Məhkəmə qərarları › İş №2-1(118)-575/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-575/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-575/2022 25.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh X11rşı “cavabdehin üzərinə 05.05.2021-ci il tarixdə ölmüş X4 ölüm haqqında 106 nömrəli tibbi şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 23.06.1973-cü il təvəllüdlü ünvan 3 ünvanında yaşamış X5 iddiaçının həyat yoldaşı olmuşdur. Onlar ailəvi həmin ünvanda yaşamışlar. Belə ki, həyat yoldaşı 05.05.2021-ci il tarixdə təxminən saat 09:00 radələrində Respublika Klinik xəstəxanasında vəfat etmişdir. 27.04.2021-ci il tarixdə koronavirus xəstəliyi səbəbindən onu həmin klinikaya yerləşdirdilər. 05.05.2021-ci il tarixdə səhər saatlarında klinikadan yoldaşının vəfat etməsi haqqında məlumat verdilər. Yoldaşının şəxsiyyətini təsdiq edən sənəd sovet pasportu olmuşdur. Şəxsiyyət vəsiqəsi olmadığı üçün Respublika Kliniki xəstəxanası 106 nömrəli ölüm haqqında tibbi şəhadətnaməni verməkdən imtina etmişdir. İddiaçı Abşeron Rayon Qeydiyyat Şöbəsinə ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etmiş, ancaq ona Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən 25.11.2021-ci il tarixli 05/Q-1614/15 nömrəli imtina məktubu verilmişdir. Həyat yoldaşı - X2 05 may 2021-ci il tarixdə vəfat etməsi barədə Abşeron rayon Xırdalan şəhər Bələdiyyəsi tərəfindən 01.11.2021-ci il tarixli, 1310 №-li arayış verilmişdir. Yuxarıda qeyd etdiklərini təsdiqləyən şahidləri də vardır. Hətta qonşularının şahidliyi ilə mərhum həyat yoldaşının ölən günə qədər ünvan 4 ünvanında yaşaması barədə akt da tərtib edilmişdir. Həmin akt əsasında ona 4 saylı MTİİS tərəfindən 30.10.2021-ci il tarixli, 4468 nömrəli arayış verilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh X15 iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə daxildir: • İş materiallarında olan Xırdalan Bələdiyyəsinin 01.1.2021-ci il tarixli, 1310 nömrəli arayışına və Abşeron rayon X1 Xidməti şöbəsinin 29.10.2021-ci il tarixli, 24 nömrəli aktına əsasən iddiaçının mərhum həyat yoldaşı X3 05.05.2021-ci il tarixində vəfat etməsi və Xırdalan qəbirstanlığında dəfn olunması müəyyən edilir (fotoşəkil iş materiallarına əlavə olunub). • Abşeron rayon Qeydiyyat şöbəsinin 25 noyabr 2021-ci il tarixli, 05/Q-1614/15 nömrəli məktubuna əsasən iddiaçıya ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi səbəbindən ölümün qeydə alınmasından imtina edilmişdir. • İddiaçıya məxsus XXİİİ-ЖГ 712987 nömrəli SSRİ vətəndaşının pasportuna əsasən X3 23.06.1973-cü ildə Bakı şəhərində anadan olması müəyyən edilir. • Nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən iddiaçı ilə X6 arasında nikah 30 noyabr 1991-ci il tarixdə bağlanmışdır. • Cavabdehn 01.11.2021-ci il tarixli, 884 nömrəli imtina məktubunda iddiaçının mərhum həyat yoldaşının şəxsiyyətini təsdiq edən sənədinin olmaması səbəbindən mərhum Nəzifə Rzayevanın adına ölüm haqqında tibbi şəhadətnamənin yazılmasının mümkün olmadığı qeyd edilmişdir. Bu sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdehin hərəkətləri qanuna zidddir. Cavabdehin bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdehin bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə olan hüquqi marağı mərhum həyat yoldaşına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi və nəticədə ölümün qeydə alınmasından ibarətdir. İddia, həmçinin əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum həyat yoldaşı X6 05.05.2021-ci ildə X10 (semaşka) COVİD-19 infeksiyasına yoluxma nəticəsində vəfat etmişdir. İddiaçı mərhum həyat yoldaşının ölümünün qeydə alınması məqsədilə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün cavabdeh orqana müraciət etməsinə baxmayaraq, həmin orqan ümumi reanimisiya şöbəsində vəfat edən mərhum Nəzifə Rzayevanın şəxsiyyətini təsdiq edən sənədinin etibarsız olması səbəbindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1-ci bəndinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır (8.3). “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X7 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquqmühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir (4.5.). Şəhadətnamə həkim və ya feldşer tərəfindən doldurulur və tibb müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunur. Şəhadətnamə 3 (üç) nüsxədə tərtib olunur. Birinci nüsxə şəhadətnamə doldurulduğu gündən sonra 5 iş günü ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinə təqdim olunmalıdır, ikinci nüsxə vəfat etmiş şəxsin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına verilir, üçüncü nüsxəsi isə onu verən tibb müəssisəsində saxlanılır. Şəhadətnaməni alan şəxs barədə məlumat, onun imzası və alınma tarixi şəhadətnamənin tibb müəssisəsində qalan nüsxəsində qeyd olunur. Şəhadətnamənin verilməsi üçün onu alan şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri təqdim etməlidir (4.8). Göründüyü kimi, iddiaçının mərhum həyat yoldaşına məxsus XXİİİ-ЖГ 712987 nömrəli SSRİ vətəndaşının pasportu və “Nikahın bağlanması haqqında” V-ЖГ 482866 nömrəli şəhadətnamənin surətinə əsasən X6 23 iyun 1973-cü il tarixdə, Bakı şəhərində anadan olmuş, 30 noyabr 1991-ci il tarixdə İddiaçı ilə nikaha daxil olmuşdur. Hazırda iddiaçının həyat yoldaşı vəfat etdiyindən və onun şəxsiyyətini təsdiq edən sənədin alınmasının qeyri-mümkün olması səbəbindən mərhum X4 məxsus nikahın bağlanması haqqında şəhadətnamə və pasport vasitəsilə onun şəxsiyyətini müəyyən etmək mümkündür. Ona görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin imtinası vətəndaşın hüquqlarının pozulmasına səbəb ola bilər. Bundan əlavə cavabdeh orqan məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iddia tələbini təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 23.06.1973cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş mərhum X3 05.05.2021-ci il tarixdə ölməsi barədə 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi Cavabdehn üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 23.06.1973-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş mərhum X3 05.05.2021ci il tarixdə ölməsi barədə 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi Cavabdehn üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar