Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-585/2022 05.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba şəhəri, 28-ci kvartalda yerləşən mağaza binasına vərəsəliyin rəsmiləşdirilməsi üçün mülkiyyət hüquqlarının mərhum X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Dövlət Notariat Kontorunda 19 fevral 1998-ci ildə 3-m-58 reyestr nömrəsi ilə təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən həyat yoldaşı X1 Elşad Yusif oğlundan ona məxsus, Quba şəhəri, 28-ci kvartalda, 24 kv.metr torpaq sahəsində yerləşən yarımçıq mağaza tikintisini almışdır. Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 19.07.1996-cı il tarixli, 35 saylı Sərəncamı ilə göstərilən torpaq sahəsində yarımçıq tikilmiş mağaza binası X5 adına rəsmiləşdirilmişdir. Sonradan həyat yoldaşı X8 tikintini tam başa çatdırmaqla, mağaza binası tikmişdir. Həyat yoldaşı X8 11.12.2013-cü ildə vəfat elmişdir. Hal-hazırda iddiaçının vərəsəliyi rəsmiləşdirmək üçün mağaza binasına mərhunun adına Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı və müvafiq texniki sənədləri almaq istəyir. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq, göstərilən mağaza binasının mülkiyyət sənədlərinin verilməsi üçün, bütün müvfiq sənədlərin əsil nüsxələrinin əlavə etməklə, 06.10.2021-ci ildə DƏDRXin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin 21.10.2021-ci il tarixli, **********54 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə imtina məktubu ilə ona mülkiyyət sənədlərinin verilməsindən imtina olumuşdur. Məktubda imtinanın səbəbi kimi guya torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin tam olmaması göstərilmişdir. Məktubda göstərilir ki, guya Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyəti olmamışdır. Lakin bidirir ki, bələdiyyələr formalaşana qədər torpaq sahələri icra nümayəndəlikləri tərəfindən verilirdi. Məktubda həmçinin 01.01.2013-cü ildə qüvvəyə minmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsaslanmaqla bildirilir ki, Məcəllə qüvvəyə mindikdən sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün tələb olunan sənədlər təqdim olunmamışdır. Lakin, göstərilən mağaza binası yarımçıq tikilmiş vəziyyətdə 1998-ci ildə alınıb və dərhal da tikintisi başa çatdırılmaqla, həmin vaxtdan istifadəsindədir. Haqqında söhbət gedən yarımçıq mağaza binası 1998-ci ildə alınmışdır, həmin dövrdə torpaq sahələri icra nümayəndəlikləri tərəfindən verilirdi, torpaq sahəsinin verilməsi üçün tələb olunan bütün sənədlər tərtib olunmuş və torpaq sahəsinin verilməsi üçün həmin dövrün qanunvericiliyinin bütün tələblərinə və prosedur qaydalarına əməl olunmuşdur. Mağazanın yarımçıq tikilisi və onun yerləşdiyi torpaq sahəsi qanun əsasında həyat yoldaşı tərəfindən alınmaqla, o, mağazanın tikintisini başa çatdırmışdır. Həmçinin, göstərilən torpaq sahəsinin yerləşməsi, həmçinin orada tikilmiş mağazanın yerləşməsi və quruluşu digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmır və bunlar iddia ərizəsinə əlavə etdiyi sənədlərlə təsdiq olunur. Göstərilənlər əsas verir ki, hal-hazırda haqqında söhbət gedən mağazaya mülkiyyət hüquqlarımı təsdiq edən sənədlər verilməlidir. Hesab edir ki, imtina qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək bildirmişdir ki, Quba rayon Dövlət Notariat Kontorunda 19 fevral 1998-ci ildə 3-m-58 reyestr nömrəsi ilə təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən Quba şəhəri, 28-ci kvartalda yerləşən ümumi sahəsi 52.80 m2 olan qeyri-yaşayış binasına X3 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Quba şəhəri 28-ci məhəllədə yerləşən qeyri-yaşayış binası üzərində mərhum həyat yoldaşınız X3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 06.10.2021-ci il tarixdə daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə 21.10.2021-ci il tarixli **********54 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Müraciətinizlə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizənizə əlavə olunmuş Quba rayon Dövlət Notariat Konturunun 19.02.1998-ci il tarixli, 3-M-58 reyestr nömrəli alqı-satqı müqaviləsində qeyd olunmuş 25 kv.metr torpaq sahəsi Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 19.07.1996-ci il tarixli 35 saylı sərəncamı əsasında ayrılmışdır. Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyəti yoxdur. Əlavə olaraq qeyd edirlər ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, ərizənizdə qeyd olunan qeyri-yaşayış binasına dair Quba Rayon İcra Hakimiyyəti başçısının tikintiyə icazə verilməsi barədə qərarı, memarlıq şöbəsi tərəfindən təsdiqlənmiş layihə və tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün -torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Qeyd olunan səbəblərdən Quba şəhəri, 28-ci məhəllədə yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Həmçinin, vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir, həmin daşınmaz əmlakın digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst- üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. İddia ərizəsində göstərilən qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Bununla bağlı icraatda olan iş üzrə Quba Rayon İcra Hakimiyyətini, Fövqəladə Hallar Nazirliyini üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. (Vəsatət əlavə olunur). Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icalsı barədə məlumatlandırılmış cavabdeh məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. İş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Quba Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi məhkəmə iclasına gəlməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin və 3-cü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 21.10.2021-ci il tarixli, **********54 nömrəli imtina məktubu, etirazı, Quba rayon Dövlət Notariat Kontorunda 19 fevral 1998-ci ildə 3-m-58 reyestr nömrəsi ilə təsdiq olunmuş alqısatqı müqaviləsinin notarial qaydada təsdiqlənmiş surəti, Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 19.07.1996-cı il tarixli, 35 saylı Sərəncamın notarial qaydada təsdiqlənmiş surəti, Quba Rayon İcra Hakimiyyətinin tərəfindən verilmiş 02.03.2022-ci il tarixli, 339/2 nömrəli məktub, vərəsəlik işinin açılamsı barədə Notariusun məktubu, Nikah və ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surəti, Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən iddiaçıya verilmiş 850 nömrəli, 12.06.2019-cu il tarixli məktub və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mərhum ərinin mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə istifadə hüququnun yaranması haqqında 19 fevral 1998-ci il tarixli, 3-m-58 reyestr nömrəli alğı-satqı müqaviləsinin bağlandığı vaxtdan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinin tələbləri baxımından yaranmış olur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı DƏDRXin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 21.10.2021-ci il tarixli, **********54 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Xaçmaz rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: 8.0.3- daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr,8.0.8-bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər, 8.0.9.2-Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, X8 ilə X9 arasında notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında Quba şəhəri, 28-ci kvartalda yerləşən 25 kv.m ibarət olan yarımçıq tikili (mağaza) X8 tərəfindən əldə edilmişdir. Qeyd olunan alqı-satqı müqaviləsi hal-hazırda qüvvədədir. Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 19.07.1996-cı il tarixli, 35 saylı Sərəncamının 3 və 4-cü bəndlərinə əsasən həmin yarımçıq tikili üzrə tamalama işlərinin həyata keçirilməsinə razılıq verilmişdir.Yarımçıq tikilinin tamamlama işləri X10 tərəfindən yekunlaşdırılaraq ümumi sahəsi 52.80 kv.m olan mağaza kimi fəaliyyətə başlamışdır. X8 11.12.2013-cü ildə vəfat etmiş, onun arvadı İddiaçı qanun üzrə vərəsəsi kimi tanınmışdır. Hal hazırda X2 52.80 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi üzərində X3 mülkiyyət hüququnu qeydə aldırmaq istəyir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinasında və etirazında gətirdiyi arqumentlər aşağıdakılardan ibarətdir: 1) Quba rayon Dövlət Notariat Konturunun 19.02.1998-ci il tarixli, 3-M-58 reyestr nömrəli alqı-satqı müqaviləsində qeyd olunmuş 25 kv.metr torpaq sahəsi səlahiyyətsiz qurum olan Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin sərəncamı ilə ayrılması, 2) mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlər tam təqdim olunmaması, yəni qeyd olunan qeyri-yaşayış binasına dair Quba Rayon İcra Hakimiyyəti başçısının tikintiyə icazə verilməsi barədə qərarı, memarlıq şöbəsi tərəfindən təsdiqlənmiş layihə və tikinti obyektinin istismarına icazə sənədinin təqdim edilməməsi, 3) qeyri-yaşayış binasının yerləşdiyi yerin məlum olmaması, onun yerləşdiyi torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsinin müəyyən edilməsinin mümkün olmaması Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, qeyri-yaşayış sahəsinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Cavabdeh təşkilatın gətirdiyi 1-ci arqumentdə münasibətdə məhkəmə qeyd eməyi zəruri bilir ki, iddiaçının iddia tələbi qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı olmuşdur. Hesab olunur ki, həmin qeyri-yaşayış sahəsinin altında olan torpaq sahəsinin səlahiyyəti olmayan qurum tərəfindən ayrılması barədə gətirilən arqument əhəmiyyətsizdir. Nəzərə alınmalıdır ki, həmin qeyri-yaşayış sahəsinin altında olan torpaq sahənin mülkiyyətçisinin gələcəkdə qeyri-yaşayış sahəsinin mülkiyyətçisindən torpaq haqqını və ya tikilinin sökülməsini tələb etmək hüququ var. Ona görə də məhkəmə hesab edir ki, inzibati orqanın bu səpkidə gətirdiyi arqumentə əsaslanmaq düzgün deyil. Cavabdeh təşkilat iddia tələbinə qarşı məhkəməyə təqdim etdiyi etirazında X8 ilə X9 arasında Quba rayon Dövlət Notariat Konturunda 19.02.1998-ci ildə, 3-M-58 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsini mübahisələndirməsə də, inzibati məhkəmə alğı-satqı müqaviləsinin qanuniliyinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, X8 ilə X9 arasında bağlanmış alğı- satqı müqaviləsi 1998-ci ilə təsadüf etdiyinə görə alqı-satqı müqaviləsinin qanuniliyinə qiymət verilərkən, həmin dövrdə qüvvədə olan maddi hüquq normalarına istinad olunmalıldır. 2000-ci ilin sentyabr ayınadək qüvvədə olan Azərbaycan SSR-nin Mülki Məcəlləsinin (1964-cü il redaksiyası) 126-cı maddəsinə əsasən müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmamışsa, şeyin verildiyi vaxtdan əmələ gəlir. Şeyin özgəninkiləşdirilmə yolu ilə başqasına verilməsinə dair müqavilə qeydə alınmalı olduqda, mülkiyyət hüququ qeydə alınmalı zamanı əmələ gəlir. Həmin Məcəllənin 228-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 230-cu maddəsinə əsasən tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icrayyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alqı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay keçənədək qeydə alınmalıdır. Qeyd olunan maddi hüquq normalarından bəlli olur ki, alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən sonra əmlakın qarşı tərəfin sahibliyinə verilməsi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əmələ gəlməsi üçün əsas hesab edilirdi. Lakin yaşayış sahələrinin notarial qaydada təsdiqlənmiş alğı-satqı müqavilələri bir ay keçənədək xalq deputatlar sovetinin icrayyə komitəsində qeydiyyata alındığı tədqirdə bağlanmış hesab edilirdi. Göründüyü kimi zaman etibarı ilə qüvvədə olmuş Mülki Məcəllənin tələblərinə əsasən qeyri-yaşayış sahələrinin alğı-satqı müqaviləsi rəsmiləşdirilərkən imperativ xarakter daşıyan hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, qeyri-yaşayış sahələrinin rəsmiləşdirilməsi zamanı Mülki Məcəllənin 126-cı maddəsinin tələbləri baxımından həmin qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınmasına zərurət yox idi. Həmçinin o da nəzərə alınmalıdır ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu (26 noyabr 1999-cu il) qəbul edilənədək qüvvədə olmuş 27 dekabr 1973-cü il tarixli “Dövlət notariat haqqında” Azərbaycan SSR-nin Qanununun və Azərbaycan SSR ədliyyə naziri tərəfindən təsdiq edilmiş 06 iyun 1989-cu il tarixli “Azərbaycan SSR-in dövlət notariat kontorları tərəfindən notariat əməliyyatları aparılması qaydası haqqında” Təlimatın müddəalarına əsasən qeyri-yaşayış sahələrinin və yarımçıq tikililərin alqı-satqı müqavilələri rəsmiləşdirilərkən həmin əmlakın dövlət qeydiyyatına alınmasına zərurət yox idi. Belə ki, 27 dekabr 1973-cü il tarixli “Dövlət notariat haqqında” Azərbaycan SSR-nin Qanununun 14-cü maddəsinə əsasən dövlət notariat kontorları əqdləri (müqavilələri, vəsiyyətnamələri, etibarnamələri və s.) təstiq edirlər, miras əmlakın mühafizə olunması üçün tədbirlər görürlər,vərəsəlik hüququ haqqında şəhadətnamələr verirlər, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verirlər, yaşayış evinin özgəninkiləşdirilməsinə qadağa qoyurlar, sənədlərin surətlərinin təstiq edirlər, sənədlərdə imzaların həqiqiliyin təstiq edirlər, icra qeydləri verirlər və sair notariat hərəkətlərini yerinə yetirirlər. Həmin Qanunun 36-cı maddəsinə əsasən hökmən,notariat formasında tərtib olunması qanunvericiliklə müəyyən edilmiş əqdlər notariat qaydasında tədstiq edilməlidir. Hökmən notariat qaydasında təstiq edilməsi qanunvericilikdə müəyyən olunmayan digər əqdlər də tərəflərin arzusu ilə təstiq oluna bilərlər. Həmin Qanunun 39-cu maddəsinə əsasən dövlət notariusları və ya şəhər, qəsəbə, kənd zəhmətkeş deputatları Soveti icrayyə komitəsinin notariat əməliyyatları aparan vəzifəli şəxsi yaşayış evinin(evin bir hissəsinin), yaxud fərdi evtikənlərin mənzil-tikinti kollektivinin evində mənzilin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdləri notariat qaydasında təstiq edərkən, onların özgəninklləşdirən və ya girov qoyan şəxsə mənsubiyyətini,özgəninkiləşdirilmə üçün qadağanın və həbsin olmamasını yoxlayır. Qeyd olunan maddi hüquq normalarından məlum olur ki, qüvvədə olan “Notariat haqqında” Qanun qəbul edildiyi 26 noyabr 1999-cu ilə gədər qeyri yaşayış sahələrinin, o cümlədən yarımçıq tikililərin alqı-satqı müqaviləsinin məcburi notarial qaydada təstiq edilməsi nəzərdə tutulmamış və həmin müqavilələr tərəflərin arzusu ilə notarial qaydada təstiq edilə bilərdi. Belə ki, 27 dekabr 1973-cü il tarixli “Dövlət notariat haqqında” Azərbaycan SSR-nin Qanununun 36-cı maddəsinə əsasən hökmən, notariat formasında tərtib olunması qanunvericiliklə müəyyən edilmiş əqdlər notariat qaydasında tədstiq edilməlidir. Qeyd olunan Qanuna nəzər saldıda yalnız yaşayış sahələrinə dair bağlanmış alqı-satqı müqavilələri hökmən notarial qaydada təstiq edilməlidir. Belə ki, “Azərbaycan SSR-in dövlət notariat kontorları tərəfindən notariat əməliyyatları aparılması qaydası haqqında” Təlimatın 54-cü bəndinə əsasən yarımçıq tikili yaşayış sahələrinin rəsmiləşdirilməsi zamanı texniki inventar bürosundan həmin yaşayış sahəsinin yüklülyü haqqında arayışın alınmasına zərurət yoxdur. Yarımçıq tikili yaşayış sahələrinin alqısatqısı zamanı xalq deptatlar sovetinin yerli qurumlarının yarımçıq tikilinin satılması ilə bağlı verdiyi razılıq həmin tikilinin satılması üçün kifayət edir. Göründüyü kimi qeyri yaşayış sahələrinin alqı-satqısı zamanı texniki inventar bürosundan həmin qeyri yaşayış sahəsinin yüklülyü haqqında arayışın alınmasına zərurət yox idi. Hətta həmin məhdudiyyət yarımçıq tikili yaşayış sahələrinə belə tətbiq edilə bilməzdi. Bu isə bir daha X8 ilə X9 arasında Quba rayon Dövlət Notariat Konturunda 19.02.1998-ci ildə, 3-M-58 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alğı-satqı müqaviləsininin qanuniliyinə dəlalət edir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, qeyd olunan alğı-satqı müqaviləsi halhazırda qüvvədədir və buna görə də preyedisial əhəmiyyətə malikdir. Cavabdeh təşkilatın imtinasında gətirdiyi 2-ci arqument ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən Quba rayon İcra Hakimiyyətindən Quba rayonu 28-ci kvartalında yerləşən ümumi sahəsi 52.80 kv.m olan mağazanın Quba şəhərin memarlıq üslubuna, xarici görünüşünə zidd olub-olması, o cümlədən istismarına hər hansı bir maneənin olubolması haqqında məlumat tələb edilmiş və verilmiş cavabdan məlum olmuşdur ki, mövcud tikili şəhərini memarlıq üslubuna və xarici görünüşünə xələl gətirmir. Məhkəmə hesab edir ki, qeyd olunan cavab məktubu tikiliyə başlanılmamışdan öncə verilən rayon icra hakimiyyətinin nəznində fəaliyyət göstərən memarlıq və tikinti şöbəsinin verdiyi rəyə uyğundur. Belə ki, Memarlıq və Tikinti şöbəsi tərəfindən rəyin verilməsində məqsəd rəy inşa ediləcək tikilinin şəhərin memarlıq üslübuna və estetik görünüşünə xələl gətirilməməsinə nəzarət xarakteri daşıyır. Göründüyü kimi Quba rayonu 28-ci kvartalında yerləşən ümumi sahəsi 52.80 kv.m olan mağazanın yerləşməsi Quba Rayon İcra Hakimiyyətinin maraqlarına toxunmur. Nəzərə alınmalıdır ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı tələb edilir. Qeyd olunan tikiliyə icazə Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 19.07.1996-cı il tarixli, 35 saylı Sərəncamının 3 və 4-cü bəndlərinə əsasən verilmişdir.Tikilinin istismara qəbul edilməsi ilə bağlı gətirilən arqumentə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, qeyd olunan tikili 20 ildən artıq mağaza kimi fəaliyyət göstərir və həmin mağaza bütün komunnal xidmətlərlə təhciz olunub. Başqa sözlə desək 20 ildən artıq istismar edilən mağazaya yenidən istismara qəbul edilməsi haqqında aktın tələb edilməsi məntiqsizdir. Ona görədə məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən iddia tələbinə dair gətirələn 2-ci arqumentdə əsassızdır. Cavabdeh təşkilatın imtinasında gətirdiyi 3-cü arqument ilə bağlı, yəni qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin yerləşdiyi yerin məlum olamaması, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinin mümkün olmamasına münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2 və 45.1-ci maddələrinə əsasən cavabdeh inzibati orqanın inzibati orqan kimi inzibati araşdırma aparmaq və sübutları təqdim etmək vəzifələri vardır. İş materiallarından müəyyən olunur ki, cavabdeh bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olduğu tədqirdə cavabdeh təşkilatın öz mülahizələrinə əsaslandığı və iddia tələbinin təmin edilməməsi illə bağlı gətirdiyi 3-cü arqumentdə öz əhəmiyyətini itirmiş olur. Bundan başqa o da nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, bələdiyələrin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi cavabdeh tərəfindən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin iddiaçının mərhum ərinin adına rəsmiləşdirmək üçün yuxarıda göstərilmiş bütün normativ hüquqi aktların tələblərinə cavab verməsinə baxmayaraq iddiaçının tələbinin təmin edilməsindən imtinası qanunsuz olmuşdur. Hesab olunur ki, Quba rayon Dövlət Notariat Kontorunda 19 fevral 1998-ci ildə 3-m- 58 reyestr nömrəsi ilə təsdiq olunmuş alqı-satqı müqaviləsində adı göstərilmiş şəxs X8 vəfat etdiyinə görə mülkiyyət hüququ haqqında veriləcək çıxarışda onun adı öz əksini tapmalı və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.2-ci bəndinə əsasən mərhumun vərəsələrinə elektron çıxarış verməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 05 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 1.2-ci bəndinə əsasən bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Qeyd olunan Təlimatın müvafiq bəndindən məlum olur ki, daşınmaz əmlakla bağlı dövlət reyestrində qeydə alınmış hüquqlar, hüquq sahibi barədə məlumatlar, daşınmaz əmlakın təsviri qeyd olunan arayışda öz əksini tapmalıdır. Arayışın təyinatı barədə digər qeyd həmin Təlimatın 2.4-cü bəndində öz əksini tapmışdır. Belə ki, Təlimatın qeyd olunan bəndinə əsasən daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi üçün sərəncamverən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış sərəncamverənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilir. Həmin Təlimatın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Qeyd olunan Təlimatın 7.1-ci bəndində ölmüş şəxsin sağlığında sahibliyində olan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı DƏDRX-ə müraciət edərək hüquqlarının qeydə alınması və reyestrdən çıxarışın almadan ölməsi, 7.2-ci bənddə isə ölmüş şəxsin sahibliyində olan daşınmaz əmlaka dair hüquqlarının qeydə alınması ilə bağlı ümumiyyətlə DƏDRX-ə müraciət etmədiyi hallara şamil olunur. Hər iki halda ölmüş şəxsin vərəsələrinə elektron çıxarışın verilməsi nəzərdə tutulur. Göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlakın təsviri, hüquq sahibi barəsində məlumat xarakterli arayışın DƏDRX tərəfindən verilməsi mümkün deyil. Belə ki, yuxarıda qeyd olunan maddi hüquq normalarından məlum olur ki, məlumat xarakterli arayış verilməsi yalnız dövlət qeydiyyatından keçmiş daşınmaz əmlakla bağlı ola bilər. Hesab olunur ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsində göstərilmiş arayışın verilməsi ölmüş şəxsin adına DƏDRX-də qeydə alınmış daşınmaz əmlakın təsviri, hüquq sahibi və sair məlumatlar barəsində verilə bilər. Belə ki, Qanunun 22.2-ci maddəsinin tələbləri baxımından müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Burada nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən yalnız dövlət reyestrində qeydə alınmış daşınmaz əmlak üzərində notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi rəsmiləşdirilə bilər. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, notariuslar tərəfindən miras şəriklərinə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən miras əmlakın mərhuma mülkiyyət hüququ ilə məxsus olmasının yoxlanılması mühüm şərtlərdən biridir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94-cü bəndinə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əmək haqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Həmin Təlimatın 107-ci bəndinə əsasən miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir. Notarius hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış vərəsə və ya onun nümayəndəsi tərəfindən təqdim edilir. Qeyd olunanlar bir daha ona dəlalət edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsində göstərilmiş arayış yalnız dövlət qeydiyyatından keçmiş daşınmaz əmlaka dair verilə bilər. Ona görə də ölmüş şəxsin sahibliyində olmuş daşınmaz əmlak, ümumiyətlə, DƏDRX-də qeydə alınmayıbsa DƏDRX-in üzərinə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması yolverilməzdir. Ona görə də məhkəmə hesab edir ki, dövlət aktlarında adı göstərilmiş mərhum İlqar Həsənova münasibətdə Təlimatın 7.2-cı bəndinə uyğun olaraq elektron çıxarış verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Quba rayon Dövlət Notariat Kontorunda 19 fevral 1998-ci ildə 3-m-58 reyestr nömrəsi ilə təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən Quba şəhəri, 28-ci kvartalda yerləşən ümumi sahəsi 52.80 m2 olan qeyri-yaşayış binasına X3 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-585/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-585/2022
05.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver