Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5811/2025 13.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Abşeron rayon Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 45-3 nömrəli qərarı ilə X3 ayrılmış 0.0752 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçının mərhum atası X4 06 sentyabr 1988-ci il tarixdə Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin 95-11 saylı qərarı ilə “vətəndaşlara mənzil orderi verilməsi haqqında” Xırdalan Südçülük sovxozunun rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin 10 avqust 1988-ci il tarixli protokolu 305 və 306 nömrəli məktublarını və digər sənədləri nəzərə alaraq Masazır kəndi ərazisində 0.10 ha torpaq sahəsi daxilində 48 kv.m. yaşayış sahəsi olan 2 otaqlı 6 nömrəli mənzilin orderi verilmişdir. Ondan asılı olmayan səbəblərdən bəzi sənədlərin əsilləri onlarda yoxdur. Ona görə də məhkəmə prosesləri müddətində məhkəmədən xahişi odur ki, sorğu əsasında bütün lazım olan sənədləri arxiv idarələri və lazımlı orqanlardan tələb etsin. Atasının vəfatından sonra vərəsəliklə bağlı müraciət etmiş və miras qoyanla qohumluq əlaqələrini təsdiq edən sənədlər, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında vərəsələrin dairəsi müəyyən edilmiş və vərəsəlik işi açılmışdır. Bu torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə 26 noyabr 2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. İnzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixdə 321З33/2-N-0154-8\24 nömrəli cavab məktubu ilə ona imtina edilmişdir. İmtina məktubunda müraciət etdiyi 0.10 ha torpaq sahəsinin ayrılması barədə qərarın və torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrılaq aktının hazırki ərizəyə əlavə edilmədiyi qeyd edilmişdir. Bundan başqa müraciətə əlavə edilmiş qərarın fərdi yaşayış evinin tikintiyə icazə verilməsi barədə qərarın olduğu, sözügedən torpaq sahəsinin bir hissəsinin sənəd üzrə mülkiyyətində olan torpaq sahəsindən kənarda, **********01 və **********36 reyestr nömrəli başqalarının mülkiyyətində olan torpaq sahəsi sənədinin üzərinə düşdüyü müəyyən edilmişdir. Həmçinin sözügedən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0.10 ha olduğu halda faktiki torpaq sahəsinin 0,0757 ha hissəsinin faktiki istifadəsində olduğu qeyd edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, lazım olan hüquqmüəyyənedici sənədlər inzibati orqana təqdim edilmişdir. İmtinada qeyd edilən üst-üstə düşmə halları ondan ibarətdir ki, onlar torpağın bir hissəsini başqa şəxslərə satmışlar və bu səbəbdən hazırda faktiki vəziyyətə uyğun olaraq 0.0757 ha torpaq sahəsi üzrə çıxarış almaq istəyir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki (ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının) sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi, sözügedən torpaq sahəsinin bir hissəsinin sənəd üzrə torpaq sahəsindən kənarda **********01 və **********36 reyestr nömrəli başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi sənədinin üzərinə düşdüyü, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0.10 ha olduğu halda faktiki olaraq torpaq sahəsinin 0.0757 ha hissəsinin istifadədə olduğu, müayinə baxış keçirilən torpaq sahəsinin bir hissəsinin qəsəbədaxili yolun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Abşeron rayon Xırdalan qəsəbə XDS İK-nin 29 iyun 1990-cı il tarixli 45-3 nömrəli qərarı həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə məqsədilə verilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Abşeron rayonu Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin 06 sentyabr 1988-ci il tarixli 95-11 saylı qərarından çıxarışa əsasən Masazır kəndi 3 №-li evin 48 kv.m yaşayış sahəsi olan 2 otaqlı 6 №-li mənzilin orderi 1982-ci ildən sovxozda mexanizator işləyən, 29 may 1986-cı ildən mənzil növbəsində olan X3 verilmişdir. 12 sentyabr 1988-ci il tarixli, 03 saylı orderin surəti iş materiallarına əlavə edilib. Abşeron rayonu Xırdalan qəsəbə XDS İK-nin 29 iyun 1990-cı il tarixli 45-3 saylı qərarı ilə X3 0.10 ha torpaq sahəsində fərdi ev tikməyə icazə verilmişdir. Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4288 saylı məktuba əsasən xx.xx.1992-ci ildə vəfat etmiş X1 miras qalmış torpaq sahəsi, mənzil, fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamə verilməsinə dair İddiaçı müraciəti əsasında vərəsələrin dairəsi müəyyən edilmiş və vərəsəlik işi açılmışdır. xx.xx.2024-cü il tarixli müayinə aktında torpaq sahəsinin sənəd üzrə 0.10 ha olduğu, faktiki 0.0757 ha olduğu qeyd edilmişdir. Torpaq sahəsinin şimal-qərb istiqamətindən keçən avtomobil yolunun hərəkət istiqamətinin mərkəzi ilə arasındakı məsafə 5.53 metrlə 6.03 metr arasında dəyişir. Torpaq sahəsinin 0.0002 ha hissəsi **********01 reyestr nömrəli torpaq sahəsi ilə, 0.0003 ha hissəsi isə **********36 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubu ilə müqayisəli ortofoto görüntü məhkəməyə təqdim edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xx.xx.2025-ci il tarixli məktubunda qeyd edir ki,torpaq sahəsi Masazır kəndi ərazisində, Əliağa Vahid küçəsində yerləşir və avtomobil yolunun qorunma zolağından kənardadır. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, elektron məlumat bazası və müayinə aktına əsasən,mübahisə predmeti olan torpaq sahəsinin 0.0002 ha hissəsi **********01 reyestr nömrəli torpaq sahəsi ilə, 0.0003 ha hissəsi isə **********36 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Abşeron rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubu ilə Abşeron rayonu XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 45-3 saylı qərarı ilə X2 adına olan sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Xırdalan Südçülük sovxozu Kollektivi Şurasının xx.xx.1989-cu il tarixli 2№li protokolundan çıxarışın surəti iş materiallarına əlavə edilmişdir. Xırdalan Südçülük sovxozunun xx.xx.1989-cu il tarixli, 25 saylı əmri ilə X3 fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması qanunauyğun hesab edilmiş və ona bu məqsədlə 10 sot torpaq sahəsi verilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Abşeron rayonu Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin 06 sentyabr 1988-ci il tarixli 95-11 saylı qərarından çıxarışa əsasən Masazır kəndi 3 №-li evin 48 kv.m yaşayış sahəsi olan 2 otaqlı 6 №-li mənzilin orderi 1982-ci ildən sovxozda mexanizator işləyən, 29 may 1986-cı ildən mənzil növbəsində olan X3 verilmişdir. 12 sentyabr 1988-ci il tarixli orderin surəti iş materiallarına əlavə edilib. Abşeron rayonu Xırdalan qəsəbə XDS İK-nin 29 iyun 1990-cı il tarixli 45-3 saylı qərarı ilə X3 0.10 ha torpaq sahəsində fərdi ev tikməyə icazə verilmişdir. Xırdalan Südçülük sovxozunun xx.xx.1989-cu il tarixli, 25 saylı əmri ilə X3 fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması qanunauyğun hesab edilmiş və ona bu məqsədlə 10 sot torpaq sahəsi verilmişdir. X3 10 sot torpaq sahəsi ayrılması barədə Xırdalan Südçülük sovxozu Kollektivi Şurasının xx.xx.1989-cu il tarixli 2№li protokolundan çıxarış məhkəməyə təqdim edilmişdir. İddiaçı 0.0752 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsini istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki (ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının) sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi, sözügedən torpaq sahəsinin bir hissəsinin sənəd üzrə torpaq sahəsindən kənarda **********01 və **********36 reyestr nömrəli başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi sənədinin üzərinə düşdüyü, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0.10 ha olduğu halda faktiki olaraq torpaq sahəsinin 0.0757 ha hissəsinin istifadədə olduğu, müayinə baxış keçirilən torpaq sahəsinin bir hissəsinin qəsəbədaxili yolun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Abşeron rayon Xırdalan qəsəbə XDS İK-nin 29 iyun 1990-cı il tarixli 45-3 nömrəli qərarı həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə məqsədilə verilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına - 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar və - 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış aid edilmişdir. Məhkəmə sorğusu ilə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, Xırdalan Südçülük sovxozunun xx.xx.1989-cu il tarixli, 25 saylı əmri ilə X3 fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması qanunauyğun hesab edilmiş və ona bu məqsədlə 10 sot torpaq sahəsi verilmişdir. Göründüyü kimi, torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcuddur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, torpaq sahəsi Masazır kəndi ərazisində,Əliağa Vahid küçəsində yerləşir və avtomobil yolunun qorunma zolağından kənardadır. Torpaq sahələrinin üst-üstə düşən hissələrinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tələbini həmin hissədə azaltdığı üçün qeyd edilən hissədə də mübahisə qalmamışdır. Beləliklə, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatını alınmasını istisna edən hal mövcud deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xırdalan Südçülük sovxozunun xx.xx.1989-cu il tarixli, 25 saylı əmri ilə ayrılmış, Abşeron rayon Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 45-3 nömrəli qərarı ilə fərdi ev tikməsi məqsədəuyğun hesab edilmiş 0.0752 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-5811/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5811/2025
13.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver