Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5761/2025 03.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2n 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2n 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “A № 337841 saylı torpaq sahəsinin plan-ölçü sənədinə əsasən 1000.21 kv.m torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək A № 337841 saylı torpaq sahəsinin plan-ölçü sənədinə əsasən 1000.21 kv.m torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 4 Saylı Abşeron Ərazi İdarəsinin (b.s. AR. İN-yi yanında ƏMDX-ti DƏDK və R-i publik hüquqi şəxs 4 saylı Abşeron Ərazi İdarəsi) rəisinə ərizə ilə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 1000,21 kv.m ölçüsü torpaq sahəsinə Çıxarış və Texniki Pasportun verilməsində köməklik göstərilməsini və mühəndis tərəfindən baxış olunmasını xahiş etmişdir. Cavabdehin 03 aprel 2023-cii il tarixli, 3-21-3- 32-21 M-0052-8/2025 nömrəli məktubuna əsasən, aparılan araşdırma zamanı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə müəyyənedici sənədlərin hazırki müraciətə əlavə olunmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” AR-sı Qanunun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. Belə ki, AR-sı Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. AR-sı MM-nin 240.1 və 240.2-ci maddələrinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ucura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparılmasına icazə verə bilər. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və yaradılmış binaya,qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” AR-nın Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həli edilir. Həmin Qanunun 8.0.10.1 və 8.0.1Q.2-Cİ maddələrinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icazə və ya istifadə hüququ təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti lahiyəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə, məlumatlandırma icraatının təsdiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti lahiyəsinin memarlıq-planlaşdırma bölməsi sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişçi poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hal-hazırdakı ərizəyə əlavə edilmiş AR-nın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayonu Masazır qəsəbəsində iddiaçının adına Abşeron rayon Aqrar İslahat Komissiyasının 11 fevral 2011-ci il tarixli 96 nömrəli qərarı ilə 1000.21 kv.m həyətyani torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir və X1 kitabında 14 aprel 2011-ci il tarixli 15800 nömrə ilə uçota alınmışdır. (A№337841 nömrəli AR-nın DT və XK-nin Torpaq sahəsinin planı və ölçüsü). A№337841 nömrəli AR-nın Dövlət və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin kadastr göstəriciləri, Torpaq sahəsinin qaiməsi (sertifikatı), Sahəsi, Torpaq sahəsinin zonası, Torpaq sahəsinin normativ qiyməti, Baş plandan Çıxarış, əsas döngə nöqtələrinin koordinatları tam müəyyənliyi ilə göstərilir. Bundan əlavə, hal-hazırdakı iddia ərizəyə əlavə edilmiş "xxxx" MMC tərəfindən Abşeron rayonu Masazır kəndində iddiaçıya məxsus fərdi yaşayış evinin Eskiz lahiyəsi hazırlanmışdır və həmin eskiz lahiyəsinə uyğun olaraq sözügedən torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Abşeron rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin 20 fevral 2025-ci il tarixli, s-48-1 RA/2-17277-35/25 nömrəli məktubla bildirilir ki, Abşeron Rayon İcra Hakimiyyətinin Aqrar İstehsalat Komissiyasının 11.02.201 1-ci il tarixli 96 saylı sərəncamı ümumi sərəncam olduğundan vətəndaşlara təqdim edilməsi mümkün deyil. Yuxarıda qeyd olunan sənədlərdən məlum olur ki, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 1000.21 kv.m həyatyani torpaq sahəsi daşınmaz əmlak kimi mülkiyyət hüququmun obyektidir. Torpaq sahəsinin ərazisi isə AR-nın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü ilə təyin edilib. Ona görə də həmin torpaq sahəsində "xxxx" MMC-nin Eskiz Lahİyəsinin əsasında fərdi evin tikintisinə icazə verilmişdir, bu isə əsas verir ki, həm sözügedən torpaq sahəsinə həm də həmin torpaqda tikdiyim fərdi yaşayış evinə mülkiyyət hüququ əldə edə bilər (Çıxarış və Texniki Pasport). Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi; müraciət üzrə əlavə olunmuş sənədlərdə hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu, belə ki, plan-ölçü sənədində hüquq sahibi “İddiaçı Şıxəli oğlu” kimi göstərildiyi halda, şəxsiyyət vəsiqəsini təsdiq edən sənəddə “İddiaçı” kimi qeyd olunduğu müəyyən olunmuşdur. Torpaq sahəsinə dair təqdim edilmiş plan-ölçü sənədində Aqrar İslahat Komissiyasının 2011-ci il tarixli qərarına istinad olunmasına baxmayaraq Abşeron rayon Aqrar İslahat Komissiyasının Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli fərmanına əsasən ləğv edildiyi müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçıya məxsus fərdi yaşayış evinin eskiz layihəsinin surəti iş materiallarına əlavə edilmişdir. X1 kitabında 14 aprel 2011-ci il tarixdə 15800 nömrə ilə uçota alınmış, A №337841 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmişdir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 11 fevral 2011-ci il tarixli 96 nömrəli qərarı ilə İddiaçı Şixəli oğluna 1000.21 kv.m torpaq sahəsi ayrılmışdır. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsinə dair DWG və DBF məlumatları aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X2 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli məktubu ilə İddiaçı Şıxəli oğlunun adına verilmiş AN-337841 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsinə əsas olmuş mövcud sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Abşeron rayon Aqrar İslahat Komissiyasının 11 fevral 2011-ci il tarixli 96 nömrəli qərarında qeyd edilmişdir ki, Masazır qəsəbəsi ərazisində 76 ailəyə cəmi 5.40 hektar qanuni istifadədə olan həyətyanı torpaq sahələrinə mülkiyyət hüuquqna dair sənədlərin verilməsi üçün hazırlanmış sənədlər təsdiq edilsin. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubu ilə Abşeron rayon Aqrar İslahat Komissiyasının 11 fevral 2011-ci il tarixli 96 nömrəli qərarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı A№ 337841 saylı torpaq sahəsinin plan-ölçü sənədinə əsasən 1000.21 kv.m torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi; müraciət üzrə əlavə olunmuş sənədlərdə hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu, belə ki, plan-ölçü sənədində hüquq sahibi “İddiaçı Şıxəli oğlu” kimi göstərildiyi halda, şəxsiyyət vəsiqəsini təsdiq edən sənəddə “İddiaçı” kimi qeyd olunduğu müəyyən olunmuşdur. Torpaq sahəsinə dair təqdim edilmiş plan-ölçü sənədində Aqrar İslahat Komissiyasının 2011-ci il tarixli qərarına istinad olunmasına baxmayaraq Abşeron rayon Aqrar İslahat Komissiyasının Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli fərmanına əsasən ləğv edildiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən mülkiyyət hüququnun qeydə alınmasını istəsə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sənədin verilməsinə əsas olmuş Abşeron rayon Aqrar İslahat Komissiyasının 11 fevral 2011-ci il tarixli 96 nömrəli qərarı Masazır qəsəbəsi ərazisində 76 ailəyə cəmi 5.40 hektar qanuni istifadədə olan həyətyanı torpaq sahələrinə mülkiyyət hüququna dair sənədlərin verilməsi üçün hazırlanmış sənədlər təsdiq edilməsi ilə bağlıdır. İddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənədi olmadığından məhkəmə hesab edir ki, cavabdeh imtinasında haqlı olmuşdur. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Göründüyü kimi, iddiaçı mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən mötəbər hüquqmüəyyənedici sənədə malik deyil. Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-5761/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5761/2025
03.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver