Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-584/2023 23.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının qəyyumu X2 və nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında «Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi»nə qarşı “iddiaçıya təyin olunmuş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək hərbi xidmət vəzifəsini yetirməklə əlaqədar olması ilə bağlı əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında «Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi»nə qarşı “iddiaçının hərbi əlilliyinin bərpa edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “iddiaçıya təyin olunmuş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək hərbi xidmət vəzifəsini yetirməklə əlaqədar olması ilə bağlı əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1971-ci ildə anadan olmuşdur. 1993-cü ildə Sumqayıt şəhər hərbi komissarlığı tərəfindən müddətli hərbi xidmətə çağırılmış və müddətli hərbi xidmət keçdiyi dövrdə 1996-cı ilə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmişdir. Hərbi əməliyyatlar zamanı ağır yaralanmış, ayağında qəlpəli sınıq yaranmış, kəllə-beyin travması almış və nəticədə ağır ruhi sarsıntı keçirmişdir. Uzun müddət müalicə olunmuşdur. X5 müharibəsində hərbi əməliyyatlar zamanı aldığı baş beyin travması ruhi sarsıntı keçirməsinə və nəticədə ağır ruhi xəstəliyə düçar olmasına səbəb olduğundan, ona «Şizofreniya paranoid forma epizodik artan əlamətlərlə» diaqnozu qoyulmuş və bu diaqnoz xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 nömrəli Sumqayıt şəhər Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə təsdiq edilərək ona birinci qrup hərbi əlillik təyin edilmişdir. Lakin, xx.xx.2021-ci il tarixdə Rasimin birinci qrup hərbi əlilliyi ƏƏSM nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əsassız ləğv edilərək ona «ümumi xəstəlik»lə brinci qrup əlillik təyin edilmişdir. Halbuki Rasim müddətli hərbi xidmətə çağırılanadək tam sağlam olmuş və Azərbaycan İqtisad univeristitetini fərqlənmə diplomu ilə bitirmişdir. Məhz Rasim ona birinci qrup hərbi əlilliyin təyin edilməsinə əsas olmuş psixi xəstəliyə hərbi əməliyyatlarda yaralanması və ağır kəllə-beyin travması alması nəticədə düçar olmuş, uzun müddət Sumqayıt şəhər Psixi- Əsəb dispanserində stasionar müalicədə olmuşdur. xx.xx.1999-cu il tarixli, № 274 nömrəli xəstəlik tarixinə əsasən Rasim xəstəxanaya daxil olarkən ona “Şizofreniya paranoid forma” diaqnozu qoyulmuşdur. xx.xx.1999-cu il tarixə kimi Sumqayıt şəhər Psixi-Əsəb dispanserində stasionar müalicədə olmuşdur. Həmin vaxtdan Sumqayıt şəhər Psixi-Əsəb Dispanserində ağır-psixi xəstə kimi qeydiyyatdadır. Baxmayaraq ki, o, ali məktəbdə oxuduğu illərdə tam sağlam və aktiv olmaqla heç vaxt xəstə olmamışdır. Ali məktəbin ictimai və idman tədbirlərində fəal iştirak etmişdir. Dəfələrlə Fəxri fərmanlarla təltif edilmişdir. Müharibədə aldığı yaralanmalar və psixi sarsıntılar, kəlləbeyin travması nəticəsində ağır psixi-rühi xəstəliyə düçar olmuşdur. Bütün qeyd edilənlərə nəzər saldıqda Rasimin birinci qrup hərbi əlilliyinin qanuni və tibbi əsas olmadan ləğv edildiyini görməmək mümkün deyildir. İddiaçı 2013-2021-ci illər əpzində birinci qrup hərbi əlil kimi qeydiyyatda olmuşdur. Rasim bu xəstəli məhz Birinci Qarabağ müharibəsidə hərbi əməliyyatda iştirakı zamanı qazanmışdır. Onun xəstəliyi davam etdiyindən özünü idarə edə bilmir, düşüncəsi tamamilə pozulmuşdur, yaddaşı yoxdur. Sumqayıt şəhər məhkəməsinin 04 noyabr 2010-cu il tarixli, 2(060)-2438/2010 saylı qətnaməsi ilə Rasim fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilmiş və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 231 saylı Sərəncamı ilə qardaşı onun qəyyumu təyin edilmişəm. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı hərbi əlilliyi bərpa edilməlidir. Lakin bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətə **********1 nömrəli məktubla imtina cavabı verilmiş və həmin məktub poçt ünvanına xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş iddiaçının qəyyumu X3 və nümayəndəsi həmçinin vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə 1 saylı Sumqayıt şəhər Xəstəxanasının xx.xx.2003-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik: “X1 V Sinif- Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya => F20.0 - Paranoid şizofreniya; Diaqnozun mətni: Uzun sürən xr paranoid vəziyyət. Sol pəncənin İİ daraq sümüyünün dəyişən sınığından sonrakı vəziyyət; Meyar 2.2. jkinci dərəcə əlillik => 2.2.14. Şizofreniya, paranoid qüsur halı” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir, 1 saylı şəhər Poliklinikasının xx.xx.2003-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya => F20.0 - Paranoid şizofreniya; Diaqnozun mətni: Uzun sürən xroniki paranoid vəziyyət. Sol pəncənin İİ daraq sümüyünün dəyişən sınığından sonrakı vəziyyət; Meyar: 2.1 Birinci dərəcə əlillik => 2.1.13. etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpaninbesillik (lQ- 35-dən aşağı olanla..." səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Bundan əlavə İddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 14 iyul 2021-ci il tarixli, **********1 nömrəli qərar qəbul edilmişdir. Sumqayıt şəhər sakini İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2023-cü il tarixdə Tibbi-sosial ekspert komissiyasında təkrar olaraq əyani müayinə ediliş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İ.Məmmədova dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2001 -ci il tarixli 151 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol pəncənin İİ daraq sümüyünün yerdəyişən sınığından sonrakı sümük döyənəyi, funksiyanın pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Uzun sürən xroniki paranoid vəziyyət. Sol pəncənin İİ daraq sümüyünün dəyişən sınığından sonrakı vəziyyət.” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2003-cü il tarixdə verilmiş hərbi qərar dəyişdirilərək 2.1.13 bəndinə müvafiq olaraq Ümumi səbəbdən müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Hal-hazırda iddiaçı “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyinin bərpa edilməsi tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir, lakin hesab edirik ki, iddiaçının tələbi əsassız və qanunsuzdur. Belə ki, iddiaçı Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlilliyi olan zaman onun göndərişinə “2.2.14. Şizofreniya, paranoid qüsur halı” səbəbi ilə İİ dərəcə əlillik dərəcəsi verilmiş, lakin iddiaçının əyani müayinəsi zamanı “2.1.13. etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpaninbesillik (İQ-35-dən aşağı olanla...X” səbəbi ilə ümumi xəstəliklə müddətsiz İ qrup əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi, İddiaçı göndərişində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Uzun sürən xroniki paranoid vəziyyət. Sol pəncənin İİ daraq sümüyünün dəyişən sınığından sonrakı vəziyyət.” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısıilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixindən “ümumi xəstəlik” səbəbdən müddətsiz birinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının 51 saylı, xx.xx.2001-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı hərbi xidmət keçərkən, 31 aprel 1995-ci ildə aldığı diaqnozu “sol pəncənin İİ daraq sümüyünün yerdəyişən sınığından sonrakı sümük döyənəyi, funksiyanın pozulmaması ilə” “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır.” - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2003-cü il tarixli müayinə nəticəsindən görünür ki, iddiaçıya “uzun sürən xr paranoid vəziyyət, sol pəncənin İİ daraq sümüyünün dəyişən sınığından sonrakı vəziyyət” diaqnozları ilə (X1 V sinif – psixi pozğunluqlar və davranış pozğunluqları, - F20-F29- Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları – F20-Şizofreniya – F20.0 – Paranoid şizofreniya) “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli müayinə nəticəsindən görünür ki, iddiaçıya “uzun sürən xr paranoid vəziyyət, sol pəncənin İİ daraq sümüyünün dəyişən sınığından sonrakı vəziyyət” diaqnozları ilə (X1 V sinif – psixi pozğunluqlar və davranış pozğunluqları, - F20-F29- Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları – F20-Şizofreniya – F20.0 – Paranoid şizofreniya) “ümumi xəstəlik” səbəbindən birinci dərəcəli əlillik təyin edilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 2-(060)-2438/2010 saylı, 04 noyabr 2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi X2 maraqlı tərəf Sumqayıt şəhər Hakimiyyətinin Qəyyumluq və Himyəçilik Şöbəsinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinin təmin edilməsi, xx xxxxxx 1970-ci il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qərara alınmışdır. - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 231 saylı, 08 dekabr 2010-cu il tarixli sərəncamının surətindən görünür ki, X2 xx.xx.1970-ci il təvəllüdlü İddiaçı qəyyumu təyin edilməsi qərara alınmışdır.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçıya 10 iyun 2003-cü il tarixindən müddətsiz olaraq, “uzun sürən xr paranoid vəziyyət, sol pəncənin İİ daraq sümüyünün dəyişən sınığından sonrakı vəziyyət” diaqnozları ilə (X1 V sinif – psixi pozğunluqlar və davranış pozğunluqları, - F20-F29- Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları – F20-Şizofreniya – F20.0 – Paranoid şizofreniya) “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh orqan tərəfindən keçirilən növbəti 30 iyun 2021-ci il tarixli müayinə zamanı isə iddiaçıya “uzun sürən xr paranoid vəziyyət, sol pəncənin İİ daraq sümüyünün dəyişən sınığından sonrakı vəziyyət” diaqnozları ilə (X1 V sinif – psixi pozğunluqlar və davranış pozğunluqları, - F20-F29- Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları – F20-Şizofreniya – F20.0 – Paranoid şizofreniya) “ümumi xəstəlik” səbəbindən birinci dərəcəli əlillik təyin edilməsi qərara alınmışdır. İddiaçı bundan sonra ona təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə onun müraciətini təmin etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının 51 saylı, xx.xx.2001-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı hərbi xidmət keçərkən, 31 aprel 1995-ci ildə aldığı diaqnozu “sol pəncənin İİ daraq sümüyünün yerdəyişən sınığından sonrakı sümük döyənəyi, funksiyanın pozulmaması ilə” “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: -7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. -7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». Yuxarıda sadalanan normalarından müəyyən olunur ki, hərbi qulluqçuların şəhadətləndirilməsi üzrə müvafiq qərarın qəbul olunması hərbi-həkim komissiyasının səlahiyyətindədir və hərbi həkim komissiyası tərəfindən iddiaçı “hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilmişdir. Belə olan halda cavabdeh orqanın iddiaçı tərəfindən iddiaçının əlilliyin səbəbinin məhz “hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə” qeyd olunmamasını əsassız hesab edir. İnzibati icraat haqqında” Qanunun : 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı təyin olunmuş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək hərbi xidmət vəzifəsini yetirməklə əlaqədar olması ilə bağlı əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında «Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi»nin üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı təyin olunmuş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək hərbi xidmət vəzifəsini yetirməklə əlaqədar əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında «Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi»nin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva