Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5803/2024 18.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (qərarın ləğvi və əlilliyin bərpa edilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “qərarın ləğvi və 9 aprel 2024-cü il tarixdən müddətsiz birinci dərəcə əliliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 aprel 2024-cü il tarixdən müddətsiz birinci dərəcə əliliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxx 1964-cü il tarixdə Qusar rayonunun Gedəzeyxur kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə başladığı vaxtdan müxtəlif idarə və müəssisələrdə, müxtəlif vəzifələrdə işləmişdir. 2019-cu ildə iddiaçının beyin kötüyündə yeni törəmə aşkar edilmiş, üzərində sol körpü-beyincik bucağının bəd xassəli hemangioblastomasının xaric edilməsi cərrahi əməliyyatı aparılmışdır. Keçirdiyi xəstəliklə əlaqədar aparılmış həmin əməliyyatdan sonra onun sağlamlıq durumu pisdir, yataq xəstəsidir və iddiaçının kənar şəxsin yardımına ehtiyacı vardır. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 15 noyabr 2019-cu il tarixli müayinə aktına əsasən 15 noyabr 2019-cu il tarixindən onun sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş və ona müddətsiz birinci dərəcəli əlillik müəyyən edilmişdir. 15 noyabr 2019-cu il tarixdən, yəni barəsində müddətsiz birinci dərəcəli əlillik müəyyən edildiyi vaxtdan onun sağlamlıq durumu yaxşılaşmamış, əksinə ildən-ilə pisləşmişdir. Cavabdehin 15 noyabr 2019-cu il tarixli müayinə aktına əsasən iddiaçıya müddətsiz birinci dərəcəli əlillik təyin olunmasına baxmayaraq, üstündən 5 il keçdikdən sonra cavabdeh tərəfindən iddiaçı 9 aprel 2024-cü il tarixdə yenidən müayinəyə cəlb edilmişdir. Müayinədən keçdikdən sonra Tibbi-Sosial Ekspert Komissiyasının 09 aprel 2019-cu il tarixli müayinə aktına əsasən onun barəsində müddətsiz birinci dərəcəli əlilliyi ləğv edilmiş və ona müddətsiz üçüncü dərəcəli əlillik müəyyən edilmişdir. İddiaçı barədə müddətsiz birinci dərəcəli əlilliyin müddətsiz üçüncü dərəcəli əlilliklə əvəz edilməsi barədə Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona poçt vasitəsi ilə 13 iyun 2024cü il tarixdə məlumat verilmişdir. Lakin bu barədə qəbul edilmiş hər hansı qərar iddiaçıya bu günə kimi göndərilməmişdir. Hesab edirik ki, iddiaçı barədə müddətsiz birinci dərəcəli əlilliyin ləğv edilərək müddətsiz üçüncü dərəcəli əlilliyin müəyyən edilməsi əsassızdır.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 11 dekabr 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən müddətsiz birinci dərəcə əliliyin bərpa edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim etdiyi yazılı etirazı müdafiə edərək bildirdi ki, iddiaçının müvafiq inzibati aktdan məlumatı xx.xx.2024cü il tarixində olmasına baxmayaraq həmin imtinadan 2 ay sonra məhkəməyə müraciət etmişdir. 4 illik məsələnin bura aidiyyəti yoxdur. O müddətli əlilliyə aiddir. Müddət 2 aydan çox müddət keçdiyi üçün itirilib. İddiaçı yenidən Forma 88 alıb 1-ci dərəcə əlillik almalıdır. Bundan əlavə yazılı etirazı müdafiə edərək bildirdi ki, iddiaçıya dair Qusar Rayon Mərkəzi Xəstəxanasının 0248003AAGAN nömrəli göndərişi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.7 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Müayinəyə gələn zaman baş ağrısı, eşitmə zəifliyi, tarazlığın itməsindən şikayət etmiş, bəzi müayinə sənədləri təqdim etmişdir. Təqdim etdiyi sənədlər arasında Neyrocərrahhq Xəstəxanasının xx.xx.2019 - xx.xx.2019-cu il tarixli 820 nömrəli stasionar tibbi kartdan çıxarışda diaqnoz "Sol körpü beyincik bucağının şişi. Cərrahi əməliyyatdan sonrakı vəziyyət.” kimi qeyd edilmiş, xx.xx.2019-cu il tarixində "Sol tərəfli retrosiqmoid kranioektomiya, şişin xaric olunması” cərrahi əməliyyatı icra olunduğu, sonra təxirəsalınmaz cərrahi əməliyyat “Sağ Koxer nöqtəsindən xarici ventrikulyar drenajın qoyulması, sol körpü-beyincik bucağının hematomasının xaric edilməsi və sərt qişanın budun enli fassiyast plastikası” icra edildiyi, xx.xx.2019-cu il tarixində xarici ventrikulyar drenaj xaric edildiyi qeyd edilmiş, patohistoloji diaqnoz “Hemanqliöblastoma” kimi qeyd edilmişdir. Qusar Rayon Mərkəzi Xəstəxanası xx.xx.2020-ci il tarixli 2665 nömrəli ambulator xəstənin kartasından çıxarışda diaqnoz "Sol körpü-beyincik bucağı şişinin xaric edilməsi, cərrahi əməliyyatdan sonrakı vəziyyət, koordinator pozğunluqlarla” kimi göstərilmiş; X2 Klinikasında xx.xx.2021-ci il tarixində aparılmış beyin MRT müayinəsinin nəticəsi: Hər iki beyin yarımkürəsində beyin toxumasının ağ maddəsində subkortikal və dərin qatlarda, periventrikulyar sahədə, müxtəlif ölçülərdə işemik xarakterli qliotik ocaqlar. Şəffaf arakəsmənin kistası - əlavə V mədəcik. Arxa kəllə çuxurunda sol ənsə sümüyündə aparılmış cərrahi əməliyyata aid edilən trepanasiya defekti, beyinciyin sol yarımkürəsində hissəvi rezeksion defekt, ətrafında qlioz dəyişikliyi olan, malyasiya sahəsi və sol körpübeyincik bucağında, sol eşitmə sinirinin həcmli törəməsi-nevrinoma. Burun çəpərində sağa doğru deviasiya. Sağda alın nahiyyəsində dərialtı yumşaq toxumadan çapıq və alın sümüyündə Frez defekti kimi qeyd edilmiş, OKİ Hospital-da xx.xx.2023-cü il tarixində aparılmış beynin MRT müayinəsinin nəticəsi: Sol serebellopontin bucaq nahiyyəsində, sol N. Vestibulocochlearis proyeksiyasında izlənən və intensiv homogen KM-akkumlasiyası göstərən tumorun intrakanalikular və sisternal komponentləri intervalda dəyişikliksiz izlənir kimi qeyd edilmişdir. Nəticədə isə iddiaçıya ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Göstərilənlərə əsasən iddia tələbi əsassızdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarında olan TSEK-də müayinə aktından çıxarışa əsasən iddiaçıya 15 noyabr 2019-cu il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz olaraq birinci dərəcə əlillik verilmişdir. 09 aprel 2024-cü ildə isə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçıya məxsus stasionar tibbi kartından çıxarışa əsasən (epikriz) iddiaçıya sol körpü beyincik bucağının şişi diaqnozu qoyulmuşdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərindən biri iddia müddətlərinə riayət edilməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, TSEK tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli qərara əsasən iddiaçı barəsində üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçı daha sonra yenidən cavabdeh orqana həmin tarixdən əlilliyinin ləğvi barədə müraciət etmiş, ərizəsi 10 iyul 2024-cü il tarixdə cavabdeh orqan tərəfindən qəbul edilməsinə baxmayaraq cavablandırılmamışdır. Məhkəmənin qərardadı ilə iddiaçı tərəfindən ötürülmüş müddət üzrlü hesab edilərək bərpa edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının rəsmi ünvanı Qusar rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.
5. Tətbiq edilən hüquq
Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası 1.6-cı bənd: Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd: Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2-ci bənd: Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bənd: Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bənd: TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1.2-ci bənd: Göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. 3.4-cü bənd: Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7-ci bənd: Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2.Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın4.3-cü bəndinəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın4.2-ci bəndindəqeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə: ... 1.4. Tibbi-sosial ekspert komissiyalarıiki pilləlişəkildətəşkil olunur: ilkin pillə— zona tibbisosial ekspert komissiyaları; ali pillə— Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi vəNaxçıvan Muxtar RespublikasıTibbi-Sosial Ekspert Komissiyası. 1.5. Tibbi-sosial ekspert komissiyalarıəlillik dərəcələrinin (qrupunun), müddətini vəsəbəbini müəyyən edir.Şəxsin həyat fəaliyyətinin məhdudlaşmasıdərəcəsindən asılıolaraq “Əlilliyin müəyyən olunmasımeyarlarına dair”Əsasnaməəsasında İ, İİ vəİİİ qrupəlillik təyin edilirvə “Uşaqların sağlamlıq məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir. ... 3.1.İlkin TSEK-lərin vəzifələri. Tibbi-sosial ekspertkomissiyaları: ... həyat fəaliyyətinin məhdudlaşmasının vəreabilitasiya imkanlarının qiymətləndirilməsiəsasındaəlillik dərəcəsini, onun müddətini, səbəbini vəəlilliyin başverməvaxtınıtəyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 19-cu maddə: İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddə: Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddə: İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3-cü maddə: İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 70.Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.
6. Məhkəmənin mövqeyi
Hazırkı işdən görünür ki, 1964-cü il təvəllüdlü İddiaçı ilk dəfə olaraq beyin kötüyünün bədxassəli yenitörəməsi diaqnozu qoyulmuş, kənar şəxslərin qulluğuna ehtiyacı olması göstərilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz olaraq birinci dərəcə əlillik (2.1.7. inkurabel onkoloji xəstəlik – C00-C97) təyin edilmişdir. Daha sonra isə iddiaçı barəsində təkrar müayinə həyata keçirilmiş və qüvvədən düşmüş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.5.21-ci bəndinə (kəllə sümüyünün geniş qüsuru) istinad edilərək üçüncü dərəcə əlillik təyin edilmişdir. Yəni, anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və obyektiv müayinə nəticələrinə əsasən TSEK tərəfindən iddiaçının hissəvi reabilitasiya olunmasına dair qərar qəbul edilmişdir. Lakin cavabdeh inzibati orqan həmin məlumatın əsaslılığını təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Başqa sözlə desək, iddiaçı barəsində TSEK-in arayışı ilə 2019-cu il tarixdə müddətsiz olaraq birinci dərəcə əlillik təyin edilməsinə, həmin vaxtdan 5 ilə yaxın vaxt keçməsinə, iddiaçının fiziki durumunun daha da ağırlaşmasına və onun yataq şəraitində və başqa şəxslərin qulluğuna ehtiyacının olması diaqnozu qoyulmasına, həmçinin Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq (baş beynin bədxassəli yenitörəməsi C71) törəmənin müalicəsindən sonra orqanizmin funksiyalarının əhəmiyyətli dərəcədə pozulması, yanaşı gedən xəstəliklərin olmasının birinci dərəcə əlilliyə uyğun olmasına baxmayaraq 2024-cü ildə üçüncü dərəcə əlilliyinin olması bildirilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının əlilliyinin yenidən qiymətləndirilməsi anda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 16 yanvar 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda,Agentlikəlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, qanunverici təyin edilmiş əlilliyin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı inzibati orqan tərəfindən əməl edilməli olan məcburi prosedur qayda müəyyən etmiş, lakin cavabdeh buna riayət etmədən faktiki olaraq əlillik dərəcəsini dəyişdirmiş, bununla da həm inzibati icraatın, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur. Beləliklə də cavabdehin hərəkətləri qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirildiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının 09 aprel 2024-cü il tarixdən müddətsiz birinci dərəcə əliliyinin elektron altsistemdə bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı barəsində 9 aprel 2024-cü il tarixli qərar ləğv edilsin və həmin tarixdən müddətsiz birinci dərəcə əliliyinin elektron altsistemdə bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən (elektron kabinetə yerləşdirildiyi vaxtdan) 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev