Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5774/2023 29.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şabran rayon Polis Şöbəsinə qarşı “DƏDRX-nın Xaçmaz 5 saylı Ərazi idarəsinin **********30-10301 seriya, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cü il tarixli çıxarışına əsasə 0.07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 44.9 kv.metr olan, Şabran şəhəri, Vidadi küçəsi ev 17də yerləşən ona məxsus evindən xx.xx.1962-ci il təvəllüdlü X1, xx.xx.2010-ci il təvəllüdlü X3 pasport qeydiyyatından çıxarılmasına” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 0.07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 44.9 kv.metr olan, Şabran şəhəri, Vidadi küçəsi ev 17 də yerləşən fərdi yaşayış evi iddiaçının tam payla xüsusi mülkiyyətindir. Həmin ev xx.xx.2019-cu il tarixdə DƏDRX-nın 5 saylı ərazi idarəsindən çıxarış alaraq xüsusi mülkiyyətinə keçmişdir. Həmin evə DƏDRX-nın Xaçmaz 5 saylı Ərazi idarəsi tərəfindən iddiaçının adına qeydiyyat tarixi xx.xx.2019-cü il, qeydiyyat nömrəsi ********** olan, Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdehlərinin iddiaçının evində pasport qeydiyyatında qalması səbəbindən əmlakı üzərində mülkiyyət hüququnu reallaşdıra bilmir, yəni əmlakı üzərində öz istəyinə uyğun olaraq sərəncam hüququ pozulur. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən cavabdehlər tərəfindən ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılmalı idi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konustitusiya Məhkəməsi Pltınumunun 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilir ki, qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciətiəsasında xitam verilməlidir. Konustitusiya Məhkəməsinin Plenumunun göstərilən qərarında qeyd olunur ki, Qanunda əsas müddəa kimi təsbih edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın qanunvericiliklə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcüd olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasmda baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafıyə dair iddialara (məcbur etmə haqqında iddia); Həmin məcəllənin 33.1-ci maddəsinə əsasən məcbur etmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Beləliklə, cavabdehlərin ona məxsus Şabran şəhəri, Vidadi küçəsi ev 17 qeydiyyatları formal xarakter daşıyır. Cavabdehlər hal-hazırda onlar iddiaçının evində qeydiyatda olsalar da, faktiki olaraq yaşamırlar. Cavabdehlər onun yaxın qohumlarıdır, heç bir əlaqələri yoxdur, harda yaşamaları barədə də heç bir məlumatı yoxdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı izahatında bildirmişdir ki, evi oğlunun adına keçirmək istəyəndə məlumatı olmuşdur ki, qardaşı və oğlu mənzildə qeydiyyatdadır. Eşitdiyə görə onlar Sumqayıt şəhərində yaşayırlar. Bir qız və bir oğlu var. Ev atasının evidir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmə prosesində iddiaçı mənzildə qeydiyyatda olan şəxslərin qardaşı və onun ailə üzvü olduğunu bildirmişdir. Lakin üçüncü şəxslərin istifadə hüququna dair məsələnin həlli mülki məhkəmə icraatı qaydasında həllini tapmamışdır. Cavabdeh inzibati orqanın mülkiyyətçinin ərizəsi əsasında onun yaxın qohumunu yaşayış yeri üzrə qeydiyyatdan çıxarmaq səlahiyyəti olmadığına görə məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Formalaşmış məhkəmə təcrübəsində də yaxın qohumun yaşayış yeri üzrə qeydiyyatı ilə bağlı mübahisələrə üçüncü şəxsin istifadə hüququna dair məsələnin həlli mülki məhkəmə icraatı qaydasında həllini tapdıqdan sonra baxılır. İddiaçıya izah edilsin ki, üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim İsmayıl Quliyev