Məhkəmə qərarları › İş №2-1(118)-5738/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5738/2023

27.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5738/2023 27.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial X1rşı “xx.xx.2021-ci il tarixindən hesablanmaqla, əlilliyin təyin və bərpa olunması (müddətsiz) və hərbi xidmət dövründə qazanılmış peşə xəstəliyi kimi qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial X1rşı “xx.xx.2021-ci il tarixindən hesablanmaqla, əlilliyin təyin və bərpa olunması (müddətsiz) və hərbi xidmət dövründə qazanılmış peşə xəstəliyi kimi qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım edilmiş və məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin iddianın mümkünsüzlüyünə səbəb olması bildirilmiş, eyni zamanda məhkəməyə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmək hüquqları izah edilmişdir. İddiaçı prosessual müddətin buraxılmadığını hesab etdiyini bildirərək, iddia ərizəsinə təqdim edilmiş qaydada mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki işdə iddiaçı, xx.xx.2021-ci il tarixindən hesablanmaqla ona əlilliyin təyin və bərpa olunması (müddətsiz) və hərbi xidmət dövründə qazanılmış peşə xəstəliyi kimi qiymətləndirilməsini istəyir. İddiaçının hazırkı tələbi ona əlilliyin təyin edilməsi barədə olmaqla, növünə görə məcburetmə haqqında iddiadır.Göründüyü kimi iddia inzibati aktın ləğvi ilə bağlı olmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisləndirmə haqqında iddialara baxılması üçün prosessual qanunvericilikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Göründüyü kimi inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi verildiyi vaxtdan 30 gün ərzində iddianın verilməsi ilə bağlı müddətə əməl olunması məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərtidir. Buna görə də qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq məhkəmə müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. İnzibati iş materialları ilə müəyyən edilir ki, iddiaçıya cavabdeh tərəfindən xx.xx.2016cı il tarixdən xx.xx.2021-ci il tarixədək “Hərbi xidmət dövrü ilə əlaqədar” ikinci dərəcəli əlillik təyin edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının göndəriş № 0329003AANDD saylı cavab məktubu ilə müəyyən edilir ki, iddiaçıya xx.xx.2021-ci il tarixli müayinədə “dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması” səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məlum olur ki, iddiaçı cavabdeh orqanın ona əlillik dərəcəsinin təyin edilməsindən imtinasından ən azından 2021-ci ilin noyabr ayından məlumatlı olmuşdur. İddiaçı imtina barədə inzibati aktdan 2021-ci ilin noyabr ayından məlumatlı olsa da məhkəməyə iddia ərizəsi ilə 1 il 11 ay sonra, xx.xx.2023-cü il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi hazırkı iddia tələbinin qaldırılması üçün qanunvericilikdə müəyyən edilən müddətin buraxılmasından 1 ildən artıq keçdiyindən, müddətin bərpasına dair ərizə verilməsi ilə bağlı hüquqi yardım etməyə də zərurət olmamışdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnzibati Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial X1rşı “xx.xx.2021-ci il tarixindən hesablanmaqla, əlilliyin təyin və bərpa olunması (müddətsiz) və hərbi xidmət dövründə qazanılmış peşə xəstəliyi kimi qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial X1rşı “xx.xx.2021-ci il tarixindən hesablanmaqla, əlilliyin təyin və bərpa olunması (müddətsiz) və hərbi xidmət dövründə qazanılmış peşə xəstəliyi kimi qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar