddiaçı Dizayn ixtisasının (14-cü qabiliyyət imtahanı komissiyası) rəsm fənni üzrə qabiliyyət imtahanı vermişdir. 6 iyul 2024-cü il tarixində aparılan qiymətləndirmə zamanı iddiaçının işi qabiliyyət imtahanı komissiyasının üzvləri tərəfindən ölkənin müvafiq sahə üzrə ixtisaslaşmış, .mütəxəssis hazırlığı aparan ali təhsil müəssisələri tərəfindən hazırlanmış və təsdiq olunmuş meyarlar əsasında 5 (beş) balla qiymətləndirilmişdir. Bu meyarlar və dizayn ixtisasının proqramı “Təsviri sənət/Memarlıq” adlı abituriyent jurnalının xüsusi buraxılışında ictimaiyyətə təqdim olunmuşdur.

Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia məcburetmə haqqında iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddia müddətinə əməl edilmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı X10 tərəfindən keçirilmiş xx.xx.2024- cü il tarixli müsabiqə üzrə iddiaçının imtahan nəticəsinin qanunsuz hesab edilərək dəyişdirilməsi və imtahanda çəkdiyi rəsmin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllimlərinin verdiyi rəyə uyğun olaraq düzgün qiymətləndirilməsini istəyir. Cavabdeh isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na istinad edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respubliksı İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X10 publik hüquqi şəxsin” Nizamnaməsi:

2. Mərkəzin vəzifələri. 2.1. Mərkəzin əsas vəzifələri aşağıdakılardır: 2.1.2. əsasən mərkəz ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir; 2.1.3. orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, müəyyən edir; 2.1.7. imtahan fənləri üzrə qəbul proqramlarını hazırlayır və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, təsdiq edir; 2.1.10. tələbə qəbulu kampaniyası ilə bağlı bütün təşkilati və metodik işləri aparır, proqram və texniki təminatı layihələndirir və tətbiq edir, bu məqsədlə müxtəlif daimi və müvəqqəti qurumlar yaradır; 2.1.11. abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirir.

3. Mərkəzin hüquqları: 3.1.4. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək; 3.1.5. imtahanların keçirilməsi ilə bağlı xüsusi halların araşdırılması üçün müvəqqəti komissiyalar yaratmaq; 3.1.5. imtahanların keçirilməsi ilə bağlı xüsusi halların araşdırılması üçün müvəqqəti komissiyalar yaratmaq; 3.1.11. test imtahanlarının məzmunu və mahiyyəti haqqında müxtəlif metodik vəsaitlər və test topluları hazırlamaq, bu materialları təqdim etmək və ya dərc etmək; 3.1.12. yaradılmış test bankının mütəmadi təftişini aparmaq; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən: 2.4. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (V ixtisas qrupunda cari ilin abituriyentləri buraxılış) imtahanında iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müsabiqə şərtlərinə uyğun olan abituriyentlər Mərkəzin rəsmi internet saytında seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçmiş abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edirlər. Müvafiq ixtisaslar üzrə müsabiqə və qabiliyyət imtahanlarının keçirilməsi şərtləri ali təhsil müəssisələrinin təklifləri əsasında Mərkəz tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir. Qabiliyyət imtahanının nəticəsi balla, habelə “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. 5.4. Ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan, qabiliyyət imtahanlarının nəticələri “məqbul”la qiymətləndirilən, xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə abituriyentin qəbul (müvafiq ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır. 6.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır. 6.3. Abituriyent Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə (bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla), şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər. İddiaçı hazırda qabiliyyət imtahan nəticəsini mübahisələndirməklə düzgün qiymətləndirilmənin aparılmasını istəyir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunu: 1.0.25. diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə;

74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü: İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə qeyd edir ki, qanunvericilik cavabdeh orqana diskression səlahiyyət vermişdir. İnzibati orqanların diskresion səlahiyyətlərinin sərhədləri normativ hüquqi aktlar və hüququn ümumi prinsipləri əsasında müəyyən edilib. İnzibati orqanlar tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı riayət etməli əsas norma Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş “bərabərlik hüququ”dur. Bundan başqa “İnzibati icraat haqqında” qanunun 12-ci maddəsində “bərabərlik prinsipi” təsbit edilmişdir. Həmin Qanuna əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Qeyd edilən normaların təhlili onu deməyə əsas verir ki, inzibati orqan diskresion səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” qanunun 14-cü maddəsində təsbit edilmiş tələblərə, yəni diskresion səlahiyətlərin sərhədlərini, eyni zamanda fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasının yolverilməzliyini müəyyən edən normalara riayət etməlidir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də qəbul edilə bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırki halda məhkəmə inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə təqdim edilmiş ekspert rəyində qeyd edilir ki, iddiaçı Dizayn ixtisasının (14-cü qabiliyyət imtahanı komissiyası) rəsm fənni üzrə qabiliyyət imtahanı vermişdir. 6 iyul 2024-cü il tarixində aparılan qiymətləndirmə zamanı iddiaçının işi qabiliyyət imtahanı komissiyasının üzvləri tərəfindən ölkənin müvafiq sahə üzrə ixtisaslaşmış, mütəxəssis hazırlığı aparan ali təhsil müəssisələri tərəfindən hazırlanmış və təsdiq olunmuş meyarlar əsasında 5 (beş) balla qiymətləndirilmişdir. Bu meyarlar və dizayn ixtisasının proqramı “Təsviri sənət/Memarlıq” adlı abituriyent jurnalının xüsusi buraxılışında ictimaiyyətə təqdim olunmuşdur. İddiaçının işi əsas və alt meyarlar əsasında aşağıdakı kimi qiymətləndirilmişdir: İ.Gips baş rəsminin verilmiş formata uyğun kağız üzərində yerləşdirilməsi. Baş verilmiş kağıza nisbətdə böyük işlənmişdir. Model 3/4 vəziyyətində olduğuna görə baxdığı istiqamətdə olan məsafə başın arxasında olan məsafəyə nisbətdə daha çox olmalı olduğu halda, az götürülmüşdür. Nəticədə bu meyar üzrə abituriyentin işi mümkün iki baldan 1 balla qiymətləndirilmişdir. Gips baş rəsminin konstruktiv həlli. Gözlərin forması naturaya uyğun tapılmayıb, perspektivdə (arxada) olan göz düzgün qurulmayıb. Boyun naturaya uyğun deyil. Boynun hərəkət forması düzgün tapılmamışdır. Bu meyar üzrə rəsm mümkün 3 baldan 2 balla qiymətləndirilmişdir. Gips baş rəsminin işıq - kölgə və plastik həlli. Diana gips başına uyğun olmayan və bəsit işıq-kölgə verilib. Qulaq düzgün işıqkölgə ilə işlənməyib. Saçın düzümü düzgün formada işlənməyib. İşıq tərəfdə və kölgə tərəfdə fərq yoxdur. İşıq kölgəsi səhv tapılmışdır. Ştrixlər kobud və primitivdir. Rəsmdə əsas kölgənin tamlığı pozulub, keçidlər yarımçıqdır. Beləliklə, modelin plastik həlli dəqiq verilməmişdir, məhz buna görə də rəsm mümkün 3 baldan 1 balla qiymətləndirilir. Gips baş rəsminin tamamlanması. Rəsmin kağız üzərində yerləşdirilməsi, kontruksiyası və işıq - kölgə həlli ilə bağlı yuxarıda sadalananlar rəsmin qismən tamamlandığını göstərir. Buna görə rəsm mümkün 2 baldan 1 balla qiymətləndirilmişdir. Rəsm tamamlanmamışdır. İddiaçı qiymətləndirmənin nəticəsi ilə əlaqədar onlayn şəkildə qeydiyyatdan keçərək apellyasiya ərizəsi doldurmuşdur. 22 iyul 2024-cü il tarixində apellyasiya komissiyasının üzvləri tərəfindən iddiaçının yerinə yetirdiyi tapşırığa bir daha baxılmış, apellyasiya müraciəti araşdırılmışdır. Apellyasiya komissiyası yekunda qiymətləndirmə komissiyası tərəfindən iddiaçının işinin qiymətləndirmə meyarları əsasında doğru qiymətləndirilməsi qənaətinə gəlmiş, qabiliyyət imtahanı komissiyasının üzvləri tərəfindən verilmiş qiymətin qüvvədə saxlanılması haqqında qərar qəbul etmişdir. Məhkəmə qeyd edir ki, aparılmış qiymətləndirmənin meyarlara uyğunluğunun müəyyən edilməsi məhkəmənin səlahiyyətində deyil. İddiaçının işi qabiliyyət imtahanı komissiyasının üzvləri tərəfindən ölkənin müvafiq sahə üzrə ixtisaslaşmış, mütəxəssis hazırlığı aparan ali təhsil müəssisələri tərəfindən hazırlanmış və təsdiq olunmuş meyarlar əsasında 5 (beş) balla qiymətləndirilmişdir. “Qiymətləndirmə” özündə işin faktiki hallarının inzibati orqanın mülahizəsinə əsasən müəyyənləşdirilməsini ifadə edir. Eyni zamanda işin nəticəsinə münasibətdə inzibati orqanın seçim səlahiyyətinin olması (hüquqi nəticələr seçmək imkanı) da diskresion səlahiyyətlərinin təsir dairəsinə düşür. Bu baxımdan inzibati orqanın qiymətləndirmə azadlığını onun diskresion səlahiyyətlərinin xüsusi forması kimi qəbul etmək olar. Aparılmış qiymətləndirmənin və imtahan prosesinin şəffaflığına və qərəzsizliyinə şübhə yaradan halların mövcudluğu isə məhkəmə tərəfindən müəyyən edilməmiş, hazırkı halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmişdir. Qeyd edilən hallar iddianın rədd edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar