Məhkəmə qərarları › İş №2-1(118)-583/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-583/2022

11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-583/2022 11.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının vəkili X4 oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçının Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən mülkiyyətində olan sahəsi 330 kvadrat metrdən ibarət torpaq sahəsində inşa etmək istədiyi fərdi yaşayış evinin məlumatlandırma icraatı qaydasında göndərdiyi layihəsinə dair cavabdehin iradları qanunsuz sayılması və həmin tikilinin layihəsinin təsdiqlənməsi öhdəliyi Cavabdeh üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “iddiaçının Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən mülkiyyətində olan sahəsi 330 kvadrat metrdən ibarət torpaq sahəsində inşa etmək istədiyi fərdi yaşayış evinin məlumatlandırma icraatı qaydasında göndərdiyi layihəsinə dair cavabdehin iradları qanunsuz sayılması və həmin tikilinin layihəsinin təsdiqlənməsi öhdəliyi Cavabdeh üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonunun Novxanı kəndi ərazisində yerləşən sahəsi 330 kvadrat metr olan torpaq sahəsi onun mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmək qərarına gəldikdən sonra tikməyə hazırlaşdığı fərdi yaşayış evinin müvafiq layihə sənədlərini hazırlatdıraraq razılaşdırılması üçün qanunvericiliyə uyğun şəkildə cavabdehə göndərmiş, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək inşasını aparmaq istədiyi fərdi yaşayış evinin təqdim etdiyi layihə sənədlərini bu günədək razılaşdırmaqdan yaymmaqdadır. Belə ki, onun ilk müraciətinə 27 aprel 2021-ci il tarixli, 838 saylı cavab məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 21 fevral 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması,tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar’hn 4.13-cü bəndinin tələblərinə əsasən mülkiyyətində olan 0,033 ha torpaq sahəsində tikintialtı sahəsi 132 kvadrat metrdən (ümumi sahəsi 198 kvadrat metr) çox olmayan fərdi yaşayış evinin tikintisinə icazə verilə bilər. Ancaq onun təqdim etdiyi layihə sənədlərində fərdi yaşayış evinin tikintialtı sahəsinin 298 kvadrat metr olaraq göstərildiyi bildirilərək, layihənin razılaşdırılmasmdan imtina olunmuşdur”. Sözügedən imtina cavabı onu qane etməmiş, çünki imtina əsassız olmaqla yanaşı, təhrif edilmiş faktlara istinad olunmuşdur. Belə ki, onun cavabdehə təqdim etdiyi lahiyə sənədlərində fərdi yaşayış evinin tikintialtı sahəsi 298 kvadrat metr kimi deyil, 99,76 kvadrat metr olaraq göstərilmişdir. Həmin sahədə cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 21 fevral 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydaları’nın 4.13-cü bəndinin tələblərinə tam uyğun gəlir. Bu halları nəzərə alaraq iddiaçı tikməyə hazırlaşdığı fərdi yaşayış evinin müvafiq layihə sənədlərini təkrarən razılaşdırılması üçün qanunvericiliyə uyğun şəkildə cavabdehə göndərmişdir. Lakin cavabdeh onun təkrar müraciətinə bu dəfə 22 iyul 2021-ci il tarixli, 1362 saylı imtina məktubu ilə cavab vermişdir.Həmin məktubda isə bildirilmişdir ki, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 21 fevral 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyasıilə bağlı müfəssəl Qaydaları”nın 4.13-cü bəndinin tələblərinə əsasən mülkiyyətimdə olan 0,033 ha torpaq sahəsində tikintialtı sahəsi guya 66 kvadrat metrdən(ümumi sahəsi 132kvadrat metr)çox olmayan fərdi yaşayış evinin tikintisinə icazə verilə bilər”. Halbuki, cavabdehin ilkin müraciətinə verdiyi 27 aprel 2021-ci il tarixli, 838 saylı cavab məktubunda fərdi yaşayış evinin tikintialtı sahəsinin 132 kvadrat metrdən çox olmaması qeyd olunmuşdur. Sözügedən imtina cavablarından da aydın olur ki, cavabdeh qərəzli şəkildə mənim inşa etmək istədiyim fərdi yaşayış evinin layihəsini razılaşdırmaqdan imtina edir. Bu zaman cavabdeh tərəfindən müvafiq qanunvericilik normaları da təhrif edilmiş formada təqdim olunaraq yanlışlığa yol verilir. Belə ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 21 fevral 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması,tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydaları”nın 4.13-cü bəndinin tələblərinə əsasən həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin tikintisi zamanı ərazinin tikinti əmsalı 0,4 ərazinin tikinti sıxlığı əmsalı isə 0,6 olaraq müəyyən edilmişdir. Həmin normativ xarakterli akta əsasən ərazinin tikinti əmsalı - bina və qurğular altında olan sahənin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti; ərazinin tikinti sıxlığı əmsalı isə bina və qurğuların bütün yerüstü mərtəbələrinin sahəsinin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti kimi nəzərdə tutulmuşdur. Beləliklə aydın olur ki, sözügedən notrmativ-hüquqi akta əsasən mülkiyyətində olan 330 kvadrat metr torpaq sahəsində onun tərəfindən tikintialtı sahəsi həmin sahənin 0,4 nisbətinə uyğun, yəni 132 kvadrat metr, ümumi sahəsi isə torpağın 0,6 nisbətində, yəni 198 kvadrat metr olmaqla fərdi yaşayış evinin inşasına icazə verilir. Nəzərə alınsa ki, onun cavabdehə təqdim etdiyi lahiyə sənədlərində fərdi yaşayış evinin tikintialıtı sahəsi 99,76 kvadrat metr olaraq müəyyən edilmişdir, bununla da cavabdehin imtina məktublarında bildirdiklərinin tamamilə əsassızlığı üzə çıxır. Belə olan halda hesab edir ki, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində tikinti işlərinin aparılmasına yaratdığı maneələr və bununla bağlı imtina məktubunda göstərilənlər bəhanədən başqa bir şey deyildir. Bütün bu sadalananlara əsaslanaraq cavabdeh tərəfindən pozulmuş hüququnun müdafiəsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi inşa etmək niyyəti barədə məlumatlandırma icraatı qaydasında eskiz layihəsinin memarlıq planlaşdırma bölməsini RİH-nə təqdim etmişdir. Təqdim edilmiş layihədə tikinti altı sahə və tikinti sıxlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı 21 fevral 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar” da qeyd olunan tələblərə uyğun gəlmədiyi üçün layihəyə irad bildirilmişdir. Lakin sonradan yuxarıda qeyd olunan Qərarda edilmiş dəyişiklərdən sonra ərazinin tikinti əmsalı 0,4, ərazinin tikinti sıxlığı əmsalı 0,6 olaraq dəyişdirilmişdir. Həmin Qərarda edilmiş dəyişiklikdən sonra iddiaçı tərəfindən rayon İcra Hakimiyyətinə müraciəti daxil olmamışdır. Belə bir müraciət daxil olacağı təqdirdə baxılacaqdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X3 etirazada yazılanlara uyğun izahat verərək iddia tələbinin rədd edilməsini haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.H əmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Həmin Məcəllənin 80.4-cü maddəsinə sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il № 695 saylı Fərmanının 4.7-ci bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin birinci cümləsində qeyd olunan müvafiq icra hakimiyyətinin səlahiyyətlərini Bakı şəhəri istisna olunmaqla digər inzibati ərazilərdə yerli icra hakimiyyətləri həyata keçirirlər. Şəhərsalma və Tikinti Məcəlləsinin yuxarıda qeyd olunan maddi hüquq normalarından bəlli olur ki, şəxin mülkiyyətdə olan torpaq sahəsində hündürlüyü ən çoxu 3 metrədən artıq olmayan obyektlərin tikintisinə icazə tələb olunmur və həmin tikililər məlumatlandırma icraatı çərçivəsində həyata keçirilir.Yəni tikinti işlərini aparmaq niyyətində olan şəxs (sifarişçi) tikintiyə başlamazdan əvvəl tikinti barədə yerli icra hakimiyyətinə məlumat verir və tikinti obyektinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini yerli icra hakimiyyətinə təqdim edir. Yerli İcra Hakimiyyəti ona təqdim edilmiş sənədlər əsasında 10 gün müddətində tikinti aparmaq niyyətində olan şəxsə iradlarını bildirmədiyi tədqirdə tikinti işləri həyata keçirilə bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Qeyd olunan iradların olmasına əhəmiyyət verilmədən tikinti işləri aparılarsa yerli icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təstiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.10-cu bəndinə əsasən tikinti obyektlərin tikintisinin dayandırılması ilə bağlı aidiyyəti dövlət orqanları, yəni FHN qarşısında məsələ qaldırmaq hüququ var. Yerli İcra hakimiyyəti tərəfindən qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyə müraciəti daxil olduqdan sonra məlumatlandırma icraatının tətbiq olunduğu hallarda FHN-nin müvafiq idarəsi tərəfindən əraziyə baxış keçirilməlidir. Əraziyə keçirilmiş baxış nəticəsində layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildiyi tədqirdə Fövqaladə Hallar Nazirliyinin X1 Agentliyi hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib etməli və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə tikinti işləri aparan şəxsə icrası məcburi olan yazılı göstəriş təqdim etməlidir. Pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda Fövqaladə Hallar Nazirliyinin X1 Agentliyi hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Göründüyü kimi məlumatlandırma icraatı çərçivəsində aparılan icraat zamanı rayon icra hakimiyyətinin vəzifəsi aparılan tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı 21 fevral 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydaları”na uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Yəni fərdi yaşayış evini inşa etdirmək istəyən şəxsin yerli icra hakimiyyətinin iradlarına məhəl qoymadan tikinti işlərinin davam etdiyrilməsi yerli icra hakimiyyətinin Fövqəladə Hallar Nazirliyinə müraciət etməsi ilə nəticələnir. Başqa sözlə desək yerli icra hakimiyyətinin iradlı 27 aprel 2021-ci il tarixli, 838 nömrəli cavab məktubu iddiaçı üçün hər hansı məcburi xarakter daşımır. Nəzərə alınmalıdır ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.(İİ haqqında Qanun-2.0.2) Göründüyü kimi inzibati aktın xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, akt idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olunması üçün qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı, habelə hakimiyyət tədbiri olmalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “iddiaçının Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən mülkiyyətində olan sahəsi 330 kvadrat metrdən ibarət torpaq sahəsində inşa etmək istədiyi fərdi yaşayış evinin məlumatlandırma icraatı qaydasında göndərdiyi layihəsinə dair cavabdehin iradları qanunsuz sayılması və həmin tikilinin layihəsinin təsdiqlənməsi öhdəliyi Cavabdeh üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar