Məhkəmə qərarları › İş №2-1(118)-575/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-575/2021

19.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-575/2021 19.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı X4, Cavabdehin nümayəndəsi X21 iştirakları ilə, İddiaçı X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı “xx xxxxxx 2009-cu il tarixdə təyin edilmiş əmək pensiyasının dayandırılmasının qanunsuz hesab edilməsi və əmək pensiyasının həmin tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X14 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. O, altı uşaq doğmuş coxuşaqlı anadır. İddiaçıya altı uşağının olması nəzərə alınaraq, çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra inzibati orqanın qərarına əsasən ona pensiya ödənilməsi dayandırılmışdır. İddiaçı çoxuşaqlı ana kimi pensiyanın bərpa olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqanın xx xxxxxx 2018-ci il tarixli cavab məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı “xx xxxxxx 2018-ci il tarixli 37/402 saylı məktubun (qərarın) etibarsız sayılması, Hil kənd İnzibati Ərazi X19nin xx xxx 2018-ci il tarixli 584 saylı əmək haqqı arayışına əsasən, Hil orta məktəbində 3 il 3 ay, Qusar rayon Dövlət Arxivinin xx xxxx 2018-ci il tarixli 246 saylı Arxiv arayışına görə sabiq “Lenin” sovxozunda əmrlərə əsasən 2 il 5 ay və Qusar rayon Dövlət Arxivinin xx xxxx 2018-ci il tarixli 247 saylı Arxiv arayışına görə sabiq “xxxx” İstehsalat Müəssisəsində əmrlərə əsasən 1 il 11 ay, cəmi 7 il 7 ay iş dövrünün sosial sığorta stajına daxil edilməsi və xx xxxxxx 2009-cu il tarixdə təyin edilmiş əmək pensiyasının həmin tarixdən bərpa edilməsi vəzifəsinin Dövlət Sosial X26 rayon Şöbəsinin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2803/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qərarı ilə iddiaçının iddiası təmin edilərək, Qusar rayon Dövlət Arxivinin xx xxxx 2018-ci il tarixli 246 və 247 saylı arxiv arayışlarında, Hil kənd İnzibati Ərazi X19nin xx xxx 2018-ci il tarixli 584 saylı əmək haqqı arayışında qeyd olunan dövrlərin sosial sığorta stajına daxil edilməklə, X6 xx xxxxxx 2009-cu il tarixdə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X26 rayon şöbəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Həmin qərardan verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-298/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2803/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-90/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, Qusar rayon Dövlət Arxivinin xx xxxx 2018-ci il tarixli 246 və 247 saylı arxiv arayışlarında, Hil kənd İnzibati Ərazi X19nin xx xxx 2018-ci il tarixli 584 saylı əmək haqqı arayışında qeyd olunan dövrlərin, yəni Hil kəndində yerləşən orta məktəbdə işlədiyi 2 il 7 ay müddəti, “xxxx” X10 işlədiyi 1 il 1 ay müddətini, Lenin adına sovxozda işlədiyi 2 il 5 ay müddətini sosial sığorta stajı kimi nəzərə almaqla X6 çoxuşaqlı ana kimi xx xxxxxx 2015-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan yenidən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-288/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-90/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsində xx xxxx 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona xx xxxxxx 2009-cu il tarixdə təyin edilmiş əmək pensiyasının dayandırılmasının qanunsuz hesab edilməsi və əmək pensiyasının həmin tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2009-cu il tarixdə cavabdeh tərəfindən ona 6 uşaq doğub böyütdüyünə görə sosial sığorta stajı nəzərə alınaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. xx xxxx 2010-cu il tarixdə adına 071736 saylı plastik pensiya kartı hazırlanmış, 2010-cu ilin mart, aprel və may aylarında hər ay 146,31 ( bir yüz qırx altı manat otuz bir qəpik ) manat olmaqla cəmi 438,93 (dörd yüz otuz səkkiz manat doxsan üç qəpik) manat pensiya vəsaiti yüklənmişdir. Lakin, xx xxx 2010-cu il tarixli qərara əsasən, tələb olunan 5 il sığorta stajına qarşı, sığorta stajının 2 il 11 ay 22 gün olduğu əsas tutularaq xx xxxxxx 2010-cu il tarixdə adına verilmiş 071736 saylı plastik kart hesabında olan 438,93 manat pensiya vəsaiti şöbənin hesabına qaytarılmışdır. DSMF Qusar rayon şöbəsinin qərarından Azərbaycan Respublikası Prokurorluğuna, daha sonra isə Qusar rayon Prokurorluğuna tərəfindən rəsmi şikayət verilmişdir. Qusar rayon Prokurorluğu müvafiq sorğu ilə DSMF Qusar rayon şöbəsinə müraciət etmiş, DSMF Qusar rayon şöbəsi xx xxxxx 2011-ci il tarixli məktubu ilə rayon prokurorluğunun sorğusunu cavablandırmışdır. Yalnız 2018-ci ilin aprel ayında ona məlum olmuşdur ki, DSMF Qusar rayon şöbəsi xx xxxxx 2011-ci il tarixli məktubu ilə Qusar rayon prokurorluğuna onun sosial sığorta stajı barədə düzgün olmayan məlumat vermişdir. Belə ki, DSMF Qusar rayon şöbəsi məktubunda iddiaçının sosial sığorta stajını 2 il 1 ay 22 gün göstərmiş, lakin onun sosial sığorta stajı 5 ildən artıqdır. Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil R.Ə.Səlimov tərəfindən Qusar rayonunun Hil kənd orta məktəbinə xx xxxxx 2018-ci il tarixli 09 saylı, Qusar rayon Dövlət Arxivinə xx xxxx 2018-ci il tarixli 15 saylı və xx xxxx 2018-ci il tarixli 16 saylı məktublarla sorğular verilmiş, həmin məktublara alınmış cavablarla təsdiqlənir ki, həqiqətən sosial sığorta stajı 5 ildən artıqdır. Hil kənd orta məktəbində xadimə işləmiş, əmək haqqı isə Hil kənd İnzibati Ərazi X19 tərəfindən ödənildiyi üçün vəkilin sorğusunu Hil kənd İƏ dairəsi üzrə nümayəndəsi cavablandırmışdır. Qusar rayonun Hil kənd İnzibati Ərazi X19nin xx xxx 2018-ci il tarixli 584 saylı əmək haqqının aylar üzrə məbləği barədə arayışla müəyyən olunur ki, Hil kənd orta məktəbində 39 ay ( 3 il 3 ay ) sığorta stajına malikdir. Qusar rayon Dövlət Arxivinin xx xxxx 2018-ci il tarixli 246 saylı arayışı ilə müəyyən olunur ki, xx xxxxxx 1977-ci il tarixli 168 saylı əmrə əsasən, 15 gün müddətinə “Lenin” adına sovxoza müvəqqəti fəhlə qəbul olunmuşdur. xx xxxxxx 1977-ci il tarixdə yəni birinci əmrdən 5 gün sonra barəsində 172 saylı əmr verilmiş, həmin əmrə əsasən bir nömrəli mal-qara briqadasına gözətçi təyin olunmuş, əmək haqqı 35 ( otuz beş ) manat məbləğində müəyyən edilmişdir. xx xxx 1979-cu il tarixdə 65 saylı əmrə əsasən həmin sovxozda 7 nömrəli briqadaya fəhlə qəbul olunmuş, xx xxx 1980-cı ildə 75 saylı əmrə əsasən işdən azad olunmuşdur. Arayışa əlavə olunmuş əmək haqqı cədvəlindən məlum olur ki, 1978-ci ildə aldığı əmək haqqı barədə arxivdə sənəd mövcud deyil. Qusar rayon Dövlət Arxivinin xx xxxx 2018-ci il tarixli 247 saylı arayışı ilə müəyyən olunur ki, xx xxxxx 1981-ci il tarixli 22 saylı əmrə əsasən “xxxx” X13 toxucu işinə qəbul olunmuş və xx xxxx 1983-cü il tarixli 34 saylı əmrə əsasən, həmin müəssisədən işdən azad olunmuşdur. Həmin müəssisədə əmək haqqı toxunulmuş xalça təhvil verildikdən sonra hesablandığı üçün əmək haqqı Arxiv arayışında göstərildiyi qaydada ödənilmişdir. Qusar rayonunun sabiq “Lenin” sovxozunda, sabiq “ xxxx ” İstehsalat müəssisəsində və Hil kənd orta məktəbində işlədiyi dövrlərdə hesablanmış əmək haqqı əsas götürüldükdə sosial sığorta stajı 5 il 3 ay təşkil edir. Bununla belə sabiq “Lenin” sovxozunda və “xxxx” İstehsal Müəssisəsində iş stajı Sovet dövrünə düşdüyü üçün sosial siğorta ödənişləri nəzərə alınmamalı, iş stajı barəsində verilmiş əmrlərə görə hesablanmalıdır. Belə halda əmək stajı “Lenin” adına sovxozda xx.xx.1977-ci ildən xx.xx.1980-cı ilə kimi 2 il 5 ay, “xxxx” X10 isə xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə kimi 1 il 11 ay hesablanmalıdır. Yuxarıda şərh olunan rəsmi sənədlərlə təsdiqlənir ki, DSMF Qusar rayon şöbəsi tərəfindən Qusar rayon Prokurorluğuna iş stajının 2 il 11 ay 22 gün olması barədə məlumat saxtadır, həqiqi iş stajı isə Hil orta məktəbində əmək haqqı arayışına əsasən 3 il 3 ay, sabiq “Lenin” sovxozunda əmrlərə əsasən 2 il 5 ay və “xxxx” müəssisəsində əmrlərə əsasən 1 il 11 ay təşkil edir. 2018-ci ilin avqust ayında tərəfindən yuxarıda adları qeyd olunan sənədlər təqdim edilməklə DSMF Qusar rayon şöbəsinə müraciət edilmiş və həmin sənədlər əsasında iş stajının yenidən hesablanaraq yaşa görə əmək pensiyasının 2009-cu ilin dekabr ayından bərpa edilməsini xahiş etmişdir. DSMF Qusar rayon şöbəsi xx xxxxxx 2018-ci il tarixli 37/402 saylı məktubu ( qərarı ) ilə xx xxxx 2017-ci ildə qəbul edilmiş “X20” Azərbaycan Respublikası Qanununun normalarına əsaslanaraq ərizəsini təmin etməmişdir. DSMF Qusar rayon şöbəsinin xx xxxxxx 2018-ci il tarixli 37/402 saylı məktubu ona xx xxxxxx 2018-ci il tarixdə Poçt vasitəsi ilə göndərilmiş, tərəfindən xx xxxxxx 2018-ci il tarixdə alınmışdır. Bu xüsusat poçt zərfinin üzərindəki poçt ştempeli ilə təsdiqlənir. İddiaçının DSMF Qusar rayon şöbəsinə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2009-cu ilin dekabr ayında müraciət etməsi Qusar rayon Prokurorluğunun xx.xx.2011-ci il tarixli 78s-11 saylı cavab məktubu ilə təsdiqlənir. Sonda iddiaçı X14 xx xxxxxx 2009-cu il tarixdə təyin edilmiş əmək pensiyasının dayandırılmasının qanunsuz hesab edilməsi və əmək pensiyasının həmin tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edir ki, X14 2009-cu ildə yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar həmin iş stajlarına dair arxiv arayışlarını və Qusar rayon Hil kənd İƏ X19 tərəfindən verilmiş əmək haqqları arayışını inzibati orqana təqdim etmiş və onun həmin dövrdə tələb olunan 5 il ( 60 ay) əmək haqqlarına görə pensiya təyin edilmişdir. Lakin 2010-cu ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun əmri ilə Fondun Qusar rayon şöbəsində funksional vəzifələrin icrası vəziyyətinin araşdırılması zamanı vətəndaş İddiaçı pensiya təyin edilərkən nəzərə alınmış iş stajları öz əksini tapmadığı üçün onun pensiya ödənişi dayandırılmışdır. Belə ki, Qusar rayon Hil kənd İƏ Üzrə nümayəndəliyi tərəfindən verilmiş əmək haqları arayışında onun uşağa qulluq və hamiləliyə görə hesablanmış müavinətləri əmək haqqı kimi göstərilmişdir. Odur ki, “Vətəndaşların Pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunun 14-cü maddəsində 6 uşağı doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlar 48 yaşına çatdıqda və azı 13 il iş stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququna malik idi. Həmin qanunun 19-cu maddəsində isə üç və daha çox uşağı olan qadınlar, eləcə də uşaqlıqdan əlillərin anaları pensiya almaq hüququ verən azı 5 il iş stajı olduqda bu Qanunun 14-cü maddəsində onlar üçün nəzərdə tutulmuş yaşa çatdıqda natamam iş stajı ilə əmək pensiyası almaq hüququna malikdirlər. Lakin vətəndaş İddiaçı təqdim etdiyi əmək haqları barədə arayışda uşağa qulluq və hamiləliyə görə hesablanmış müavinətlər əmək haqqı kimi göstərilmişdir. Vətəndaş S.N. Rzaxanova yenidən yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar şöbəyə müraciət etmiş və onun Şöbəyə təqdim edilmiş Qusar rayon İHB-nın Hil kənd İƏÜN-yi tərəfindən verilmiş 584 saylı 03 may tarixli əmək haqqları barədə arayışda göstərilmiş əmək haqqlarının düzgünlüyünü Hil kənd orta məktəbinin rəhbərliyi tərəfindən verilmiş əmrləri əmrlər kitabı ilə qarşılıqlı olaraq yoxlanılmış və akt tərtib edilmişdir. Bundan əlavə olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ona həmin vaxt tələb olunan 5 il iş stajı, yəni 60 ay əmək haqqı olmamışdır.Lakin o, öz iddia məktubunda Hil kənd orta məktəbində 39 ay ( 3 il 3 ay ) sığorta stajına malik olduğunu qeyd edib. Bu faktı sübuta yetirən bir sənəd yoxdur. Amma arayışlarda onun sığorta stajı aşağıdakı kimi göstərilmişdir. 1) Arxiv arayışında “xxxx” X9 əmrlərinə əsasən 1 il 1 ay, (xx xxx 1981-ci ildən xx xxxx 1982-ci ilə kimi) 2) Arxiv arayışında “Lenin” adına sovxozda 4 ay (dekabr-1977-ci il və may-iyul ayları 1979-cu il) 3) Qusar rayon İHB-nın Hil kənd İƏÜN-nin arayışında Qusar rayon Hil kənd orta məktəbində cəmi 8 ay (xx xxxxxx 1999-cu ildən xx xxxxxx 2000-ci ilə kimi, xx xxxxxxxx 2003-cü ildən xx xxxxxx 2003-cü ilə kimi və xx xxxxxx 2005-ci ildən xx xxxxxx 2005-ci ilə kimi) Ümumilikdə, 1 il 1 ay + 4 ay+ 8 ay= 25 ay=2 il 1 ay. Qanunun 19-cu maddəsinə əsasən tam iş stajı olmadıqda (tələb olunan 13 il iş stajına qarşı) yaşa görə əmək pensiyası almaq hüququ verən azı 5 il iş sığorta stajı (60 ay) olmadığı üçün onun natamam iş stajı ilə də əmək pensiyası hüququ yoxdur. Cavabdehin nümayəndəsi X27 şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İşdə olan Vİİİ-ЖГ seriyalı 442472 saylı, İX-ЖГ seriyalı 386878 saylı, Xİİ-ЖГ seriyalı 267023 saylı, Xİİİ-ЖГ seriyalı 349004 saylı, XVİİİ-ЖГ seriyalı 465324 saylı və AZ seriyalı 170323 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, müvafiq olaraq xx.xx.1982-ci il təvəllüdlü X17, xx.xx.1983-cü il təvəllüdlü X11, xx.xx.1986-cı il təvəllüdlü X12, xx.xx.1988-ci il təvəllüdlü X18, xx.xx.1994cü il təvəllüdlü X7 və xx.xx.2000-ci il təvəllüdlü X15 anası iddiaçı X8r. Cavabdeh Dövlət Sosial X26 rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 37/402 nömrəli məktubu ilə müəyyən olunur ki, cavabdeh tərəfinfən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İş materiallarına, həmçinin, Qusar rayon Dövlət Arxivinin iddiaçıya məxsus iş stajı haqqında arxiv çıxarışları və əmək haqları barədə arxiv arayışları əlavə edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və həmin iddianın qaldırılması üçün qanunvericilikdə prosessual müddətlər nəzərdə tutulmamışdır. İddianı mümkünsüz edən başqa hər hansı bir hal da müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya xx xxxxxx 2009-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2010-cu ildə cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş pensiya ödənişi dayandırılmış və ödənilmiş pensiya Azərbaycan Respublikası Dövlət Sosial X26 Rayon Şöbəsinin hesabına bərpa edilmişdir. Lakin bununla bağlı cavabdeh tərəfindən konkret qərar qəbul olunduğu müəyyən edilməmiş, eyni zamanda cavabdeh tərəfindən məhkəməyə belə bir qərar təqdim edilməmişdir. Cavabdeh tərəfindən pensiya ödənişinin dayandırılmasının səbəbi kimi iddiaçının ona əmək pensiyasının hesablanması üçün zəruri olan iş stajına malik olmadığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş arayışlarda iddiaçının Qusar rayon Hil kənd tam orta məktəbində, “Lenin” adına sovxozda və “xxxx” X10 işlədiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaçının qeyd olunan müəssisələrdə işlədiyi dövrlər tam olaraq sosial sığorta stajı kimi nəzərə alınmır. Məhkəmə ilk növbədə iddiaçının Qusar rayon Hil kənd orta məktəbində işlədiyi dövrlərə münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaya qarşı yazılı münasibətində Qusar rayon Hil kənd İƏ üzrə Nümayəndəliyi tərəfindən verilmiş əmək haqları arayışında iddiaçıya uşağa qulluq və hamiləliyə görə hesablanmış müavinətlərin əmək haqqı kimi göstərildiyini və həmin dövrlərin ona yaşa görə əmək pensiyasının hesablanması zamanı nəzərə alınmamalı olduğunu qeyd etmişdir. İşdə olan Qusar rayon İcra Hakimiyyəti başçısının Hil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 963 saylı, xx xxxxxx 2018-ci il tarixli arayışında X4 Hil kənd tam orta məktəbində işləyərkən aldığı əmək haqqının və əlavələrin məbləği qeyd edilmişdir. Həmin arayışda iddiaçının xx xxxxxx 1999-cu ildən xx xxxxxx 2000-ci ilə kimi, xx xxxxxxxx 2003cü ildən xx xxxxxx 2003-cü ilə kimi və xx xxxxxx 2005-ci ildən xx xxxxxx 2005-ci ilə kimi aldığı əmək haqqlarının miqdarı, 2000-ci ilin fevral, mart, aprel, may və iyun ayları hamiləliyə görə aldığı haqların və 2000-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2001, 2002-ci il və 2003-cü ilin yanvar, fevral, mart aylarında analıq məzuniyyətinə görə aldığı müavinətlərin məbləği göstərilmişdir. Həmin arayışdan iddiaçının xx xxxx 2000-ci ildə doğulmuş uşağına görə analıq məzuniyyətinə buraxıldığı və uşağın 3 yaşına çatdığı xx xxxx 2003-cü ilədək analıq məzuniyyətində olduğu müəyyən edilir. Cavabdeh iddiaçının hamiləlik dövrünü, analıq məzuniyyətində olduğu və uşağa qulluq etdiyi müddətləri sosial sığorta stajı kimi nəzərə almır. Məhkəmə cavabdehin bununla bağlı mövqeyini əsassız hesab edərək qeyd edir ki, xx xxxxxxxx 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin e) bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. Göründüyü kimi “X20” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik körpə uşağa qulluq müddətinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının körpə uşağa qulluq etdiyi müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, körpə uşağa qulluq etdiyi zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Belə ki, iddiaçının körpə uşağa qulluq etdiyi müddətin onun əmək stajına daxil edilməsi onun körpə uşağa qulluq etdiyi dövrün qanunvericiliyinin tələbi olmaqla bu hüquq iddiaçı tərəfindən artıq qazanılmışdır. Bununla bağlı olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati X1 işi üzrə qəbul etdiyi xx xxxxxx 2021-ci il tarixli 2-1(102)-131/2021 saylı qərarında göstərilir ki, “İddiaçının əmək kitabçasında göstərilən iş stajı xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək 11 ay 16 gün, xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək 2 il 8 ay 11 gün, xx.xx.1992-ci ildən xx.xx.1993-cü 1 il 2 ay 13 gün, xx.xx.1993-cü ildən analıq məzuniyyətinə çıxdığı xx.xx.1997-ci ilədək 4 il 1 ay 25 gün, analıq məzuniyyətindən qayıtdığı xx.xx.2000-ci ildən işdən çıxdığı xx.xx.2000-ci ilədək 13 gün təşkil edir. Eyni zamanda iddiaçı xx.xx.1997-ci ildə doğulmuş uşağına görə xx.xx.1997- ci il tarixli əmrlə analıq məzuniyyətinə buraxılmış və həmin uşağın 3 yaşına çatdığı xx.xx.2000-ci ilədək 3 il 1 ay 13 gün analıq məzuniyyətində olmuşdur. xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 1-ci hissəsində deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin maddənin 3-cü hissəsinə əsasən əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, yuxarıda göstərilən müddətlər, o cümlədən məzuniyyətdə olduğu müddət (cəmi 12 il 2 ay 1 gün) onun sosial sığorta stajına daxil edilməlidir.” Yuxarda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi məlum olur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının Qusar rayon Hil kənd tam orta məktəbində işlədiyi dövrdə hamiləliyə görə və uşağa qulluğa görə məzuniyyət müddətləri də ona pensiya hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə iddiaçının “Lenin” adına sovxozda və “xxxx” X10 işlədiyi dövrlərlə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş Qusar rayon Dövlət Arxivinin xx xxxx 2018-ci il tarixli 246 saylı arxiv çıxarışı ilə müəyyən olunur ki, xx xxxxxx 1977-ci il tarixli 168 saylı əmrə əsasən, 15 gün müddətinə “Lenin” adına sovxoza müvəqqəti fəhlə qəbul olunmuşdur. xx xxxxxx 1977-ci il tarixdə yəni birinci əmrdən 5 gün sonra barəsində 172 saylı əmr verilmiş, həmin əmrə əsasən bir nömrəli mal-qara briqadasına gecə mala baxan gözətçi təyin olunmuş, əmək haqqı 35 ( oyuz beş ) manat məbləğində müəyyən edilmişdir. xx xxx 1979-cu il tarixdə 65 saylı əmrə əsasən həmin sovxozda 7 nömrəli briqadaya fəhlə qəbul olunmuş, xx xxx 1980-cı ildə 75 saylı əmrə əsasən işdən azad olunmuşdur. Eyni zamanda Qusar rayon Dövlət Arxivinin xx xxxx 2018-ci il tarixli 247 saylı arayışı ilə müəyyən olunur ki, iddiaçı xx xxxxx 1981-ci il tarixli 22 saylı əmrə əsasən “xxxx” X13 toxucu işinə qəbul olunmuş və xx xxxx 1983-cü il tarixli 34 saylı əmrə əsasən, həmin müəssisədən işdən azad olunmuşdur. Cavabdeh iddiaçının Lenin sovxozunda işlədiyi dövrləri tam olaraq nəzərə almır, yalnız arxiv arayışında əmək haqqının qeyd olunduğu 4 ayı nəzərə alır. Eləcə də “xxxx” X10 işlədiyi dövrləri tam olaraq nəzərə almır. Məhkəmə bununla bağlı qeyd edir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “X20” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının “Lenin” adına sovxozda və “xxxx” X10 işlədiyi dövrün “X20” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının həmin dövrlərdə “Lenin” adına sovxozda və “xxxx” X10 işlədiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Qusar rayon Dövlət Arxivinin xx xxxx 2018-ci il tarixli 246 saylı və 247 saylı arayışları ilə təsdiqləndiyindən sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bununla bağlı cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının sovxozda işlədiyi dövrlərin 4 ayına görə əmək haqqı aldığı arxiv arayışında qeyd olunur, qalan dövrlərlə bağlı məlumat yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçının sovxozda işlədiyi dövrlərdə aldığı əmək haqqının tam olaraq arxiv arayışında göstərilməməsi iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Qeyd olunan arxiv arayışlarında iddiaçının işə qəbul olunması və həmçinin işdən çıxarılması ilə bağlı əmrlərin verildiyi qeyd edilmişdir. Lakin buna baxmayaraq arxivdə yalnız 4 aya görə əmək haqqı ödənişinin olmasına dair sənədlərin olması, digər dövrlərə aid əmək haqqı ödənişini təsdiq edən sənədlərin arxivdə olmaması və ya arxivə təhvil verilməməsi iddiaçının günahı deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Qusar rayon Dövlət Arxivinin xx xxxx 2018-ci il tarixli 246 saylı və 247 saylı arxiv arayışlarında qeyd olunan dövrlər də iddiaçının sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçının Qusar rayon Hil kənd tam orta məktəbi ilə yanaşı “Lenin” sovxozunda və “xxxx” X10 işlədiyi dövrlər də sosial sığorta stajı kimi nəzərə alındıqda onun ümumilikdə 5 ildən artıq iş stajı vardır. Məhkəmə hazırki işdə hansı dövrdə qüvvədə olan qanunvericiliyin tətbiq olunmalı olması məsələsinə münasibətdə qeyd edir ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2009-cu ildən inzibati orqana müraciət etdiyindən və onun yaşa görə pensiya hüququ həmin dövrdə yarandığından, yəni yaşa görə pensiyaya çıxmaq üçün zəruri olan yaş həddinə və sığorta stajına həmin dövrdə malik olduğundan ona pensiya təyinatı zamanı həmin dövrdəki qanunvericilik tətbiq edilməlidir. İddiaçıya çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin olunan dövrdə, yəni xx xxxxxx 2009-cu ildə qüvvədə olan “X20” Qanunun 8.1-ci maddəsinə əsasən 6 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların 48 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququ vardır. Hazırki işdə də iddiaçı xx xxxxxx 2009-cu ildən ona yaşa görə əmək pensiyasının bərpası üçün zəruri olan yaş həddi ilə yanaşı, tələb olunan 5 il sığorta stajına da malik olduğundan, məhkəmə hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının ödənilməsi bərpa edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və X6 xx xxxxxx 2009-cu il tarixdə təyin edilmiş əmək pensiyasının dayandırılması qanunsuz hesab edilməli, əmək pensiyasının həmin tarixdən bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X6 xx xxxxxx 2009-cu il tarixdə təyin edilmiş əmək pensiyasının dayandırılması qanunsuz hesab edilsin. X6 xx xxxxxx 2009-cu il tarixdə təyin edilmiş əmək pensiyasının həmin tarixdən bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar