Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-575/2025 06.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: müvəqqəti kirayə xərclərin kompensasiyasının ödənilməsi - mənzil kirayə haqqının ödənilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “müvəqqəti kirayə xərclərin kompensasiyasının ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 6 may 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Aparatının 31 iyul 2023-cü il tarixli, 5-6/1-Q-124/2-068/2/2023 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, 1 dekabr 1990-cı il tarixdən 10 yanvar 2012-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 29 noyabr 2011-ci il tarixli, 0543 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. 11 yanvar 2012-ci il tarixdən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş İdarəsində hərbi qeydiyyatdadır. İddiaçı 4 may 2012-ci il tarixdən hərbi xidmət əlili kimi yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. Şəhər İcra Hakimiyyəti başçısının 127 saylı, 1 iyun 2020-ci il tarixli sərəncamı ilə mənzil növbəliyi həmin tarixdən İİ dərəcəli Qarabağ müharibəsi əlili kimi Qarabağ müharibəsi əlilləri siyahısına keçirilmişdir. 4 may 2012-ci il tarixdən etibarən dövlət tərəfindən ödənilən sosial müavinət və pensiya əlillik dərəcəsinin ləğv olunması səbəbindən dayandırılmışdır. Bundan sonra ehtiyata buraxılmış zabit kimi mənzil kirayə haqqı ödənilməsinə dair xahişi öz həllini tapmışdır. Şəhər İcra Hakimiyyəti başçısının 534 saylı, 5 iyul 2023-cü il tarixli sərəncamı ilə mənzil növbəliyi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə köçürülmüşdür. Hazırda mənzil kirayə haqqı uçota alındığı 4 may 2012-ci il tarixdən 27 sentyabr 2020-ci il tarixədək ödənilməsi barədə xahişinin mövcud qanunvericiliyin tələblərinə təmamilə ziddir. Belə ki, Qarabağ müharibəsi əlili kimi mənzil uçotunda olarkən əlil kimi bütün ödənişlərlə (sosial müavinat və pensiya) təmin olunurdu. Eyni zamanda aparılmış araşdırma nəticəsində 2007-ci ildən Bakı şəhəri, Xətai rayonu, Sadıxcan küçəsində yerləşən 9 saylı binada yaşayış sahəsi 24,0 kv.m ibarət 2 otaqlı 69 saylı mənzilin dövlət reyestrində ******* qeydiyyat nömrəli çıxarışa əsasən adına şəxsi mülkiyyəti kimi qeydiyyata alındığı məlum olmuşdur. Bundan əlavə təqdim edilən 16 dekabr 2010-cu il tarixli kirayə müqaviləsinə əsasən ailəsinin Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 26/7, mənzil 42-də kirayədə yaşamadığı müəyyən edilmiş, bununla da, dövlət orqanına düzgün olmayan məlumatlar təqdim edilmişdir. Qeyd edilənlərə əsasən 2012-ci ildən 2020-ci ilədək mənzil kirayə xərci ödənilməsi barədə xahişi imkan xaricindədir.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
2. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Aparatının 17 fevral 2025-ci il tarixli etirazı ilə qoşma şəklində aşağıdakı sənədlər göndərilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MH seriyalı, ******* nömrəli, 10 iyul 2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sadıxcan küçəsində istifadədə olan 0,075 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 9 mərtəbəli binanın 1-ci girişində, 6-cı mərtəbəsində, 35.4 kv.m ümumi, 24.0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 69 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 426 nömrəli reyestr kiıabının 39588 nömrəli vərəqində qeydiyyata alınmışdır. - 16 dekabr 2010-cu il tarixli “Mənzildən müvəqqəti istifadə müqaviləsi”ndən görünür ki, X2, Sumqayıt şəhəri dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 14 reyestr kitabı, 5874 inventar iş №-li qeydiyyat vəsiqəsinə əsasən ümumi sahəsi – 43,62 kv.m, olan ona məxsus olan və Sumqayıt səhər, 3-cü mikrorayon, ev 2B/7, 42 nömrəli, 2 otaqlı mənzili İddiaçı 5 il müddətinə, hər ay 150 manat ödənilmək şərti ilə kirayə vermişdir. İddiaçı kommunal xərcləri və kirayə haqqını vaxtı-vaxtında ödəyəcəyini və yaşayış sahəsini təmiz saxlayacağını öhdəliyinə götümüşdür. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 12 saylı Tibbi Sosial Ekspert Komissiyasının 10 fevral 2016-cı il tarixli “Müayinə barədə məlumat”dan görünür ki, İddiaçı 10 fevral 2016-cı il tarixdən 10 fevral 2021-ci il tarixədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş İdarəsinin 6 sentyabr 2021-ci il tarixli, 173 nömrəli arayışından görünür ki, İddiaçı 1 dekabr 1990-cı il tarixdən 10 yanvar 2012-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 29 noyabr 2011-ci il tarixli, 0543 saylı əmri ilə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. 11 yanvar 2012-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsində hərbi qeydiyyatdadır. - Azərbaycan Respulikası Sumqayıt Şəhər İcra Hakimiyyətinin 5 iyul 2023-cü il tarixli, 534 nömrəli “Mənzil uçotunun yaşayış yeri üzrə köçürülməsi haqqında” sərəncamından görünür ki, xəstəliyə görə ehtiyata buraxılmış mayor, İİ dərəcəli Qarabağ müharibəsi əlili İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti nəzdində Qarabağ müharibəsi əlillərinin mənzil növbəlilik siyahısı üzrə 4 may 2012-ci il tarixdən mövcud olan mənzil növbəliyinin yaşayış yeri üzrə Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə köçürülməsi qərara alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt Ərazi İdarəsinin 6 iyun 2013-cü il tarixli, **********46 nömrəli arayışından görünür ki, İddiaçı mülkiyyətinə Qazax rayonu, İkinci Şıxlı kəndində 2,66 ha və 1,18 ha torpaq sahələri, ünvan 4, ev 4, mənzil 69 qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 21 fevral 2025-ci il tarixli, 5-1/2-405/2025 nömrəli məktubundan görünür ki, İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 4 may 2012-ci il tarixli, 127 saylı sərəncamı əsasında ehtiyatda olan zabit kimi güzəştli mənzil növbəsinə götürülmüş və 2023-cü il tarixdə yaşayış yerinin ünvan 3 ünvanına daimi qeydiyyata alındığından mənzil növbəlilik sənədləri yeni yaşayış yeri üzrə Xətai Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55-ci maddəsinin müvafiq müddəalarını rəhbər tutaraq, Xətai Rayon İcra Hakimiyyəti başçısının 25 avqust 2023-cü il tarixli, 318 saylı sərəncamı ilə vətəndaş İddiaçı mənzil növbəsi yeni yaşayış yeri üzrə Xətai Rayon İcra Hakimiyyətində bərpa edilmişdir. Eyni zamanda bildirilmişdir ki, İddiaçı mənzil növbəsi bərpa edildiyi tarixdən müvəqqəti mənzil kirayə xərcləri ilə təmin olunur. Qoşma şəklində aşağıdakı sənəd göndərilmişdir: - Xətai Rayon İcra Hakimiyyətinin 25 avqust 2023-cü il tarixli, 318 nömrəli qərarından görünür ki, İddiaçı ehtiyatda olan zabit kimi Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətində olan mənzil növbəsinin yeni yaşayış yeri üzrə Xətai Rayon İcra Hakimiyyətində mənzil növbəsində Ehtiyatda olan zabitlərin güzəştli siyahısına keçirilməsi və onun mənzil növbəsi (mənzil növbəsində olduğu müddətdən) 4 may 2012-ci il tarixdən hesab edilməsi qərara alınmışdır.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 19 mart 2025-ci il tarixli, 3-21-3-02/2-3204/2025 nömrəli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 1,179 ha və 0,375 ha torpaq sahələri üzərində İddiaçı adına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Qoşma şəklində həmin torpaq sahələrinə dair 22 yanvar 2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli çıxarışların surəti göndərilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
5. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 4 may 2012-ci il tarixdən 27 sentyabr 2020-ci il tarixədək mənzil kirayə xərcinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1972-ci il tarixdə anadan olmuşdur. Ehtiyatda olan zabitdir. 1 dekabr 1990-cı il tarixdən 10 yanvar 2012-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 29 noyabr 2011-ci il tarixli, 0543 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə) əsasən ehtiyata buraxılmışdır. 11 yanvar 2012-ci il tarixdən etibarən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş İdarəsində hərbi qeydiyyatdadır. 4 may 2012-ci il tarixdən hərbi xidmət əlili kimi yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 1 iyun 2020-ci il tarixli, 127 saylı sərəncamı ilə mənzil növbəliyi həmin tarixdən 2-ci dərəcəli Qarabağ müharibəsi əlili kimi Qarabağ müharibəsi əlillərinin siyahısına keçirilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 534 saylı, 5 iyul 2023-cü il tarixli sərəncamı ilə mənzil növbəsi Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyətinə köçürülmüşdür. 4 may 2012-ci il tarixdən 27 sentyabr 2020-ci il tarixədək kirayədə yaşamağına və mənzil növbəsində olmağına baxmayaraq, iddiaçıya mənzil kirayə xərci ödənilməmişdir. İddiaçı mənzil kirayə xərcinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Müraciətindən 31 iyul 2023-cü il tarixli məktubla imtina olunmuşdur. Həmin imtina məktubunda bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən 9 saylı binanın 69 saylı mənzili 2007-ci ildən iddiaçıya məxsusdur. Lakin, həmin mənzilin mülkiyyətçisi olsa da, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 277, mənzil 42-də ailə üzvlərilə birlikdə 2020-ci ilə qədər kirayədə yaşamışdır. Həmin ünvanda yaşadığına görə iddiaçını 4 may 2012-ci il tarixdə hərbi xidmət əlili kimi Sumqayıt Şəhər İcra Hakimiyyətində mənzil uçotuna alınmışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. İddiaçı 4 may 2012-ci il tarixdən 27 sentyabr 2020-ci il tarixədək Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 26/7, mənzil 42-də kirayə yaşadığına görə həmin dövr üçün mənzil kirayə xərcinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Bildirilir ki, iddiaçı sözügedən ünvanda hər ay mənzilin sahibinə 300 manat kirayə haqqı ödəmişdir.
7. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 33, 73-cü maddələrinə istinad edilmişdir.
8. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
9. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia tələbinə qarşı etirazın dəlilləri
10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilmiş, imtina məktubunda (§1) qeyd olunanlara əsaslanaraq, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
Tərəflərin iştirakı və izahatları:
11. Məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
13. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
15. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, o cümlədən yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
16. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
17. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
18. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
19. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
21. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
22. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ 2-ci bənd. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. 7-ci bənd. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər.
23. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsilə ləğv edilmişdir.)
Maddə 18. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma Ehtiyatda olmağın son yaş həddinə çatmayan və səhhətinə görə dinc dövrdə və ya müharibə dövründə hərbi xidmətə yararlı olan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılırlar: a. xidmət müddəti başa çatdıqda, kadr zabitlərdən başqa; b. yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; v) xəstəliyə görə- hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan və ya 12 aydan sonra yeni müayinədən keçməklə müharibə dövründə müharibə dövründə həqiqi hərbi xidmətə yararsız sayıldıqda; q) ştatların ixtisarına görə - ştatların ixtisarı və ya təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ğ) ailə vəziyyətinə görə, qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları; d) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); e) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlərə görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) törədilmiş cinayətə görə məhkəmə tərəfindən həqiqi hərbi xidmətdə olmağı istisna edən cəzaya məhkum edildikdə; y) öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər.
24. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə.
25. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 147. 8-ci hissə. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər.
26. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.
27. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır
c) Məhkəmənin mövqeyi:
28. Məhkəmə iddiaçı tərəfin izahatlarını, həmçinin iş materialına əlavə edilmiş sənədləri mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan hallara istinad edərək əsaslandırır.
29. İddiaçının hazırkı iş üzrə tələbinin əsası ondan ibarətdir ki, o, 4 may 2012ci il tarixdən 27 sentyabr 2020-ci il tarixədək kirayədə yaşamağına və mənzil növbəsində olmağına baxmayaraq, iddiaçıya mənzil kirayə xərci ödənilməmişdir.
30. Cavabdeh isə iddia tələbinə qarşı etiraz edərək, Qarabağ müharibəsi əlili kimi mənzil uçotunda olarkən əlil kimi bütün ödənişlərlə (sosial müavinat və pensiya) təmin olunurdu, eyni zamanda, 2007-ci ildən Bakı şəhəri, Xətai rayonu, Sadıxcan küçəsində yerləşən 9 saylı bina, 69 saylı mənzilin dövlət reyestrində ******* qeydiyyat nömrəli çıxarışa əsasən adına şəxsi mülkiyyəti kimi qeydiyyata alındığı məlum olmuşdur. Bundan əlavə, təqdim edilən 16 dekabr 2010-cu il tarixli kirayə müqaviləsinə əsasən ailəsinin Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 26/7, mənzil 42-də kirayədə yaşamadığı müəyyən edilmiş, bununla da, dövlət orqanına düzgün olmayan məlumatlar təqdim edilmişdir.
31. Tərəflərin təqdim etdiyi və məhkəmənin sorğularına cavab olaraq əldə edilmiş sənədlərinin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı 1 dekabr 1990-cı il tarixdən 10 yanvar 2012-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 29 noyabr 2011-ci il tarixli, 0543 saylı əmri ilə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. 11 yanvar 2012-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsində hərbi qeydiyyatdadır, 10 fevral 2016-cı il tarixdən 10 fevral 2021-ci il tarixədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. 5 iyul 2023-cü il tarixdə iddiaçının Qarabağ müharibəsi əlillərinin mənzil növbəlilik siyahısı üzrə 4 may 2012-ci il tarixdən mövcud olan mənzil növbəliyi yaşayış yeri üzrə Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə köçürülmüş, mənzil növbəsi yeni yaşayış yeri üzrə Xətai Rayon İcra Hakimiyyətində bərpa edilmişdir və bərpa edildiyi tarixdən müvəqqəti mənzil kirayə xərcləri ilə təmin olunmuşdur.
32. Eyni zamanda, cavabdeh tərəfindən təqdim edilmiş 10 iyul 2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Sadıxcan küçəsində istifadədə olan 0,075 ha torpaq sahəsində yerləşən bina 4 ünvanda yerləşən 69 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Həmçinin, iddiaçı tərəfindən verilmiş izahatlardan qeyd edilən mənzilin ona məxsus olması müəyyən edilmişdir.
33. Məhkəməyə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş məlumata əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 1,179 ha və 0,375 ha torpaq sahələri üzərində iddiaçının adına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.
34. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya 4 may 2012-ci il tarixdən etibarən dövlət tərəfindən ödənilən sosial müavinət və pensiya əlillik dərəcəsinin ləğv olunması səbəbindən dayandırılmışdır. Bundan sonra onun ehtiyata buraxılmış zabit kimi mənzil kirayə xərcinin ödənilməsinə dair xahişi öz həllini tapmışdır.
35. Məhkəmə cavabdehin etiraz dəlili ilə razılaşaraq bildirir ki, hazırda iddiaçinin mənzil kirayə xərcinin uçota alındığı 4 may 2012-ci il tarixdən 27 sentyabr 2020-ci il tarixədək ödənilməsi barədə tələbi qanunvericiliyin tələblərinə ziddir.
36. Qarabağ müharibəsi əlili kimi mənzil uçotunda olarkən əlil kimi o, bütün ödənişlərlə, o cümlədən sosial müavinat və pensiya ilə təmin olunmuşdur.
37. Həmçinin, məhkəmə araşdırılması nəticəsində iddiaçıya 2007-ci ildən məxsus Bakı şəhəri, Xətai rayonunda yerləşən mənzilin mövcud olduğu müəyyən edilmiş, bununla da cavabdeh tərəfindən 16 dekabr 2010-cu il tarixli kirayə müqaviləsinə əsasən iddiaçının ailəsinin Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 26/7, mənzil 42-də kirayədə yaşamadığı müəyyən edilərək, tərəfindən təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan məlumatlar aşkarlanmışdır.
38. Məhkəmə, tərəflərin iddia tələbinə dair mövqelərini iş materialına əlavə edilmiş sənədlər, mövcud qanunvericiliyin normaları əsas götürərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
39. Şərh olunanlara və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “4 may 2012-ci il tarixdən 27 sentyabr 2020-ci il tarixədək mənzil kirayə xərcinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova