Məhkəmə qərarları › İş №2-1(118)-5771/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5771/2023

14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5771/2023 14.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X6 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər İcra İdarəsinə qarşı “onun barəsində olan icra işinin cavabdeh orqan tərəfindən məcburi icradan könüllü şəkildə icraya keçirilməsi , bu icra işi üzrə iddiaçının İ qrup əlil olmağı ilə əlaqədar ona ödənilən pensiya məbləğindən məcburi şəkildə edilən tutulmaların tamamilə dayandırılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 30 may 2017- ci ildə X4 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Bu nikahdan 18 oktyabr 2017-cİ il təvəllüdlü X7 anadan olmuşdur. Sonradan nikah münasibətlərinə Məhkəmə qətnaməsinə əsasən xitam verilmişdir. X4 ona qarşı aliment məbləğinin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, 18 oktyabr 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün har ay sabit pul məbləğində alimentin ondan tutularaq ona ödənilməsi barədə qatnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(060)-5518/2019 saylı qətnaməsi ilə X2 iddia tələbi qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixdən başlayaraq iddiaçıdan 18 oktyabr 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat olmaqla sabit pul məbləğində alimentin tutulub X3 ödənilməsi qət edilmişdir. Həmçinin qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2019-cü il tarixli, 2(060)-5351 /2019 saylı qətnaməsi ilə iddiaçının 18 oktyabr 2017-ci il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 12:00- dan saat 17:00-dək ünsiyyətdə olma hüququnun təmin edilməsi qət edilmişdir. Bundan sonra isə iddiaçı A.İ.İsmayılova iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023- cü il tarixdən ondan tutulan alimentin miqdarının artırılaraq 18 oktyabr 2017-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi və mediasiya dövlət rüsumunu ödədiyi məbləği nəzərə alaraq, mediasiya xərcin 50 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3073/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5518/2019 saylı, 28 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Lakin iddiaçı bu qətnamə tamamilə əsassız olduğuna görə apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5518/2019 saylı, 28 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və təyin edilmiş aliment artırılaraq 150 manat məbləğində müəyyən edilmişdir. Qeyd edir ki, o bu günə qədər bu qətnamələrin icrasını tam şəkildə həyata keçirmişdir. Özünün maddi vəziyyətinin pis olmasına baxmayaraq daima övladının yaxşı vəziyyətdə saxlanılması üçün əlindən gələni etmişdir. Həmçinin hər ay vaxtında üzərinə düşən öhdəliyi yerinə yetirərək aliment məbləğini qaydasında ödəyir. Bundan başqa övladı üçün lazım olan hər bir ehtiyacı da əlavə olaraq özü təmin edir. Qeyd edir ki, iddiaçı öz əmək fəaliyyəti sırasında zədə almağı nəticəsində əlillik vəziyyətinə düşmüş və hal-hazırda İ qrup əlildir. Bununla bağlı ona hər ay Kapital Bank-da açılan kart hesabı vasitəsilə pensiya verilir. Artıq illərdir ki, ödəməli olduğu aliment məbləği bu pensiyadan tutularaq A.İ.İsmayılovaya ödənilir. Bu tamamilə qanunsuz bir əməldir. Belə ki, iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək hər ay aliment məbləğini bu tutulma olmasa belə, ödəyəcək. Lakin bu tutulma qanunvericiliyə tamamilə ziddir. Bu ona qanuni olaraq verilən pensiyadır və bu pensiyadan tutulmalar edilə bilməz. İddiaçı övladı üçün hər bir şəraiti yaradır və onun üçün əlindən gələni edir. Bu tutulmanın hazırki şəraitdə mövcud olması onu daha çətin bir vəziyyətə salır. Belə ki, iddiaçının atası çox ağır xəstə olduğu və ailənin maddi vəziyyəti çox pis olduğu üçün bankdan kredit götürmək istəyir. Lakin pensiyasından hər ay tutulmalar edildiyi üçün kredit götürə bilmir. Bu isə onları daha da çətin bir vəziyyətə salır. Artıq maddi cəhətdən ehtiyaclarını ödəyə bilmir, İ qrup əlil olduğu üçün çalışa bilmir və hal-hazırda işləmir. Tək gəlir qaynağı isə məhz bu pensiyadır. Bu pensiyadan isə hər ay qanunsuz tutulmalar edilir. Həmçinin bu tutulmaların edilməsi kredit götürməyinə əngəl olur. Bu tutulmalar Sumqayıt Şəhər İcra İdarəsi tərəfindən edilir. Bütün bunlara görə də ərizə ilə Sumqayıt Şəhər İcra İdarəsinə müraciət edərək bu tutulmaların dayandırılmasını xahiş etmişdir. Lakin Sumqayıt Şəhər İcra İdarəsi 17833/20 saylı, xx.xx.2023-cü il tarixli cavabı ilə bu müraciətinə imtina cavabı vermişdir. Lakin bu tamamilə qanunsuz və əsassız bir imtinadır. Belə ki, cavabdeh orqan iddiaçının maddi vəziyyətini və bu tutulmanın hansı səbəbdən dayanmasını istədiyini nəzərə almamışdır. Onun icradan yayınmaq məqsədi yoxdur və bu tutulmalar dayandırıldıqda da aliment məbləğini hər ay ödəyəcək. Lakin halhazırda maddi vəziyyəti çox pis olduğu üçün kredit götürmək istəyir. Bu isə pensiyadan tutulmalar edildiyi üçün mümkün deyildir. Həmçinin cavabdeh orqan İ qrup əlilliyi ilə bağlı ödənilən pensiyadan tutulmalar edir. Bu isə tamamilə qanunsuzdur. Azərbaycan Respublikasının “İcra Haqqında” Qanununda qeyd edilmişdir: Maddə 69. Alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilir. Buna əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsində qeyd olunur: Maddə 105. Tələbin aliment ödəməli olan şəxslərin əmlakına yönəldilməsi Aliment ödənilməsi barədə saziş və ya məhkəmənin qətnaməsi əsasında müəyyən olunmuş miqdarda aliment, habelə aliment üzrə borclar aliment ödəməli olan şəxsin qazancından və (və ya) digər gəlirlərindən tutulur. Qazanc və (və ya) digər gəlirlər çatışmadıqda aliment onu ödəməli olan şəxsin bankdakı və s. kredit təşkilatlarındakı hesabında olan pul vəsaitindən, eləcə də mülkiyyət hüququnun başqasına verilməsinə səbəb olan müqavilələr istisna olmaqla, müqavilə əsasında kommersiya və qeyrikommersiya təşkilatlarına verilən pul vəsaitindən mülki prosessual qanunvericilikdə müəyyən olunmuş qaydada tutulur. Bu vəsaitlər çatışmadıqda tələb aliment ödəməli olan şəxsin qanunla tələb yönəldilə bilən başqa əmlakına yönəldilə bilər. Buradan da görünür ki, alimentin məcburi qaydada tutulmalı olan halların arasında şəxsin pensiyası qeyd olunmamışdır. Cavabdeh orqan isə illərdir məcburi qaydada pensiyadan tutulmalar edir. Bu tutulma qanunsuz olaraq davam etdirilir. Maddədən görünür ki, vəsaitlər çatışmadıqda tələb aliment ödəməli olan şəxsin qanunla tələb yönəldilə bilən başqa əmlakına yönəldilə bilər. Buna əsasən Azərbaycan Respublikasının “İcra Haqqında” Qanununda qeyd edilmişdir: Maddə 68. Tələbin yönəldilməsinə yol verilməyən pul məbləğləri Tələb borcluya ödənilən aşağıdakı pul məbləğlərinə yönəldilə bilməz: xidməti vəzifəsini yerinə yetirərkən xəsarət almış şəxslərə, həmin şəxslər həlak olduqda (öldükdə) isə onların ailə üzvlərinə ödənilən məbləğlərə; uşağın doğulması ilə əlaqədar; çoxuşaqlı analara; tənha ata və ya anaya; pensiyaçılara, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə; sağlamlığa vurulmuş ziyan nəticəsində zərər çəkmiş şəxslərə əlavə qidaya, protezləşdirməyə, sanatoriya-kurort müalicəsinə, habelə həmin şəxslərə qulluğa görə ödənilən məbləğlərə; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər məbləğlərə. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş , mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün hesab edilməməlidir. İddiadan və iş materiallarından görünür ki, iddiaçı Cavabdeh məhkəmə qərarının icrası ilə bağlı hərəkətlərindən narazıdır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, İnzibati məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, məhkəmə qərarının icrasına nəzarət edən müvafiq məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar