Məhkəmə qərarları › İş №2-1(118)-581/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-581/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-581/2025 22.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Xızı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (torpaq sahəsinə dair plan-ölçü sənədinin ləğv edilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “X2 Xızı rayonu X8ində 0,1979 ha torpaq sahəsinin ayrılmasına dair Xızı rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 2005-ci il tarixli 08 nömrəli qərarında yol verilmiş nöqsanın aradan qaldırılması və “X4”na dair qeydin “İddiaçı” ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “X2 Xızı rayonu X8ində 0,1979 ha torpaq sahəsinin ayrılmasına dair Xızı rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 2005-ci il tarixli 08 nömrəli qərarında yol verilmiş nöqsanın aradan qaldırılması və “X4”na dair qeydin “İddiaçı” ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xızı rayon X8 İcra Nümayəndəliyinin xx.xx.1995-ci il tarixli 04 saylı protokolu əsasında iddiaçıya Xızı rayonu X8i ərazisində fərdi yaşayış evi ayrılmış və həmin evə dair xx.xx.2001-ci ildə 63 saylı Order verilmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə 2000-ci ildən həmin ünvanda faktiki yaşamaqla pasport qeydiyyatına alındığını bildirmişdir. İddiaçı fərdi yaşayış evinin əvvəl Mənsimov Haqverdi adlı şəxsə məxsus olduğunu və sonuncu şəxsin də qarşılıqlı razılaşma əsasında evdən köçərək evini, eyni zamanda da həmin evlə birlikdə 0,1979 ha həyətyanı torpaq sahəsini də iddiaçının istifadəsinə verdiyini bildirmişdir. Həmin torpaq sahəsi iddiaçı tərəfindən hasara alınaraq hazırki tarixədək istifadə edildiyi bildirilmişdir. Daha sonra, iddiaçı həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin öz adına mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən qeyd edilən evin yerləşdiyi torpaq sahəsinin X1 adına olmaqla ona **********0056 kadastr nömrəli plan-ölçü sənədinin verildiyi bildirilmişdir. Bu sənədin verilməsi isə Xızı rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 2005-ci il tarixli 08 nömrəli Qərarına əsasən təmin edilmişdir. İddiaçı həmin dövrdə fərdi yaşayış evinin müvafiq order əsasında istifadəsində olduğunu, lakin siyahı qabaqcadan tərtib olunduğu üçün plan-ölçü sənədinin tərtib ediliyi zaman həmin torpaq sahəsinin faktiki istifadəçisinin nəzərə alınmadan köhnə siyahı əsasında tərtib edildiyini və nəticədə səhvən əvvəlki sakinin oğlunun adının qeyd olunduğunu bildirmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 15 oktyabr 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə dəqiqləşmə ərizəsi verərək Xızı rayonu X8i ərazisində yerləşən 0,1979 ha torpaq sahəsi X1 adına olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, habelə iddia tələbinə münasibəti ifadə edən etiraz məhkəməyə təqdim edilməmiş, lakin iddiaçıya təqdim edilmiş ərizənin icrasından imtina məktubunda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 adına plan-ölçü sənədinin tərtib edildiyi qeyd edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə lazımi məlumat yönləndirilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.  İşdə olan Xızı rayonu, X7 tərəfindən verilmiş arayışla X8i ərazisində yerləşən həyətyanı torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin 63 nömrəli order əsasında iddiaçının adında olması qeyd edilmişdir.  İşdə olan Xızı rayonu, X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 09 nömrəli arayışla həmin ərazidə yerləşən 1979.14 kv.m torpaq sahəsinin torpaq vergisinin 2000- 2023-cü illər aralığındakı dövrünün iddiaçı istifadəsində olmaqla ödənildiyi qeyd edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçıların hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, Xızı rayonu X8i ərazisində yerləşən 0,1979 ha torpaq sahəsi üzərindəki fərdi yaşayış evi xx.xx.2001-ci il tarixli, 63 saylı order əsasında iddiaçıya ayrılmışdır. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yer Xızı rayonu olduğu üçün həmin orqanın səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Xızı rayonu, X8i olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5. Tətbiq edilən hüquq

Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddə: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.1-ci maddə: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5.2006-cı il iyulun 6-dəkmüvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. 9.1-ci maddə: Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqındasənədinqəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 19-cu maddə: Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

6. Məhkəmənin mövqeyi

Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Xızı rayonu X8i ərazisində yerləşən 0,1979 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. İddiaçı həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin öz adına mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən qeyd edilən evin yerləşdiyi torpaq sahəsinin X1 adına olmaqla ona **********0056 kadastr nömrəli plan-ölçü sənədinin verildiyi bildirilmiş və bu səbəbdən ərizənin icrasından imtina edilmişdir. Məhkəmə cavabdehin imtinasında qeyd etdiyi halı araşdıraraq hesab edir ki, dəqiqləşmiş iddia tələbi əsasında Xızı rayonu X8i ərazisində yerləşən 0,1979 ha torpaq sahəsi üzərində X1 adına qeydiyyata alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsinə dair iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə sorğusu nəticəsində Xızı rayon Dövlət Arxivindən əldə edilmiş məktubla Xızı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 08 nömrəli qərarında X1 adının qeyd olunmadığı bildirilmişdir. Növbəti sorğuya cavab məktubunda isə 26 avqust 2005-ci il tarixli, 03 saylı protokolun Dövlət Arxivində aşkar edilmədiyi qeyd edilmişdir. Əlavə olaraq, Xızı rayonu, X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 09 nömrəli arayışla həmin ərazidə yerləşən 1979.14 kv.m torpaq sahəsinin torpaq vergisinin 2000-2023-cü illər aralığındakı dövrünün iddiaçı tərəfindən ödənildiyi bildirilmişdir. Adına plan-ölçü sənədi tərtib edilmiş X4 müvafiq məhkəmə qərardadı ilə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilsə də, keçirilmiş məhkəmə icraatının hər hansı bir mərhələsində, habelə məhkəmə iclaslarında iştirak etməmişdir. Beləliklə, sözügedən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasına dair iddiaçı tərəfindən qanunvericiliyə uyğun hərəkət edilmişdir. Qeyd olunur ki, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırkı halda iddiaçıya ayrılmış torpaq sahəsinin ayrılmasına dair Xızı rayonu, X8 İcra Nümayəndəliyinin 25 aprel 2001-ci il tarixli, 63 nömrəli Orderinin qüvvədə olması, sözügedən torpaq sahəsinin iddiaçının uzun müddət istifadəsində olması, həmçinin müvafiq torpaq sahəsinə dair maraqlarına toxunulmuş üçüncü şəxsin dəfələrlə keçirilmiş məhkəmə iclaslarında iştirak etməməsi, iddia tələbinə dair münasibətin bildirilməməsi mübahisəli torpaq sahəsinə üzərində X1 adına olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi üçün əsas kimi çıxış etdiyindən, inzibati icraat haqqında qanunvericiliyin norma və prinsipləri əsas götürülməklə, habelə yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqanın iddia tələbinə etirazın əsası kimi istinad etdiyi hallar əsassız olmaqla iş materialları ilə təkzib edildiyindən iddia təmin edilməli, Xızı rayonu X8i ərazisində yerləşən 0,1979 ha torpaq sahəsi X1 adına olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Xızı rayonu X8i ərazisində yerləşən 0,1979 ha torpaq sahəsinə dair X1 adına olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu (elektron kabinet olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi) gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi (elektron kabinet olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi) vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu (elektron kabinet olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi) gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar