Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-576/2021 03.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlərin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “onun xx xxxxxx 2020-ci ildən “Ştatdankənar işçi” kimi təyin olunması və xx.xx.2020-ci il tarixli əmr ilə işdən azad olunması barədə əmrlərin ləğv olunaraq müddətsiz müqavilə ilə ən azı mütəxəssis vəzifəsinə təyin olunması, həmin tarixdən əmək haqqı arasındakı fərqin ödənilməsi, Nazirliyin əmrinə əsasən xx.xx.2020-ci ildən işdən azad olunması və Fondun əmrinə əsasən xx.xx.2020-ci ildən başlayaraq işə başlamağı nəzərdə tutulsa da faktiki olaraq xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixə kimi işə çıxdığı üçün həmin müddətin əmək haqqını mütəxəssis vəzifəsi üçün nəzərdə tutulan əmək haqqı ilə ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “onun xx xxxxxx 2020-ci ildən “Ştatdankənar işçi” kimi təyin olunması və xx.xx.2020-ci il tarixli əmr ilə işdən azad olunması barədə əmrlərin ləğv olunaraq müddətsiz müqavilə ilə ən azı mütəxəssis vəzifəsinə təyin olunması, həmin tarixdən əmək haqqı arasındakı fərqin ödənilməsi, Nazirliyin əmrinə əsasən xx.xx.2020-ci ildən işdən azad olunması və Fondun əmrinə əsasən xx.xx.2020-ci ildən başlayaraq işə başlamağı nəzərdə tutulsa da faktiki olaraq xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixə kimi işə çıxdığı üçün həmin müddətin əmək haqqını mütəxəssis vəzifəsi üçün nəzərdə tutulan əmək haqqı ilə ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına” dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1976-cu il təvəllüdlü olub 1993-cı il tarixdə orta məktəbi bitirmişdir. Həmin ildə Bakı Rabitə Kollecinə daxil olmuşdur. 1995-ci ildə Kollecin “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” fakültəsini mühasib ixtisası üzrə fərqlənmə ilə bitirmişdir. Həmin ilin oktyabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xaçmaz rayon şöbəsində Mühasibat Uçotu sektoruna mühasib işinə qəbul olmuş, daha sonra aparıcı-məsləhətçi nəzarətçi-mühasib vəzifəsinə təyin olunmuş və hal-hazıra kimi həmin vəzifədə çalışmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən vətəndaşların hüquq və azadlıqlarının qorunması dövlətin ali məqsədidir. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət və iş yeri seçmək hüququ vardır. Əmək fəaliyyəti müddətində təxminən 25 il fasiləsiz olaraq eyni vəzifədə işləmişdir. İşlədiyi müddətdə dəfələrlə aparılan struktur dəyişiklikləri ilə əlaqədar işlədiyi idarənin və tutduğu vəzifənin adı dəyişdirilmişdir. 2005-ci ildən 2020-ci ilin avqust ayına kimi dövlət qulluqçusu statusunda fəaliyyət göstərmişdir. Dövlət qulluğu vəzifəsinə qəbul olunmaq üçün ali təhsil tələb olunmağına baxmayaraq həmin qanuna kimi işləməyi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası “Əmək Məcəlləsi”nin tələblərinə uyğun olaraq əmək fəaliyyətinə maneəçilik törədilməmişdir. Təxminən 2020-ci ilin may ayından onlara problemlər yaradılmağa başlanılmışdır. Əvvəl bildirilmişdir ki, dövlət qulluğu statusuna xitam veriləcək, işlədikləri təşkilat publik hüquqi şəxsə çevriləcək və nəticədə orta ixtisas təhsilli kadrların işinə xitam veriləcəkdir. Sonradan isə məlumat verilmişdir ki, əvvəl əməkdaşların peşəkar biliklərinin yoxlanılması aparılacaq və keçid balı toplamış şəxslər ştata uyğun olaraq işlə təmin olunacaq (göndərilmiş təlimatların surətləri əlavə olunur-7 vərəq). Təxminən 2020-ci ilin iyun ayının sonları, iyul ayının əvvəlləri Fonddan öz arzuları ilə işdən azad olunmaları və yeni işlə təmin olunmaları barədə yazmalı olduqları ərizələrin nümunələri göndərilmiş və həmin ərizələrin tərtib olunması üçün təzyiqlər edilmişdir. Ərizələrdə tərtib olunma tarixi göstərilməmişdir və iddiaçı da ərizəni yazarkən tarix qoymamışdır. Nəticədə ərizəni yazmalı olmuşdur. Halbuki “Əmək Məcəlləsi’’nin 56 və 63cü maddələrinə əsasən əmək şəraitinin şərtləri və mülkiyyətçi dəyişdikdə əvvəlki mülkiyyətçi ilə bağlanmış müqavilə dəyişdirilmədən saxlanılaraq davam etdirilməlidir. İşdən çıxarılma barədə ərizə formaları əvvəl adi məzmunda göndərilsə də, sonradan işçilərin bütün hüquqlarının məhdudlaşdırılması üçün ərizənin məzmununa “1 ay xəbərdarlıq müddətini gözləmədən” sözü əlavə olunub (ərizənin surəti əlavə olunur). Eyni zamanda Fonddan bildirilmişdir ki, keçid balını toplamış əməkdaşlara problem yaradılmayacaq. Beləliklə 23-xx xxxx 2020-ci il tarixdə şöbələrində əməkdaşların peşəkar biliklərinin yoxlanılması aparılmışdır. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin yerlərdə müvafiq idarələrinin yaradılması barədə **********68 nömrəli xx.xx.2020-ci il tarixli qərarı daxil olmuşdur (əlavə olunur). Peşəkar biliklərin yoxlanılması zamanı mühasibat uçotu sektorunun işçisi kimi iddiaçı 35 keçid balına qarşı 45 bal toplamışdır. Əldə etdiyi nəticəyə əsasən daimi işlə təmin olunacağını gözlədiyi halda xx xxxx 2020-ci il tarixdə onlara Fondun bütün yerli şöbələrinin əməkdaşlarının xx xxxx 2020-ci il tarixdən öz xahişləri ilə işdən azad olunmaqları barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********6 nömrəli xx xxxx 2020-ci il tarixli əmri daxil olmuşdur (əlavə olunur). Maraqlıdır ki, təxminən bir ay əvvəl yazılan ərizəyə hansı tarix qoyulub və kim tarixi qoyub. Nazirliyin əmrindən belə çıxır ki, bütün ölkə üzrə yerli orqanların işçiləri eyni vaxtda öz xahişləri ilə işdən çıxıblar.(belə görünür tətil ediblər) Nazirliyin məqsədi belə görünür ki, əslində keçid balı toplamayıb ixtisar ilə əlaqədar işdən azad olunmalı əməkdaşları işsizliyə görə müavinət almaq hüququndan məhrum etmək olub. Həmçinin peşəkar biliklərin yoxlanılmasının nəticələri barədə cədvəldə iddiaçının balı düzgün qeyd olunsa da imtahan verdiyi sektor düzgün qeyd olunmamışdır. Özü də bu hal tək iddiaçıda yox, kimi azad etmək istəyirlərsə hamısında ediblər. Ən acınacaqlı hal isə bundan sonra baş vermişdir. xx.xx.2020-ci il tarixdə bir ay sınaq müddəti olmaqla üç aylıq müqavilə ilə əməkdaşların xx xxxxxx 2020-ci il tarixdən işə qəbul edilməsi barədə Fondun **********6 nömrəli xx xxxxxx 2020-ci il tarixli əmri daxil oldu və iddiaçının 45 bal toplamağına baxmayaraq guya orta ixtisas təhsilli olduğu üçün (şifahi verilən məlumata əsasən) özlərindən “ştatdankənar işçi” vəzifəsi ixtira edərək 600 manat əmək haqqı ilə həmin vəzifəyə təyin etmişdirlər(əmr əlavə olunur). Dövlət idarəsində elə bir “ştatdankənar işçi” vəzifəsi olmasa da, əmək haqqını da əvvəlki əmək haqqından aşağı müəyyən edərək ştat ilə texniki işçiyə müəyyən edilən əmək haqqı həddində müəyyən etmişdirlər. “Əmək Məcəlləsi”nin 45 və 47-ci maddələrinə əsasən müddətli əmək müqaviləsi mövsümü işlərə və ilk dəfə işə götürülənlərlə bağlanılır. İddiaçı ilə əvvəldən işlədiyi üçün “Əmək Məcəlləsi”nin 56 və 63-cü maddələrinə əsasən müddətsiz müqavilə bağlanmalı idi. Ştatların az olmasını da bəhanə gətirə bilməzlər. Çünki Xaçmaz rayonu xidmət nümayəndəliyi olaraq Quba rayonunda yaradılmış 2 saylı regional ərazi filialına tabedir. Xidmət nümayəndəliyində 14 ştat, 2 saylı regional ərazi filialında isə ilkin olaraq 41 ştat nəzərdə tutulmuş, sonradan 42 ədəd ştat da əlavə edilmişdir. Ən aşağı maaş isə mütəxəssis vəzifəsi üçün 1000 (min) manat müəyyən edilmişdir. Belə ki, orta ixtisas təhsilli olduğu üçün ən pis halda ali təhsilliləri regional ərazi filialına təyin etməklə iddiaçını xidmət nümayəndəliyində işlə təmin etməli idilər. Publik hüquqi şəxs haqqında Azərbaycan Respublikasının Qanununda və Xidmət nümayəndəliyinin əsasnaməsində işə qəbul zamanı ali təhsilin tələb olunması nəzərdə tutulmamışdır (əlavə olunur). Eyni zamanda iddiaçını xx xxxx 2020-ci il tarixdən işdən azad edərək xx xxxxxx 2020-ci il tarixdən işə qəbul edilmişdir və arada olan müddət üçün əmək haqqı hesablanılmamışdır. Deməli həmin müddətdə idarə tamam bağlı olub və pensiyaçılara xidmət göstərilməyib? İddiaçı məlumat üçün bildirir ki, həmin müddətdə əməkdaşlar işləmiş və bunu işə davamiyyət jurnalında olan imzalar, həmin müddətdə elektron qaydada idarədən çıxan və daxil olan yazışmalar da sübut edir. “Əmək Məcəlləsi"nin 49-cu maddəsinə əsasən işçi işə başladığı gündən əmək müqaviləsi bağlanmış hesab olunur və ən geci üç gün müddətində yazılı əmək müqaviləsi tərtib olunmalıdır. Yuxarı təşkilatda qanunların tələblərinə o dərəcədə laqeyd yanaşılır ki, işçilərə hətta yazılı müqavilə də bağlanması təklif olunmamışdır. Ancaq oktyabr ayının 30da müqavilələrin imza olunması üçün göndəriləcəyi barədə və imza olunmalı sonuncu vərəq (nümunə kimi) elektron məlumat qaydasında (çıxarış əlavə olunur) daxil olmuşdur. Qanunvericiliyin tələblərinə əsasən müqavilə 2 nüsxədə tərtib olunaraq 1 nüsxəsi işçidə qalmalı olduğu halda məlumatda müqavilənin 2 nüsxədə tərtib olunacağı tam təsdiq olunmur. Faktiki müqavilə 2 nüsxədə təqdim olunmuş və qanunvericiliyin tələbləri pozularaq heç bir nüsxəsi işçidə saxlanılmamışdır. İddiaçı elektron qaydada iş yeri barədə məlumatı araşdırarkən vəzifəsinin mütəxəssis kimi qeyd edilməsi aşkar edilmişdir. Deməli iddiaçının işə qəbul olunmağı rəsmiləşdirilərkən vəzifəsi sənəddə qanunvericiliyə uyğun olmayaraq “ştatdankənar işçi”, elektron məlumatda isə düzgün olaraq “mütəxəssis” kimi qeyd olunmuş və həmin müddətdə əmək haqqı 1000 manat əvəzinə 600 manat məbləğində ödənilmişdir. xx xxxxxx 2020-ci il tarixdə isə müqavilənin müddətinin bitməsi ilə əlaqədar işinə xitam veriləcəyi barədə elektron qaydada xəbərdarlıq göndərilmişdir (çıxarış əlavə olunur). Həmin tarixdə yenidən elektron qaydada göndərilən əlavə məlumatda əməkdaşların qiymətləndirmədə əldə etdiyi nəticələrin nəzərə alınacağı bildirilmişdir (çıxarış əlavə olunub). xx xxxxxx 2020-ci il tarixdə isə xəbərdarlığı orta təhsili olan (orta ixtisas yox) əməkdaşların imzalamalı olması barədə məlumat daxil olmuşdur (çıxarış əlavə olunur). xx.xx.2020-ci il tarixdə müqavilənin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2020-ci il tarixdən xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli **********8 nömrəli əmr daxil olub(əlavə olunur). Nəticədə iddiaçıya qarşı edilmiş qanunsuz hərəkətlərə son verilmişdir. Azərbaycan Respublikasının Prezidenti öz çıxışlarında dəfələrlə əhalinin incidilməməsi, hal-hazırkı şəraitdə heç kimi işdən çıxarmamaq barədə xəbərdarlıq etdiyi halda hələ də qanunsuzluqlara yol verilir. Aparılan struktur dəyişiklikləri vəsaitə qənaət etmək məqsədilə edilirsə, bəs onda Fondun tərkibində yüksək əmək haqqı ilə əlavə filial və departamentlər nə üçün yaradılır? Hətta yeni qrumda mütəxəssis kimi işləmək üçün ali təhsil tələb olunsa da dəyişiklikdən əvvəl işlədiyim üçün həmin tələb mənə aid ola bilməz. Çünki Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki şəxslərin vəziyyətinin pisləşməsinə səbəb olan normativ hüquqi aktlar geri şamil olunmur. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyət orqanlarının borcudur.(71-ci maddə) Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 7.5-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondunda işləyən işçilərin bu Fərmanın 1-4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görülmüş və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermələri tapşırılmışdır( Nazirliyin məhkəmədə olan 2-1 (118)-1263/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli ********** nömrəli etiraz məktubu) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluqunu sübut etməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddiaçıya hüquqi yardım edilmiş, izah edilmişdir ki, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməsi üçün mübahisə dövlət qulluqçusu ilə inzibati orqan arasında olmalıdır. İddiaçı isə iddianın təmin edilərək müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 14 avqust 202-ci il tarixdə 3 aylıq müddətli əmək müqaviləsi ilə ştatdankənar mütəxəssis vəzifəsinə qəbul edilmiş və xx xxxxxx 2020-ci il tarixdə **********8 nömrəli əmrlə müddətli əmək müqaviləsinin müddəti qurtardığı üçün tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh hesab edir ki, inzibati iş aşağıdakı əsaslara görə mümkünsüz sayılmalıdır:
1. Hazırki iddia üzrə mübahisə predmeti mülki icraat qaydasında baxılmalıdır. Belə ki , “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarından da göründüyü kimi, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Plenum qərarının 3.4-cü bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İstinad olunan Plenum qərarının 4-cü bəndində qeyd olunur ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibəti olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Hazırkı mübahisə predmeti üzrə mübahisələndirilən əmrləri qəbul etmiş orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmış və Azərbaycan Respublikas Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Fondun Nizamnaməs təsdiq edilmişdir. İstinad olunan Nizamnamənin 1.1-ci bəndində qeyd olunur ki, Dövlət X4 məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinın əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycar Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları lə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarından da aydın olduğu kim DSMF hazırkı əmək münasibətlərində hakimiyyət səlahiyyətlərinin subyekti kimi yox, xüsusi hüquq subyekti kimi çıxış etmişdir. Çünki sözügedən orqanın əmək fəaliyyəti ilə bağlı münasibətlərdə iştirakı onun hakimiyyət səlahiyyətlərini həyata keçirmə forması olmamaqla, yalnız ona xas fəaliyyətin realizə şəkli deyildir. DSMF bu münasibətlərdə hər bir işəgötürən kimi xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu tərəfi kimi çıxış etmişdir. Deməli, mübahisə inzibati məhkəmə icraatı predmeti deyil, mülki məhkəmə icraatı predmetidir. Müstəsna olaraq qeyd etmək zəruridir ki, dövlət qulluqçularının və hərbi qulluqçuların əmək münasibətləri ilə bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda istinad olunan Plenum qərarının 12-ci bəndindən də göründüyü kim inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. İddiaçı dövlət qulluğu vəzifəsini tutduğuna əsaslanaraq inzibati iddia ilə məhkəməyə müraciət etmişdir. Dövlət qulluğu haqqında Qanunun 9-cu maddəsinə əsasən “Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir.” Publik hüquqi şəxslər haqqında Qanunun 2.2-ci maddəsinə əsasən Publik hüquqi şəxs - dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Belə ki, DSMF publik hüquqi şəxsə çevrildiyi üçün dövlət orqanı statusunu itirmiş, bunun nəticəsi olaraq onun strukturunda dövlət qulluqçusu vəzifəsi ləğv olunmuşdur. İddiaçının mübahisələndirdiyi münasibətlər bu tarixdən sonra yarandığı üçün dövlət qulluqçusunun əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı normalar cari münasibətlərə tətbiq oluna bilməz. Həmçinin istinad olunan Plenum qərarından qeyd olunur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
2. Hazırkı mübahisəyə inzibati mübahisə mövqeyindən yanaşıldığı halda belə aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli Plenum qərarına əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi iddiaçı iddia etdiyi tələblə əvvəlcədən inzibati orqana müraciət etməmişdir. Hansı ki, yuxarıda istinad olunan Plenum qərarının müvafiq bəndlərindən də göründüyü kimi məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1) iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmaması; 3) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; 4) qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmaması və s. Lakin göstərilən şərtə əməl olunmamış, belə ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməzdən əvvəl, müvafiq orqana müraciət olunmamış və imtina alınmamışdır. Qeyd edilənlərə əsasən iddianın mümkünsüz hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsində işləyənlərin dövlət qulluqçusu statusunun olmadığını bildirmiş və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respubliaksı Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi əmək mübahisələri ilə bağlı inzibati məhkəmə icraatı qaydasında yalnız dövlət qullucusu ilə inzibati orqan arasında olan əmək münasibətlərə baxıla bilər. “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizamnamənin 1.5-ci bəndinə əsasən Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Göründüyü kimi Publik hüquqi şəxslərə inzibati akt qəbul etmək səlahiyyəti verilsədə, onların xüsusi statusu mövcuddur. Göründüyü kimi hazırkı mübahisənin inzibati məhkəmə icraatının araşdırma predmetinə daxil olması üçün tələb olunan şərtlər, yəni iddiaçının dövlət qulluqçusu olması və cavabdehində inzibati orqan olması şərtləri mövcud deyil. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, əmək münasibətlərdən irəli gələn mübahisənin həlli ilə bağlı müvafiq ümumi məhkəmə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim İsmayıl Quliyev